Category: Kriminal

  • Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı

    Paytaxtın Nərimanov və Nəsimi rayonlarında yerləşən ticarət mərkəzlərindən oğurluqlar edilməsi barədə polisə müraciət daxil olub.
    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 41 yaşlı V.Kotlyar müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun eyni gündə əvvəlcə 1200 manat dəyərində qızıl-zinət əşyaları, içərisində mobil telefon və bank kartları olan çanta oğurladığı aşkar edilib.

    Araşdırmalar davam etdirilir.

  • Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü, həbs edildi

    Göygöl rayonunda atasına qarşı xuliqanlıq hərəkətləri etmiş gənc həbs olunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Göygöl şəhərinin S.Hacıyev küçəsində baş verib.

    2005-ci il təvəllüdlü T.Əliyev (şərti) gecəyarısı uca səslə səs-küy salıb söyüş söydüyünə və atasını döydüyünə görə inzibati məsuliyyətə cəlb edilib. Polis əməkdaşları tərəfindən saxlanılan gənc barəsində protokol tərtib olunub.

    Məlum olub ki, T.Əliyev həmin gecə xanım tanışı ilə kafedə məclisdə iştirak edib. O, daha sonra sərxoş halda qızla birgə yaşadığı evə gəlib. T.Əliyev atasına həmin qızın qalmağa yerinin olmadığını deyib və onlarda gecələyəcəyini bildirib.

    Bu zaman atası ona etiraz edib və aralarında münaqişə yaranıb. Münaqişə zamanı həm oğul, həm də atası xəsarətlər alıblar.

    Protokola Göygöl Rayon Məhkəməsində baxılıb və müvafiq qərarla 21 yaşlı oğlan 10 sutkalıq həbs edilib.

  • Bakıda məşhur gecə klubunun rəhbəri və mühafizəçiləri həbs olundu


    Bakının Səbail rayonu ərazisində yerləşən gecə klubunda turistlərə zor tətbiq etməklə soyğunçuluq edən şəxslər həbs olunub.

    Teleqraf-ın əldə etdiyi məlumatına görə, hadisə “Enjoy Club”da baş verib.
    Məlumata görə, Böyük Britaniya və Şimali İrlandiyadan olan turistlər əylənmək üçün sözügedən kluba yollanıblar. Onlar iki ədəd “Coca-Cola” və iki qədəh spirtli içki sifariş veriblər.
    Bu zaman klubda rəqqasə kimi fəaliyyət göstərən qadınlar həmin turistlərə yaxınlaşıb. Klubun işçiləri olan qadınlar içkilər və pirotexniki maddələr (fişəng) sifariş verilməsini təşkil etməklə turistlərə aidiyyəti olmadığı halda həmin sifarişləri müştərilərin hesabına daxil etdiriblər.
    Klub işçilərinin özbaşına sifarişi nəticəsində turistlərə əlavə 500 manat, ümumlikdə 800 AZAN hesab gəlib.
    Turistlərin narazılığından sonra müştərilər “Enjoy Club”un müdiri və mühafizəçiləri tərəfindən obyektin ikinci mərtəbəsindəki qəlyan hazırlanması üçün nəzərədə tutulmuş otağa aparılıb. Onlar burada müştərilərə zor tətbiq edərək zərərçəkmişlərdən 500 manat pulu alıb açıq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq ediblər.
    Polisin araşdırması nəticəsində “Enjoy Club”un müdiri Emil Həsənov və mühafizəçilər Rasət Camalovla Vüsal Əliyev cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə Emil Həsənov 3 il 6 ay, mühafizəçilərin hər biri isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

  • Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi

    Yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    “Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə mərhumun anası Samirə Quliyeva şahid qismində ifadə verib.

    O bildirib ki, hadisə barədə bir gün sonra xəbər tutub:

    “Uşaqlara əvvəlcə qızımın öldüyünü deməyiblər. Ziyəddinin qardaşı uşaqları parka gəzməyə aparanda orada onlara “Ananınız mələk olub göyə uçdu”-deyib. Qayıdanda qız nəvəm dedi ki, “Nənə, mən anamın öldüyünü bilirəm. Nəvəm deyir ki, həmin gün oyananda gördüm ki, atam ananın boğazında oturub. Soruşdum ki, ata, neyləyirsən? Ata dedi ki, “Ananın ürəyi gedib, onu ayıldıram, get başını qoy yat”. Bu vicdansız balama zülm verib, işgəncə ilə onu öldürüb. Barışıqdan söhbət belə gedə bilməz. Mən haqq-ədalətin bərpa olunmasını, balamın qatilinin layiqli cəzasını çəkməsini istəyirəm”.

    Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin aprelində Bakının Əhmədli qəsəbəsində baş verib. Belə ki, ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürüb.

    O, hadisədən sonra könüllü polisə təslim olunub.

    Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Biləsuvarda 16 kq narkotik vasitə aşkarlandı

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

    Əməliyyat zamanı 32 yaşlı Şəhriyar Cahangirli və 33 yaşlı Əli Quliyev saxlanılıblar. Onlardan 12 kiloqramdan artıq marixuana, həşiş və tiryək aşkarlanıb. Həyata keçirilən digər əməliyyat zamanı isə 30 yaşlı Samir Muradov da analoji cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən 4 kiloqram marixuana, tiryək və psixotrop tərkibli həblər aşkarlanıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

  • Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

    Martın 12-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 178, o cümlədən borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

  • Könül Həmzəyeva ilə bağlı qərar verildi

    “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, müstəntiqin xanım iş adamı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi vəsatəti Xəzər rayon prokuroru təmin etməyib.

    Xatırladaq ki, bir neçə gün bundan öncə Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb.

    Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.

    K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

    Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib. Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.

  • Bəhruz Paşayevin həbs müddəti uzadıldı

    PaytaxtınYasamal rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə həbs edilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin həbs müddəti uzadılıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb və B.Paşayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.

    Xatırladaq ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ağır yanğın hadisəsi baş verib. Baş Prokurorluğun məlumatına görə, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər isə tüstüdən zəhərlənib.

    İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsini icarəyə götürən “TAXES GROUP” MMC-nin (“Loft Dent” klinikası) direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib. Onun məhz bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr yaranıb.

    B.Paşayev ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir. Hadisədə təqsiri olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

  • “Tiktoker” “Qarabəy” həbs edildi

    “TikTok” platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə “Qarabəy” adlı səhifəni idarə edən Qarabəy Şərifovu polis saxlayıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

    Xəzər rayon məhkəməsinin müvafiq qərarına əsasən, Q.Şərifov inzibati qaydada 20 sutkalıq həbs edilib.

  • “Sədərək”də mağazadan 16 min manatlıq oğurluq

    “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən “Cənub Topdan” mağazasında oğurluq olub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mağazadan 16 994,72 manat dəyərində müxtəlif məhsullar oğurlanıb.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra faktla bağlı cinayət işi başlanıb və 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlar ticarət mərkəzində işləyən fəhlələr və “Cənub Topdan” mağazasından qida və qeyri-qida məhsulları alaraq müxtəlif düknalara paylayan şəxs olub.

    Qaradağ Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri mühakimə olunan təqsirləndirilən şəxslər verilmiş ittiham üzrə özlərini təqsirli bilib.

    Məhkəmənin hökmü ilə onların hər birinə 2 il müddətinə azadlığın məhdudlaşıdırılması cəzası təyin edilib.