Category: Kriminal

  • “TikTok”da təhqiramiz paylaşımlar edən şəxs həbs olundu – Video

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə “TikTok” sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.

    Araşdırmalarla onun 27 yaşlı rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibati qaydada həbs olunub.

  • Yasamal Məhkəməsi Səidə Haqverdiyeva ilə bağlı qərarı açıqladı

    Azərbaycan Dövlət Kukla Teatrının sabiq quruluşçu rejissoru Səidə Haqverdiyevaya qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, Səidə Haqverdiyevanın vəkili Asim Abbasovun APA-ya verdiyi məlumata görə, bu gün Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

    Məhkəmə şikayətin Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığını müəyyən edib. Bu səbəbdən şikayət icraata götürülməyib və işə baxılmasından imtina olunub.

    Xatırladaq ki, ötən ay Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədova və onun həyat yoldaşı Əfsun Əhmədov Səidə Haqverdiyeva barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdilər.

    Səidə Haqverdiyeva Nərmin Əhmədova və Əfsun Əhmədov barəsində böhtan xarakterli məlumatları sosial şəbəkədə yayaraq onların şərəf və ləyaqətini alçaltmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham irəli sürülüb.

    Əfsun Əhmədov həbsdə olan keçmiş hakim Elsun Əhmədovun qardaşıdır. Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Bundan əlavə, Elsun Əhmədovla bağlı daha bir cinayət işi Nəsimi Rayon Məhkəməsinin icraatındadır.

    Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva ötən ilin dekabr ayında vəzifəsindən azad olunub. Onun öz ərizəsi ilə işdən ayrıldığı bildirilib.

    Bundan əvvəl isə teatr daxildə baş verən qalmaqalla gündəmə gəlmişdi. Səidə Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub. İstefa verdiyi gün onların nikahına da xitam verildiyi bildirilir.

  • Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı

    Vətəndaşın sərxoş olmasından istifadə edərək ona yardım təklifi ilə oğurluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə mühakimə edilən Zaur Quliyev (ad və soyad şərtidir) 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    İş materiallarından aydın olur ki, zərərçəkmiş L.Bayramzadə “Hiss” əyləncə klubundan sərxoş vəziyətdə çıxaraq özünə məxsus “Jeep Compas” markalı avtomobilin yanından dayanıb. Həmin vaxt əradan keçən Zaur Quliyev ona yaxınlaşaraq yardım təklif edib. L.Bayramzadə ayıq sürücü gözlədiyini deyib. Zaur Quliyev isə onu avtomobili ilə evinə çatdıra biləcəyini söyləyib. L.Bayramzadə razılaşıb. O, avtomobildə yatarkən Zaur Quliyev maşından 4500 manat pul götürüb.

    L.Bayramzadə hadisədən xəbər tutandan sonra polisə şikayət edib. Zaur Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    O, məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

  • “Tik-Tok”da açıq videosunu paylaşdı, həbs edildi

    Qubada çəkdirdiyi açıq-saçıq görüntülərlə bağlı 27 yaşlı tik-toker xanım inzibati qaydada həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, 1999-cu ildə Bərdə rayonunda anadan olmuş Aysun Bayramova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə (internet resurslarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) protokol tərtib edilib.

    İşə məhkəmədə baxılıb. Məlum olub ki, Aysun Bayramova açıq-saçıq geyimdə olan görüntüləri 2024-cü ildə Quba rayonunda çəkib. Digər geyimsiz görüntüləri isə “TikTok” platformasında paylaşmayıb, yalnız həmin proqram vasitəsilə çəkərək münasibətdə olduğu şəxsə göndərmək məqsədi ilə hazırlayıb.

    Onun əvvəllər məhkum olunmadığı bildirilib. A.Bayramova məhkəmədən bu halların nəzərə alınmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib.

    Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi üzrə təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilib.

  • Qadın kafedə tanış olduğu kişini intim video ilə şantaj etdi, həbs cəzası aldı

    Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aygün Səmədovanın (adı, soyadı şərtidir – red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Qusar Rayon Məhkəməsində hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və qadın məhkəmə iclas zalında dərhal həbs edilib.

    Təqdim olunan ittiham aktına əsasən, təqsirləndirilən şəxs 1968-ci il təvəllüdlü sevgilisinə qarşı hədə-qorxu ilə tələbetmə əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub.

    İttihama görə, hadisə ötən il Qusar şəhərində təqsirləndirilən şəxsə məxsus fərdi yaşayış evində baş verib.

    Belə ki, həmin vaxt Aygün Səmədova tanışı Elmar Tağıyevlə (adı, soyadı şərtidir – red.) könüllü cinsi əlaqədə olub. Bu zaman təqsirləndirilən şəxs prosesi öz mobil telefonunun videokamerası vasitəsilə lentə alıb. İstintaq materiallarında göstərilir ki, sonradan qadın həmin videogörüntüləri kişinin istifadəsində olan mobil telefona göndərib. Daha sonra sözügedən intim xarakterli görüntüləri sosial şəbəkələrdə yaymaqla Elmarı rüsvay edici ilə hədələyib, bu yolla ondan 3500 manat məbləğində pul tələb edib.

    İttihamda qeyd olunur ki, bu hərəkətlər hədə-qorxu ilə özgənin əmlakını tələbetmə kimi qiymətləndirilib və əməl Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilib.

    Məhkəmə istintaqı zamanı Aygün Səmədova dindirilən zaman həmin maddə ilə özünü qismən təqsirli bildiyini, lakin ittihamın mahiyyəti ilə razılaşmadığını ifadə edib. O, ifadəsində deyib ki, videoçəkilişi Elmarın xahişi ilə həyata keçirib və heç bir məcburiyyət olmayıb. Onun sözlərinə görə, Elmar videoya sonradan baxmaq və həzz almaq məqsədilə çəkilişi özü istəyib, həmçinin görüntülərin ona göndərilməsini xahiş edib.

    Təqsirləndirilən şəxs bildirib ki, Elmarı bilərəkdən şantaj etməyib və ondan 3500 manat pul tələb etməyib. Onun dediyinə görə, kişi özü ona 300 manat verəcəyini deyib, sonradan isə müxtəlif səbəblərdən aralarında anlaşılmazlıq yaranıb. O, Elmardan 200-300 manat məbləğində pul istədiyini etiraf etsə də, bunu hədə-qorxu və ya şantaj məqsədilə etmədiyini vurğulayıb.

    İfadəsində həmçinin qeyd edib ki, videonu Elmara göndərməyib və görüntüləri yaymaqla hədələməyib. Onun sözlərinə görə, tərəflər arasında münasibətlər məhz videonun təqdim olunmaması səbəbindən pozulub. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən videonu silmək müqabilində də pul tələb etmədiyini söyləyib.

    Aygün Səmədova 2017-ci ildə ailə həyatı qurub, 2021-ci il tarixdə isə əri vəfat etdiyindən Quba şəhərində valideynləri ilə birlikdə yaşamağa başlayıb. Bir müddət sonra valideynləri ilə yola getməyib, Qusara gələrək burada kafelərin birində ofisiant kimi işləməyə başlayıb.

    Elmar Tağıyev isə Bakıda qida vasitələri satan şirkətlərdən birində qeyri-rəsmi məsləhətçi işləyir. Hadisədən əvvəl qış aylarında dostu ilə birgə Qusara istirahətə gedibmiş. Elə bu zaman da Aygünlə tanış olub.

  • 47 yaşlı kişi bıcaqlandı: Qaynı saxlanıldı

    Goranboyda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarnın kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

    Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N.Əliyev saxlanılıb.

    Məlumata görə, N.Əliyev C.Hüseynovun qaynıdır. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Həbsdən çıxan müğənni Dəniz Əsədova ilə bağlı şok fakt: Dörd dəfə ad-soyadını dəyişib

    Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinayət işi üzrə məhkəmə prosesi davam edən müğənni Dəniz Əsədovanın dörd dəfə ad və soyadını dəyişdiyi məlum olub.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müğənni ilə bağlı keçirilən cinayət işi üzrə ittiham aktında şahid və zərərçəkmişlərin ifadələrində qeyd olunub.

    Belə ki, ictimaiyyətin Dəniz Əsədova kimi tanıdığı şəxsin əvvəlki adı Aygün olub. O, müxtəlif vaxtlarda Aygün Dostəliyeva, daha sonra Aygün Miriyeva soyadlarını daşıyıb. Dəniz adını götürməzdən əvvəl isə Aygün Əsədova kimi tanınıb.

    Cinayət işi materiallarında qeyd olunub ki, Aygün Əsədova pul müqabilində saxta əlillik sənədi düzəltmək məqsədilə müxtəlif şəxslərlə danışıqlar aparıb. İttihama görə, o, son olaraq adını yenidən dəyişərək Dəniz Əsədova olub və bundan sonra müğənnilik fəaliyyətinə başlayıb.

    Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü (təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3-cü (rüşvət verməyə təhrik etmə) və 320-ci (rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) maddələri ilə ittiham irəli sürülüb.

    İttihama görə, o, vətəndaşlardan pul alaraq saxta əlillik sənədləri düzəltməkdə təqsirləndirilir. Bildirilir ki, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi, hazırda barəsində məhkəmə araşdırması aparılan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

    İş üzrə dövlətə 1.6 milyon manat məbləğində ziyan vurulduğu iddia edilir.

    Xatırladaq ki, Dəniz Əsədova bundan əvvəl dələduzluq, eləcə də bir neçə şəxsə qarşı təhqir və böhtan ittihamları üzrə xüsusi ittiham qaydasında məhkum edilib. O, vəkil Asim Abbasovu təhqir etdiyinə və ona böhtan atdığına görə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 7 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra başqa bir şəxslə bağlı analoji əmələ görə cəzası artırılıb.

    Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan amnistiya aktı əsasında çəkilməmiş cəzasından azad edilib.

  • İlqar Əliyevin cəzası azaldıldı

    Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev barəsindəki qərar dəyişdirilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayətini qismən təmin edib.

    Qərara əsasən, İlqar Əliyevin cəzası dörd ildən üç ilə endirilib. Cəzasının əvvəli 2023-cü ilin dekabrından hesablandığı üçün bu qərarla onun çəkilməmiş 10 ay həbs müddəti qalıb. Üç ilin də üçdəiki hissəsi başa çatdığından şərtlər uyğun gəldiyi halda məhkum daha tez azadlığa çıxa bilər.

    Qeyd edək ki, İlqar Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

    O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilib. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.

  • Bakıda avtomobildən külli miqdarda pul və maqnitofon oğurlandı

    Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, rayon sakininə məxsus VAZ-2106 avtomobilindən 2 800 manat nağd pul və maqnitofon oğurlanıb.

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı O.Soltanov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tələbələri fotoları ilə şantaj edən şəxslə bağlı məhkəmə qərarı verildi

    Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etməkdə təqsirləndirilən Fəxri Cəbrayılov hakim qarşısına çıxarılıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Nərimanov rayon məhkəməsində keçirilən prosesdə F.Cəbrayılov barəsində qərar qəbul edilib.

    Qərara əsasən, Fəxri Cəbrayılov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

    Eyni zamanda ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.

    Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.

    Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

    Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.