Category: Kriminal

  • Manaf Cəlilzadəyə hökm oxunub

    Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Manaf Cəlilzadənin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

    Oxu Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunaraq Manaf Cəlilzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

    Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub.

    O, 2019-cu il fevralın 17-də Süleyman Süleymanlı, Tofiq Mehmanov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə bürosu yaxınlığında ictimai yerdə Mehman Məmmədov və digərlərinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlarını əvvəlcədən razılaşdırılmış formada lentə alıb, “Youtube” platformasında özünün kanalında canlı yerləşdirərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib. Daha sonra 2023-cü il yanvarın 19-dan 2025-ci il iyunun 17-dək hazırladığı 19 müxtəlif videomüraciətlə ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarını iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir etməyə çalışan açıq çağırışlar yayıb.

    Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

  • “Bank əməkdaşı” vətəndaşın 13 min manatını ələ keçirdi – TƏFƏRRÜAT

    Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı vəsaitin talandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən vətəndaşa zəng edərək onun kartına müdaxilə olunduğunu bildirib və kömək adı ilə kart məlumatlarını istəyib. Bilgiləri həmin şəxsə göndərəndən sonra zərərçəkənin 13 min manatı ələ keçirilib.

    Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Anasını hoteldə qətlə yetirən gəncə HÖKM OXUNDU

    Anasını hoteldə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Oxu Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov çıxış edərək Ayxan Qasımlının yetkinlik yaşına çatmaması, polisə könüllü təslim olması və zərərçəkmiş tərəflə barışıq əldə olunması onun cəzasını yüngülləşdirən hal olduğunu nəzərə alaraq onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Müşavirədən sonra hökm elan edilərək Ayxan Qasımlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, istintaqla məlum olub ki, təqsirləndirilən anası Əsmət Qasımlı ilə geyim tərzi səbəbindən mübahisəyə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib. Oğlu isə buna etiraz edib. Əsmət isə “yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm” ifadəsini işlədib. Bundan sonra Ayxan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib. Çiyin nahiyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb. O, canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyəsinə yumruqlar endirib, daha sonra isə onu boğmağa başlayıb. Anasının rəngi ağarıb xırıldadıqda isə onu boğmağı dayandırıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən hoteldə baş verib.

    Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib. O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.

    O deyib ki, anasına qısa geyinməyə qoymayıb, çünki bu hərəkətindən utanıb, anasını kiminsə onun yanında belə görməsindən ehtiyat edib.

    Qeyd edək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı hoteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham irəli sürülüb.

  • Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana gətirildi – TƏFƏRRÜAT

    Ölkə vətəndaşları Əbdül Ruslam oğlu Musayev və Rüstəm Əhməd oğlu Hüseynovun ekstradisiyası haqqında Azərbaycan Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Proses “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq həyata keçirilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əbdül Ruslam oğlu Musayevin, Bakı şəhərinin Pirallahı Rayon Prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Rüstəm Əhməd oğlu Hüseynovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən onların barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

    Bildirilib ki, hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

    Əbdül Ruslam oğlu Musayev

    Məlumata görə, Əbdül Ruslam oğlu Musayev 02.04.1997-ci ildə anadan olub, Qax rayon sakinidir. Onun barəsində Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə 2024-cü ildə axtarış elan edilib və həbs qətimkan tədbiri qərarı elan olunub. Daha sonra o, İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

    Digər şəxsin əməlləri barədə ətraflı məlumat yoxdur.

  • Qeyri-etik paylaşımlar edən üç qadın tiktoker SAXLANILDI – Video

    Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.

    Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub.

    Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

    Müvafiq qərarlarla V.Mahmudova, L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olublar, S.Həsənova isə 750 manat cərimə edilib.

    Qeyd edək ki, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.

  • İki yeniyetmə iki mağazadan oğurluq etdi, azadlıqları məhdudlaşdırıldı

    Bakıda toksikomaniyadan əziyyət çəkən iki yeniyetmə oğurluq edib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə Ziya və Raul (adlar şərtidir) paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən “Golden Gifts” və “TK Telekom” mağazalarından oğurluq edib. Hər iki mağazaya ümumilikdə 2519 manat ziyan dəyib.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra yeniyetmələr saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə itiham elan edilib. Hər iki şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılıb.

    Məhkəmə zamanı müttəhimlər verilmiş ittiham üzrə özlərini təqsirli bilib.

    Yeniyetmələrin məhkəməyə ifadələrindən məlum olub ki, onlar oğurluq etməmişdən əvvəl kley iyləyiblər.

    Məhkəmənin hökmü ilə Ziya 1 il 9 ay 24 gün, Raul isə 1 il 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

  • Sumqayıt Tibb Mərkəzinin direktoru “şəkər” dərmanı ala bilməyən xəstəni məhkəməyə verdi

    Sumqayıt Şəhər Məhkəməsində Sumqayıt Tibb Mərkəzində xırda xuliqanlıq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini Rəyasət Bağırovun barəsində tərtib edilmiş protokol əsasında məhkəmə prosesi keçirilib.

    Oxu.Az-ın məlumatına görə, hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən R.Bağırov tərtib olunan protokolu əsassız hesab edib.

    Bildirib ki, o, ikinci dərəcəli şəkərli diabet xəstəsidir:

    “Mən ikinci dərəcəli şəkər xəstəsiyəm. Bununla əlaqədar dövlət tərəfindən təyin edilən pulsuz dərmanlarla bağlı Sumqayıt Tibb Mərkəzinə dəfələrlə müraciət etsəm də, həmin dərmanları ala bilməmişəm. Sumqayıt Tibb Mərkəzindəki qanunsuzluqlar və digər neqativ hallarla bağlı Baş Prokurorluğa və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanladım. Müraciət edəndən sonra Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov məni qəbul etmək üçün adamlar göndərdi. Dəfələrlə ayrı-ayrı şəxsləri mənə minnətçi göndərdi ki, şikayətimi geri götürüm, mən götürmədim. Elnur Azadxanov müavini İlkini, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfovu dəfələrlə evimə göndərdi. Amma mən onların heç birinə fikir vermədim.

    Bir müddətdən sonra Sumqayıt Tibb Mərkəzində şöbə müdiri işləyən, uzun illər qonşum olan Leyla Sədiyeva bizə gəlib xahiş etdi ki, Elnur Azadxanovla görüşüm. Leylanın sözünü yerə salmadım, Sumqayıt Tibb Mərkəzinə getdim. Leyla məni Azadxanovun qəbuluna apardı. Otağa daxil olan kimi Azadxanov məni təxribata çəkdi və mənə “quldur”, vətən xaini dedi. Məni təhqir etdiyi üçün mən də ona “quldur” dedim. Beş dəqiqə danışığımız oldu və mən otaqdan çıxdım. O mənə dedi ki, bu dövlətə xəyanət etmisən. Mən də dedim ki, xəyanəti sən etmisən. Mən və ailəm dövlətə, dövlətçiliyə xidmət etmişik. Mənim oğlum 44 günlük Vətən müharibəsinə könüllü gedib, igidlik göstərib və altı medalla təltif olunub. Amma Azadxanov həmin vaxtlarda ancaq kabinetdə oturub.

    Bir neçə gün sonra yenə Sumqayıt Tibb Mərkəzinin əməkdaşları evimdə xahişə gəldilər ki, Elnur Azadxanovu bağışlayım. Mən isə onlara rədd cavabı verdim. Bir həftədən sonra, martın 2-də polisdən zəng gəldi, məni şöbəyə dəvət etdilər. Məlum oldu ki, Elnur Azadxanov mənim barəmdə polisə şikayət edib, guya xuliqanlıq etdiyini, onu söydüyümü bildirib. Barəmdə protokol tərtib edildi, məhkəməyə gəldik”.

    Rəyasət Bağırov bildirib ki, həmin gün Elnur Azadxanov məhkəməyə gələcəyinə söz verdiyi üçün, proses təxirə salına da, bu gün yenidən məhkəmə prosesinə qatılmayıb.

    Hakim bildirib ki, Elnur Azadxanov məhkəməyə teleqram göndərib. Teleqramda bildirib ki, iş vaxtı xidməti vəzifəsini yerinə yetirdiyi üçün məhkəməyə gələ bilmir və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmir.

    Prosesdə şahid qismində çıxış edən Sumqayıt Tibb Mərkəzinin şöbə müdiri Leyla Sədiyeva təsdiq edib ki, həqiqətən də, Rəyasət Bağırovla qonşudur və Elnur Azadxanovun qəbuluna getməsini o xahiş edib:

    “Mən xahiş etdim ki, Elnur Azadxanovla görüşsün, məsələ həll olunsun. Otağa daxil olduq, mübahisə yarandı. Elnur Azadxanovla Rəyasət Bağırov söhbət əsnasında bir-birinə “quldur” dedilər. Sonra sakitləşdilər”.

    Prosesdə çıxış edən digər şahid, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfov isə bildirib ki, o, Rəyasət Bağırovu qəbul edib və Leyla Sədiyeva ilə birlikdə Elnur Azadxanovun qəbuluna göndərib. O, şəxslərin mübahisəsinin şahidi olmayıb.

    Prosesdə çıxış edən Rəyasət Bağırovun vəkili Adil Bünyatov bildirib ki, hadisədə heç bir inzibati xəta və xırda xuliqanlıq halı olmayıb:

    “İki nəfər bir-birinə “quldur” deyib, dava olmayıb. Ona görə də məhkəmədən xahiş edirəm ki, işə xitam verilsin”.

    Çıxışlardan sonra məhkəmə qərarı elan olunub. Qərara əsasən, Rəyasət Bağırov təqsirli bilinərək 50 manat cərimə edilib.

  • Ali Məhkəmə Qobuda arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib

    Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib.

    Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Fərid Hüseynliyə təyin etdiyi ömürlük azadlıqdan məhrumetmə cəzası dəyişdirilməyib.

    Qeyd edək ki, hadisə 2023-cü ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

    İttihama görə, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı Hüseynliyə və səkkiz aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Fərid Hüseynli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

    Hökmdən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

  • Dövlət Turizm Agentliyinin keçmiş əməkdaşına hökm oxundu

    Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Təhsil və təlim sektorunun keçmiş baş məsləhətçisi Nicat Hüseynova hökm oxunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində o, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Təqsirləndirilən şəxsin məhkəmə istintaqınadək həbsdə saxlanıldığı 6 ay 29 gün müddət bir günə iki gün hesabı ilə cəzadan çıxılıb. Nəticədə onun üzərində qəti olaraq 4 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    İş materiallarına əsasən, o, vəzifə səlahiyyətlərindən istifadə edərək Agentliyə daxil olmuş sənədi özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə maraqlı tərəflərə göndərib.

    Bundan başqa, hadisə ilə əlaqədar Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib. Qurumun Aparat rəhbəri Kənan Qasımov və Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov isə vəzifələrindən uzaqlaşdırılıblar.

  • “Instagram”da erotik rəqs edən, bədənini göstərən qadın CƏZALANDIRILDI

    Sosial şəbəkədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan foto və videolar paylaşan qadın inzibati məsuliyyətə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prokurorluq tərəfindən 1996-cı il təvəllüdlü S.Abbasova barəsində protokol tərtib olunub.

    Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq – internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən tərtib edilən protokola Suraxanı Rayon Məhkəməsində baxılıb.

    Bildirilib ki, fiziki şəxs S.Abbasova “Instagram”da 140 mindən artıq abunəçisi olan profilə sahibdir. O, bəzi görüntülərdə erotik, o cümlədən xarici dildəki mahnı sədaları altında oriental rəqsin hərəkətlərini icra edib. Digər görüntülərdə isə hər hansı paltar satışı niyyəti olmadan, geyim brendinin loqosu göstərilmədən bədəninin əksər hissələrini nümayiş etdirərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirməklə cəmiyyətə açıqcasına hörmətsizlik edib.

    Məhkəmənin qərarı ilə S.Abbasova 1000 manat cərimələnib.