Category: Kriminal

  • Gəncə sakini torpaq üstündə bıçaqlandı

    Gəncədə bıçalanma hadisəsi olub.

    Hadisə şəhərin Totanlı küçəsində baş verib. Şəhər sakini 1970-ci il təvəllüdlü E.Əlili döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Məlumata görə, 56 yaşlı kişi tanıdığı şəxs tərəfindən torpaq üstündə bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Hazırda fakt araşdırılır

  • Axtarılan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu

    Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

    Martın 18-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

    Belə ki, 2020-2022-ci illərdə “Aqrar İnnovasiya və Təchizat şirkəti” ASC-nin Salyan rayonunda yerləşən anbarında işlədiyi müddət ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.

    Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Monteneqronun ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

    Monteneqro Respublikasından ölkəmizə birbaşa reys olmadığından Ədliyyə Nazirliyi tərəfindən Türkiyə Respublikasının səlahiyyətli orqanları ilə danışıqlar aparılaraq, tranzit icazəsi alınıb və Mənsimov Ramil Yaqub oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Monteneqrodan ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
    Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

  • Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı

    Sabirabadda qeyri-rəsmi nikahda olduğu 16 yaşlı Nuranə Ələkbərovanı boğub öldürdükdən sonra Kür çayına atan Seyidrəsul Talıbzadənin cəzası ağırlaşdırılıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bununla bağlı Şirvan Apellyasiya Məhkəməsi yeni hökm çıxarıb.

    Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Seyidrəsul Talıbzadə ilə bağlı çıxardığı 10 il 6 aylıq azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Şirvan Apellyasiya Məhkəməsinin yeni hökmünə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsində cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətinə, əməlin xarakterinə və ictimai təhlükəliliyinə uyğun cəza həddi düzgün qiymətləndirilməyib. Məhkəmə belə qənaətə gəlib ki, Nuranə Ələkbərovanın qətli zamanı Seyidrəsulun xüsusi plan hazırlaması, sonuncunun yalvarışlarına baxmayaraq, amansız rəftar edərək 20 dəqiqə müddətində onu boğması, daha sonra cinayətin əməlini gizlətmək üçün qadını Kür çayına atması təqsirləndirilən şəxsin daha qəddar və amansız olmasını göstərir. Onun bu davranışları cəza təyin olunarkən nəzərə alınmalı idi.

    Qeyd edək ki, hadisə ötən ilin mayında qeydə alınıb. Rəsmi məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazidə aralarında yaranmış mübahisə zamanı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürüb və meyitini suya atıb.

    2024-cü ilin oktyabrında isə Seyidrəsulla Nuranənin Şirvanda toyları baş tutub. Həmin vaxt Nuranənin 15 yaşı olub.

  • Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olundu

    Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olunub.

    Median.Az-ın məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtoxuliqanlıq edən sürücü Elnur Yusubov saxlanılıb.

    O, idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

    Həmin şəxs barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə E.Yusubov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 23 sutka inzibati qaydada həbs olunub.

  • Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

    Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10449 konvalyut, 1269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Narkoloji Mərkəzin həbsdə olan vəzifəli şəxslərinin CƏZASI AZALDILDI

    Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, hər iki təqsirləndirilənin cəzası 3 il azaldılıb. Onlara qəti olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşən Mustafayev və Zamin Əliyev hər ikisi 3 il müəyyən müddətə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

    Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Hümbət oğlu Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Sabir oğlu Əliyevin qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Son iki ayda 900 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

    Bu ilin yanvar və fevral ayları ərzində 893 kiloqram 456.646 qram narkotik vasitə və və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

    Məlumatda bildirilib ki, həmin maddələrin ümumilikdə dəyəri 47 milyon 855 min manat qiymətləndirilir.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 780 kq 896 kq 713 qram və 300 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 532 kq 668.1 qramını marixuana, 99 kq 71.146 qramını heroin, 32 kq 65.49 qramını tiryək, 41 kq 67.14 qramını həşiş, 6 kq 279.1 qramını digər narkotik vasitələr və 69 kq 745.737 qramını psixotrop maddələr təşkil edib.

  • “TikTok”da narkokuryerlik edən şəxs SAXLANILDI – VİDEO

    Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan beş kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

    V.Quliyev ifadəsində bildirib ki, “TikTok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Balakəndə 39 yaşlı kişi arvadı və bacanağını bıçaqlayıb – TƏFƏRRÜAT

    Balakən rayonunda 39 yaşlı kişi arvadına və bacanağına xəsarət yetirib.

    Median.Az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə ötən ilin noyabrın 30-da rayonun kəndlərindən birində baş verib.

    1987-ci il təvəllüdlü Elbəy arvadı Sevili və bacanağı Pərvizi bıçaqlayıb.

    Həmin gün saat 22 radələrində Pərviz yaşadıqları evin həyətində yerləşən tikilinin otaqlarının birində gizlənib və “WhatsApp” vasitəsi ilə Elbəyin yoldaşı Sevilə həyətə düşməsi ilə bağlı mesaj yazıb.

    Bundan xəbər tutan Elbəy orada onları izləyib və arvadının bacanağı ilə görüşməyə düşməsini gözləyib. Elbəy arvadı gələndən sonra qısqanclıq zəminində mətbəx bıçağı ilə arvadı və bacanağına zərbə yetirib.

    Elbəyin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Balakən Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində başlanmış cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə xitam verilib.

    O, cinayət məsuliyyətindən azad edilib.

  • “Nuranə anama dedi ki, “oğlunuzu atamla birlikdə öldürmüşük, gəlin meyitini aparın” – Məhkəmə işi

    Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Məhərrəmovanın cinayət işi üzrə növbəti iməhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Ədil Məhərrəmovun qardaşı Vuqar Məhərrəmov şahid qismində ifadə verib.

    “İşdə idim, dedilər ki, qardaşına nəsə olub. Sonra bildim ki, qətlə yetirilib. Çıxdım getdim ora. Nuranə ilə münasibəti çox pis olub. Nuranə həmişə ona hədə-qorxu gəlib. Qardaşım öləndən sonra, Nuranə zəng edib anama təhqiramiz ifadələrlə “oğlunuzu atamla birlikdə öldürmüşük gəlin meyitini aparın” deyib. Bununla yanaşı Nuranə anamı da öldürəcəyi ilə hədələyib”.

    Şahidin ifadəsinə müdaxilə edən anası da Nuranənin ona zəng edərək hədə-qorxu gələrək növbəti dəfə onu da öldürəcəyini deyib. Zərərçəkənin hüquqi varisi bununla yanaşı bildirib ki, oğlu Ədil ona zəng edərək yol pulu istəyib ki, Nuranənin yanına getsin. Anası bunun səbəbini Ədildən soruşduqda isə o bunu Nuranənin onu ölümlə təhdid etməsi ilə əsaslandırıb.

    Növbəti proses martın 31-nə təyin edilib.

    Qeyd edək ki, Nuranə Məhərrəmova, atası Nəcəf Qafarovla birlikde keçmiş ərini qətlə yetirməkdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    //unikal.az