Category: Kriminal

  • Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi: Qubadakı cinayətin TƏFƏRRÜATI

    Qubada 61 yaşlı kişi aptekə silahlı basqın edib.

    Rayonun Xucbala kənd sakini 1961-ci il təvəllüdlü Şabəddin İmanquliyev xəstəliyi ilə əlaqədar xəstəxanaya gedib və müalicə üçün resept yazdırıb. Resepti alan Ş.İmanquliyev xəstəxanadan çıxarkən tanımadığı traktorçu ilə rastlaşıb. Traktor sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini saxlayıb, yaxınlıqdakı obyektlərdən birinə daxil olub. Bundan istifadə edən Şabəddin traktoru hərəkətə gətirərək ərazidən uzaqlaşıb və rayon mərkəzi istiqamətində hərəkət etməyə başlayıb. O, Quba şəhərində polis əməkdaşları tərəfindən saxlanılsa da, onlara tabe olmayıb.

    Ş.İmanquliyev traktoru saxlayıb və hadisə yerindən qaçıb. Bir neçə saat polisdən gizlənən Şabəddin yaxınlıqdakı aptekə daxil olub. Şabəddin həkimin yazdığı resepti aptekdə işləyən Rima Mərdanovaya verib, həmin dərmanları istəyib. Aptekçi xanım reseptə uyğun dərmanları toplayıb Şabəddinə versə də, o, həmin dərmanların pulunu ödəməyib. Xanım dərmanların pulunu tələb edəndə isə o, üzərində gəzdirdiyi bıçaqla qadına hücum edib. Həmin vaxt orada olan aptek rəhbəri hadisəyə müdaxilə edib, dərmanların pulunu tələb etsə də, Şabəddin dərmanların pulunu verməyib. O, aptek rəhbərini də bıçaqla hədələyib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər, Ş.İmanquliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ş.İmanquliyev 4 il 2 ay azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Bakıda adam öldürməyə cəhd edən şəxsə ağır cəza verildi

    Adam öldürməyə cəhddə təqsirləndirilən Şəmsi Məmmədlinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə o, 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

    Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakının Binə qəsəbəsindəki “Südçülük sovxozu” adlanan ərazidə baş verib.

    Rəvan Nuriyev Şəmsi Məmmədliyə onun dostu Pərviz İbrahimovun narkotik satıcısı olduğunu deyib. Şəmsi Məmmədli məsələnin aydınlaşdırılması məqsədi ilə R.Nuriyevi görüşə çağırıb. Yaranmış mübahisə nəticəsində Ş.Məmmədli R.Nuriyevə şillə vurub. R.Nuriyev bu barədə qardaşı B.Nuriyevə məlumat verib. Bundan sonra Babək Nuriyev Şəmsi Məmmədlini söhbətə çağırıb. Yaranmış mübahisə zəminində Ş.Məmmədli B.Nuriyevə ard-arda bıçaq zərbəsi endirib.

    Faktla bağlı cinayət işi başlanılıb, Şəmsi Məmmədli Cinayət Məcəlləsinin 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma) 29 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) 29 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.
    //oxu.az

  • “Yeni Klinika”da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu

    “Yeni Klinika”da əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə hökm Bakının Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

    Hökmə əsasən, ona elektron qolbaq taxılacaq.

    Qeyd edək ki, Nizami Rayon Prokurorluğunun məlumatına əsasən, 2025-ci il mayın 18-də Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində mama-ginekoloq işləyən Sevinc Məmmədova Günay Məmmədovanı cərrahiyyə əməliyyatı edib.

    Daha sonra Günay Məmmədova bu əməliyyat nəticəsində ölüb və faktla bağlı Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma aparılıb. Həmçinin, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla Sevinc Məmmədovanın ötən il mayın 6-da “Yeni Klinika”da Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətdiyi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirdiyi müəyyən olunub. Nəticədə Günay Məmmədova mayın 18-də klinikada həyatını itirib.

    Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.

  • Cəlilabadda qadın “qazpulu”na görə anasının qulaqlarını cırdı

    Cəlilabadda qadın kommunal borca görə anası ilə dalaşıb, ona xəsarət yetirib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin M. Hüseyn küçəsindəki fərdi evlərin birində qeydə alınıb.

    37 yaşlı Nailə Xələfova (ad və soyad şərtidir – red.) ilə anası arasında qaz sərfiyyatı borcu üstündə mübahisə yaranıb. Mübahisə zamanı Nailə hər iki əli ilə yapışaraq anasının qulaqlarını cırıb.

    Zərərçəkənin polisə müraciətindən sonra Nailə saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs bildirib ki, 13 ildir həyat yoldaşından ayrılıb və 2 azyaşlı övladı və anası ilə birgə Cəlilabad şəhərində kirayədə yaşayır.

    Zərərçəkən ana ifadəsində qızı ilə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını deyərək övladına cəza verilməməsini xahiş edib.

    Məhkəmənin qərarı ilə Nailə Xələfova aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

  • Borc mübahisəsinə qarışan qadın qonşusunun burnunu sındırdı

    Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Kəmalə Məmmədovanın (adı, soyadı şərtidir – red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilib. Kəmalə Məmmədova CM-in 127.1-ci (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya qərarının 5.1-ci bəndinin tətbiqi ilə qadın təyin edilmiş cəzadan azad olunub.

    İttihama görə, hadisə 19 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evlərinin birinin həyətində qeydə alınıb.

    Belə ki, təqsirləndirilən şəxs qonşuluqda yaşayan zərərçəkmiş Təranə Vəliyeva (adı, soyadı şərtidir – red.) ilə aralarındakı mübahisəni davam etdirib.

    Araşdırmalar zamanı müəyyən edilib ki, hadisədən bir qədər əvvəl zərərçəkmiş şəxs digər qonşunun evində ondan borc verdiyi 200 manat pulu tələb edib. Bu səbəbdən tərəflər arasında sözlü mübahisə yaranıb. Həmin vaxt orada olan Kəmalə isə bu vəziyyətə irad bildirərək mübahisəyə qoşulub və qarşıdurmanı daha da gərginləşdirib.

    Daha sonra o, həyətdə ictimai qaydanı kobud şəkildə pozub, qərəzli xuliqanlıq niyyəti ilə Təranəyə qarşı fiziki zor tətbiq edib, onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib.

    Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün qapalı yerdəyişmiş sınığı, burunun şişkinliyi, qançırı, qanaxma və tənəffüsün pozulması ilə müşayiət olunan xəsarətlər alıb.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunub.

    Məhkəmə iclasında dindirilən Kəmalə Məmmədova özünü iş üzrə təqsirli bilməyərək verilmiş ittihamları qəbul etmədiyini deyib.

  • Ağsuda yol tikintisində dava: Restoran rəhbəri həbs edildi

    Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşasını həyata keçirən şirkətin əməkdaşı döyülüb.

    Hadisə Ağsu rayonunun Kalva kəndində yol tikintisi zamanı baş verib.

    Rayon ərazisində fəaliyyət göstərən “Soyuqbulaq” restoranının sahibi Qorqud Məmmədov (soyad şərtidir – red.) şirkətin şəxsi heyət və texnikalarının qarşısını kəsərək yolun tikintisini dayandırmağı tələb edib. Sərxoş vəziyyətdə olan obyekt rəhbəri yolun bir hissəsinin ona məxsus restorana yaxın ərazidən keçdiyini iddia edib.

    O, işçilərə bildirib ki, şirkətin rəhbəri əraziyə gəlməli və ona kompensasiya ödənilməlidir.

    Əməkdaşlar sahibkarı sakitləşdirməyə çalışsalar da, Q.Məmmədov onlara məhəl qoymayıb və uzunluğu təxminən 1.7 metr olan armaturu götürərək şirkətin iş icraçısı Fərhad Ağayevə (soyad şərtidir – red.) hücum edib. Məmmədov iş icrasının başına və boyun nahiyəsinə həmin əşya ilə ağır xəsarətlər yetirib, həmçinin şirkətin texnikalarına ciddi ziyan vurub.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, sahibkar isə oradan uzaqlaşa bilib.

    Polisin keçirdiyi əməliyyat nəticəsində Q.Məmmədov yeri müəyyənləşdirilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, Məmmədov 5 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi – TƏFƏRRÜAT

    Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü Səfər ər-arvadı intim görüntülərlə şantaj etməkdə ittiham olunub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, o, zərərçəkmiş Fuadın həyat yoldaşı Günellə (adlar şərtidir – red.) 2019-cu ildən etibarən müxtəlif yerlərdə baş tutan intim münasibətləri zamanı çəkilmiş çılpaq foto və videogörüntüləri telefonunda saxlayıb.

    Daha sonra həmin görüntüləri “WhatsApp” vasitəsilə Fuada göndərib. O, görüntüləri sosial şəbəkələrdə yayacağı və onu rüsvay edəcəyi ilə hədələyərək, 2021-ci il dekabrın 26-da metronun “Koroğlu” stansiyasının qarşısında qadından 2 000 manat alıb. Videoların köçürüldüyü yaddaş kartını Fuada təqdim edib.

    Bununla kifayətlənməyən Səfər görüntüləri mobil telefonundan silmədiyini bildirərək, 2022-ci il yanvarın 5-də yenidən zəng edib və onların yayılmaması müqabilində 10 000 manat tələb edib.

    Fuadın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında keçirilən əməliyyat nəticəsində Səfər saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

    Səfər ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, Günellə “TikTok” sosial şəbəkəsində tanış olub və bir müddət sonra görüşməyə başlayıblar:

    “Günelin evli olduğunu bilməmişəm. O, özünü subay kimi təqdim etmişdi. Bir müddət sonra Günelin əri Fuad mənə zəng edərək onu haradan tanıdığımı soruşdu. Mən də dedim ki, Günel məni necə aldadıbsa, səni də elə aldadıb. Sonra məni təhqir etdi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, Günel sonradan onunla birlikdə yaşamaq istədiyini bildirib:

    “Məndə olan videolar tanışlığımızın əvvəlində onun özü tərəfindən göndərilmişdi. Mən heç bir video çəkməmişəm. Daha sonra Günel məndə olan görüntüləri ona göndərməyimi tələb etdi. Mən də hamısını göndərdim və nömrəmi dəyişdim”.

    Səfər bildirib ki, Fuaddan pul tələb etməyib:

    “Onu zənglə narahat etməmişəm və pul istəməmişəm. Bu məsələni Fuad özü uydurub”.

    Lakin onun ibtidai istintaq zamanı verdiyi ifadə fərqli olub. Həmin ifadədə o, Günellə münasibətləri zamanı intim görüntüləri özü çəkdiyini etiraf edib:

    “Onunla avtomobildə gizli görüşdük və intim münasibətlərimizin videogörüntülərini çəkdim. Sonradan münasibətlərimiz pisləşdi və mən də onu qorxutmaq üçün görüntüləri yayacağımı dedim”.

    Zərərçəkmiş Fuad bildirib ki, həyat yoldaşı ilə 2012-ci ildə ailə qurub və iki övladı var:

    “Bir gün mənə zəng gəldi və evə getməyimi dedilər. Evə çatanda telefonuma çoxlu intim foto və videolar göndərildi. Bu görüntülər məni sarsıtdı”.

    Onun sözlərinə görə, Səfər həmin görüntüləri vermək müqabilində pul tələb edib:

    “Onunla görüşdüm və mənə iki yaddaş kartı verdi. 2 000 manat ödədim. Sonradan yenidən 10 000 manat tələb etdi və görüntüləri yaymaqla hədələdi”.

    Fuad əlavə edib ki, bu səbəbdən hüquq-mühafizə orqanlarına müraciət edib və sonradan həyat yoldaşı ilə boşanıblar.

    Şahid qismində ifadə verən Günel isə bildirib ki, Səfərlə münasibəti könüllü olmayıb:

    “O, məni hədələyirdi. Mən də buna görə polisə müraciət etmişdim. Ona heç bir intim görüntü göndərməmişəm”.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.

    Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

  • Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi

    Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alı Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

    İttihama görə, hadisə 17 fevral 2026-cı il tarixdə, saat 11 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

    Belə ki, Alı Balayev sevgi münasibətində olduğu zərərçəkmiş İradə Kərimova (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən ona əl zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxs sol almacıq nahiyəsində ağrı sindromu və iltihablaşma ilə müşayiət olunan hematoma xəsarəti alıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

    Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə tövsif edilib.

    Məhkəmənin hazırlıq iclasında o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, törətdiyi əməldən peşman olduğunu deyib. Alı sevgilisi ilə barışdığını qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

    Eyni zamanda məhkəmə iclasında iştirak edən İradə Kərimova da təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib və bu barədə yazılı ərizə təqdim edib.

    Məhkəmə tərəflərin barışmasını və təqdim olunmuş ərizələri nəzərə alaraq iş üzrə qərar qəbul edib.

  • Avtobus dayanacağında yatdı, 680 manat pulu oğurlandı

    Bakıda avtobus dayanacağında yatan vətəndaşın 680 manatı oğurlanıb.

    Qaynarinfo-nun məlumatına görə, hadisə barədə polisə məlumat verildikdən sonra cinayətin üstü açılıb.

    Məlum olub ki, zərəçəkmiş S. Rafiqoğlunun pulunu oğurlayan həmin vaxt ərazidən keçən İ.Tahirov adlı şəxsdir. O, saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ittiham elan edilib.

    Cinayət işinə Nəsimi Rayonu Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılıb.

    Müttəhim məhkəmə zamanı özünü verilmiş ittihamla təqsirli bilib. Bildirib ki, oğurluq edərkən içkili olub.

    Məhkəmənin hökmü ilə İ.Tahirova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Bakıda vətəndaş məhkəmədən özünün həbsini istədi – Hakim qərar verdi

    Bakıda içki aludəçiliyi olan şəxs məhkəmədən barəsində həbs qərarı çıxarılmasını xahiş edib.

    Qaynarinfo-nun məlumatına görə, Nizami Rayon Məhkəməsinin hakimi Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə 1989-cu il təvəllüdlü H.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri üzrə tərtib edilmiş protokola baxılıb.

    Məlum olub ki, H.V. sərxoş vəziyyətdə olarkən səbəbsiz yerə qonşusunun qapısını təpiklə vurub və bu səbəbdən də saxlanılıb. O, məhkəmə iclasında əməlini etiraf edərək alkoqol asılılığından qurtulmaq üçün barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edib.

    H.V.-nin vəkili də müdafiə etdiyi şəxsin törətdiyi inzibati xətanı səmimi etiraf etdiyini bildirərək, onun müalicə və islah olunması məqsədilə qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini istəyib.

    Məhkəmənin qərarı ilə H.V. 20 gün müddətinə inzibati qaydada həbs edilib.