Category: Kriminal

  • Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü

    Biləsuvarda ana yemək üstündə qızını döyüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Amankənd kəndində qeydə alınıb.

    Kənd sakini, 65 yaşlı Firuzə Əsədova (ad və soyad şərtidir) mübahisə zamanı qızını döyüb. Hadisəyə səbəb qızın öz övladına atasıgilin yeməyindən pay vermək istəməsi olub. Belə ki, Firuzə Əsədova qızının bu hərəkətinə irad bildirib və bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı ana qızının yaxasından tutaraq yerə yıxıb. Sonra təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə zərərçəkən xüsusən sifətindən müxtəlif xəsarətlər alıb.

    Bu əməlinə görə, F.Əsədova saxlanılıb və barəsində cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyərək cinayət təqibinə xitam verilməsini istəyib.

    Zərərçəkən şəxs də həmçinin ona dəyən ziyanın tam ödənildiyini bildirərək anasına qarşı şikayət və tələbinin olmadığını deyib.

    Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Firuzə Əsədova məsuliyyətdən azad olunub.

  • Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu

    Paytaxtın Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    V.Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə ötən ilin iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın yaşadığı binanın qarajında odlu silahdan açılan atəş nəticəsində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun arvadı Fərqanə Kərimovanı ov silahı ilə güllələdiyi müəyyən edilib.

    Kərimova xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

    Araşdırmalarla məlum olub ki, Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. V.Kərimov avtomobilində arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın avtomobildən düşüb qaçarkən V.Kərimov maşında olan ov tüfəngi ilə ona atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət iş başlanılıb, V.Kərimov saxlanılıb.

    Xatırladaq ki, V.Kərimov Bakıda fəaliyyət göstərən “Referens” klinikasının Mərdəkan filialının direktoru olub.
    //oxu.az

  • Nüfuz alverində ittiham olunan polkovnikə HÖKM OXUNDU

    Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin məhkəməsi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

    Polkovnik vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alverində ittiham olunurdu.

    Hakim Zaur Hacıyevin sədrliyi ilə aparılan məhkəmə istintaqı bu gün yekunlaşıb.

    Hökmə əsasən, A.Paşayevin şəxsiyyəti, müharibə iştirakçısı olması və müxtəlif medallarla təltif edilməsi nəzərə alınıb. Nəticədə 6 min manat cərimə cəzasına məhkum edilib.

    Qeyd edək ki, cinayət işinin istintaqı prokurorluqda aparılıb. A.Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə yekun ittiham elan edilib. Həmin maddənin sanksiyasında 5 ilə kimi həbs və cərimə cəzasının tətbiqi nəzərdə tutulur.

  • Azərbaycanda narkotikə görə 13 əcnəbi həbs edilib

    Son 3 ayda Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1 044 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında bildirilir.

    Qeyd edilib ki, məsuliyyətə cəlb edilənlərdən 13 nəfəri xarici ölkə vətəndaşıdır. Onlardan ümumilikdə 112 kiloqram 789.853 qram və 17 ədəd müxtəlif növ narkotik vasitələr götürülüb.

    Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 44 fakt aşkar edilib.

    Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 759 kq 474.815 qr narkotik vasitə çıxarılıb.

    Ümumilikdə, aşkarlanmış cinayətlərin 54-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 625 kq 285.9 qr narkotik vasitə və psixotrop maddə və 1.2 qr güclü təsiredici maddə müsadirə edilib.

    500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 454 kq 500.9 qr müxtəlif növ narkotik vasitə götürülüb.

  • Üç ayda 76 milyon manatlıq narkotik MÜSADİRƏ EDİLİB

    2026-cı ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 443 cinayət faktı aşkarlanıb.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında bildirilib.

    Qeyd edilib ki, onlardan 549-u narkotik vasitələrin qanunsuz satışı, 1 889-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 2 ton 896 kq 808.712 qram və 17 ədəd həb narkotik vasitələr və psixotrop maddələr müsadirə olunub. Bunun 2 ton 477 kq 653.24 qramını marixuana, 171 kq 664.846 qramını heroin, 57 kq 520.39 qramını tiryək, 160 kq 241.04 qramını həşiş, 6 kq 536.7 qramını digər narkotik vasitələr və 23 kq 192.496 qramını psixotrop maddələr təşkil edib.

    Bunlarla yanaşı 15 ədəd çətənə bitkisi və 17 həb psixotrop maddə aşkar edilərək götürülüb.

    Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 896 kq 808.712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 75 milyon 978 min AZN kimi qiymətləndirilir.

  • Kişi ondan borcunu istəyən sevgilisini döydü: “Məni təhqir etdi”

    Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

    İttihama görə, hadisə 10 iyul 2025-ci il tarixdə gecəyarısı paytaxtın Nəsimi rayonunda, küçədə baş verib. Təqsirləndirilən şəxs tanışı, zərərçəkmiş Ülkər Nağızadənin (adı, soyadı şərtidir) ondan borc pulunu qaytarmağı tələb etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan aqressiv davranış nümayiş etdirib.

    Araşdırmalarla müəyyən edilib ki, Pənah Məlikov ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Ülkəri təhqir edib, onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq yüngül xəsarətlər yetirib.

    Məhkəmə istintaqı zamanı Pənah Məlikov ifadəsində bildirib ki, zərərçəkmiş şəxslə 2024-cü ildən tanış olub və aralarında müəyyən müddət sevgi münasibətləri mövcud olub. Onun sözlərinə görə, Ülkərə 1 200 manat borcu olub və bu məbləği hissə-hissə ödəyirmiş.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ülkərlə əvvəlcə iaşə obyektində qarşılaşıb, daha sonra isə mübahisəni davam etdirmək üçün çölə çıxıblar. Onun dediyinə görə, zərərçəkmiş şəxs onu təhqir etdiyindən əsəblərini cilovlaya bilməyərək əvvəlcə əl ilə başına, daha sonra isə ayaq nahiyəsinə zərbə vurub.

    Pənah törətdiyi əməli etiraf etdiyini bildirərək, barəsində amnistiya aktının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

  • Azərbaycanda qadın keçmiş sevgilisindən və ailəsindən qəribə şəkildə qisas aldı

    Şəmkir rayonunda sevgilisindən ayrılan 33 yaşlı qadın onun ailəsindən qisas alıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 1993-cü il təvəllüdlü Kəmalə (adlar şərtidir) həmkəndlisi Fəridlə sevgi münasibətində olub.

    Bir müddət sonra Fərid ailəsinin təkidi ilə başqa bir qadınla evlənib və bu səbəbdən Kəmalə ilə münasibətlərinə son qoyub. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.

    Kəmalə Fərid və onun yaxınlarından qisas almaq qərarına gəlib. Bu məqsədlə o, ötən il sentyabrın 29-da günorta saatlarında kənd qəbiristanlığına gedərək Fəridin mərhum atası Mirzənin qəbirdaşına üzərində təhqiredici ifadələr yazılmış karton plakat asıb.

    Bununla kifayətlənməyən qadın qəbirdaşına zərər verib, onu qismən dağıdıb və mərmərdən hazırlanmış gülqabını sındırıb.

    Faktla bağlı Kəmalə barəsində Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (qəbir üzərində təhqiredici hərəkətlər) ittiham irəli sürülüb.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Fəridi 2018-ci ildən tanıyır və onların münasibətləri 2025-ci ilin iyun ayına qədər davam edib. Onun sözlərinə görə, Fərid 2024-cü ilin fevralında ailə həyatı qursa da, onunla əlaqəni tam kəsməyib.

    Kəmalə qeyd edib ki, sonradan Fəridin həyat yoldaşı Günel və anası Sona tərəfindən mütəmadi olaraq təhqirlərə məruz qalıb:
    “Bu barədə dəfələrlə Fəridə məlumat vermişəm”, – deyə o bildirib.

    Onun sözlərinə görə, 2025-ci ilin mart ayında Fəridin atası vəfat edib. İyun ayının 29-da isə Sona və Günel onu yenidən təhqir ediblər. Kəmalə bildirib ki, bu hadisədən sonra Fəridə zəng edərək polisə müraciət edəcəyini deyib, lakin Fərid onu bundan çəkindirməyə çalışıb.

    Kəmalə əlavə edib ki, təhqirlər ona ciddi təsir etdiyi üçün karton üzərində nalayiq ifadələr yazaraq qəbiristanlığa gedib:
    “Plakatı qəbirdaşına asdım. Daha sonra gülqabını itələdim və sındı. Sonra evə qayıtdım. Daha sonra öyrəndim ki, Fəridin anası mənimlə bağlı polisə müraciət edib”.

    Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib və zərərçəkmişlə barışmağa çalışsa da, buna nail ola bilmədiyini qeyd edib.

    Zərərçəkmiş qismində tanınan Sona ifadəsində bildirib ki, Kəmalə ilə eyni kənddə yaşayır və aralarında əvvəlcədən ciddi düşmənçilik olmayıb. Onun sözlərinə görə, oğlu Fəridlə Kəmalənin münasibəti 2024-cü ilin fevralında sona çatıb.

    Sona qeyd edib ki, həyat yoldaşı 2025-ci ilin mart ayının 15-də vəfat edib və qısa müddət sonra qəbir üzərində başdaşı qoyulub. Daha sonra qəbir ətrafında baş verən dəyişikliklər səbəbi ilə əraziyə müşahidə kamerası quraşdırılıb.

    Onun sözlərinə görə, iyunun 29-da kameradan baxarkən Kəmalənin qəbirdaşına təhqiredici plakat asdığını və iki ədəd gülqabını sındırdığını görüb. Bundan sonra polisə müraciət edib.

    Zərərçəkmiş şəxs 2 000 manat maddi, 3 000 manat isə mənəvi zərərin ödənilməsini tələb edib.

    Şahid qismində ifadə verən Elmira bildirib ki, bacısı Kəmalə 2018-ci ildə Fəridlə tanış olub və münasibətləri barədə ailə üzvlərinə məlumat verib.

    Cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Kəmalə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.

    Bundan əlavə, məhkəmə zərərçəkmişin mülki iddiasını qismən təmin edib. Təqsirləndirilən şəxsdən 80 manat maddi ziyan, 400 manat vəkil xərci, 35 manat dövlət rüsumu və 500 manat mənəvi zərər olmaqla, ümumilikdə 1 015 manat məbləğində vəsaitin ödənilməsi qərara alınıb.

    Mülki iddianın qalan hissəsi təmin edilməyib.

  • Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

    Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Median.Az-ın verdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

    Xatırladaq ki, aprelin 11-də Abşeron rayonu, Masazır kəndi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.//oxu.az

  • Kafe və mağazalardan silsilə oğurluq edən şəxs saxlanıldı

    Kafe və mağazalardan silsilə oğurluq edən şəxs saxlanılıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda talama hadisələri qeydə alınıb. Belə ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən iki kafedən oğurluqlar edərək zərərçəkənlərə ümumilikdə 2500 manat maddi ziyan vurub, həmçinin 2 ədəd mobil telefonu talayıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 24 yaşlı S.Həmidov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı onun Sumqayıt şəhəri ərazisində bir mağazadan 418 manat və mobil telefon oğurlaması, həmçinin əvvəllər məhkum olunmuş tanışı 32 yaşlı Y.Əhmədli ilə birgə daha bir mağazadan 1690 manat dəyərində kosmetik vasitələr talaması da məlum olub. Y.Əhmədli də polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • Marketlərdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı

    Bakının Binəqədi və Xətai rayonlarında yerləşən iki marketdən lotoreya biletləri və digər məhsullar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən İ.Seyfullayev, A.Vəlizadə və M.Göyüşov müəyyən olunaraq saxlanılıblar.

    Onların obyektlərdən 3159 manat dəyərində lotereya bileti, tütün məmulatları və spirtli içkilər oğurladıqları məlum olub.

    Araşdırmalar davam etdirilir.