Category: Kriminal

  • Naxçıvanda söyüş söyən tiktoker CƏRİMƏLƏNDİ

    “TikTok” sosial şəbəkəsində söyüş söyən şəxs məsuliyyətə cəlb olunub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 29 yaşlı Sadiq Göyüşov (ad və soyad şərtidir) “TikTok” sosial şəbəkəsində paylaşdığı videoda əxlaqsız ifadələr işlədərək ictimai mənəviyyatı təhqir edib.

    Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

    Üç uşaq atası olan tiktoker törətdiyi əməldən peşman olduğunu və bunun pozuntu olmasından xəbəri olmadığını deyərək barəsində yüngül cəza verilməsini xahiş edib. O, həmçinin videonu tanışlarına göstərmək üçün paylaşdığını bildirib.

    Məhkəmənin hökmü ilə onun barəsində 700 manat inzibati cərimə cəzası təyin edilib.

  • DİN-dən əməliyyat – Saxlanılanlar var (Video)

    DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

    Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətov saxlanılıblar. Onlardan 42 kiloqram 235 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olduqları və bu məqsədlə, əsasən, gəncləri narkokuryerliyə cəlb etdikləri müəyyənləşdirilib.

    Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Vüsal Şilderin qətlini sifariş edən şəxs Azərbaycana GƏTİRİLDİ – FOTO

    İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Azərbaycana ekstradisiyası həyata keçirilib.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda Almaniya vətəndaşı Vüsal Şilderin qəsdən öldürülməsi üçün külli miqdarda pul vəd edərək onun qətlini sifariş edib. Qətlin icraçısı Elman İsgəndərov vasitəsilə V.Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Xəyal Məzahir oğlu Əli-zadənin yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən olunub və o həbs edilib.

    Adıçəkilən şəxsin BƏƏ-də olması ehtimalı nəzərə alınaraq, 2023-cü ildə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlər həmin dövlətə göndərilib. Aparılan mütəmadi danışıqlardan və həmin şəxs həbs edildikdən sonra onun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə mövcud olan nüfuzunu və BƏƏ-nin dövlətimiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

    Xəyal Məzahir oğlu Əli-zadə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar Xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən, müvafiq istintaq təcridxanasına yerləşdirilib.



  • Bakıda kişi oğurluğa girdiyi evdə ələ keçdi

    Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, xüsusi texniki vasitələrlə qorunan həmin evdən aprelin 6-sı saat 03:13-də Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Əraziyə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları evə baxış keçirən zaman şübhəli şəxs mənzilin 1-ci mərtəbəsinin pəncərəsindən həyətə tullanaraq qaçmağa cəhd göstərib.

    Əlində kəsici-deşici alət olmasına baxmayaraq, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırma zamanı oğurluğa cəhd edən şəxsin əvvəllər də talama cinayətləri etdiyinə görə dəfələrlə məhkum olunan 43 yaşlı Zakir Ordiyev olduğu müəyyən edilib.

    Mənzilə baxış keçirilən zaman evə heç bir maddi ziyanın dəymədiyi müəyyən edilib. Hadisə yerindən isə cinayət törədən zaman evin pəncərəsini açmaq üçün istifadə etdiyi Z.Ordıyeva məxsus 1 ədəd vintaçan aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Ərazi üzrə müvafiq polis şöbəsinə təhvil verilən Z.Ordiyevin müxtəlif vaxtlarda Badamdar qəsəbəsində daha 3 evdən ümumilikdə 23 min manata yaxın nağd pul və qızıl-zinət əşyaları oğurladığı da məlum olub.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Qayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdı

    Qusarda qayınata kürəkəninə təpiklə vuraraq ona ağır xəsarət yetirib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Atlıxan kəndində baş verib.

    Belə ki, 1961-ci il təvəllüdlü Fərhad Hacımuradov (şərti) kürəkəni Vüsalın qarın nahiyəsinə təpiklə zərbə endirib. Nəticədə Vüsalın bağırsağı zədələnib. O, təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

    Müəyyən edilib ki, 65 yaşlı kişi gecə 2 radələrində kürəkəninin Qusar rayonu Atlıxan kəndində yerləşən evinə gedib.

    O, Vüsalın mütəmadi olaraq spirtli içki qəbul etməsi, qızı ilə heç bir əsaslı səbəb olmadan münaqişə yaratmasına görə öz iradını bildirib. Bu zaman kürəkən qayınatasını təhqir edib. Buna əsəbiləşən kişi qızının ərinin qarın nahiyəsinə qəsdən bir dəfə təpik zərbəsi vuraraq, sonuncuya qarının küt travması nəticəsində nazik bağırsağın cırılmasından baş vermiş irinli yayılmış peritonitdən sonrakı toksiki sepsis xəsarəti yetirib.

    Bundan sonra F.Hacımuradov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Lakin qarşı tərəf şikayətçi olmayıb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsi kürəkənini vuran qayınataya şərti cəza verib, o, azadlıqda qalıb.

  • Azərbaycanda torpaqları dəyərindən ucuz satan vəzifəli şəxsə cinayət işi açılıb

    Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, ibtidai istintaqla Nəsir Nəsirlinin qeyd edilən vəzifədə işləyərkən 2020-2024-cü illər ərzində bələdiyyə mülkiyyətində olan ümumilikdə 13 hektar torpaq sahəsinin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əsasən məcburi qiymətləndirilməklə orta bazar qiymətindən az olmamaq şərti ilə satmalı olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə həmin tələblərə zidd olaraq dəyərindən aşağı satılması nəticəsində bələdiyyəyə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Nəsir Nəsirliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilib.

  • Ali Məhkəmədən QƏRAR: “Mənzil yoxdur” bəhanəsi tikinti şirkətini məsuliyyətdən azad etmir

    Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.

    Ali Məhkəmədən Oxu.Az-a verilən məlumatda bildirilir ki, iş materiallarına əsasən, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19.6 kvadratmetr sahəsi olan təmirli mənzil təqdim etməyi və mənzil təhvil verilənədək kirayə xərclərini ödəməyi öhdəsinə götürüb.

    Lakin sonradan iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, yeni tikilidə mənzillə təmin olunma, ödənilməmiş kirayə haqları, həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb edib.

    Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı rədd edib. Apellyasiya məhkəməsi bunu binada 19.6 kv.m sahəli mənzilin mövcud olmaması ilə əsaslandırıb və öhdəliyin icrasının mümkün olmadığını qeyd edib.

    İşə baxan Ali Məhkəmə isə qeyd edib ki, öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir. İcra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur.

    Ali Məhkəmə izah edib ki, icra mümkünsüzlüyü başlanğıcdakı və sonrakı olmaqla iki növə ayrılır. Başlanğıcdakı icra mümkünsüzlüyü müqavilə bağlanana qədər mövcud olan və icranı obyektiv şəkildə mümkünsüz edən hallardır və bu halda öhdəlik ümumiyyətlə yaranmır və əqdin etibarsızlığına dəlalət edir. Sonrakı icra mümkünsüzlüyü isə müqavilə bağlandıqdan sonra meydana çıxır və iki formaya bölünür: təqsirli icra mümkünsüzlüyü və təqsirsiz icra mümkünsüzlüyü. Əgər öhdəliyin icrası borclunun davranışı və ya onun cavabdeh olduğu səbəblərdən mümkün olmazsa, borclu məsuliyyətdən azad edilmir, öhdəlik qüvvədə qalır və kreditor həm icranı tələb etmək, həm də dəymiş zərərin ödənilməsini istəmək hüququna malik olur.

    Ali Məhkəmə xüsusilə vurğulayıb ki, borclu öhdəliyin sonradan mümkün olmayacağını bildiyi və ya bilməli olduğu halda belə məsuliyyətdən yayınması yolverilməzdir. Əgər icra borclunun iradəsindən kənar, qarşısıalınmaz və fövqəladə hallardan irəli gələrsə, bu zaman borclu məsuliyyətdən azad edilir və öhdəliyə xitam verilir. Mülki Məcəllənin 556.1-ci maddəsində nəzərdə tutulan xitam yalnız tərəflərin heç birinin cavabdeh olmadığı hallara şamil edilir.

    Ali Məhkəmə belə nəticəyə gəlib ki, öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunun məsuliyyətdən azad olunması demək deyil və bu halın səbəbləri ayrıca araşdırılmalıdır.

    Yekunda kassasiya instansiyası apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün geri qaytarıb.

  • Binəqədidə “Qarabağ” kafesində “iPhone” oğurluğu

    Binəqədi rayonundan fəaliyyət göstərən “Qarabağ” kafesində oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, kafedən “iPhone 16 Pro” markalı telefon oğurlanıb.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, hadisəni törədərkən içkili olub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 1 gün və həbsdə saxlanıldığı 15 gün 1 günə 2 günə hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Adam öldürməyə cəhd etdi – 14 il 3 ay həbs yatacaq

    Adam öldürməyə cəhddə təqsirləndirilən Şəmsi Məmmədlinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

    Hökmə əsasən, 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

    Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakının Binə qəsəbəsindəki “Südçülük sovxozu”nun ərazisində baş verib. Rəvan Nuriyev Şəmsi Məmmədliyə onun dostu Pərviz İbrahimovun narkotik satıcısı olduğunu deyib. Şəmsi Məmmədli məsələnin aydınlaşdırılması məqsədi ilə R.Nuriyevi danışmağa çağırıb. Yaranmış mübahisə nəticəsində Ş. Məmmədli R. Nuriyevə şillə vurub. R. Nuriyev bu barədə qardaşı B. Nuriyevə məlumat verib. Bundan sonra Babək Nuriyev Şəmsi Məmmədlini söhbətə çağırıb. Yaranmış mübahisə zəmnində Ş. Məmmədli B. Nuriyevə ard-arda bıçaq zərbəsi endirib.

    Faktla bağlı cinayət işi başlanılıb, Şəmsi Məmmədli Cinayət Məcəlləsinin 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma) 29 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) 29 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd)maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.
    //unikal.az

  • Su kanalından odlu silahlar tapıldı

    Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən su kanalından odlu silahlar tapılıb.

    Polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 2 ədəd avtomat aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.