Category: Kriminal

  • 11 il öncə törədilmiş cinayət işi üzrə məhkəmədə şahid dindirildi – FOTO

    Bakıda 11 il əvvəl evinə oğurluğa getdiyi şəxsi bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili Cənnət Kazımlı məhkəmədə ərizə ilə çıxış edib.

    Vəkilin sözlərinə görə, cinayət işinin əsassız şəkildə uzadılması, süründürməçiliyə yol verilməsi artıq təkcə hüquqi məsələ deyil, həm də bir ailənin taleyinə vurulan dərin yaradır:

    “Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bildiyi halda bu gün məsuliyyətdən yayınmaq üçün təqsirini inkar edir. Bu açıq şəkildə həqiqətdən yayınmaq və ədalətdən qaçmaq cəhdidir. İş üzrə mövcud olan bütün sübutlar və dəlillər bu cinayət əməlinin məhz təqsirləndirilən şəxs Cəfərov Hüseyn Gülağa oğlu tərəfindən törədildiyini birmənalı şəkildə təsdiq edir. Hesab edirik ki, bu, məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilməli və məhkəmə təqsirləndirilən şəxsin bu cür davranışına tənqidi münasibət bəsləməlidir”.

    Daha iş üzrə şahid dindirilib.

    Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.

    Qeyd edək ki, 2025-ci ildə Sabunçu rayon prokurorluğu və rayon polis idarəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Namiq Naib oğlu Hənifənin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü Hüseyn Gülağa oğlu Cəfərovun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

    Hüseyn Cəfərov Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib. Müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

  • Qanunsuz saxlanılan silahlar aşkarlandı

    Aprelin 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tüfəng və 34 ədəd patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Keçmiş rəis aliment pullarını mənimsəyirmiş

    Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

    İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

    Aprelin 13-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

  • Azərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU

    2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib. Xüsusilə ağır cinayətdə ittiham olunan X.Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ilk dəfə Xəyal Əli-Zadənin fotoları yayımlanıb.

    Qeyd edək ki, sözügedən qətl 2013-cü ildə ölkədə rezonans doğurmuşdu. Qətlə yetirilən Vüsal Şilder Adolf bir zamanlar Bakıda “Mercedes-Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olmuş şəxsin oğlu idi. O, əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan həmin şəxs Vüsalın anası ilə ailə qurub, onu övladlığa götürüb və Almaniya vətəndaşlığı almasına şərait yaradıb.

    Vüsalın qətlinin icraçıları Elman İsgəndərov və Seymur Talıbov 2014-cü ildə məhkum edilsələr də, sifarişçi X.Əli-Zadə ölkədən qaçmışdı. O, yalnız 13 il sonra – bir neçə gün əvvəl tutularaq Azərbaycana gətirilib.


    Mərhum Şilderin anası Mətanət Şilder həmişə ilahi ədalətə inandığını, haqq-ədalətin gec-tez yerini tapacağına inandığını deyib: “Əslində heç nə oğlumu geri qaytarmayacaq, amma yenə də oğlumun ölümündə əli olanların cəzalanmalarını görmək mənim arzum idi. Həmişə ölmədən bunu görmək istəmişəm”.

  • “Roşka”nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq

    Sosial şəbəkələrdə “Roşka” ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertləri tərəfindən vəsatətin məhkəməyə daxil olduğu elan edilib.

    Bildirilib ki, həmin ekspertizanın keçirilməsi üçün əlavə görüntülər də təqdim edilməlidir.

    Qısa müşavirədən sonra vəsatət təmin olunaraq, ekspertizaya əlavə tədqiqat obyektləri (videogörüntülər) göndərilməsi ilə bağlı qərar qəbul edilib.

    Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.

    Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

    Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Talassemiyalı xəstələrin pulunu mənimsəyənlər haqqında qərar verildi

    Talassemiyadan əziyyət çəkən uşaqlar və digər xəstələr üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovan barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

    Xatırladaq ki, Bakı Ağır Cinayət Məhkəməsinin hökmünə əsasən, Nuridə Seyidova 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.//Trend

  • “Beniz”in məhkəməsi keçirildi

    Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “Bəniz” ləqəbli “Tiktok”er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçən iclasda dövlət ittihamçısının dəyişdirildiyi elan edilib.

    Belə ki, prosesə yeni dövlət ittihamçısı Babaxan Həsənəliyev qoşulub.

    Bundan əlavə, zərərçəkmiş şəxsin vəkili Mirdamət Qədirli tərkibə etiraz etməsi ilə bağlı məhkəməyə ərizə yollayıb.

    Məhkəmə qısa müşavirədən sonra müraciətin əsassız olması səbəbindən təmin olmadığını elan edib.

    Daha sonra sənədlərin tədqiqi mərhələsinə keçildiyi bildirilib.

    Sənədlərdə zərərçəkənlə təqsirləndirilənin üzləşdirilməsi məqamı qeyd olunanda təqsirləndirilən Aybəniz Xəlilova üzləşdirilmənin olmadığını bildirib: “Xalid həmin gün gəlib “Yaxşı elədim, əcəb elədim” – deyərək çıxıb gedib.Təqsirləndirilən A.Xəlilova sənəddə qeyd olunan başqa bir neçə məqamla razılaşmadığını məhkəməyə bildirib.

    Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.

    Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

    Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.

  • İsmayıllıda taksi sürücüsünə hücum edib, avtomobili qaçırdılar

    İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

    Naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.

    Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Qoca Səmədovun oğlu azadlığa buraxıldı

    Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qərar qəbul edilib.

    Z.Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyib. Həmin maddə ilə ona bəraət verilib. Qəsdən sağlamlığa zərərvurma maddəsi ilə cinayət işinə isə tərəflər arasında barışıq olduğu üçün xitam verilib. Nəticədə mərhum icra başçısının oğlu azadlığa buraxılıb.

    Qeyd edək ki, hadisə 3 ay əvvəl rayonun İsmayılabad kəndində baş verib. İlkin məlumatda deyilirdi ki, Zaur Səmədov mübahisə zəminində tanışına ov tüfəngindən atəş açmaqla xəsarət yetirib.

    Z.Səmədovun atası Qoca Səmədov Yevlaxın icra başçısı işləyib. O, korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilib. Şərti azadlığa buraxılandan qısa müddət sonra vəfat edib.