Category: Kriminal

  • Tibbi sertifikat almaq istədi, dələduzluqla üzləşdi

    Beyləqən Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı A.Süleymanova tibbi sertifikat almaq istəyərkən dələduzluqla üzləşib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, “Qızıl Əllər” tədris mərkəzində kurs keçən A.Sülemanovaya bildirilib ki, tibbi serifikatı olmayacağı təqdirdə işdən çıxarılacaq.

    Bundan sonra o, sertifikat almaq üçün yollar aramağa başlayıb. Ortaq tanışlarının vasitəsi ilə tanıdğı İ.Müslümov adlı şəxs problemi həll edəcəyinə dair vəd verərək bunun müqabilində ondan 6000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.

    A.Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra İ.Müslümov saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətim imkan tədbiri seçilib. Cinayət işinə Qaradağ Rayon Məhkəməsində Emin Fətəliyevin sədrliyi ilə baxılıb.

    İ.Mürsəlov məhkəmədə özünü verilmiş ittiham üzrə təqsirli bilib. Əməlindən peşman olduğunu deyən müttəhim dəymiş zərəri tam şəkildə ödədiyini bildirərək hakimdən ona yüngül cəza verilməsinin xahiş edib.

    Məhkəmənin hökmü ilə İ.Müslümova 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • “Okean” restoranında tanışını bıçaqlayan şəxs hakim qarşısında – FOTO

    Bakıda restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəməsi başlayıb.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

    İstintaqla müəyyən edilib ki, hadisə 25 sentyabr 2025-ci il saat 02 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən “Okean” restoranında baş verib.

    Belə ki, Namiq Şirinli restoranda olan digər şəxslərin gözü arşısında, digər masada müştəri qismində əyləşmiş Babək və Asəf Qazıyev qardaşlarının masasına yaxınlaşıb pul tələb edib.

    Onlar isə imtina etdikdə tərəflər arasında sözlü mübahisə yaranıb və restoranın həyətinə çıxıblar.

    Namiq Şirinli xuliqanlıq niyyəti ilə məişət təyinatlı cib bıçağı ilə Babək Qazıyevin qarın nahiyyəsinə 1 dəfə vurub.

    Daha sonra söz təqsirləndirilən şəxsə verilib. Namiq Şirinli ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib.

    Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.

    Qeyd edək ki, Namiq Şirinliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

  • İş yoldaşını bıçaqlayan şəxsə şərti cəza verildi

    İş yoldaşını “işverən”sən sözünə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

    Hökmə əsasən, Röyal İbrahimova 3 il müddətinə şərti cəza verilib.

    Qeyd edək ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki aralarında yaranmış mübahisə zamanı Röyal İbrahimov iş yoldaşı Anar Quliyevi bıçaqlayıb.

    Röyal İbrahimov hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

  • Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz “general”ın oğlu həbsdə qaldı

    Bakıda əvvəllər özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli və Mereuta Nina Feodorovna yenidən hakim qarşısına çıxarılıb.

    Təqsirləndirilən şəxslər Yasamal Rayon Məhkəməsinin onlar barəsində çıxardığı həbs qərarından apellyasiya şikayəti veriblər.

    Bakı Apellyasiya Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, Ayxan Ələkbərli Bakıda sevgilisi Mereuta Nina Feodorovna ilə birgə 6 yaşlı azyaşlıya işgəncə verməkdə təqsirləndirilir.

    Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

    Əldə etdiyimiz məlumata görə, Mereuta Nina Feodorovna 2024-cü ilin iyun ayının ortalarından 2025-ci ilin sentyabr ayının 6-sı saat 12:10-dək olan müddət ərzində paytaxtın Yasamal rayonunda yerləşən mənzildə qeyri-rəsmi yaşadığı Ələkbərli Ayxan Firdovsi oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özü və Ramin Ramizoğlu ilə birgə nikahdan olan 23.01.2020-ci il əvəllüdlü azyaşlı övladı A.A-nı mütəmadi olaraq bədəninin müxtəlif fnahiyələrinə vurub, qaranlıq hamam otağına salıb fiziki ağrı və psixi iztirablar verməklə döyüblər.

    Daha sonra sonuncu dəfə 06.09.2025-ci il tarixdə həmin ünvanda azyaşlının bədəninə bel kəməri və çəkiclə bir neçə dəfə vurub fiziki ağrı yetiriblər.

    Keçirilmiş ekspertizaların nəticəsinə əsasən köməksiz vəziyyətdə olan azyaşlı A.A-nın travmadan sonra stress pozuntusu, sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilmiş yarası və sıyrığı ilə əlaqədar diz oynağında hərəkət funksiyasının nisbi pozulması, sol diz oynağı nahiyəsinin qançırları ilə müşayiət olunan, küt əşyanın təsirindən əmələ gəlmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub.

    Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü (əzab vermə – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 133.2.5-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • İki milyon manat dələduzluq işində zərərçəkən: “Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir”

    Bakıda vətəndaşlara qarşı iki milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Əhməd Mütəllimov dindirilib.

    O, təqsirləndirilən şəxsin suallarını cavablandırıb:

    “Cahangir Qəmbərovun 497 min dollar cərimələndiyi ilə bağlı informasiyadan məlumatım yoxdur. Mən ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir. Ona cərimənin gəlməsinə səbəb sifariş edilən malların gəlməməsi olub. Cahangir Qəmbərova cərimə təkcə bir dəfəyə gəlməyib. Mən ona mal vermişəm, iş görmüşük. İrandan və Türkiyədən mal yollamışam. Amma ortada nə mal var, nə də pul. Şənlik Şükürovla mənim işbirliyim olub. “Master Makina” adlı şirkətimiz olub. Amma təqsirləndirilən şəxs onu tanımır. Tanımadığı halda ona necə mal yollaya bilər?”

    Təqsirləndirilən şəxs Cahangir Qəmbərov isə bildirib ki, bütün pullar Şənlik Şükürovun hesabındadır.

    Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

    Xatırladaq ki, ittihamda bildirilir ki, Cahangir Qəmbərov müxtəlif vaxtlarda paytaxt sakinləri – fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından sui-istifadə edərək müxtəlif şərti biznes qurmaq adı ilə aldadaraq onların iki milyon manatadək pullarını mənimsəyib.

    Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Sabunçuda qadın evdən doqquz min manat oğurlayıb

    Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti açıqlama yayıb.

    Bildirilib ki, Sabunçu rayonunda evlərin birindən 9 min manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

    Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı K.Əliyeva müəyyən edilərək saxlanılıb.

    Sumqayıt şəhərində də analoji hadisə baş verib. Şəhər ərazisindəki evlərin birindən 500 manat oğurlayan 24 yaşlı E.Zamanov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı

    Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına 2002-ci il təvəllüdlü Mehdizadə Seyfulla çıxarılıb.

    O, məhkəmədə ifadəsində 1 nömrəli çörək zavodunda gecə növbəsində sürücü işlədiyini, işdən sonra isə icarə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. 24 yaşlı gəncin sözlərinə görə, hadisə vaxtı yorğun olduğu üçün onu sükan arxasında yuxu tutub və bədbəxt hadisə qaçılmaz olub. Onun çörək zavodunda iş rejimi gecə saat 03:00-dan başlayaraq gündüz saat 12:00-dək olub.

    Vlada Axundovanın anası məhkəməyə ərizə təqdim edərək Seyfulla Mehdizadə ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. O, həmçinin qızının vəfatı ilə bağlı məhkəmə iclasının ona pis təsir edəcəyini və yaşının nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edib.

    Şahid qismində ifadə verən 01-CH-477 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü Sadiq İsaqov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə zamanı həyatını itirən Vlada Axundova onun maşınına müştəri qismində əyləşib. Onun sözlərinə görə, Vlada Axundova qeyd edilən ünvana çatanda avtomobildən düşdükdən sonra qapını bağlamaqda çətinlik çəkib və bir neçə saniyə qapını örtməyə çalışdığı anda arxadan gələn maşın “Toyota”ya çırpılıb. Nəticədə Vlada Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Qısa olaraq bildirək ki, təqsirləndirilən şəxs idarə etdiyi 77-SJ-148 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” avtomobili ilə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota”nı arxadan vurub. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Vlada Axundova hadisə yerində ölüb. Hadisə vaxtı Seyfullanın maşınında müştəri qismində əyləşən 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəsarət alıb.

    Məhkəmənin qərarına əsasən, Seyfulla Mehdizadə üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, Vlada Axundova vaxtilə “Səs Azərbaycan” yarışmasında iştirak etmişdi.

  • Eltisini əməliyyat edərək ölümünə səbəb olan mərkəz direktoru HƏBS OLUNDU

    Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən “AzE Estetik Mərkəz”in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib.

    Oxu.Az-ın məlumatına görə, hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda müttəhimin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib.

    Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub.

    Növbəti iclas mayın 9-na təyin edilib.

    Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.

    Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynının həyat yoldaşı (eltisi) Səbirə Vəliyevanın üzərində liposaksiya əməliyyatı icra edib. Daha sonra onu yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

    Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

    Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    İş üzrə Ülviyyə İlyasovanın barəsində Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf -zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.

    Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.

    Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin müraciəti təmin edilib: Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.

    Zərərçəkən tərəf Ülviyyə İlyasovanın cəzasının ağırlaşdırılması tələbi ilə çıxış edir.

  • Gürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı

    Gürcüstanda qəsdən adam öldürməyə cəhd ittihamı ilə 35 yaşlı Azərbaycan vətəndaşı N.A. saxlanılıb.

    Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında məlumat verilib.

    İstintaqla müəyyən edilib ki, Tbilisidə sözügedən azərbaycanlı şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-ya soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs tibb müəssisəsinə yerləşdirilib.

    Əməliyyat tədbirləri nəticəsində polis təqsirləndirilən şəxsi qısa müddət sonra yaxalayıb.

    O, günahı sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

    Faktla bağlı istintaq davam etdirilir.

  • İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb

    Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu barədə zərərçəkən polisə müraciət edib.

    Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.