Category: Kriminal

  • Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu

    Paytaxt sakinlərindən biri polisə müraciət edərək ona məxsus bank kartının oğurlandığını bildirib.

    Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Nağıyev saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin bank kartını ələ keçirəndən sonra paytaxt ərazisində yerləşən geyim mağazalarından birində 576 manatlıq alış-veriş də edib.

    Araşdırma aparılır.

  • Bakıda “Baxmut qumbaraatanı”na hökm oxundu – ŞOK TƏFƏRRÜAT

    Həbsxanadan cəbhəyə, cəbhədən isə yenidən dəmir barmaqlıqlar arxasına… Ukraynanın ən ağır döyüş bölgələrindən biri olan Baxmutda vuruşmuş Azərbaycan vətəndaşına hökm oxunub.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 34 yaşlı Həsən Məmmədovun (ad və soyad şərtidir) məhkəmə prosesi yekunlaşıb.

    İttihama görə, H.Məmmədov 2022-ci ildə Rusiyada cəza çəkdiyi müddətdə müharibəyə cəlb olunub. Ona seçim təklif edilib: ya cəzaçəkmə müəssisəsində qalmaq, ya da döyüşlərdə iştirak etmək. Şərtlərə görə, 6 ay döyüşən məhkumlara yüksək əməkhaqqı, azadlıq, Rusiya vətəndaşlığı və medallar vəd edilib. Təkliflə razılaşan şəxs kəşfiyyat bölməsində qumbaraatan kimi “Telbes” çağırış adı ilə Baxmut döyüşlərinə qatılıb.

    Döyüşlərdə ağır yaralanan təqsirləndirilən şəxs Anapa şəhərində müalicə alıb. Bu müddətdə ona vəd olunan pullar verilib və medallarla təltif olunsa da, əsas gözləntisi olan Rusiya vətəndaşlığı verilməyib. Əksinə, o, miqrasiya orqanları tərəfindən saxlanılaraq 2024-cü ildə Azərbaycana deportasiya edilib. Vətənə qayıtdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan H.Məmmədov, yenidən Rusiyaya qayıtmaq və vətəndaşlıq almaq üçün müxtəlif yollar axtardığını etiraf edib.

    Məhkəmə iclasında o, özünü təqsirli bilərək əsas məqsədinin azadlığa çıxmaq olduğunu deyib. Tibbi ekspertiza onun bədənindəki qəlpə yaralarını təsdiqləyib. Məhkəmənin qərarı ilə Həsən Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Bu hadisə bir daha sübut edir ki, xarici ölkələrdəki münaqişələrdə iştirak etmək Azərbaycan vətəndaşları üçün ciddi hüquqi məsuliyyət yaradır.

  • Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü – Yenilənib

    Gəncədə dava zamanı 23 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub.

    “Unikal”ın məlumatına görə, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə. İsmayılov saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

    * * * * *

    Gəncədə bıçaqlanma olub.

    Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki şəhər sakini sakini 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaqlanma diaqnozu ilə, 2012-ci il təvəllüdü R.İsmayılova,1984-cü il təvəllüdlü S.Hüseynova, 1985-ci il təvəllüdlü A.İsmayılova döyülmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

    Bıçaq xəsarəti alan İ.Məmmədova dərhal yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Digər xəsarət alan 3 qadınlara da ilkin yardım edilib.

    Məluamata görə, İ.Məmmədova qız qaçırmaq istəyən zaman ailələr arasında dava düşüb. Bu zaman 3 qadın da döyülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

  • Anasını qətlə yetirən şəxsin məhkəməsi başladı

    Anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Zərrərçəkənin hüquqi varisi kimi qətlə yetirilənin qızı Qurma Zeynalova tanınıb.

    Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.

    Xatırladaq ki, qətl hadisəsi ötən ilin yanvar ayının 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.

    O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib.

    Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.Faktla bağlı cinayət işi başlanılıb, Emil Ağayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI

    Masallıda avtomobili cızan şəxs cərimələnib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərdəki hotellərdən birinin qarşısında baş verib.

    26 yaşlı Behbud Quliyev (ad və soyad şərtidir – red.) hotelin qarşısında saxlanılan bir qadına məxsus “Changan Unı-T” markalı avtomobili bıçaqla cızıb. Avtomobili sahibinin şikayəti əsasında Behbud saxlanılıb və barəsində protokol tərtib olunub.

    Behbud ifadəsində bildirib ki, hadisə zamanı tək olmayıb. O və tanışı olan qız bıçaqla avtomobilin üzərinə öz adlarını yazıblar. Behbud Quliyev məhkəmədən barəsində aşağı həddə cərimə cəzası tətbiq olunmasını xahiş edib.

    Məlum olub ki, hadisə zamanı avtomobilə ümumilikdə 1 788 manat ziyan dəyib.

    Məhkəmənin qərarı ilə B.Quliyev barəsində 1 788 manat məbləğində cərimə cəzası təyin edilib.

  • Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb

    Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

    Məhkəmənin baxış iclası mayın 12-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci il yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

    Faktla bağlı Emil Ağayev barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
    //oxu.az

  • Qardaşı oğlunu öldürən Vətən müharibəsi iştirakçısına ağır cəza verildi

    Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

    Hökmə əsasən, Babək İbadov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

    Xatırladaq ki, Babək İbadov 44 günlük Vətən Müharibəsi iştirakçısı olub.

    Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

    20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub. Qətlə yetirilən Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir. O, “Rüzgar” ləqəbi ilə tanınırmış.

    B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.//unikal.az

  • Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

    Dostunun mühakimə prosesində iştirakdan sonra məhkəmə binasını tərk edib gedərkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan və məsuliyyətə cəlb olunan Peyman Həziyevin cinayət işi üzrə araşdırma başa çatıb.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin yeddi il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Peyman Həziyevin maddəsi 234.4.3-cü maddədən 234.1-1-ci maddəyə tövsif olunub və ona üç il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

  • 33 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilir

    Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya ediləcək.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Elşən Həsən oğlu Şamilovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    “Belə ki, Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 1993-cü il iyulun 30-da tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 2025-ci il mayın 8-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində müəyyən edilərək saxlanılıb.

    Hazırda Elşən Şamilovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

    Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpolla sıx əməkdaşlığı davam etdirir”, – deyə məlumatda qeyd olunub.

  • Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı qərar verdi

    Ermənistanın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən Rəşad Əhmədov və Rövşən Əmirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib.

    İttihama görə, R.Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti əleyhinə verdikləri tapşırıqları yerinə yetirib.

    Həmçinin R.Əhmədov bu fəaliyyətə cəlb etdiyi R.Əmirov və digər şəxslərlə birgə ölkədə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “Youtube” kanallarında və digər sosial şəbəkələrdə paylaşılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı aparılmış cinayət işi üzrə Rəşad Əhməd oğlu Əhmədov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa hazırlıq), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər), Rövşən Musa oğlu Əmirov CM-nin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirli biliniblər.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədov 18 il, R.Əmirov isə 17 il müddətə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsində onların şikayəti təmin olunmayıb.