Category: Kriminal

  • Bakıda banka basqın olub

    “Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
    Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
    Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • DİN “Kürd Vüqar”ın törətdiyi qətllə bağlı məlumat yayıb

    Daxili İşlər Nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb.

    Nazirliyin mətbuat xidmətindən oxu.az-a verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.

    Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib.
    M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb.

    Faktla əlaqədar cinayət işi başlanıb. 

    V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

    Xatırladaq ki, “Kürd Vüqar” kimi tanınan Vüqar Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirən Fəadail Hüseynovun qardaşıdır.

  • Bakıda “Oba” marketin müdirini bıçaqladılar

    Bakıda axtarışda olan şəxs tutulub.

    Lent.az xəbər verir ki, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Oba” marketdən ərzaq məhsullarını oğurlamağa cəhd edən Lənkəran sakini, 1981-cı il təvəllüdlü Sadıqov Emil Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 15-ci Polis Bölməsində aparılan araşdırma zamanı onun E.Mehdiyev küçəsində yerləşən “Oba” marketin müdiri F.Ələkbərova bıçaqla xəsarət yetirdiyi və buna görə Sabunçu RPİ-nin 12-ci PB tərəfindən axtarışda olduğu müəyyən edilib.

    Araşdırmalar davam etdirilir.

  • Şəmkirdə silahlı insident

    Şəmkirdə silahlı insident olub.

    APA-nın xəbərinə görə, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.Küçədə bir nəfərin odlu silahdan digər bir şəxsə atəş açdığı bildirilir. Güllə yarası alan kişi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rövşən Əhmədov həbs edildi

    Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov həbs olunub. 

    Bu barədə oxu.az-a Vəkillər Kollegiyasının üzvü, Ç. Baxşıyevin vəkili Ceyhun Yusifov bildirib.

    Onun sözlərinə görə, bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə R.Əhmədov barəsində həbslə axtarış qərarı verilib. 

    R. Əhmədov son bir neçə iclasa gəlmədiyi üçün proses təxirə salınıb.

    Məhkəmə qərarı ilə axtarışda olan R.Əhmədov özünə məxsus mənzildə saxlanılıb.

    Ceyhun Yusifov əlavə edib ki, o, bu günə qədər üç dəfə cinayət törədib.

  • 27 yaşlı oğlan bacısının gözü qarşısında azyaşlını evə saldı, zorladı… – BİLƏSUVARDA

    Biləsuvar rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qüdrət Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Qüdrət Qasımzadə yaşadığı Biləsuvar rayonun Bəydilli kəndində 2003-cü il təvəllüdlü Sahib Məmmədova (ad və soyad şərti verilib – red.) qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.

    O, azyaşlı ilə ilk dəfə 2016-cı ilin noyabr ayında qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt azyaşlını aldadaraq yaşadığı evinə gətirən Qüdrət Qasımzadə ona qarşı əxlaqsız hərəkətlər edib, daha sonra isə qeyri-təbii yolla cinsi əlaqədə olub.
    Növbəti dəfə Qüdrət Qasımzadə azyaşlı ilə 2017-ci ilin yanvarın 29-da qeyri-təbii yolla cinsi əlaqəyə girib. Bu dəfə də o, azyaşlını aldadaraq yaşadığı evə gətirib və ona əxlaqsız hərəkətlər edib.

    “Azyaşlı ilə cinsi əlaqədə olmamışam”

    Qüdrət Qasımzadə Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham olunub.

    Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Qüdrət Qasımzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmədiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, azyaşlı ilə cinsi əlaqədə olmayıb.

    “Dedi ki, göyərçini tutmaqda mənə köməklik edim”

    Zərərçəkmiş Sahib Məmmədov bildirib ki, Qüdrət Qasımzadə onun qonşusudur. Onun sözlərinə görə, Qüdrətin kiçik qardaşı Sərvət Qasımovla dostluq edir, Sərvətlə bütün günü bir yerdə oynayırlar: “2016-cı ilin noyabr ayının ortalarında küçədə qaz borusunun üstündə oturduğum vaxt Qüdrət məni çağırdı. Bildirdi ki, həyətlərində olan “şəlpə” göyərçini tutmaqda ona köməklik edim. Mənim də “şəlpə” göyərçinlərdən xoşum gəldiyindən, Qüdrətgilin həyətinə keçdim. Ondan göyərçinin harada olmasını soruşdum. Qüdrət mənə göyərçinin evdə olduğunu dedi və məni evə çağırdı”.

    “Zorla mənimlə cinsi əlaqədə oldu”

    Sahib Məmmədovun sözlərinə görə, evə girən vaxtı Qüdrətin xəstə bacısı Səmayənin (ad şərti verilib – red.) də evdə olduğunu görüb: “Səmayə xəstə olduğundan Qüdrəti görən kimi ondan saqqız istədi. Qüdrət də ona saqqız verərək həyətə çıxmasını dedi. Səmayə həyətə çıxan kimi Qüdrət qapını bağladı. Məni pilləkənlə yuxarı qaldıraraq sol tərəfdə yerləşən otağa saldı. Sonra otağın qapısını bağladı və üstümə cumdu. Qüdrət əvvəlcə öz əynində olan şalvarını və sonra da mənim şalvarımı aşağı saldı. Zorla mənimlə qeyri-təbi yolla cinsi əlaqədə oldu”.

    Zərərçəkmişin ifadəsinə görə, 2017-ci ilin yanvarın 29-da, saat təxminən 17-də Sərvətlə oynamaq üçün onların həyətinə gedib və onu çağırarkən Qüdrət evdən çıxıb: “Qüdrət Sərvətin evdə olmadığını dedi, həmin vaxt kiçik qardaşım da oraya gəldi. Qüdrət qardaşıma çıxıb getməsini, mənə isə bir göyərçin verərək göndərəcəyini dedi. Buna görə də qardaşım oradan getdi. Qardaşım getdikdən sonra Qüdrət həyətdə olan göyərçinlərdən birini anası evə gəldikdən sonra verəcəyini dedi. Anası gələnə kimi məni televizora baxmaq üçün evə apardı. Həmin vaxt evdə heç kim olmayıb. Qüdrət məni evə saldıqdan sonra qapını bağladı və arxadan qucaqlayaraq şalvarımı aşağı saldı. Ona müqavimət göstərsəm də, buna əhəmiyyət vermədi. Mənimlə yenidən qeyri-təbii yolla cinsi əlaqədə oldu”.

    “Qüdrətin mənimlə cinsi əlaqədə olduğunu dedim”

    Zərərçəkmiş qeyd edib ki, Qüdrətgildən çıxandan sonra ağlaya-ağlaya evlərinə doğru gedib: “Bu zaman qardaşım qabağıma çıxdı. Qardaşım məndən niyə ağladığımı sorşdu. Qüdrətin məni zorladığını dedim. Bu barədə heç kimə bir söz deməməsini qardaşıma tapşırdım”.

    Sahib Məmmədovun ifadəsinə görə, fevralın 2-də evdə olarkən qardaşı çaydanı aşırıb, buna görə aralarında mübahisə olub: Qardaşım da anama mənim keçən dəfə Qüdrətgilə getdiyimi deyəcəyini bildirdi. Bunu o biri otaqda olan anam da eşitdi, nə iş olduğunu soruşdu. Mən də anama hər şeyi danışdım, sonra da atam evə gəldi. Anam da başıma gələnləri atama dedi. Atam hadisənin necə olduğunu deməyimi məndən tələb etdi. Mən də Qüdrətin bir neçə dəfə məni zorladığını danışdım. Atam da məni polisə apararaq şikayət etdi”.

    “Biabır olmaqdan qorxdum”

    O, ifadəsində daha sonra göstərib ki, Qüdrət onunla cinsi əlaqədə olduqdan sonra bu barədə heç kimə heç nə deməməsini tapşırıb: “Mən də həm tay-tuşlarım arasında biabır olmaqdan, həm də valideyinlərimdən qorxduğumdan qardaşından başqa bu barədə kiməsə bir söz deməmişəm”.

    8 il həbs

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qüdrət Qasımzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Qüsrət Qasımzadənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyilə baş tutan prosesdə Qüdrət Qasımzadənin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Hakim heyəti onun şikayətini araşdırandan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb./publika.az

  • Türkiyə elitasını narkotiklə təmin edən azərbaycanlı tutuldu: Gecə klubuna basqın – FOTO

    Türkiyə şou-biznesinin nümayəndələrini, biznesmenləri, məşhurları, bir sözlə qardaş ölkənin elitasını narkotiklə təmin edən azərbaycanlı həbs edilib.

    Baku.ws-in məlumatına görə, Türkiyə KİV yazır ki, polis İstanbulun 5 rayonunda elit təbəqənin toplaşdığı gecə klublarına basqın edib.

    Məlumata görə, məşhurların da saxlanıldığı əməliyyat zamanı məlum olub ki, narkotik vasitələrdən istifadə edilib.

    Araşdırmalar zamanı aydın olub ki, gecə klublarında məşhurları narkotiklə təmin edən qruplaşmaya azərbaycanlı rəhbərlik edir.

    Seymur R. adlı azərbaycanlı ilə yanaşı 7 nəfər də saxlanılıb.

    Saxlanılan məşhurların adları açıqlanmasa da onların polisə ifadə verdiyi bildirilib.

  • Xızıda qəzaya görə mübahisə ölümlə nəticələndi

    Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb.

    MedianAz xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızının Giləzi qəsəbə sakinləri – 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Qabil Abil oğlunun idarə etdiyi “VAZ 2106” markalı maşın toqquşub. 

    Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Q. Məmmədov V. Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb. Hadisədən sonra V. Cəfərov qaçıb.

    Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

  • Bakıda transseksual komendanta bıçaqla hücum etdi – VİDEO (+18)

    Bakıda transseksual şəxs yaşadığı binanın komendantına bıçaqla hücum edib.

    Buna səbəb həmin şəxsin yaşadığı binada işığın sönməsi olub.

    O, etiraz əlaməti olaraq bu hərəkəti edib. Söyüş və nalayiq ifadələr işlədən transseksual şəxs ətrafdakı insanların müdaxiləsinə rəğmən, sakitləşməyib və komendantlığın yerləşdiyi binanın şüşələrini sındırıb.

    Həmin anlar bina sakinləri tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb./oxu.az

  • Bakıda məşhur hotelin baş mühafizəçisi döyüldü

    Median.Az xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən “İrşad” hoteldə qeydə alınıb.

    “Ölkə.Az”-ın xəbərinə görə, hotelin mühafizə xidmətinin rəisi Vidadi Allahverdiyev Nəsimi RPİ-nin 20-ci polis bölməsinə rəsmi ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı şəxs tərəfindən döyülüb.

    Bununla bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanıb və mühafizəçi xəsarət dərəcəsinin müəyənləşdirilməsi üçün rayonun məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.

    Baş vermiş faktla bağlı zərərçəkmişin mövqeyini öyrənməyə çalışdıq, ancaq V.Allahverdiyev ümumiyyətlə belə hadisənin baş verməsini təkzib etdi.

    Ancaq 20-ci polis bölməsindən belə bir ərizənin daxil olduğunu rəsmən təsdiq etdilər.

    Hazırda hotel mühafizəçisinin kim tərəfindən döyülməsi araşdırılır.