Category: Kriminal

  • Sumqayıtda qadın qətlə yetirildi: 18 yaş böyük ƏRİ SAXLANILDI

    Sumqayıtda qadın qətlə yetirilib. Hadisə Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

    Məlumata görə, 49 yaşlı İsmayıl Ramazanovun qeyri-rəsmi nikahda yaşadığı 31 yaşlı Mehriban Ağabalazadəni qətlə yetirdiyi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Mərhumun qohumu Baku TV-yə bildirib ki, onların tez-tez mübahisələri olurdu: “Övladı deyirdi ki, anasını qabağında boğurdu. Gəlinin sözlərinə görə, kişi içəndən sonra onu döyüb, söyürdü. Dəfələrlə zəng edib, onu ölümlə hədələyib. Əvvəl bir yerdə yaşayıblar. Bir həftədən çoxdur ki, gəlin burada qalırdı. Qorxurdu ki, uşağına xəsarət yetirə bilər”.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Şəki bazarında geyim mağazalarından oğurluq edən şəxs cəzalandırıldı

    Şəki bazarında oğurluq hadisəsi baş verib.

    Qaynarinfo xəbər verir ki, bazarda fəaliyyət göstərən iki geyim mağazasından ümumilikdə 1418 manat dəyərində geyim oğurlanıb.

    Hüquq-mühafizə orqanlarına şikayətdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Şəki Rayon Məhkəməsində hakim Kamran Musayevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Ata övladları ilə birlikdə qızıla görə bacısı oğlunu döydü – MƏHKƏMƏ

    Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Arzuman Əkbərov, onunla eyni maddə ilə ittiham edilən övladları – Razim Əkbərov və Nazim Əkbərovun (hər üçünün adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən, təqsirləndirilən şəxslər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunublar.

    İttihama görə, hadisə 2024-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

    Belə ki, Arzuman Əkbərov oğlanları – Razim Əkbərov və Nazim Əkbərovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. Mübahisəyə səbəb bacısı oğlu, zərərçəkmiş Mahal Hacıyevlə (adı və soyadı şərtidir) Nazim arasında birgə qızıl zinət əşyasının hazırlanması zamanı qızılın çəkisinin əskik gəlməsi ilə bağlı qarşılıqlı ittihamlar olub. Zərərçəkmiş şəxs qızılın çəkisi ilə bağlı Nazimə şər və böhtan atıb və bu səbəbdən tərəflər arasında münaqişə yaranıb.

    Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisə zamanı təqsirləndirilən şəxslər heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər. Sonra Nazim yumruq zərbəsi ilə Mahalın sifət nahiyəsinə vuraraq onu yerə yıxıb. Nəticədə zərərçəkmiş şəxsə burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, burun nahiyəsinin qançırı, üst çənədə körpü vasitəsilə birləşdirilmiş süni dişlərin qoparaq ayrılması, diş ətinə qansızma, sol yanağın selikli qişasının səthi əzilmiş yarası, eləcə də sol almacıq-yanaq nahiyəsində iriölçülü qançır-şişkinlik kimi xəsarətlər yetirilib. Ekspertiza rəyi ilə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.

    Bundan əlavə, Mahala başın sol gicgah nahiyəsində qançır-şişkinlik, alın nahiyəsində qançır və sol gözün bayır kənarında sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər də yetirilib. O, yerdə olduğu halda Nazim tərəfindən bədəninə təpik zərbələri endirilib və nəticədə sol bazu nahiyəsində sıyrıqlar əmələ gəlib.

    Razim isə hadisə yerindən götürdüyü mişar daşı ilə Mahala məxsus, hadisə yerinə gəldiyi “Nissan Maxima” avtomobilinin arxa şüşəsini və salonunda olan monitorunu sındıraraq yararsız hala salıb. Eyni zamanda, Nazim avtomobilin qabaq alın şüşəsini və qapılarını təpiklə vuraraq zədələyib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 2 500 manat məbləğində maddi ziyan vurulub.

    Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilənlərin hər biri 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.

  • Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi

    Hazırda Rusiyada olan müğənni Afət Həsənovanın (Fərmanqızı) barəsində cinayət işi üzrə icraatın müvəqqəti dayandırılması ilə bağlı şikayətə Ali Məhkəmədə baxılıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bu gün keçirilən prosesdə ifaçını onun vəkili Fuad İskəndərov təmsil edib.

    Ali Məhkəmə Afət Həsənovanın şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    Qeyd edək ki, Afət Həsənova barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayəti onun həmkarı Vəfa Şərifova verib. Lakin Afət Həsənova Azərbaycanda olmadığı və məhkəmələrdə dəfələrlə iştirak etmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan edilib.

    Afət Fərmanqızı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunur.

  • Dövlətə xəyanət etməkdə təqsirləndirilən dörd nəfərə HÖKM OXUNDU

    Bakı Hərbi Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən dördnəfərlik dəstə üzvlərinin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Prosesdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev və Məmməd Şərifova hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən İlkin Qənbərov və Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.

    DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına gətiriliblər.

    Onlara qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Sumqayıtda qadın qətlə yetirildi: 18 yaş böyük ƏRİ SAXLANILDI

    Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində qətl hadisəsi baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, martın 6-sı səhər saatlarında Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirdiyi ehtimal edilir.

    Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Hadisə yerindən qaçan İ.Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Mənzillərə oğurluq məqsədilə girməyə cəhd edən şəxs saxlanılıb – VİDEO

    Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər edən şəxs barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Xurşudov saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə, evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.

    Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarını yoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onların mənzillərin giriş qapılarının fotoşəkillərini çəkmələri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    “Nərimanov Rayon Polis İdarəsində şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davam etdirilir. M.Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.

    vətəndaşlara müraciət edərək bir daha tövsiyə edirik ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirsinlər, şəxsi əmlakın təhlükəsizliyinə ciddi yanaşsınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisə məlumat versinlər”, – deyə məlumatda bildirilir.//oxu.az

  • İşə düzəltmək adı ilə külli miqdarda pul mənimsədi

    Vətəndaşları işə düzəltmək adı ilə 300 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilən Sahil Həsənovun cinayət işi üzrə məhkəməsi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək məhkəmədən xahiş edib ki, vətəndaşlara dəymiş ziyanın ödənməsi üçün müvəkkili barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsin.

    Dövlət ittihamçısı çıxış edərək işin baxışa verilməsini və vəsatətin təmin olunmamasını təklif edib.

    Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi və vəsatətin təmin olunmaması barədə qərar qəbul edib.

    Məhkəmənin ilk baxış iclası martın 12-nə təyin edilib.

    Qeyd edək ki, iş üzrə 16 zərərçəkmiş var və ümumilikdə dəymiş ziyan isə 300 min manatdan artıqdır. İttihama görə, təqsirləndirilən şəxs vətəndaşları müxtəlif işlərə düzəldəcəyi ilə bağlı yalan vəd verərək onlardan pul alıb.

    Sahil Həsənova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Avtoxuliqanlığını “TikTok”da paylaşan sürücü həbs edildi (Video)

    “Tofaş”la avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.

    Bu barədə Bakı Şəhər DYP İdarəsindən bildirilib. BŞDYPİ-nin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

    F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

    Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.

  • Məhkəmə Qənimət Zahidov barədə qərar verdi

    Bakı Apellyasiya Məhkəməsində dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun barəsində olan qiyabi məhkəmə hökmündən verdiyi şikayətinə baxılıb.

    Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.

    Məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimət Zahidov yeddi il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun barəsində qiyabi hökm çıxarıb.

    İttihama görə, Qənimət Səlim oğlu Zahidov Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

    Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində “YouTube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yaymaqda təqsirləndirilir.
    //oxu.az