Category: Kriminal

  • 21 yaşlı gənc qız üstündə bıçaqlandı – VİDEO

    Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib. 
     
    Median.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə metronun “Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb. 21 yaşlı Ziyadxan Əliyev bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat olunan Ziyadxan Əliyevin vəziyyəti ağır kimi qiymətləndirilir. 

    Məlumata görə, 21 yaşlı gənc tanımadığı bir şəxslə qız üstündə mübahisə edib və nəticədə bıçaq xəsarətləri alıb. Faktla bağlı Nəsimi RPİ-də istintaq araşdırmaları aparılır.

  • Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi: “Atamı balta ilə vurdum”

    9 il əvvəl atasını balta ilə öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən qətl törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib.

    2009-cu ildə məhkəmə onun psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərilməsinə dair qərar çıxarıb. Qanuna görə, onun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılır.

    Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Azər Yaqubov atasını yatmış, köməksiz vəziyyətdə qətlə yetirib.

    O, verilən ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

    Məhkəmədə sərbəst ifadə verən Azər Yaqubov ifadəsində atasını bir dəfə balta ilə vurduğunu deyib.

    Hakim bildirib ki, istintaq materiallarında Azər Yaqubovun atası Şaban Yaqubova balta ilə 3 dəfə zərbə vurduğu qeyd edilib.

    Prokurorun suallarını cavablandıran A.Yaqubov hadisəni törədən zaman atasının yatmadığını, televizora baxdığını və mübahisə etdikdən sonra vurduğunu deyib.

    Məhkəmədə öldürülən Şaban Yaqubovun hüquqi varisi  digər oğlu Anar Yaqubov da məhkəmədə ifadə verib.

    O, hazırda qardaşından şikayətçi olmadığını söyləyib: “Mərhum mənim atamdır. Azər də qardaşım. Hadisə də ailə münaqişəsi zəminində baş verib. Mənim şikayətçi olub-olmamağım nəyisə dəyişmir. Hadisə 9 il əvvəl baş verib”.

    Məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

    Proses yanvarın 26-da davam edəcək.

    Qeyd edək ki, qətl 2009-cu ildə Sumqayıtda baş verib. İttihama əsasən, Azər Yaqubov atası Şaban Yaqubova yatdığı yerdə baltalayıb. Şaban Yaqubov hadisə yerindəcə keçinib. Hadisəyə səbəb isə Azərin işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb. 
     
    ///lent.az

  • Leyla Şıxlinskayanın klinikasının baş mühasibinin məhkəməsi başladı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları – Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva və Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Ölkə.Az”-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahidlər dindirilib. Namiq Mustafayev ifadəsində bildirib ki, Neftçilər xəstəxanasında göz həkimi işləyir. O, Leyla Şıxlınskaya klinikası ilə də əməkdaşlıq etdiyini, əməliyyat etdikdən bir həftədən sonra kassadan pulu aldığını deyib:” Hər əməliyyatın qiyməti var. Məndə əmək haqqı kartı olmayıb. Təxminən ayda 7-8 min manat pul almışam”. 

    Təqsirləndirilən Ş. Abbasova da onun dediklərini təsdiq edib. Deyib ki, rəsmi sənədlərdə həmin şəxsin 180 manat əmək haqqı aldığı qeyd edilib:”Bizdən kart sisteminə keçməyi tələb etmişdilər. Biz də bütün işçilərin adına əmək haqqı kartı açmışdıq. Lakin orada maaş az göstərilirdi”.

    Şahid Pərviz Səmədov isə  uşaq cərrahı olduğunu deyib. Bildirib ki, əmək haqqı kartı olmayıb və aylıq maaş alıb.
    Şahid Nuriyyə Qədirova isə klinikada ginekoloq kimi çalışdığını deyib:”Mən həmişə maaşımı vaxtında almışam. Mənim əmək haqqı kartım olmayıb. Lakin pulumu həmişə vaxtında almışam”.

    İlqar Həsənov isə klinikada mühafizənin rəisi işlədiyini,istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini deyib. Bildirib ki, Nuri Nuriyev adlı şəxs bir gün işdən sonra klinikaya gələrək mühasibatlıq otağına gedib:”Biz də bu haqda baş mühasibə dedik. Bundan iki gün sonra məni adı mühafizəçi işinə təyin etmək istədilər. Mən də buna razı olmadım və ərizəmi yazıb işdən çıxdım”.

    Təqsirləndirilən Ş. Abbasova isə deyib ki, N. Nuriyev onlarda kompüterlə bağlı işləri görən şəxs olub.

    Nuru Nuriyev isə ifadəsində deyib ki, İT sahəsində çalışır. O, işdən sonra həmin otağa getdiyini təsdiq edib:”Məndən Leyla xanım xahiş etmişdi ki, sənədləri kopyalayım. Həmin vaxt audit yoxlama gəlmişdi. Mən də onun dediyini etdim. Həmin otağın açarını Leyla xanım vermişdi. Mən məlumatları aparıb ona verdim və bu haqda heç kimə demədim”.

    Ş. Abbasova deyib ki, N. Nuriyev həmin görüntüləri kameradan sonradan silib. 

    Proses yanvarın 30-da davam edəcək.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

    Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

    Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

  • Bakıda axtarışda olan 2 dələduz tutuldu

    Xətai Rayon Polis İdarəsinin əməkdaşları axtarışda olan dələduzu həbs edib.

    “Ölkə.Az”-ın məlumatına görə, 34-cü polis bölməsinin əməkdaşları cinayət məcəlləsinin 178-ci (dələduzluq) və 320 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Mətləb Mahir oğlu İlyasovu həbs edib.

    Digər axtarışda olan şəxsi isə Nəsimi RPİ-nin əməkdaşları həbs edib.

    1985-ci il təvəllüdlü Xədicə Səməd qızı Əhmədovaya cinayət məcəlləsinin 178-ci maddəsi ilə iş başlansada o, istintaq müddətində həbs edilməyib.

    Ancaq istintaq zamanı müstəntiqin çağırışlarından yayındığından axtarışa verilib.

  • Bakıda dayı 13 yaşlı bacısı qızını dəfələrlə zorladı

    Bakıda  azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub.

    Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan  dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.

    Uşağında hazırda  Azərbaycan Uşaq Birliyinin reinteqrasiya mərkəzində olduğu bildirilir. Polisə zorlanma faktı ilə bağlı şikayət ərizəsi məhz həmin mərkəzdən daxil olub.

    İstintaq orqanları, şübhəli ilə bağlı araşdırma aparır. Ərizə yanvarın 18-də daxil olduğundan fakt üzrə hələlik heç kim saxlanılmayıb.

  • Bakıda iş adamı və “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarına HÖKM OXUNDU

    Xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və “Riyad” Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev, Təbriz Musayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Lent.az-a istinadən məlumatına görə, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən,  A.Xanməmmədov 3 il, E.İsgəndərov 4 il və S.Məhərrəmovla M.Qurbanovun isə hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər şəxslərin barəsində isə 2 il islah işlərinə məhkum etmə barədə qərar çıxarıb.
    Xatırladaq ki, prokuror çıxışında Azadxan Xanməmmədovun 4 il, Emin İsgəndərovun 7 il,  Ramin Hüseynovun 3 il 6 ay, Məzahir Qurbanovun 4 il, Ramil Hüseynovun 3 il 6 ay, Təbriz Hüseynin 3 il 6 ay, Rafiq Vəliyevin 3 il 6 ay, Murad Məmmədovun 3 il 6 ay, Elvir Vəliyevin 3 il 6 ay, Azər Əliyevin 3 il 6 ay, Əvəz Ağayevin 3 il 6 ay, Savalan Məhərrəmovun 4 il, Yadigar Əliyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, bu il iyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.

    Bir müddət əvvəl sahibkar A.Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.
    Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

    Hadisə ilə bağlı 13 nəfər – A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov, M.Qurbanov, Ə.Ağayev, Y.Əliyev, R.Hüseynov, M.Məmmədov, R.Vəliyev, E.Vəliyev və T.Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.

  • Rusiyada azərbaycanlılar atəşə tutulub, ölən və yaralananlar var

    Rusiyanın Volqoqrad şəhərində silahlı insident nəticəsində iki azərbaycanlı yaralanaraq koma vəziyyətinə düşüb.

    “Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinin nümayəndəsi Anton Kornauxov bildirib.

    Hadisə axşam saat 20:00 radələrində şəhərin Krasnoarmeysk rayonu ərazisində, Qeroyev Stalinqrad prospektində baş verib. “Russki çay” kafesi qarşısında duran 2 azərbaycanlı, 1 rus və 1 çeçenə yolsuzluq avtomobili ilə əraziyə gələn və qafqazlı olduqları ehtimal edilən şəxslər arasında əlbəyaxa dava və bıçaqlaşma olub. Dava zamanı atəş səsləri eşidilib. Nəticə rusiyalı olduğu bildirilən 25 yaşlı gənc aldığı güllə yarasından keçinib. Çeçen və Azərbaycan əsilli iki qardaş odlu silah və bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların koma vəziyyətində olduqları bildirilir. Qarşı tərəf avtomobilə minərək ərazidən uzaqlaşıb. Şəhərdə “Ələkeçirmə” planı elan edilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

    Faktla bağlı Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin qətl, iki və daha artıq şəxsi öldürməyə cəhd və qanunsuz silah dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.

  • Rusiyada cinayət törətməkdə şübhəli bilinən gənc azərbaycanlı axtarışa verilib – FOTO

    Rusiyanın Ulyanovsk vilayətində 22 yaşlı Azərbaycan vətəndaşı polis tərəfindən axtarışa verilib.

    “Report” xəbər verir ki, Əmirli Elməddin Rövşən oğlu oğurluq etməkdə şübhəli bilinir.

    Rusiya Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayəti üzrə İdarəsinin böyük referenti Sergey Sergeyekonun bildirdiyinə görə, cinayət işinin araşdırması ilə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məşğul olur.

  • Rusiyada azərbaycanlı külli miqdarda heroin satarkən tutulub

    Rusiyanın Krasnoyarsk diyarında 50 yaşlı azərbaycanlı külli miqdarda heroin satarkən iş başında tutulub.

    “Report” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
    İlkin olaraq müəyyən edilib ki, kişi narkotik maddəni Novosibirsk vilayətində əldə edib, daha sonra isə yaşadığı Krasnoyarsk diyarında satmaq niyyətində olub. Narkodiler bir kiloqram çəkisi olan heroini təqribən 17,618 dollara sata bilib, amma nəzərdə tutulan sövdələşmə baş tutmayıb.

    Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin xüsusi iri həcmdə narkotik vasitələrin qanunsuz satışı maddəsi üzrə cinayət işi açılıb. Şübhəli şəxsi 20 ilədək azadlıqdan məhrmetmə cəzası gözləyir.

  • Şamaxıda çobanın güllələnərək öldürülməsinin təfərrüatı məlum olub

     Şamaxı rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.

    “Report”un yerli bürosunun məlumatına görə, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.

    N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. 

    ***

    Şamaxı rayonunda baş verən silahlı insident zamanı qətlə yetirilən şəxsin adı məlum olub.
    “Report”un yerli bürosu xəbər verir ki, rayonun Acıdərə yaşayış massivində baş verən hadisə zamanı çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. 

    Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Binyətov saxlanılıb.

    Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə)  cinayət işi başlanılıb.

    Hadisənin səbəbləri araşdırlır.

    ***
    Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.
    “Report”un Şirvan bürosu xəbər verir ki, Sabir qəsəbə sakini Natiq Şirbala oğlu Binyətov çobanlıq edən qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.
    Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
    Faktla bağlı araşdırma aparılır.