Category: Kriminal

  • Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? – Masazırdakı cinayətin təfərrüatı

    Masazırdakı qətlə bağlı yeni təfərrüat məlum olub.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib.

    Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub.

    Cinayəti törətməkdə şübhəli bilinən şəxs xanımlardan birinin sevgilisi olub.

    Belə ki, 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O, bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub.

    Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın qohumundan kömək istəyib.

    P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirdiyini görüb.

    Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib və hadisə yerindən qaçıb.

    * * * * *

    Bu gün Masazırda iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

    Ölən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyən edilib.

    Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Bakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU

    Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət ərazidə müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

    Sosial şəbəkələrdə “Enoor” adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

    Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    İstintaq tədbirləri davam etdirilir.

  • Masazırda DƏHŞƏTLİ HADİSƏ –İki qadın qətlə yetirildi

    Abşeron rayonunun Masazır kəndində iki qadın qətlə yetirilib.

    Hadisə bu gün səhər saatlarında baş verib.

    Qəsəbə ərazisində 1989-cu il təvəllüdlü və 1996-cı il təvəllüdlü iki qadın bıçaqlanıb. Hər iki qadın hadisə yerində dünyasını dəyişib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

    Qətli törədən şəxs hadisə yerindən qaçıb.

    Hazırda polis əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.//oxu.az

  • 14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir

    171 nəfərə qarşı dələduzluqda ittiham olunan Nofəl Hacıyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər “Atlant” istirahət mərkəzinin sahibi Tahir Qədəşovun həbsini tələb edir.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, zərərçəkmişlər hesab edir ki, Nofəl Hacıyev onlardan aldığı pulu Tahir Qədəşova verib.

    Məlumat üçün deyək ki, Nofəl Hacıyev Tahir Qədəşovun kürəkənidir.

    Zərəçəkmişlər hesab edir ki, cinayət işində şahid qismində tanınan Tahir Qədəşovun işə təqsirləndirilən şəxs qismində cəlb olunmalıdır.

    Xatırladaq ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İstintaqla müəyyən olunub ki, “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alınıb.

  • Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: “Pullar Talıbova verilirdi”

    “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxsin ifadəsi dinlənilib.

    Müttəhim Bəhruz Əsgərov bildirib ki, o, 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor vəzifəsinə təyin edilib:

    “Daha sonra publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışmışam. Qurumun 8 idarəsi olub və azad olunana kimi mənə heç kim heç nə deməyib. Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparıldı, mən onların heç birində iştirak etməmişəm. Bəzi idarələrin 2018-ci ildə olmalı yoxlamaları 2023-cü ildə başladıldı.

    Bizə sifarişlər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən gəlirdi, buna uyğun olaraq “Forma 2″lərin əsasında pul ayrılırdı. Ayrılan pullardan Səbuhi Məmmədovun xəbəri var idi. Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov sifarişi verirdi, gedib baxırdıq, ölçürdük. Yolların çəkilməsinə ayrılan vəsaitin üzərinə əlavə olaraq 12 faiz qoyulurdu. Sonra hər ay iclas olurdu, orada gördüyüm işlər barədə məlumat verirdim. Sonra baş nazir Səbuhi Məmmədov sərəncam imzalayırdı, pul ayrılırdı.

    Yol idarələrinin müdirləri götürülən yola ayrılan pulların 10 faizini gətirib mənə verirdilər, mən də elə həmin gün aparıb Hicran Rüstəmova təqdim edirdim. O da pulu Seymur Talıbova (Vasif Talıbovun oğlu – red.) çatdırırdı. 2022-ci ilədək bu belə davam edirdi. Digər iki faiz isə bank xərclərinə gedirdi.

    Aldığımız “bonuslara”, paketlərə gəlincə, bunu maaşlarımız az olduğuna görə alırdıq. Məsələn, mühəndis 350 manat, digər işçilər daha az maaş alırdı, aldığımız bonuslar gördüyümüz işə görə verilirdi. Bu, Ali Məclis sədrinin tapşırığı idi. Pulların hamısını Maliyyə Nazirliyi görürdü”.

    Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ildə Maliyyə Nazirliyinin Mübariz adlı işçisi onun yanına gəlib:

    “Mübariz yanıma gələndə özü ilə bərabər Cavid adlı birini gətirmişdi. Bildirdi ki, ona 20 min manat ödəniləcək, asfaltın qalınlığını yoxlayacaqlar. Nazirlər Kabinetinə məlumat verdim, maliyyə naziri Həsən İsmayılova bildirdim, etiraz etdim. Sonra Mübariz dedi ki, görərsiniz, başınıza oyun açacağıq. Mən də dedim ki, tenderdən kənar qorxuram, onlar da tərs düşdülər. Fuad Nəcəfli gələnə kimi 2 min manata yaxın maaş alırdım. Özü Bakıya zəng etdi, ezam kimi bir nümayəndəmizi göndərdik, əməkhaqqılarımız onların maaşlarına uyğun olaraq tarazlaşdırıldı.

    Özümü qismən təqsirli bilirəm. Bilsəydim belə olacaq, heç əvvəldən burada işləməzdim”.

    Məhkəmə növbəti iclası mayın 1-dək təxirə salınıb.

    Qeyd edək ki, Bəhruz Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

  • Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? – Yenidən yoxlanacaq

    Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf, təqsirləndirilənin hadisəni törədən zaman həqiqətəndə anlaqsız vəziyyətdə olub-olmaması ilə bağlı təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təqdim edib.

    Müşavirədən sonra məhkəmə vəsatəti qəbul edib.

    Təqsirləndirilən Emil Ağacanovun təkrar kompleks stasionar məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasından keçirilməsi ilə bağlı qərar qəbul edilib.

    Ekspertizanın rəyinin məhkəməyə daxil olması üçün proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda qeydə alınıb.

    Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub.

    İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub

    Onu da qeyd edək ki,“Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.

    Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.

    Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

    Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.

  • Bakıda həbs edilən ruslara ittiham aktı elan edilib

    Kiberdələduzluq və narkotik maddələrin dövriyyəsi kimi cinayətlər törətməkdə şübhəli bilindiklərinə görə Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri – Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlinin məhkəmə baxışı keçirilib.

    “Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə ittiham aktı elan edilib.

    İttihama görə, Rusiya vətəndaşı olan Sergei Sofronov tamah niyyəti ilə həmin ölkənin vətəndaşları Dmitrii Bezuglyi, Aleksei Vasilcenko, Valery Dulov, Anton Draçev, Dmitrii Fedorov, Boris Timashov, Ilia Bezuglyi və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.

    İttihamda həmçinin qeyd olunub ki, onlar aralarında əldə olunan ümumi razılaşmaya əsasən Sergei Sofronov digər mütəşəkkil dəstə üzvləri ilə birlikdə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,153 qram çəkidə narkotik vasitə heroin, 5 ədəd blisterdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda 50 ədəd narkotik vasitə metadon dərman tabletləri və külli miqdarda 36,814 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək gələcəkdə hər birinin satışını birgə həyata keçirmələri üçün hissələrə ayırıb öz aralarında bölüblər.

    Təqsirləndirilənlər ittihamla özlərini təqsirli bilməyiblər. Məhkəmə təqsirləndirilənlərin ifafələri ilə işini davam etdirlib.

    Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqli Daxili İşlər Nazirliyinin (DİN) İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Qanunsuz saxlanılan silahlar aşkarlandı

    Aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 4 tüfəng, 14 patron darağı və 104 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    “Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir”,- deyə məlumatda qeyd olunub.

  • Azərbaycanda qayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdı

    Qusarda qayınata kürəkəninə təpiklə vuraraq ona ağır xəsarət yetirib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Atlıxan kəndində baş verib.

    Belə ki, 1961-ci il təvəllüdlü Fərhad Hacımuradov (şərti) kürəkəni Vüsalın qarın nahiyəsinə təpiklə zərbə endirib. Nəticədə Vüsalın bağırsağı zədələnib. O, təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

    Müəyyən edilib ki, 65 yaşlı kişi gecə 02 radələrində kürəkəninin Qusar rayonu Atlıxan kəndində yerləşən evinə gedib.

    O, Vüsalın mütəmadi olaraq spirtli içki qəbul etməsi, qızı ilə heç bir əsaslı səbəb olmadan münaqişə yaratmasına görə öz iradını bildirib. Bu zaman kürəkən qayınatasını təhqir edib. Buna əsəbiləşən kişi qızının ərinin qarın nahiyəsinə qəsdən bir dəfə təpik zərbəsi vuraraq, sonuncuya “qarının küt travması nəticəsində nazik bağırsağın cırılmasından baş vermiş irinli yayılmış peritonitdən sonrakı toksiki sepsis” xəsarəti yetirib.

    Bundan sonra F.Hacımuradov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Lakin qarşı tərəf şikayətçi olmayıb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsi kürəkənini vuran qayınataya şərti cəza verib, o, azadlıqda qalıb.