Category: Kriminal

  • 10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR – FOTO

    Paytaxtın Xəzər rayonu ərazisində bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən makler barəsində həbs-qətimkan tədbiri seçilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə 10 nəfərdən yarım milyon manatdan çox pul alan 60 yaşlı Elxan Abbasov barəsində Xəzər Rayon Məhkəməsi qərar çıxarıb.

    Barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılan şəxs barəsində istintaq müddəti üçün 4 aylıq həbs qərarı verilib.

    Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.



  • Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

    Maşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin atası dindirilib.

    Şahid qismində ifadə verən Rahim Hüseynov təqsirləndirilən şəxslə qohum olduqlarını bildirib:

    “Axşam saatlarında yatmışdım. Birdən qapı döyüldü bu təqsirləndirilən şəxsi gördüm. Bizə gəlməyinə səbəb oğlumun onun avtomobilini icazəsiz sürməsi və götürüb qaçması idi. İçəri dəvət etdim. Təqsirləndirilən şəxs içkili idi amma özünü idarə edə bilirdi. Oğlumla dalaşdılar. Mən onları ayırdım, lakin oğlumun boğazından bıçaqla xəsarət yetirmişdi”.

    Şahid onu da bildirib ki, təqsirləndirilən şəxslə barışıblar və heç bir şikayəti yoxdur.

    Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.
    //unikal.az

  • Sumqayıtda silah-sursat aşkarlandı

    Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

    Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

    Ərazidən 1 ədəd 7,62 kalibrli “AK-74 Kalaşnikov” markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • 7-8 min verib çeki aldım – ƏDV SATANLARIN İŞİ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə dövlətə məxsus xüsusilə külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstə üzvləri – Əliyev Rasim Serqey oğlu, Bağırov Rəşad Füzuli oğlu, Yunin Aleksey Sergeyeviç, Tağıyev Vüqar Gündüz oğlu, Lətifov Müşviq Niymət oğlu və İsmayılzadə Cavid İsrafil oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Məhkəmə şahid ifadəsi ilə davam edib.

    Şahid Q.E təqsirləndirilənlərdən Rəşad Bağırovla birlikdə işlədiyini deyib:

    “Mən dənizdə işləyirdim. Rəşadla da orada tanış olmuşdum, bir otaqda qalırdıq. İstirahət vaxtımız idi, otaqda idik. Telefonlarımızda sosial şəbəkə hesablarımıza baxıb vaxt keçirirdik. Rəşad dedi ki, “tik-tok”da “ədv” satırlar, alsaq qabağa düşə bilərik. Bunu deyib otaqdan çıxdı. Çox keçmədən qayıtdı ki “Danışdım oradakı nömrə ilə. Məni arxayın edib dedilər ki, iş sistem üzərindən olur. Bir aydan sonra da sistemə oturur və məbləği götürürsən. Rəşad məlumat və nömrələri mənə verdi. Nömrə ilə əlaqə saxlayıb adamla görüşdük. Üzü yadıma gəlmir, amma azca hündür adam idi. Başında “kapşon” və papağı var idi. “Ədv” üçün oradaca ona 7-8 min manat pul verdim, o da çeki verdi”.

    Növbəti proses 13 may saat 10:30-a təyin olunub.

    Baş Prokurorluğun yaydığı məlumata görə, mütəşəkkil dəstə üzvləri – Əliyev Rasim Serqey oğlu, Bağırov Rəşad Füzuli oğlu, Yunin Aleksey Sergeyeviç, Tağıyev Vüqar Gündüz oğlu, Lətifov Müşviq Niymət oğlu və İsmayılzadə Cavid İsrafil oğlunun 2023-2024-cü illər ərzində müxtəlif sahibkarlıq subyektləri barədə məlumatları və nəzarət-kassa aparatlarını qanunsuz yolla ələ keçirdikdən sonra istifadə edib yaymalarına, əmtəəsiz əməliyyatlar edərək ayrı-ayrı şəxslərin adlarına “ƏDV geri al” portalları açılması yolu ilə həmin portallara gizli yolla köçürdükləri ümumilikdə 1 milyon 120 min manatdan artıq pul vəsaitini talamalarına, bu üsulla da əldə edilmiş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatları etməklə törədilən cinayətdən xəbərsiz digər şəxslərin bank kartlarına köçürərək leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) və digər maddələri ilə yekun ittiham elan edilib.

    İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə Rasim Əliyev, Aleksey Yunin və Müşviq Lətifov barəsində həbs, Rəşad Bağırov, Rəşad Tağıyev və Cavid İsmayılzadə barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
    //lent.az

  • 800 minə yaxın mənimsəmədə təqsirləndirilən Raqif Abbasovun ekspertiza tələbi rədd olundu

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqinə başlanılıb.

    Daha sonra təqsirləndirilən şəxs Raqif Abbasovun vəkili mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verib.

    Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

    Daha sonra proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onların barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

    Hazırkı vaxta qədər onların əməlləri nəticəsində dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.

    Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

  • Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar – Video

    Aprelin 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus KIA markalı avtomobildən sürücüyə aid qiymətli əşyalar oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar.

    Onların maşından oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir KIA markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib.

    Saxlanılanlardan əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • 69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi

    İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyədə müəyyən edilən şəxsin aprelin 29-da ölkəmizə ekstradisiyası həyata keçirilib.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 2018-ci ildən etibarən bir qrup vətəndaşı müvafiq vəzifələrə təyin etdirmək və ya işə düzəltmək adı ilə aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaiti almaqla və vətəndaşların etibarından sui-istifadə etməklə, ümumilikdə 69 000 manat məbləğində pul vəsaitini mənimsəyərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Sevinc Əlisafa qızı Hüseynovanın yeri Türkiyəda müəyyən olunub və o, həbs edilib.

    Baş Prokurorluğunun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmda mövcud olan nüfuzunun və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

    Sevinc Əlisafa qızı Hüseynova Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyə Respublikasının Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

    Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

  • Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi – Polis saxladı

    Bakıda kişi gələcək qayınanasının qızıllarını oğurlayıb.

    Xətai rayonu ərazisində yerləşən evlərin birindən 22 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluqla əlaqəli cinayətə görə məhkum olunmuş 23 yaşlı H.Nəsibli müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı H.Nəsiblinin zərərçəkənin qızı ilə sevgili olduğu və taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla elə zərərçəkənin qızı ilə özünə nişan mərasimini təşkil edərək ona mobil telefon və nişan üzüyü hədiyyə edib.

    Faktla bağlı araşdırma davam etdirilir.
    //oxu.az

  • Abşeronda SİLSİLƏ ƏMƏLİYYATLAR – Saxlanılanlar arasında qadınlar da var – Video

    Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.

    Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Narkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU

    “Changan” markalı, 77-QR-325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü aprelin 25-də yol hərəkəti qaydalarını pozduğuna görə Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyənləşib.

    Qeyd edilib ki, yoxlama zamanı Z.Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilib, onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilib.

    Z.Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, o, inzibati qaydada həbs edilib.

    “BDYPİ bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir”, – deyə məlumatda vurğulanıb.