Category: Kriminal

  • Naxçıvanda qumar oyunları təşkil edən gənc qız saxlanıldı – Video

    Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs məsuliyyətə cəlb edilib.

    Naxçıvanın Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən 26 yaşlı Nərmin İsmayılzadə saxlanılıb.

    Araşdırmalarla müəyyən olunub ki, o, xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar və idman mərc oyunlarının keçirildiyi internet saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq həmin platformalarda iştirak hüququ verən onlayn link və kodlar əldə edib, bu məqsədlə virtual kassa sistemi qurub.

    N.İsmayılzadə sosial şəbəkələrdə yaratdığı səhifə vasitəsilə müxtəlif şəxsləri onlayn ödənişlər müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb edib.

    Onun üzərindən və istifadə etdiyi texniki vasitələrdən elektron sübutlar, həmçinin qanunsuz fəaliyyət zamanı istifadə etdiyi bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı həmin pul köçürmələrinin bir hissəsinin ailə üzvlərinin adına olan bank kartları vasitəsilə həyata keçirildiyi də müəyyən edilib.

    Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

  • Şagirdin “iPhone”unu oğurlayıb 25 manata satdı

    Bakıda məktəbli qarət olunub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Mehdi Hüseynzadə parkında qeydə alınıb.

    İttiham aktına görə, 42 yaşlı Sadiq Turabov (adı və soyadı şərtidir) 60 saylı orta məktəbin qarşısındakı parkda şagirdlərin futbol oynadığını və onlardan birinin çantasını oturacağın üzərinə qoyduğunu görüb. O, ətrafdakıların onu görmədiyindən əmin olaraq çantanı götürüb. Bir az irəlidə onun içindəki 7-ci sinif şagirdinin istifadə etdiyi, lakin anasına məxsus 3 000 manat dəyərində olan “iPhone 16 Pro Max” markalı telefonu götürüb, çantanı da səkiyə atıb.

    Daha sonra Dövlət Statistika Komitəsinin yanında tanıdığı şəxsə zəng edərək telefonu satmaq istədiyini bildirib. Həmin şəxs də telefona baxaraq onun “iCloud”da olduğunu və ekranının sındığını deyərək 25 manata alıb.

    Şagird isə telefonunun oğurlandığını biləndən sonra anasına məlumat verib. Anası və dayısı isə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə gələrək ərizə yazıblar. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sadiq Turabov və telefonu 25 manata alan şəxs saxlanılıblar. Digər şəxs izahat yazıb telefonu qaytarandan sonra sərbəst buraxılıb. Sadiqin barəsində isə cinayət işi açılıb.

    S.Turabov ifadəsində peşman olduğunu deyib. Zərərçəkən şəxs də telefonun qaytarıldığını və təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirib.

    Məhkəmənin qərarı ilə S.Turabov 1 il 7 ay müddətinə həbs edilib.

  • Gəncədə “qara bazar”da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı – Video

    Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, onun əlindəki idman çantasından yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə olan heroin aşkarlanıb.

    Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

    Qeyd edək ki, Ə.Ədilovdan aşkar olunan heroinin “qara bazar”da qiyməti 1 milyon 600 min manat dəyərində qiymətləndirilir.

    Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Ə. Ədilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaqa tədbirləri davam etdirilir.

  • Cəlilabadda üzərində xəsarət izi olan yeniyetmə meyiti tapılıb

    Cəlilabad rayonunda üzərində xəsarət izi olan yeniyetmə meyiti aşkarlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

    Tapılan meyitin kənd sakini, 14 yaşlı Mirkamal Mirqafur oğlu Abdulhüseynliyə məxsus olduğu məlum olub.

    İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkar olunub.

    Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində baş verdiyi hələlik məlum deyil.

    Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “İt kimi tutmuşam” deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə şok faktlar

    Bakıda vətəndaşa əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edildikdən sonra prokuror Tural Yaqubov ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəmədən Aydın Qurbanovun 9 il, Turan Rufullayevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Çıxış üçün söz vəkillərə verilsə də, onlar hazır olmadıqlarını bildirərək məhkəmədən vaxt istəyiblər.

    Növbəti məhkəmə iclası martın 31-dək təxirə salınıb.

    İstintaqla müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan “Elnur” adlı şəxslə birlikdə 2024-cü ilin may ayının əvvəllərində “TikTok” sosial şəbəkəsində Elşən İbrahimovla “Elnur” adlı şəxs arasında yaranmış mübahisə ilə əlaqədar onu görüşə çağırıblar.

    Onlar Elşən İbrahimovun yaşadığı Bakı şəhərinin Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evinin qarşısına gələrək onu mübahisənin həlli məqsədilə yaxınlıqdakı çay evlərindən birinə dəvət ediblər.

    Bundan sonra Elşən İbrahimov onlara məxsus avtomobilə mindikdən sonra arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq onun boynuna keçirib və ona fiziki əzab verib. Bildirilir ki, o, Elşən İbrahimovu təhqir edərək “it kimi tutmuşam” və buna bənzər ifadələr səsləndirib.

    Bu zaman “Elnur” adlı şəxs mobil telefonu vasitəsilə “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq Elşən İbrahimovun zorakılığa məruz qalmasını nümayiş etdirib.

    Bundan başqa, Aydın Qurbanov və Turan Rufullayev satış məqsədilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satmaqda da ittiham olunurlar.

    Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev 2024-cü il iyunun 24-də saat 15:55-də qeyd olunan ünvanda saxlanılaraq idarənin inzibati binasına gətiriliblər.

    Onlara qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitələrin hazırlanması, daşınması və saxlanılması) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ittiham irəli sürülüb.
    //oxu.az

  • Bacısını salona icazəsiz getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən şəxsə AĞIR CƏZA

    Bacısını ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən Məhəmməd İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Müşavirədən sonra elan edilən hökmlə M.İsmayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

    Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

    İttiham aktına görə, Məhəmməd İsmayılov ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bacısına beş bıçaq zərbəsi vurub.

    Xəstəxanaya vaxtında çatdırılan xanımın həyatını xilas etmək mümkün olub.

    Məhəmməd İsmayılov isə şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

  • Könül Həmzəyeva axtarışa verildi

    “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva  barəsində cinayət işi açılıb.

    Median.Az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur.

    K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır.

    Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. İnfluenserlər Xətai Rayon Polis İdarəsinə müraciət edib və Həmzəyevanın onların 150 min manatını mənimsədiyini bildirib.

  • Ayrıldığı qızı qaçırdı, qardaşlarla birlikdə həbs edildi – 8 il

    Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş – Elvin və Səxavət (bütün ad-soyadlar şərtidir) birgə mühakimə edilib.

    Hadisənin təfərrüatına gəlincə, əsas müttəhim Seyran 4 il Gülsümlə sevgili olub. Qızın Seyranın başqası ilə danışdığını öyrənməsi ilə onların münasibəti bitib. Daha dəqiq desək, Gülsüm üçün bitib. Seyran bir neçə dəfə cəhd etsə də, barışıq əldə edə bilmədiyi üçün Gülsümü evlənmək məqsədilə zorla qaçırmaq qərarına gəlib. Bu işdə isə ona dostları Səxavət və Elvin qardaşları kömək edib.

    Gülsüm qohumugilə gedərkən Seyran onu zorla Səxavətlə Elvinə aid maşına mindirib, səs-küy saldığını gördükdən sonra isə onu bıçaqla hədələyib. Pis vəziyyətdə qalan Gülsüm Seyranı inandırıb ki, onu buraxsa, el adəti ilə evlənməyə razılıq verəcək. 

    Seyran yolda olarkən qıza onunla evlənəcəyinə dair məcburi video da çəkdirib. Gülsüm evə qayıdandan sonra isə polis dərhal işə keçib, adam oğurluğunda şübhəli bilinən dostlar üçü də saxlanılıb.
    Zərərçəkmiş qız polisə yazdığı ərizədə də, məhkəmədəki ifadəsində də təqsirləndirilən şəxslərdən şikayətçi olub, onları bağışlamadığını deyib.

    Şəki Ağır Cinayətlər Məhkəməsi yekunda zərərçəkmiş şəxsin ifadəsinin ardıcıl və verilmiş ittihamla tam uyğun olduğu qənaətinə gəlib. Hökmə əsasən, adam oğurluğunda təqsirli bilinən Seyrana 8 il 6 ay, Səxavət-Elvin qardaşlarına isə 8 il həbs cəzası verilib.

  • “Dövlət işçisi” mənzil vədi ilə vətəndaşları aldatdı – 31 yaşlı qadın İFŞA OLUNDU

    Ağsuda dələduzluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq, onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

    O, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR

    Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri bir aya qədər uzadılıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında qərar qəbul edib.

    Məlumata görə, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri aprelin 4-nə qədər artırılıb.

    Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib.

    Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

    Ötən ilin dekabrında onun ev dustaqlığı qətimkan tədbiri mart ayına qədər uzadılmışdı.

    Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova dələduzluqda ittiham edilir.

    Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

    Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.