Category: Kriminal

  • Bakıda səfirliyi yandıracağı ilə hədələyən şəxslə bağlı YENİ QƏRAR

    Ali Məhkəmədə Bakıda İsrail səfirliyini yandırmaqla bağlı polisə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ulfan Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    İttihama görə, 1990-cı il təvəllüdlü Ulfan Əliyev 2025-ci ilin yanvarında Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək İsrail səfirliyini yandıracağını, polis idarəsinə bomba qoyacağını söyləyib.

    Ulfan Əliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə yekun ittiham elan olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ulfan Əliyevə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

  • Könül Həmzəyeva saxlanıldı

    “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb.

    Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.

    Bir neçə gün öncə K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

    Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manatını mənimsədiyini bildirib.

  • Tiktoker “Şiva” həbs edildi

    Tiktoker “Şiva” saxlanılıb.

    “TikTok”da əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə “Şiva” adlı səhifəni idarə edən 35 yaşlı Hüseyn Məmmədovu polis saxlayıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

    Müvafiq qərarla H. Məmmədov inzibati qaydada həbs edilib.

  • Azər Qasımlı 12 il azadlıqdan məhrum edildi

    Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

    Hökmə əsasən, Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 13 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

    İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

    A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb.
    Bundan sonra o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 10 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.
    Bundan başqa, A.Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6800 manat almağa nail olub.

    Qeyd edək ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Perinatal Mərkəzindəki yanğınla bağlı məhkəmə işi

    Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses təqsirləndirilən Mehriban Abasquliyeva ifadəsi ilə davam etdirilib.

    Onun sözlərinə görə, bina üzrə yanğının mənbəyi baxış keçirilən otaq, yəni yenidoğulmuşların intensiv terapiya zalı, o cümlədən həmin otağın girişindən daxil olduqdan uzaq sol künc hissəsi olub:

    “Həmin yerdə qoyulmuş avadanlıqlar daha çox yanğının təsirinə məruz qalıb, həmin hissyə baxdıqda avadanlıqların naqillərinin yabaları elektrik yuvalarına qoşulmuş vəziyyətdədir, naqillərin izolyasiya örtüyü əriyib. İlkin versiya odur ki, otaqda xeyli avadanlıqlar olmuş, onların özündə və ya naqillərdə baş verən qəza nəticəsində yanğın hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ekspertinin tərtib etdiyi 3 rəylərə əsasən, Gülcahan Abbasəliyevanın yeni doğulmuş qızı dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı, Kamilə Həbibovanın yeni doğulmuş oğlu dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı və Nuranə Nuriyevanın yeni doğulmuş qızı dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə fonunda ikitərəfli pnevmoniya nəticəsində inkişaf edən kəskin tənəffüs çatışmazlığından ölüblər. Nəzərinizə çatdırıram ki, yanğının bilavasitə baş verdiyi palatada olmuş və sağ qalmış 5 yenidoğlumuşların heç birisində “kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı” diaqnozu müəyyən olunmadığı halda, yanğın olmayan palatalarda 3 yenidoğlumuşun “kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı” səbəbindən ölməsinə dair ekspert rəyləri həqiqətə uyğun deyil”.

    Təqsirləndirilən şəxs – mərkəzin sabiq direktoru qeyd edib ki, ölən 3 yenidoğulmuşlar neonatal və perinatal xəstəliklərdən əziyyət çəkdiklərinə görə və xüsusi qayğıya ehtiyacları olduğu üçün bu sahədə ixtisaslaşmış “Respublika Perinatal Mərkəzi PHS-də küvezlərdə müalicə alırdılar:

    “Perinatal Mərkəzdə baş vermiş yanğın hadisəsindən dərhal sonra onlar “Kliniki Tibbi Mərkəz” PHŞ-nə təxliyə edilmiş və orada onlara lazımi tibbi xidmət göstərilməyib. Bundan başqa, ölən yenidoğulmuşların 1-də doğulduğu anda diagnozında olmayan və “Kliniki Tibbi MərkəZ” PHŞ-nə yerləşdirildikdən sonra ikitərəfli pnevmoniyanın yaranması, onun orada soyuğa verilməsi nəticəsində baş vermişdir. Onu da qeyd edim ki, yanğın baş vermiş palatada olan və oradan təxliyə edilmiş 5 yenidoğulmuşlar hazırda sağdırlar. Həmin vaxt yanmış palatada 9 körpə müalicə alırdı, onlardan 5-i küvezlərdə, 4-ü isə 2 AİST-də. AİST masalari başqa cihazlardan nisbətən hündürdü və orada yüngül vəziyyətde olan xəstə körpələr yerləşdirilib. palata ilə üzbəüz palatada xəstəlik tarixçələrini doldurmaqla məşğul olmuşdur. Video yazıdan göründüyü kimi, intensiv terapiya blokunda Validə Əliyevadan başqa heç kim olmayıb, xəstə körpələr və onların yaşamasını təmin edən tibbi cihazlar isə nəzarətsiz qalıb.
    Lakin Respublika Perinatal Mərkəzinin növbətçiləri qanunun və qaydaların tələblərini kobud surətdə pozaraq, ağır xəstə olan körpələri baxımsız ve onların həyatını qoruyan cihazları nəzarətsiz qoyaraq, mətbəxdə asudə vaxt keçirərəkvə həkimlər otağında olan divanda yataraq, faktiki olaraq körpələri ölümə məhkum etmişlər”.

    Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

    Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında yanğın baş verib.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham irəli sürülüb.

  • Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı

    Martın 10-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 162, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

  • Azərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib

    Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir.

    Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsilə cinayət işi açılıb.

    Məlumata əsasən, Ayşən Əzizxanlı barəsində axtarış elan olunub. Əbdül Musayev barəsində isə həbs qətimkan tədbiri seçilib və o, İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verilib.

  • Özünü polis kimi təqdim edərək 133 mini ələ keçirdiyi deyilən şəxs hakim qarşısına çıxarılıb

    Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib işədüzəltmə və avtomobilin gömrük rüsumlarını ödəmək adı ilə dələduzluq əməlləri törətməkdə ittiham olunan Ağasəf Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.

    A.Quliyev şəxs özünü təqsirli bilməyib.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciət əsasında 1971-ci il təvəllüdlü Ağasəf Quliyevin əməlləri araşdırılıb.

    Müəyyən olunub ki, o, zərərçəkmiş şəxsin oğlunu hüquq-mühafizə orqanlarında mötəbər vəzifəyə təyin etdirəcəyi vədi ilə 108 000 manat, həmçinin xarici ölkədən gətirdiyi avtomobili rəsmiləşdirəcəyi adı ilə həmin vətəndaşdan əlavə 25 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

    İşlərinin düzəlmədiyini görən vətəndaşa hər dəfə yalan məlumat verib, saxta telefon danışıqları apararaq işlərin artıq həll olunduğunu, müvafiq yoxlamaların isə hələ davam etdiyini bildirib. Fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə A.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində CM-in 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

  • Həbsdən çıxıb Şəmkirə gəldi, atasını döyən şəxsi güllələdi – TƏFƏRRÜAT

    Gəncə Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini güllələməkdə təqsirləndirilən Babək Bayramlı və qardaşı Bahəddin Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Bahəddin Bayramlının cinayəti sübuta yetirilmədiyi üçün ona bəraət verilib və məhkəmə zalından azad olunub. Hökmə görə, Babək Bayramlı hadisədə təqsirli bilinərək üç il azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 2024-cü ildə Şəmkir rayonunun Şiştəpə kəndində baş verib. Kənd sakin Zabil Aslanov odlu silahdan açılmış atəşlə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

    Araşdırmalarla məlum olub ki, Z.Aslanov həmyerliləri Bahəddin və Babək Bayramlı qardaşları ilə mübahisə edib və mübahisə zamanı güllə xəsarəti alıb.

    Müəyyən edilib ki, Babək Bayramlı 2021-ci ildə quldurluqda təqsirləndirilərək həbs edilib. Ona 2022-ci ildə elan olunan Amnistiya aktı tətbiq edilib və cəzasının çəkilməmiş hissəsindən azad olunub.

    2022-ci ildə Z.Aslanov aralarında yaranmış mübahisə nəticəsində Babək və Bahəddinin atasını döyüb. Həmin vaxtdan iki ailə arasında münaqişə yaranıb. Hadisədən iki il sonra Bahəddin və Babək idarə etdikləri avtomobillə hərəkətdə olarkən küçədə Zabili görüblər və aralarında yenidən mübahisə başlayıb. Mübahisə nəticəsində Babək avtomobilində gəzdirdiyi AKM markalı avtomatla Zabilə atəş açıb. Hadisə nəticəsində Zabil qolundan və ayağından xəsarət alıb.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Bahəddin və Babək Bayramlı qardaşları saxlanılıblar.
    //oxu.az

  • Tovuzda məmur oğlu qadının üzərinə benzin töküb yandırdı

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə R.Tağıyev 9 il azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 2024-cü il aprelin 18-də Tovuz rayonu ərazisində baş verib. Rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyev aralarında yaranmış mübahisə nəticəsində tanışı, Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək, onu yandırıb. Qadın xəstəxanaya yerləşdirilsə də, aprelin 28-də orada ölüb.

    Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Röyal Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Məlumata görə, R.Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.
    //oxu.az