Category: Kriminal

  • Tiktoker Nahid Nəsirovun həbs müddəti uzadıldı

    Tiktoker Nahid Nəsirov yenidən hakim qarşısına çıxarılıb.

    Nərimanov Rayon Məhkəməsində onunla bağlı qərar qəbul edilib.

    Qərara əsasən, tiktokerin həbs müddəti daha bir ay da uzadılıb.

    Xatırladaq ki, ilk olaraq Nərimanov Məhkəməsində tiktoker Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra isə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qüvvədə saxlanıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
    //unikal.az

  • İnsan alverində təqsirləndirilən iki qadın həbs edildi – Video

    Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q. və 27 yaşlı X.H. şərti adlı şəxslər həbs ediliblər.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, E.Q. ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.

    İnsan alveri cinayətində təqsirləndirilən X.H. isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində “escortazofficial” “Telegram” səhifəsi və “escortaze.com” saytı vasitəsilə fahişəliyə cəlb edib. Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub.

    Araşdırmalarla X.H. şərti adlı şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib.

    Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q. və X.H. təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya “152” qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.

  • Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

    Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Nəcəf Yusifovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Nəcəf Yusifov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, mülki iddiaçının mülki iddiasına xitam verilib.

    İttihama görə, Nəcəf Yusifov Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində Hədəfləmə və koordinasiya şöbəsinin inspektoru vəzifəsində, gömrük xidməti mayoru rütbəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib.

    Belə ki, 2025-ci ilin mart ayında o, tanışı olan zərərçəkmiş S.S.-yi aldadaraq Cənubi Koreya Respublikasından sifariş etdiyi 2016-cı il buraxılışlı “KIA Sorento” avtomobilinin gömrük rəsmiləşdirilməsində köməklik göstərə biləcəyini və bu prosesi rəsmi rüsumdan daha ucuz qiymətə həyata keçirəcəyini bildirib. Təqsirləndirilən şəxs guya gömrük orqanlarında olan əlaqələrindən istifadə etməklə avtomobili 10 850 manat müqabilində rəsmiləşdirəcəyini deyərək zərərçəkmiş şəxsin etibarını qazanıb.

    Bu yalan vədlərə inanan S.S. Nəcəfin göstərdiyi kart hesabına müxtəlif tarixlərdə olmaqla ümumilikdə 10 850 manat pul vəsaiti köçürüb. Təqsirləndirilən şəxs isə həmin vəsaiti ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

    Məhkəmə baxışı zamanı dindirilən Nəcəf Yusifov ifadəsində deyib ki, o, uzun illər gömrük orqanlarında çalışsa da, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı səlahiyyəti və praktiki təcrübəsi olmayıb. O, zərərçəkmiş S.S. ilə təsadüfi tanışlıq zamanı sonuncunun müraciətindən sonra pul ehtiyacı olduğu üçün yalandan köməklik göstərə biləcəyini bildirib.

    Nəcəfin sözlərinə görə, ilkin olaraq zərərçəkmiş şəxs tərəfindən 9 000 manat, daha sonra isə əlavə 500 manat və 1 350 manat olmaqla ümumilikdə 10 850 manat vəsait köçürülüb. Təqsirləndirilən şəxs bu vəsaiti şəxsi ehtiyaclarına, o cümlədən anasının müalicəsinə sərf etdiyini vurğulayıb.

    O, həmçinin vurğulayıb ki, müəyyən müddət sonra S.S. ödənilmiş məbləğin geri qaytarılmasını tələb edib, lakin maddi imkanı olmadığı üçün bunu dərhal edə bilməyib. Daha sonra o, hissə-hissə ödəniş etməyə başlayaraq ilkin olaraq 1 000 manat, ardınca isə əlavə 850 manat geri qaytarıb.

    İş materiallarından məlum olub ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyib.

    İttiham tərəfi hesab edir ki, Nəcəf Yusifov qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törədib.

  • Şirvanda keçmiş məhkum eyni əmələ görə tutuldu – Video

    Şirvanda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

    Ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Paytaxtda dələduzluq edən SMM saxlanıldı

    Bakıda dələduzluq edən sosial media meneceri (SMM) saxlanılıb.

    22 yaşlı E.Məmmədov Nəsimi rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.

    O, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Mərdəkan çimərliyində törədilən qətlin CİNAYƏT İŞİ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər – Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Məhkəmə şahid ifadəsi ilə davam edib.

    Şahid S.A təqsirləndirilənlərdən Süleymanov Mətləblə yerli olduğunu və hadisə günü birlikdə olduğunu bildirib:

    “Mən qaziyəm, Mətləbi dostumun vasitəsi ilə tanımışam. Ondan sonra mütəmmadi ümumi dostlarımızla birlikdə toplaşırdıq. Hadisə günü axşam saatları idi. Mətləbə zəng eləyərək, evlərində Qurban əti kəsildiyini dedi və məni çörək yeməyə evlərinə dəvət elədi. Durub getdim, oturub yemək yeyirdik. Bu vaxt Mətləbə zəng gəldi ki, dur gəl. Mətləbə dedim ki, bu gecə vaxtı hara gedirsən, getmə. O getmək istəyirdi, mən də onu işlətdiyim taksiylə “Neftçilər” metrosu yaxınlığındakı “Bayraq Meydanı” tərəfə gətirdim. Mətləbin üstündə bıçaq və hansısa kəsici alət olmayıb, o kimsəni vurmayıb. Biz ora düşəndə anladım ki dava var. Mətləbə dedim ki, gedib qarışmasın, özləri həll eləsinlər. Həmin vaxtda rəhmətlik Adil içkili halda qışqırırdı ki, nəyə gəlmisiniz, məni axtarırsınız? Onu gördüm ki, Adil qarşındakı adama bıçaq tulladı. Bu zaman qaranlıqda kim olduğunu sonradan bildiyim Samir adlı şəxsin rəhmətlik Adilin başına kubiklə vurduğunu gördüm. Orada “zerkalnı” nömrə olan bir maşın da vardı, səhv etmirəmsə, “444” nömrəsi vardı. Adil yerə yıxılandan sonra o maşının sürətlə uzaqlaşıb oradan yoxa çıxdığını gördüm. Mən Mətləblə ora çatanda maşınımı 15-20 metr aralıda saxlamışdım. Mətləb düşüb hadisə yerinə getdi, mən də maşınıma söykənib durdum. Hay-küy düşəndə maşını işə saldım ki, çıxıb gedim. Gördüm Mətləb ağzı qanaya-qanaya qayıdıb gəlir, burnundan qan süzülürdü. Çatan kimi dedi kimsə məni vurdu. Mən qayda-qanunlara əməl edən vətəndaş kimi ona dedim ki, hansısa bir xəta eləyibsə, bölməyə gedək. Mətləb ölən qardaşının qəbrinə and içdi ki, heç nə eləməyib”.

    Növbəti proses 27 aprel saat 14:30-a təyin olunub.

    Xatırladaq ki, məlum hadisə 2024-cü ilin iyununda Mərdəkan çimərliyində qeydə alınıb.

    Orada baş verən kütləvi dava zamanı Mətləb Süleymanov tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirib.

    Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, Mətləb Süleymanov Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunub.

    Hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə barələrində həbs olmayan qətimkan tədbiri seçilib.
    //lent.az

  • Arvadı ilə iki yaşlı oğlunu vurub öldürən sürücüyə cəza verilməsini istəmədi

    Ötən il Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Əliyeva və onun iki yaşlı övladı Azər Əliyevi avtomobillə vuraraq ölümünə səbəb olan sürücünün məhkəmə prosesi başa çatıb.

    Teleqraf-ın əldə etdiyi məlumata görə, hakim qarşısına təqsirləndirilən şəxs qismində Nuran Nuriyev çıxıb.

    Törətdiyi qəzaya görə səmimi peşmanlığını bildirən Nuran Nuriyevin sözlərinə görə, həmin yerdə yerüstü keçid olduğu halda qəza nəticəsində həyatını itirən şəxslər yolu bu formada keçib və nəticədə istəmədiyi halda hadisə baş verib.

    Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, o, hadisə vaxtı arvadı və üç azyaşlı uşağı ilə birlikdə sərnişin avtobusundan düşüb və yolu keçməyə qərar veriblər:

    “Həyat yoldaşıma yolüstü keçiddən keçmək lazım olduğunu bildirsəm də, Ülviyyə yorğun olduğunu, tez bir zamanda yolu qaçaraq keçə biləcəklərini söylədi. İki qızım mənim, Azər isə Ülviyyənin qucağına idi. Mən beton arakəsməyə çatanda məndən arxada olan Ülviyyəni “VAZ 2107” markalı avtomobil vurdu. Nəticədə oğlumla hər ikisi asfalt örtüyün üzərinə yıxıldı. Sürücü dərhal avtomobili saxlayıb onları xəstəxanaya aparsa da, ikisinin də həyatını xilas etmək mümkün olmadı”.

    Ülviyyə Əliyevanın həyat yoldaşı təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, onun barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib.

    Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, N.Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • Borcunu tələb edəni vurdu, 1 il islah işlərinə məhkum edildi

    Avtomobil dayanacağında nəzarətçi işləyən şəxslər dalaşıb.

    Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə baş verib. Tərəflər arasında yaranmış münaqişənin kökündə borc məsələsi dayanıb.

    Borc verən pulunu tələb edərkən qarşı tərəflə mübahisə yaranıb və nəticədə ikinci ona zərbə endirib. Zərərçəkmiş hadisə barədə polisə məlumat verib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb. Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılb.

    Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O qeyd edib ki, qarşı tərəfin borcunu qaytarıb və onunla barışıq əldə edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib.

  • Dayanacaqda yatan şəxsin pulu, telefonu və eynəyi oğurlandı

    Bakıda avtobus dayanacağında şəxsin telefonu, eynəyi və 70 manat pulu oğurlanıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə 20 yanvar ərazisində baş verib. Zərəçəkmişə ümumilikdə 980 manat ziyan dəyib.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinə şəxs saxlanılıb. Məlum olub ki, o, bundan başqa da oxşar cinayət törədib. Həmin şəxsə Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq – təkrar törədildikdə), 177.2.3-1 (Oğurluq – elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) və 177.2.5 (Oğurluq – zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    İki gün ərzində xeyli sayda qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, aprelin 11-də və 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 2 qumbara, 3 alışdırıcı, 19 patron darağı və 526 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.