Category: Kriminal

  • 7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

    Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən hər üç şəxsin 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il müddətinə, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs edilmələrini təklif edib. Eyni zamanda o, təqsirləndirilən şəxslərin mülklərinin satılmasını və dəymiş ziyanın ödənilməsini də istəyib.

    Vaxt məhdudiyyətindən vəkillər çıxış üçün vaxt istəyiblər.

    Növbəti proses mayın 6-na təyin olunub.

    Qeyd edək ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

    Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

    Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
    //oxu.az

  • Bakıda YARIM MİLYONLUQ dələduzluq: Elxan Abbasov vətəndaşları necə aldadıb? – FOTO

    Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın sənədləşdirilməsi vədi ilə vətəndaşın 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.

    Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, E.Abbasov eyni üsulla daha 9 zərərçəkənin etibarından sui-istifadə edərək onlara ümumilikdə 500 min manata yaxın maddi ziyan vurub.

    Faktlarla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər SAXLANILDILAR

    Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləri müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi Rayon Polis İdarəsi (RPİ) tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında gizlənmələri müəyyən edilib və onlar İnterpol kanalları vasitəsilə saxlanılıblar.

    DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

  • “PUBG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan – MƏHKƏMƏ

    Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İmran Əsədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə İmran Əsədov 1 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

    İmran Əsədov həm yetkinlik yaşına çatmadığı, həm də yetkinlik dövründə törətdiyi bir neçə epizod üzrə ağır cinayət əməllərində ittiham olunub.

    İstintaqla müəyyən edilib ki, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə azyaşlı şəxsi hədə-qorxu yolu ilə təsir altına salaraq cinayətkar fəaliyyətə cəlb edib.

    Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının ortalarında, dəqiq tarix və vaxt istintaqa məlum olmayan bir vaxtda, bibisi oğlu vasitəsilə tanıdığı azyaşlı N.N.-lə əlaqə yaradıb. O, həmin şəxsi məşhur mobil oyun olan “PUBG” ilə aldadaraq “UC” adlı oyun valyutası və oyun hesabı satacağı vədi ilə pul tələb edib. Mövcud olmayan bu hesab müqabilində 22 000 manat tələb edən İmran pul verilmədiyi halda azyaşlını və onun yaxınlarını öldürmə və oğurlama ilə hədələyib, eləcə də rüsvayedici məlumatlar yayacağı ilə bağlı təhdidlər səsləndirərək psixi təsir göstərib.

    İttihama görə, o bununla kifayətlənməyərək azyaşlını atasına məxsus pulu oğurlamağa da təhrik edib. Nəticədə, 2023-cü ilin aprel-iyul ayları ərzində N.N. vasitəsilə zərərçəkmiş M.N.-ə məxsus 22 000 manat məbləğində pul yaşadığı evdən gizli yolla talanıb.

    Cinayətkar fəaliyyət sonradan da davam etdirilib. İmran 2023-cü ilin avqustunda eyni azyaşlıya qarşı yenidən oxşar üsullarla təsir göstərərək bu dəfə 18 000 manat məbləğində pul tələb edib. O, guya silinmiş oyun hesabını bərpa edəcəyini və əlavə oyun valyutası yükləyəcəyini vəd edib. Bununla yanaşı, əvvəlki kimi hədə-qorxu və təhdidlər vasitəsilə azyaşlını qorxu altında saxlayaraq onu yenidən oğurluq etməyə sövq edib.

    İstintaqla müəyyən edilib ki, həmin dövrdə – avqust ayının əvvəlindən sentyabrın 5-dək olan müddətdə N.N. vasitəsilə zərərçəkmişə məxsus daha 18 000 manat pul evdən gizli yolla talanıb. Beləliklə, ümumilikdə zərərçəkmişə 40 000 manata yaxın maddi ziyan vurulub.

    Məhkəmə iclasında İmran Əsədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində göstərib ki, azyaşlı N.N.-lə tanışlığı oyun platforması vasitəsilə yaranıb və müxtəlif vaxtlarda “oyun hesabı” adı ilə ondan pul alıb. Təqsirləndirilən şəxs ümumilikdə 40 000 manat məbləğində pul əldə etdiyini söyləyib və həmin vəsaiti şəxsi ehtiyaclarına, eləcə də oyun xərclərinə sərf etdiyini vurğulayıb.

    İmran, həmçinin etiraf edib ki, N.N.-in azyaşlı olduğunu, məktəbli yaşında olduğunu bilib və buna baxmayaraq, ondan pul tələb edib. İş materiallarında olan səsyazılarının da ona məxsus olduğunu təsdiqləyən İmran törətdiyi əməllərdən peşman olduğunu bildirib.

    Xatırladaq ki, İmran Əsədova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi – azyaşlının cinayət fəaliyyətinə cəlb edilməsi, oğurluq və hədə-qorxu ilə tələbetmə – üzrə ittiham irəli sürülüb.

  • Daha bir “tiktoker” təhqirə görə həbs olundu

    “TikTok”da yayılması qadağan olunan təhqiredici ifadələr səsləndirən edən daha bir “tiktoker” məsuliyyətə cəlb olunub.

    Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tədbirlər görülüb və Fikrət İsayev saxlanılıb.

    Toplanmış materiallar əsasında iş məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, o, inzibati qaydada həbs edilib.

  • Elşən Xəzərin qızı “Beniz”in məhkəməsində ifadə verdi

    Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli “tiktoker” Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən proses şahid ifadəsi ilə işini davam etdirib.

    Şahid A.F. ifadəsi zamanı Aybəniz Xəlilovanı şəxsən tanımadığını və yalnız sosial şəbəkələrdən iş adamı Xalid Kərimovun yaxını kimi tanıdığını deyib.

    Şahid bununla yanaşı ifadəsində bildirib ki, o bu işlə bağlı hər hansı bir polis bölməsində və yaxud hər hansı bir müstəntiqin yanında heç bir ifadə verməyib. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra o buna təəccübünü gizlədə bilməyib.

    “Mənim ümumiyyətlə bu ifadədən heç xəbərim olmayıb, heç yerdə ifadə verməmişəm və heç yerə də imza atmamışam”.

    İstintaqdakı ifadələrinin altından atılan imzalara baxdıqda isə onun imzasına oxşarlığını təsdiq etsədə onun bu ifadələrdən və imzalardan xəbərinin olmadığını bir daha deyib”.

    Şahidin ümümi ifadəsindən bəlli olub ki,o məşhur meyxanaçı Elşən Xəzərin qızı olmaqla yanaşı şəhid və qazi ailələrinə ərzaq və digər yardımlar göstərməklə məşğuldur. İş üzrə zərərçəkən Xalid Kərimovu da həmin yardımlarda iştirakçı kimi tanıyıb və onunlə digər hansı bir əlaqəsinin olmadığını deyib.

    Qeyd edək ki, şahidin adından yazılan ifadədə bildirilib ki, güya Aybəniz Xəlilova onun Xalid Kərimovla yaxınlığını əsas gətirərək onu şantaj edib ki, bu barədə onun əlindəki fotoları sosial şəbəkələrdə yayacaq.

    Növbəti proses mayın 5- nə təyin edilib.

    Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
    //unikal.az

  • Gəncədə yeniyetmə bıçaqlandı

    Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

    “Unikal”ın məlumatına görə, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbədə baş verib. Kəlbəcər rayon sakini, 2009-cu il təvəllüdlü N.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Yaralıya dərhal tibbi yardım göstərilib və onun vəziyyətinin kafi olduğu bildirilir.

    Yeniyetmənin hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar

    Paytaxt ərazisində iki nəfərin bank kartından oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1150 manat ziyan vurulub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı T.Sayılov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Novruzov müəyyən edilərək saxlanılıblar.

    Araşdırmalar aparılır.

  • Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş – TƏFƏRRÜAT

    Milyonluq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk baxış iclası keçirilib.

    Təqsirləndirilən şəxs 15 gün əvvələ kimi həbsdə idi. O, bir neçə gün əvvəl iş üzrə zərərçəkmiş, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun razılığı ilə ev dustaqlığına buraxılıb.

    Əsas məhkəmə prosesi prokurorun ittihamı elan etməsi ilə başlayıb. İttihamdan məlum olub ki, İntiqam Səfərəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluqdan başqa cinayətlərdə də təqsirləndirilir.

    Burada söhbət insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə etmə və qiymətli kağızlar bazarında manipulyasiyadan gedir.

    Bununla bağlı İntiqam Səfərəliyevə Cinayət Məcəlləsinin 202-2.2.2 (insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 203-1.2.2-ci (qiymətli kağızlar bazarında manipulyasiyalar-mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham verilib.

    Bu maddələr əsasən birja, səhmlər, investisiya və maliyyə bazarı ilə bağlı cinayətlərə aiddir. İnsayder məlumatları bir şirkət və ya təşkilat haqqında geniş ictimaiyyətə məlum olmayan, lakin açıqlandığı təqdirdə həmin şirkətin qiymətli kağızlarının (səhmlərinin) qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq, daxili və gizli məlumatlardır.

    Hakim təqsiri sübuta yetiriləcəyi halda müttəhimin 14 ilə kimi azadlıqdan məhrum edilə biləcəyini deyib.

    İntiqam Səfərəliyev özü isə ittihamların heç birini qəbul etməyib. O, özünü heç bir epizod üzrə təqsirli bilmədiyi üçün istintaqın əvvəlində ifadə verməkdən də imtina edib.

    Bu səbəbdən əvvəlcə zərərçəkmiş və şahidlərin dindirilməsi qərara alınıb.

    Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl Heydərovlara aid olduğu deyilən “AFB” Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.

  • Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

    İstanbulun Bağlar məhəlləsindəki Güzidə küçəsində güllələnmə hadisəsi baş verib.

    Beşmərtəbəli binadan atəş səsləri gəldiyi barədə məlumatdan sonra polis və tibb qrupları ünvana göndərilib.

    Üçüncü mərtəbədəki mənzilə daxil olan qruplar qan içində bir qadın və bir kişi tapıblar. Müayinədən sonra hər iki şəxsin güllələnərək öldüyü müəyyən edilib.

    Polis meyitlərin Azərbaycan vətəndaşı olan Maisə Bayramovaya və Əli Mamaka aid olduğunu müəyyən edib. Onların cəsədləri İğdır Dr. Nevruz Eren Dövlət Xəstəxanasının morquna aparılıb.