Category: Kriminal

  • Sabirabad polisindən ƏMƏLİYYAT – 25 yaşlı qadın SAXLANILDI

    Sabirabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb.

    Ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi – FOTO – VİDEO

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları toy karvanında avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan və yol-nəqliyyat hadisəsi törədən sürücü Rafiq Məlikovu saxlayıblar.

    Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən onun yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozduğu müəyyən edilib.

    R.Məlikov barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

  • “Bank əməkdaşı” vətəndaşın 13 min manatını ələ keçirdi

    Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı vəsaitin talandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən vətəndaşa zəng edərək onun kartına müdaxilə olunduğunu bildirib və kömək adı ilə kart məlumatlarını istəyib. Bilgiləri həmin şəxsə göndərəndən sonra zərərçəkənin 13 min manatı ələ keçirilib.

    Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • “Xəstə uşağım var” deyə dələduzluq edən keçmiş direktora hökm oxundu

    Sumqayıt şəhərində fəaliyyət göstərən “Edinaya Roşka” və “Kolobok” uşaq bağçalarında direktor vəzifəsində işləmiş Zərinə Səfixanovanın məhkəməsi başa çatıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq – təkrar törədildikdə), 178.2.3 (Dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Zərinə Səfixanovaya 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, Zərinə Səfixanova müxtəlif vədlərlə 11 nəfər qarşı dələduzluq edib. O, əsasən “xəstə uşağım var” iddiası ilə vətəndaşlardan pul alıb qısa müddətdə qaytaracağını desə də, vədinə əməl etməyib.

    Bir neçə il əvvəl mediada gedən məlumatlarda isə bildirilir ki, Zərinə Səfixanova yaxın tanışı Şahmar Abdullayevlə ilə birgə 50-yə yaxın vətəndaşa qarşı dələduzluq edib. “Bu adamlar dələduzluq yolu ilə biz vətəndaşlara məxsus külli miqdarda pulları mənimsəyiblər. Onlar öz cinayət əməllərini biz vətəndaşlardan kurs keçmək adı ilə, saxta mədaxil qəbzi əsasında pullar almaqla və kursdan sonra saxta sertifikatlar verməklə aldadaraq işlə təmin etmək adı ilə əvvəlcədən hazırladıqları plan əsasında həyata keçiriblər. Bundan əlavə, vətəndaş Zərinə Səfıxanova həyat yoldaşı adlandırdığı, mərkəzin direktoru Şahmar Abdullayevlə birgə faktiki olmayan uşaqlarının xəstəlik və sair bəhanələri adı altında öz əməkdaşları olan, biz zərərçəkmişləri aldadaraq etibarımızdan sui-istifadə etməklə, qısa müddətdə qaytaracaqları adı ilə külli miqdarda pullarımızı alaraq dələduzluq yolu ilə mənimsəyiblər”, – deyə dələduzluğa məruz qalmış vətəndaşlar həmin vaxt bildiriblər.

  • 50 min manatdan artıq vəsaitin leqallaşdırılması iddiası – Zamin Zəki üçün 8 il həbs istənildi

    “QHT işi” üzrə ittiham olunanlardan biri – sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra dövlət ittihamçısı çıxış edərək Zamin Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Növbəti məhkəmə prosesi martın 11-nə təyin edilib.

    Qeyd edək ki, Zamin Zəkiyə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın xeyli miqdarda leqallaşdırılması) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İttihama görə, o, 50 min manatdan artıq vəsaiti leqallaşdırıb.

    Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

    Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatlarının, onların rəhbərlərinin, həmçinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində qanun pozuntuları araşdırılır.

    “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi” və “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, eləcə də Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

    “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi və hüquq müdafiəçisi Zamin Zəki, eləcə də Əhməd Abbas oğlu Məmmədzadə həbs ediliblər.

  • Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib

    “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Qeyd olunub ki, Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

    R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

    Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.

  • Residivist müayinə adı ilə klinikaya gəldi, həkimin beş min manatını oğurladı

    Ötən gün naməlum şəxs paytaxtın Səbail rayonundakı klinikaların birində həkimin çantasından beş min manat pulunu, bank kartlarını və şəxsi sənədlərini talayıb.

    Oxu.Az-ın əldə etdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən A.Əliyev müəyyən edilərək saxlanılıb.

    58 yaşlı şəxsin əvvəllər dəfələrlə məhkum olduğu məlum olub.

    Sözügedən şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını müşahidə edərək oğurluq əməlini törədib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • “Dənizkənarı Bulvar İdarəsi”nin həbsdə olan sabiq sədri İlqar Mustafayevin SƏHHƏTİNDƏ CİDDİ PROBLEM yarandı

    “Dənizkənarı Bulvar İdarəsi”nin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə bu gün keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesi təxirə salınıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əskərovanin sədrliyi ilə araşdırılan prosesin təxirə salınmasının səbəbi təqsirləndirilən İlqar Mustafayevin səhhətində ciddi problemlərin yaranmasıdır.

    Bu barədə məhkəməyə müvafiq teleqramın daxil olması proses iştirakçılarının diqqətinə çatdırılıb.

    Təqsirləndirilənin vəkili də həmçinin müvəkkilinin hazırkı durumu barədə açıqlama verərək bildirib ki, İlqar Mustafayevin ciddi ürək çatışmazlığından əziyyət çəkdiyini və hazırda müalicə müəssisəsinə köçürülüb. Buna görə də vəkil onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətin təmin olunmasını istəyib.

    Vəsatətin müzakirəsi açıq qalaraq növbəti proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəyiblər.

    Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

    İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

    İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    //oxu.az

  • Sumqayıtda 64 yaşlı kişi güllələndi

    Sumqayıt şəhərində 64 yaşlı kişi güllələnib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

    İlkin məlumata görə, 1962-ci il təvəllüdlü Qılman Nəcəfzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən güllələnib.

    Əraziyə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

  • Gədəbəydə məmura “mükafat” verən şəxs həbs olundu

    Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə “jurnalist” kimi bəzi qurumların adından “mükafat” verən Fəqani Hüseynov həbs olunub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib.

    Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkədə Fəqani Hüseynov adlı şəxs “Milli Məclisin informasiya portalının direktoru”, həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə “fəxri diplom” təqdim edib.

    Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkədə rezonans doğurub.