Category: Kriminal

  • Kiberpolisdən ƏMƏLİYYAT: Saxlanılanlar var – Video

    Sosial şəbəkədə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir. Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha dörd nəfər – Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir olaraq fəaliyyət göstərən Cəfər Bəyəliyev – saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) məlumat yayıb.

    Bildirilib ki, araşdırmalarla həmin şəxslərin xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində virtual kassalar yaratdıqları müəyyən edilib. Daha sonra sosial şəbəkələrdə açdıqları “Milan”, “Sevinc”, “Rahat” və “Texas 777” adlı səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlayaraq onları qanunsuz onlayn kazino oyunlarına cəlb ediblər.

    Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. P.Abdullayev, S.Hacızadə, T.Kazımov və C.Bəyəliyev cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    “Bir daha vətəndaşları internet resursları, eləcə də sosial şəbəkədə təklif edilən qanunsuz onlayn kazino və qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir.

    Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır. Odur ki, hər kəsə lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağı, sosial şəbəkələrdə bu tip oyunların reklam və “asan qazanc” vədlərinə inanmamağı, şübhəli hesab və platformalar barədə isə polis orqanlarına məlumat verməyi tövsiyə edirik.

    Unutmayın ki, kibermühitdə ehtiyatlı davranış maddi və şəxsi təhlükəsizliyinizin əsas şərtidir”, – deyə məlumatda qeyd olunub.

  • SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərənlərin məhkəməsi başlayıb

    Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli, Abdulla İbrahimli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttiham olunan şəxslər özlərini təqsirli hesab etməyiblər.

    Növbəti proses aprelin 6-na təyin olunub.

    Qeyd edək ki, sözügedən şəxsləri 2025-ci ilin noyabr ayında polis əməkdaşları saxlayıblar.

    Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, onların başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyənləşib.

    Həmin şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-lər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

    Həmin şəxslərə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.

  • 15 yaşında ailə qurub uşaq dünyaya gətirdi – Cinayət işi açıldı

    Astara rayonunda yetkinlik yaşına çatmayan qızla ailə quran gənc cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir müddət əvvəl rayonun kəndlərindən birində yaşayan 15 yaşlı F.Zamanova (şərti) xəstəxanaya müraciət edib və onun hamilə olduğu müəyyən olunub. Bu ilin 7 mart tarixində isə onun övladı dünyaya gəlib.

    Aparılan araşdırmalarla F.Zamanovanın qonşuluqda yaşayan 2002-ci il təvəllüdlü Əli Hətəmovla (soyad şərtidir) münasibətdə olduğu və daha sonra evləndikləri müəyyən edilib.

    Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

    Astara Rayon Məhkəməsinin 10 mart tarixli hökmü ilə Ə.Hətəmova 1 il həbs cəzası verilib. Lakin cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

  • Təqaüdçülərin kartlarını talayan şəxs tutuldu

    Xaçmazda təqaüdçülərə kömək etmək adı altında yaxınlaşaraq onların kartlarını talayan şəxs saxlanılıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı Emin Səlimov saxlanılıb.

    Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

    E.Səlimovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Fransaya casusluqda ittiham olunan Martin Ryana və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədliyə hökm oxunub

    Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən, Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Həmçinin məhkəmə qərar qəbul edib ki, Martin Ryan cəzasını çəkib başa vurduqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılsın.

    İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursat, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) üzrə ittiham irəli sürülüb.
    //oxu.az

  • Rektorun qızına qarşı dələduzluq edən şəxs azadlığa buraxıldı

    Bakı Apellyasiya Məhkəməsində etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan Mikayıl Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin olunmuş 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilib. Onun barəsində iki il sınaq müddəti müəyyən edilib və Mikayıl Əliyev məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.

    İttihama görə, Mikayıl Mahir oğlu Əliyev üç nəfərə qarşı dələduzluqda ittiham olunur. Onun əməlindən ən çox zərər çəkən Aygün Zöhrab qızı Xəlilova olub. Mikayılla uzun müddət tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. Aygün Xəlilova sonradan qaytarmaq şərti ilə 57 600 manatlıq qızıl-zinət əşyalarını, o cümlədən 30 min manatlıq “Van Cleef & Arpels” markalı bir cüt sırğanı da lombarda qoyub pul götürməsi üçün ona verib.

    Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb.

    Məlumat üçün bildirək ki, Aygünün anası universitetlərdən birində rektor vəzifəsini icra edib. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.

    İş üzrə digər zərərçəkənlər Fariz Ramiz oğlu İlyasov və Habil Əli Abas oğlu Tağıyevə təqsirləndirilən şəxs Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib.

  • Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu

    “Instagram”da nalayiq ifadələr işlədənlər həbs olunublar.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Lənkəran rayon sakini “Instagram” sosial şəbəkəsindəki “seyidemir_” hesabı ilə qeyri-etik ifadələr işlədib. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya resursunda və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

    Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs törətdiyi əməli etiraf edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.

    Bundan başqa, 46 yaşlı şəxs də sosial şəbəkədə internet informasiya resurslarında qadağan edilən informasiyaların yayılmasına yol verib və ictimai yerdə nalayiq ifadələr işlədib. Buna görə də onun barəsində həm 388-1.1.1-ci, həm də 510.2-ci maddələrlə protokollar tərtib olunub.

    Həmçinin 29 yaşlı Sabirabad rayon sakini də “TikTok” sosial şəbəkəsində paylaşdığı videoçarxın rəy bölümünə söyüş yazdığı üçün barəsində protokol tərtib olunub. Onun sözlərinə görə, özünün hazırladığı videoçarxı başqası götürərək paylaşıb, həmin paylaşımın rəy bölümündə isə onun mərhum ailə üzvünü təhqir ediblər. Buna görə o da əsəbiləşərək nalayiq ifadə işlədib.

    Məhkəmənin qərarı ilə 29 yaşlı Lənkəran rayon sakini 15 gün, 46 yaşlı şəxs bir ay, sonuncu isə 10 gün müddətinə həbs ediliblər.

  • Həbsdə olan oğlunu azad etdirəcəyini dedi, minlərlə manatı ələ keçirdi

    Səbail rayonunda yaşayan sakinlərdən biri 4500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı E. Musayev saxlanılıb.

    Araşdırmalarla müəyyən olunub ki, E. Musayev zərərçəkənə hazırda cəzaçəkmə müəssisəsində saxlanılan oğlunu azad etdirəcəyinə dair yalan vəd verərək 4500 manat pul vəsaitini ələ keçirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda ailədaxili münaqişə QANLA BİTDİ – Saxlanılan var

    Bakıda 33 yaşlı kişi bıçaqlanıb.

    Hadisə martın 14-də saat 03 radələrində paytaxtın Nərimanov rayonu, M.Məmmədov küçəsində qeydə alınıb.

    İlkin məlumata görə, 2008-ci il təvəllüdlü Rahim Zamanov münaqişə zəminində qaynı, 1993-cü il təvəllüdlü İlkin Məmmədovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

    Hadisənin ailədaxili narazılıq zəminində baş verdiyi, münaqişənin zərərçəkənin bacısı ilə bağlı olduğu bildirilir.

    R.Zamanov polis əməkdaşları tərəfindən tutulub.

    Faktla bağlı araşdırma aparılır.

  • İşlədiyi ofisdən 9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu

    Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.