Category: Kriminal

  • Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu

    Martın 16-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 170, o cümlədən borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

  • Qazaxda narkotik satışını təşkil edən şəxs saxlanılıb

    Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

    Tədbir zamanı əvvəllər məhkum olunmuş 54 yaşlı Vüsal Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

    Ondan, ümumilikdə, 5 kiloqram marixuana və digər növ narkotik vasitələr, həmçinin elektron tərəzi aşkarlanıb.

    V. Abdullayev narkotikləri satış məqsədilə əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Sosial şəbəkə mübahisəsi faciə ilə bitdi – 52 yaşlı kişi bir yumruq zərbəsindən öldü

    Gəncə Ağır Cinayətlər Məhkəməsində 52 yaşlı kişini döyərək öldürməkdə təqsirləndirilən İnqilab Qayıbovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Son iclasda müttəhimə hökm oxunub: İ.Qayıbov 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə İ.Qayıbovun cəzasını həbs edildiyi gündən hesablayıb və bu müddət martın 4-də başa çatdığı üçün o, azadlığa buraxılıb.

    İttihama görə, hadisə 2024-cü il sentyabrın 27-də Tərtər şəhəri, Heydər Əliyev küçəsindəki parkda baş verib.

    Bundan əvvəl 1974-cü il təvəllüdlü Yaşar Abdullayev sosial şəbəkədə 1994-cü il təvəllüdlü həmyerlisi İnqilab Qayıbovla mübahisə edib. Mübahisədən sonra Qayıbov Y.Abdullayevin qeyd edilən parkda olduğunu müəyyən edərək, oraya gəlib, mübahisəni davam etdirib. Bu zaman o, Y.Abdullayevə yumruqla zərbə vurub.

    Abdullayev zərbənin təsirindən özünü itirərək yıxılıb. Yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı cinayət işi başlanılıb və İ.Qayıbov saxlanılıb.

  • Telefon oğurladı, satıb pulunu nənəsinə xərclədi

    Bakıda oğurladığı telefonu sataraq pulunu nənəsi üçün xərcləyən şəxs həbs olunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə Həzi Aslanov metro stansiyasının yaxınlığındakı məhəllədə baş verib.

    1996-cı il təvəllüdlü, ali təhsilli T.Y. məhəllədə gəzərkən oturacaq üzərində “iPhone 13” markalı mobil telefon tapıb. Maddi vəziyyətinin zəifliyi və nənəsinin ağır durumunu nəzərə alaraq telefonu satmağa qərar verib.

    Oradan uzaqlaşdıqdan sonra telefonun sahibi zəng edib. Zəngə cavab verib bir qədər danışdıqdan sonra telefonun şifrəsini soruşub, lakin həmin şəxs deməyib. Daha sonra o, nömrəni qıraraq atıb və telefonu söndürüb. T.Y. telefonu metronun “Əhmədli” stansiyasının yaxınlığında tanımadığı şəxsə 200 manata satıb və pulu nənəsi üçün xərcləyib.

    Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirli bilinərək, 23 gün müddətinə inzibati həbs edib.

  • Astarada qaynanasının qətlində təqsirləndirilən 22 yaşlı qadına hökm oxunub

    Astara rayonun Kolatan kəndində qaynanası Xalidə Manafovanı qətlə yetirməkdə təqsirləndirilən 2004-cü il təvəllüdlü Rufanə İmanova 10 il müddətə azadlıqdan məhrum edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

    Hökmə əsasən, Rufanə İmanova cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında baş verib.

    İttihama görə, Rufanə İmanova ilə qaynanası Xalidə Manafova arasında şəxsi münasibətlər zəmnində bir neçə dəfə mübahisə yaşanıb. Onlar arasında baş verən sonuncu mübahisə zamanı Rufanə İmanova Xalidə Manafovaya mətbəx bıçağı ilə 9 dəfə zərbə endirməkdə təqsirləndirilib.

    Rufanə İmanova özünün məhkəmə təqsirli hesab edib. O, iki az yaşlı övladının olduğunu söyləyib. R.İmanova bildirib ki, qaynanası Xalidə Manafova ilə arasında dəfələrlə mübahisələr yaşanıb, bu mübahisələr zamanı qaynanası onu təhqir edib.

    R. İmanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinir.

  • “Oğlunu öldürmüşük, növbə sənindir” – Qətldə təqsirləndirilən ata ilə qızının məhkəməsində ilginc ifadələr

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Məhərrəmovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Ədil Məhərrəmovun qardaşı Vüqar Məhərrəmov şahid qismində ifadə verib.

    “İşdə idim, dedilər ki, qardaşına nəsə olub. Sonra bildim ki, qətlə yetirilib. Çıxdım getdim ora. Nuranə ilə münasibəti çox pis olub. Nuranə həmişə ona hədə-qorxu gəlib. Qardaşım öləndən sonra Nuranə zəng edib anama təhqiramiz ifadələrlə – “oğlunuzu atamla birlikdə öldürmüşük, gəlin, meyitini aparın”, – deyib. Bununla yanaşı Nuranə anamı da öldürəcəyi ilə hədələyib”.

    Şahidin ifadəsinə müdaxilə edən anası da Nuranənin ona zəng edərək hədə-qorxu gələrək növbəti dəfə onu da öldürəcəyini deyib. Zərərçəkənin hüquqi varisi bununla yanaşı bildirib ki, oğlu Ədil ona zəng edərək yol pulu istəyib ki, Nuranənin yanına getsin. Anası bunun səbəbini Ədildən soruşduqda isə o bunu Nuranənin onu ölümlə təhdid etməsi ilə əsaslandırıb.

    Növbəti proses martın 31-nə təyin edilib.

    Qeyd edək ki, Nuranə Məhərrəmova atası Nəcəf Qafarovla birlikdə keçmiş ərini qətlə yetirməkdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, 2025-ci il aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • “Roşka”nın məhkəməsi növbəti dəfə təxirə salınıb

    “TikTok”da “Roşka” ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən proses başlasa da, təxirə salınıb.

    Buna səbəb kimi təqsirləndirilənin vəkili Mircəlal Muradlının məhkəməyə təqdim etdiyi videogöruntülərin ekspertiza mərkəzinə göndərilməsi, lakin ekspertizanın yekun rəyinin məhkəmə işinə daxil edilməməsi göstərilib.

    Bu səbəbdən məhkəmə aprelin 7-dək təxirə salınıb.

    Xatırladaq ki, Rövşən Süleymanov keçən ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Tale Heydərovun bir milyonu ƏLƏ KEÇİRİLİB – Məşhur iş adamı HƏBS OLUNDU – FOTO

    “AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

    Fotoda İntiqam Səfərəliyev

    Tanınmış şirkət rəhbərindən şikayətçi isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İttihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib.

    Fotoda Tale Heydərov

    Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddə ilə yekun ittiham verilib.

    Səfərəliyev özünü təqsirli bilmir, o, ilkin ifadələrində zərərçəkmiş şəxsi aldatmadığını deyib.

    Qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının Üzvü və başqa vəzifələrdə də çalışıb.

  • Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı

    Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik sərxoşluğu vəziyyətində olan sürücünü ifşa edərək hərəkətdən kənarlaşdırıb.

    Elvin Bağırlı idarə etdiyi “Lada” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən DYP-nin stasionar postunda nəzarət yoxlama qaydasında saxlanılıb.

    Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Elvin Bağırlının narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Təqsiri sübuta yetirilən Elvin Bağırlı qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunub.

    Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

  • Yeniyetməni oğurlayıb ailəsindən pul tələb edənlərə HÖKM OXUNDU

    Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov, Fazil Hacıyevin barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, A.Tarverdiyev 11 il, Nurlan Zeynalov, Ruslan Məmmədov hərəsi 11 il 6 ay, Fazil Hacıyev 5 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, iş materiallarına əsasən, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb qanunsuz girov saxlayıblar və onun azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə canilər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

    Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb.