Category: Kriminal

  • Hərbi xidmətə getməyə hazırlaşan gənc BMW ilə avtoşluq etdi

    Bakı şəhərinin Səbail rayonu, Bayraq Meydanı ərazisində avtoşluq edən şəxs saxlanılıb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 2008-cı ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olan F.S. barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, ay yarım sonra əsgər gedəcək 18 yaşlı F.S. BMW markalı avtomobili idarə etmək üçün Bayraq Meydanına yollanıb. O, ərazidə avtomobili idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə avtoxuliqanlıq edib.

    F.S. məhkəmədə əməlindən peşman olduğunu bildirib və hərbi xidmətə gedəcəyini, yaşının nəzərə alınmasını xahiş edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və nəqliyyat vasitələrini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə olunub.

  • Ailə faciəsinə səbəb olan inkassator avtomobilinin sürücüsü həbs edildi

    Ötən ilin iyulunda Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü sürücü Elnur Yaqubova hökm oxunub.

    Bildirilib ki, o, banklardan birində sürücü-inkassator işləyib və hadisəni törətdiyi avtomobil də banka məxsus olub.

    Hadisə saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində – magistralın Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. E.Yaqubov 99-AU-092 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilə idarəetməni itirib.Nəticədə avtomobil səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.

    Qəza nəticəsində ana hadisə yerində ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.

    Məhkəmədə İ.Bədirovanın yaxınları vurulmuş zərərə görə sürücüdən 50 min manat mənəvi təzminat tələb ediblər.

    Təqsirləndirilən şəxs isə həmin məbləği ödəmək gücündə olmadığını deyib.

    Qaradağ Rayon Məhkəməsinin hökmü ilə E.Yaqubova 5 il 2 ay həbs cəzası verilib. O, məhkəmə zalında qandallanıb.

    Bundan başqa, təqsirləndirilən şəxsin sürücülük hüququ da 2 il məhdudlaşdırılıb. Həmçinin ondan 10 min manat tutularaq maddi zərərə görə zərərçəkmiş tərəfə ödənilməsi də qərara alınıb.

  • Məhkəmə Alimpaşa Məmmədovla bağlı yekun qərar verdi

    Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb.

    Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib.

    Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. O, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və qanunsuz əldə edilmiş pulları leqallaşdırmaqda təqsirli bilinib.

  • Süni intellekt proqramları ilə qadınları şantaj etdi – Video

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb. Bu istiqamətdə kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 21 yaşlı Mirhüseyn Atakişiyev saxlanılıb.

    Müəyyən olunub ki, M. Atakişiyev “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınların foto və video görüntülərini əldə edib. Daha sonra həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar əlavə edərək saxta hesablar vasitəsilə yenidən sosial şəbəkələrdə paylaşıb. O, foto və video görüntülərin daha geniş yayılmaması, həmçinin silinməsi müqabilində zərərçəkən qadınlardan müxtəlif məbləğlərdə pul tələb edib.

    Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. M. Atakişiyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bir daha bildiririk ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşdığınız hər bir foto və video müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və sui-istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara sosial şəbəkə hesablarında şəxsi foto və videolarını paylaşarkən son dərəcə diqqətli olmağı, şəxsi məlumatlarını və görüntülərini tanımadıqları şəxslərlə bölüşməməyi, şübhəli mesaj və təkliflərə inanmamağı tövsiyə edirik. Unutmayın ki, şəxsi məlumatların qorunması ilk növbədə hər kəsin öz məsuliyyətidir.

  • İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadılıb

    İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb.

    Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.

    Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabrında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

  • “Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub

    “Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.

    Məlumata görə, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

    Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.
    //APA

  • “TikTok”da söyüş söyən şəxs həbs edildi: “Cadunun təsiri altında oluram” – TƏFƏRRÜAT

    Sabirabad rayonunda sosial şəbəkədə nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Cəlil Süleymanov (adı və soyadı şərtidir) sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə ittiham elan olunub.

    İş üzrə ifadə verən Süleymanov bu ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində özünə məxsus “TikTok” sosial şəbəkəsində nalayiq ifadələr işlətməsinin səbəbini belə izah edib:

    “Bu nalayiq ifadələri yönəltdiyim şəxslərin mənə etdikləri cadu əməlləridir. Nalayiq ifadələri işlədən zaman cadunun təsiri altında oluram. Özümə gələndən sonra əməlimdən peşman olaraq həmin paylaşımları silirəm. Hazırda da əməlimdən peşmanam”.

    Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Süleymanov 10 gün müddətinə həbs edilib.

  • Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar – Video

    Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzillərdən oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupu məlumat yayıb.

    Bildirilib ki, tədbirlərlə 2 fərdi yaşayış evindən ümumi dəyəri 7 750 manat olan müxtəlif növ məişət əşyaları və 1000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.

    Polis əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərdən , eləcə də obyektlərdən mobil telefon və pul oğurlayan keçmiş məhkum Naib Əliyev də saxlanılıb. Araşdırmalarla N. Əliyevin ümumilikdə 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi müəyyən olunub. Həmçinin saxlanılan şəxsdən psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

    Keçirilən növbəti tədbir zamanı evlərin birindən ümumi dəyəri 3000 manat olan müxtəlif növ məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Adil Məmmədov da saxlanılaraq istintaqa təhvil verilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Naxçıvanda vəzifəli şəxs HƏBS OLUNDU

    “Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

    Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.

  • 21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə – Həbs olundu

    Sosial şəbəkələrdə intim xidmətlər təklif edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtda yaşayan İsmayıllı rayon sakini 2005-ci il təvəllüdlü M.Məmmədovun (şərti) “TikTok” və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videolar paylaşması müəyyən olunub. Onun pul müqabilində müxtəlif şəxslərə intim xidmətlər təklif etməsi və virtual olaraq əxlaqsız yazışmalar həyata keçirməsi də məlum olub.

    Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 21 yaşlı şəxs Nəsimi rayonunda saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 524-cü (Fahişəliklə məşğul olma) və 510.2-ci (xırda xuliqanlıq – internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə M.Məmmədov 30 sutkalıq həbs olunub.