Category: Kriminal

  • Boşandığı arvadını evə çağırıb, səkkiz bıçaq zərbəsi vurdu – Məhkəmə həbsdən azad etdi

    Goranboy rayonunda keçmiş həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Babakişi Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Abdullayev üç il azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını şərti hesab edib və B.Abdullayev məhkəmə zalından azad edilib.

    İttihama görə, hadisə ötən ilin sentyabrında Goranboy şəhərində baş verib.

    Zaqatala rayon sakini, 1996-cı il təvəllüdlü Fatimə Ömərova bıçaq xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına (RMX) hospitalizasiya edilib.

    Aparılan araşdırmalar zamanı məlum olub ki, o, keçmiş əri, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Babakişi Abdullayev tərəfindən bıçaqlanıb.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən B.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

    İstintaq zamanı məlum olub ki, hadisə B.Abdullayevin evində baş verib. B.Abdullayev və Fatimə Ömərova 2016-cı ildə ailə həyatı qurublar və onların birgə nikahdan iki övladları dünyaya gəlib. Ailə bir müddət mehriban yaşasa da, sonradan cütlük arasında mübahisələr yaşanıb və onlar boşanmaq qərarı veriblər. Məhkəmə yolu ilə boşanan cütlük bir müddət ayrı yaşasalar da, B.Abdullayev qadına yenidən birgə yaşamaq təklif edib. Həmin təklif əsasında qadın Babakişi ilə görüşərək, problemi həll etmək qərarına gəlib. Bu məqsədlə o, keçmiş ərinin yaşadığı evə gəlib. Evdə söhbət zamanı onların arasında yenidən mübahisə yaranıb və B.Abdullayev mətbəx bıçağı ilə Fatiməyə səkkiz zərbə endirib.
    //oxu.az

  • Metroda cibgirlik edən şəxs saxlanılıb

    Martın 4-də Bakı metropoliteninin stansiyalarının birində oğurluq hadisəsi baş verib.

    Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənədlər və bank kartları olan pulqabısının, eləcə də mobil telefonunun oğurlandığını bildirib.

    Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda evində dini yığıncaqlar təşkil edən şəxs SAXLANILDI

    Bakıda evdə dini yığıncaqlar təşkil edən şəxs saxlanılıb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1980-ci ildə Qəbələ rayonunun Tüntül kəndində doğulmuş B.G barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Protokol Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi tərəfindən tərtib edilib.

    Məlum olub ki, B.G aylıq 500 manat əməkhaqqı müqabilində 1988-ci ildə Xaçmaz rayonunun Aşağı Zeyid kəndində doğulmuş R.V adlı şəxsi evinə nəzarətçi götürüb. O, evə giriş-çıxışa nəzarət edirmiş.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi onun barəsində də eyni protokol tərtib edib.

    Evə baxış zamanı yaşayış yerində 280 ədəd dini ədəbiyyat aşkar edilib, həmin ədəbiyyatların bir qismi açıq vəziyyətdə istifadə olunub, toplantıda iştirak edən şəxslər isə dini məzmunlu dərs prosesinə qatılıblar. İştirakçıların sayının 10 nəfər olması, dərslərin davamlı keçirilməsi və çoxsaylı dini ədəbiyyatın istifadəsi bu toplantının adi ailəvi və ya fərdi dini öyrənmə xarakteri daşımadığını göstərir.

    Məhkəmədə bu, ictimai xarakterli, təşkil olunmuş dini yığıncaq və tədris prosesi kimi dəyərləndirilib.

    Məhkəmənin hökmü ilə B.G və R.V İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə ayrı-ayrılıqda 1 500 manat cərimə ediliblər.

    Qeyd edək ki, tədbir iştirakçıları arasında Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 105/61 ünvanında qeydiyyatda olan Türkiyə vətəndaşı Talha Camurcan da olub.

  • Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı – Cinayət işi açıldı

    Bakıda sürücülər arasında dava olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

    İttiham aktına görə, 22 yaşlı Rəcəb Muxtarov (ad və soyad şərtidir) “Kia Pride” markalı avtomobili dövlət qeydiyyat nişanı üzərində olmadan idarə edib. Bu zaman “Mercedes” markalı avtomobil onu ötərək keçib. “Mercedes” sürücüsünün bu hərəkəti Rəcəbin xoşuna gəlməyib. Buna görə də onlar arasında dava olub. Dava zamanı Rəcəb əlindəki dəmir parçası ilə özündən yaşca çox böyük olan şəxsin sifətinə zərbə vurub. Nəticədə zərərçəkənin burnu sınıb və bir sıra xəsarətlər alıb.

    Buna görə də R.Muxtarov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

    Təqsirləndirilən Rəcəb Muxtarov bildirib ki, Naxçıvanda hərbi xidmətdə olub. Xidmət zamanı hava dumanlı olduğu üçün digər əsgər yoldaşı ilə azaraq Ermənistan tərəfə keçib. Doqquz ay bu ölkədə əsirlikdə saxlanılıb və sonradan Azərbaycana qaytarılıb. Zərərçəkən isə bildirib ki, Rəcəb onu “beşbarmaq”la vurub. Onun sözlərinə görə, Rəcəb həmin alətlə sifətinə iki dəfə yumruqla vurub. O, yerə yıxılandan sonra Rəcəb təpiklə də ona zərbələr vurub. Sonra dostları ilə birgə çıxıb gediblər.

    Zərərçəkən təqsirləndirilən şəxslə barışdıqlarını və onun həbs olunmasını istəmədiyini deyib.

    Məhkəmənin qərarı ilə Rəcəb Muxtarov barəsində bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq taxılıb, eyni zamanda Bakını tərk etmək və kütləvi tədbirlərə qatılmaq qadağan edilib.

  • Şəmkirdə 16 yaşlı qız ANA OLDU: Ataya cinayət işi açıldı

    Şəmkirdə 25 yaşlı oğlan 15 yaşlı qızla evlənib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu evlilik qızın yaşına görə qeyri-rəsmi olub.

    İttiham aktına görə, hadisə 2024-cü ildə qeydə alınıb. 1999-cu il təvəllüdlü Soltan (şərti adla) və 2009-cu il təvəllüdlü Fatimə (şərti adla) arasında sevgi münasibətləri yaranıb. Sonradan qız oğlana qoşularaq qaçıb. Cütlük əvvəlcə oğlanın yaşadığı Şəmkirin Sarıtəpə kəndində, sonra isə qızın yaşadığı Keçili kəndində qalıblar. Ər-arvad kimi bir yerdə yaşadıqları üçün dəfələrlə cinsi münasibətdə olublar. Nəticədə 16 yaşlı qız hamilə qalıb. Xəstəxanaya yoxlanışa gedərkən həkimlər hamilənin yetkinlik yaşına çatmadığını görərək polisə məlumat veriblər. Bundan sonra Soltan şöbəyə ifadə verməyə gedib və barəsində cinayət işi açılıb. 2025-ci ildə qanunsuz cütlüyün qız övladları dünyaya gəlib.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Fatimə görüşlərin birində deyib ki, ya elçi gəl, ya da məni qaçırt. Buna görə də birgə razılıq ilə onlar qoşularaq qaçıblar. Soltan Fatimənin 18 yaşına çatandan sonra onunla rəsmi nikaha girəcəyini deyib. Zərərçəkən şəxs də ifadəsində məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edib.

    Məhkəmənin qərarı ilə Soltan 1 il 6 ay sınaq müddəti olmaqla iki il şərti olaraq azadlıqdan məhrum edilib.

  • Könül Kərimovaya 245 minlik DƏLƏDUZLUQ: Evini saxta sənədlə başqasına satdılar

    Bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq edildiyi, eləcə də müğənni Könül Kərimovanın adının da hallandığı cinayət işində təqsirləndirilən şəxslər – Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, istintaqla müəyyən edilib ki, hər iki təqsirləndirilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib və hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə təkrar saxtalaşdırıblar.

    İttiham aktında göstərilib ki, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 46 saylı ünvanda yerləşən “ARAZ T.İ” MMC-nin binasında 156 kv olan 126 nömrəli mənzilin Sakit Məmmədova məxsus, həmin mənzillin müqavilə və maliyyə arayışının onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına olmasına baxmayaraq, həmin mənzili icazəsiz etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib.

    Belə ki, 2011-ci il avqustun 13-də mənzili Yasamalda Hüseyn Cavid prospekti, 48 saylı ünvandakı mənzili 558 və 566-cı məhəllələrdə yerləşən “ARAZ T.İ” MMC-nin ofisində Elbrus Həsənova 156 min manat müqabilində qanunsuz satıb və onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

    Bununla da, o, Sakit Məmmədova külli miqdarda – 156 min manat məbləğində ziyan vurmaqla dələduzluq edib.

    Bundan başqa, Mübariz Məmmədov “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu müddət ərzində təkrarən tanışı Bəhram Abbasovun övladı Bəsrət Abbasovun təsisçisi olduğu “Konstra” MTK-nın müxtəlif müştərilərə dəyərindən ucuz qiymətə və qanunsuz satılmış mənzillərini həmin şirkətə geri qaytaracağı, mənzillərin satıldığı şəxslərə pulları geri ödəyəcəyi ilə bağlı hüquqi xidmətlər göstərəcəyi adı ilə yalan vəd verməklə 408 min, eyni zamanda “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanmasını və həmin sənədlərin dövlət ekspertizasında təsdiq edilməsini təşkil edəcəyinə dair yalan vəd verməklə 175 min, ümumilikdə 583 min manat pul vəsaitini ələ keçirib, təkrar dələduzluq edib.

    O, bundan başqa, digər təqsirləndirilən şəxs olan tanışı Elçin Bağırovla faktiki olaraq mövcud olmayan mənzilləri satmaq adı ilə müştərilər tapmağı və saxta müqavilələr, maliyyə arayışları hazırlamağı, müştərilərə guya ev satdıqları barədə görüntü yaradıb, onları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini almağı razılaşıblar.

    Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb, onunla ofisdə görüşüblər.

    Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

    Bundan başqa, M.Məmmədov “ARAZ T.P” MMC-nin binasında olan 156.85 kv-lıq 20 nömrəli mənzil Məhəmməd Süleymanova məxsus olmasına baxmayaraq, həmin mənzili Təbriz Qədirovun anası Gülsarə Qədirovanın adına saxta sənəd hazırlayaraq 163 min manata satıb.

    Qeyd edək ki, Mübariz Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), Elçin Bağırova isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

  • Həbs edilən BNA əməkdaşları barədə qərar ləğv olundu

    Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) həbs olunmuş keçmiş əməkdaşları Hikmət Vəlizadə və Vüqar Hüseynovun işinə yenidən baxılacaq.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ali Məhkəmə bu barədə qərar qəbul edib.

    Ali instansiya vəkil Orxan Zeynalovun kassasiya şikayətini əsaslı hesab edib.

    Məhkumların həbsi ilə nəticələnən əvvəlki qərar tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

    Son qərar məhkumların yenidən azadlığa buraxılması və ya cəzalarının azaldılması ehtimallarını gücləndirib.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi H.Vəlizadə və V.Hüseynovun əməlini külli miqdarda rüşvət alma maddəsindən dələduzluğa tövsif edərək onlara şərti cəza vermişdi. Amma bir neçə ay sonra prokurorun protesti əsasında hökm dəyişdirilmişdi. Hər iki şəxs səkkiz il müddətinə azadlıqdan məhrum edilməklə yenidən həbs edilmişdi.

  • Samuxda qadın bıçaqlanıb: Oğlu saxlanıldı

    Samux rayonunda qadın kəsici-deşici alətlə xəsarət alıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.

    İlkin məlumatlara görə, kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova ailə münaqişəsi zəminində oğlu, 2005-ci il təvəllüdlü Raul Ələkbərov tərəfindən bıçaqlanıb.

    Yaralı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

    Hadisəni törətməkdə şübhəli bilinən Raul Ələkbərov saxlanılıb. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

  • Bakıda qadının evindən 28 min manat pul oğurlandı: BACISI QIZI saxlanıldı

    Xətai rayonu ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 28 min manat pulun oğurlandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • SON DƏQİQƏ: SEPAH Azərbaycanda bəzi strateji obyektləri PARTLATMAQ İSTƏYİB – GÖRÜNTÜLƏR – Video

    Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan terror-təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.

    Median.Az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.

    Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, dağ yəhudiləri dini icmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu hədəf alınıb.

    Ölkə ərazisinə üç ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcıların zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib.

    Məlum olub ki, İran İslam Respublikası vətəndaşları Behnam Sahibali Rüstəmzadə və Yaser Rahim Zankiyan qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Tərxan Tərlanoğlu Quliyev ilə cinayətkar əlaqə yaradıblar.