Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəylini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 19 yaşlı Rihat Cəfərova hökm oxunub.
Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə R.Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ilin oktyabrında baş verib. Orta məktəb şagirdi Vaqif Rəfibəyli tanıdığı Rihat Cəfərov tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qətlə yetirilən 16 yaşlı məktəbli Vaqif Rəfibəyli sabiq polkovnik-leytenantın oğlu imiş. Onun atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb, Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi vəzifəsini icra edib və bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Aprelin 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Alı Alıyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 2026-cı il fevralın 20-də saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib.
Belə ki, Alı Alıyev qeyri-rəsmi nikahda yaşadığı zərərçəkmiş Səmayə Səfərzadənin (adı və soyadı şərtidir) onun mobil telefonunda başqa qızla yazışmasını görməsi ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı qadın ona qarşı nalayiq ifadələr işlədib. Bu zaman təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə yumruqla onun üz və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Nəticədə Səmayə Səfərzadə sağ bazu oynağında nisbi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun hematoması, çənənin, boyunun, kürək nahiyəsinin, sol bazunun, sol dirsək nahiyəsinin, hər iki saidin, sol budun qançırları və boyunun sıyrığı ilə müşayiət olunan bədən xəsarətləri alıb.
Həmin xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Beləliklə, Alı Alıyevin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərərvurma kimi tövsif olunub.
Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin dam örtüyü, 2 otağının yanar konstruksiyaları 32 kv.m sahədə, bitişik sahəsi 66 kv.m olan talvar və evin həyətində park edilmiş BMW markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli dördotaqlı evin dam örtüyü və 3 otağının yanar konstruksiyaları 46 kv.m sahədə yanıb.
Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.
Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
* * * * *
Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən şəxs keçmiş arvadının evinə gəlib.
Onların iki övladları olub, ikisi də hadisə zamanı işdə olub.
* * * * *
Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu saatlarda Binəqədi rayonunun “Baksol yolu” adlanan ərazisində, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Həmin ərazidəki mənzillərdən birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.
Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə partlayış baş verib. Qətl törədən kişi də hadisə yerində ölüb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Qusarda həyat yoldaşından ayrılan kişi məsciddə keçmiş qayınatasını bıçaqlayıb.
Hadisə rayonun Mucuqoba kəndində baş verib. Qusar rayon sakini Alı Ağayev (soyad şərtidir) bir il əvvəl həyat yoldaşından boşanıb və Bakı şəhərinə köçüb. Təxminən bir il sonra Alı Qusar rayonunun Mucuqoba kəndindəki məsciddə iftar süfrəsi təşkil edib. İftar süfrəsi bitəndən sonra keçmiş qayınatası Rövşən məscidə daxil olaraq onu küçəyə çağırıb. Alı məsciddən çölə çıxarkən Rövşən əlindəki taxta parçası ilə onun baş nahiyəsinə zərbə endirib. Alı dərhal cibindəki bıçağı çıxarıb, Rövşənə zərbələr endirib. Səsə məsciddəki şəxslər çıxıblar və onları ayırıblar.
Hadisə yerinə polis əməkdaşları gəlib, Alı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Alı Ağayev 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib. //oxu.az
Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Babək Lətifovun (adı, soyadı şərtidir – red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, Babək Lətifov zərərçəkmiş Ərəstun Yusifova (adı, soyadı şərtidir – red.) sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurub.
Hadisə ötən il paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Məlumata görə, zərərçəkmiş şəxs işdən çıxıb evə gedən zaman küçədə əvvəllər tanıdığı B.Lətifovla qarşılaşıb. Görüş zamanı tərəflər arasında əvvəlki münasibətlərdən qaynaqlanan mübahisə yaranıb.
Belə ki, Babək Ərəstunu işdən çıxarılmasında günahlandırıb və bu səbəbdən aralarında gərginlik artıb.
Mübahisə zamanı təqsirləndirilən şəxs aqressiv davranaraq qəsdən zərərçəkmiş şəxsin baş və sifət nahiyələrinə zərbələr endirib. Nəticədə o, Ərəstuna müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.
Bakıda 11 il əvvəl evinə oğurluğa getdiyi şəxsi bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işinin bəzi detalları məlum olub.
“Unikal”ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Hüseyn Cəfərov dostu Özal Orduxanlı ilə birlikdə Əhməd Əhmədovun evindən maddi ehtiyacları ödəmək üçün telefon qurğuları oğurlayıb sataraq maddi qazanc əldə edəcəkləri barədə razılaşıblar.
Onlar birlikdə 19 noyabr 2014-cü il tarixdə saat 19 radələrində Əhməd Əhmədovun yaşadığı ünvanın qarşısına gəlib tikilməkdə olan hasarın üzərinə çəkilmiş çadırı kənara çəkərək həyətə baxış keçiriblər.
Onlar evdə heç kimin olmadığına əmin olduqdan sonra, planlaşdırdıqları oğurluğu etmək üçün qaraja daxil olub içərisində axtarış aparıblar.
Lakin onlar heç bir telefon qurğusu və elektronik əşya olmadığını müəyyən etdikdən sonra, ərazidən uzaqlaşmaq istəyiblər.
Bu vaxt səs eşidilib və onlar ifşa olunmamaq üçün qaçmağa başlayıblar. Qonşuluqda yaşayan Namiq Hənifəyev hadisə yerindən qaçan Özal Orduxanlının arxasınca qaçır.
Daha sonra Hüseyn Cəfərov Namiq Hənifəyevlə rastlaşır və onun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib.
Namiq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Bununla da, Hüseyn Cəfərova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılır.
Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub.
“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Zinyət Məmmədrəsul qızı Səfərovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru vəzifəsində işləyən Zinyət Səfərovanın digər MMC-nin 445 min manatdan artıq pul vəsaitini mənimsəməsi və həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Zinyət Səfərovanın külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zinyət Səfərova Türkiyənin ərazisində saxlanılıb.
Zinyət Səfərovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Nərimanov rayonunda zərərçəkənlərə məxsus 4 avtomobilə müdaxilə edilərək onlara ziyan vurulub, nəqliyyat vasitələrində olan müxtəlif məbləğlərdə pul vəsaiti, eləcə də mobil telefonlar oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun analoji cinayəti Nəsimi rayonu, H.Seyidzadə küçəsində də törətdiyi məlum olub. Həmin ünvanda Q.Kərimovun “KIA” markalı avtomobildən oğurladığı mobil telefonu satdığı, pul vəsaitini isə xərclədiyi müəyyən edilib.