Category: Kriminal

  • Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

    Dövlətə xəyanət etməkdə ittiham olunan Kamilli Vüsal Yusif oğlunun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
    Daha sonra təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi, baxış iclasının martın 13-nə təyin edilməsi və bundan sonrakı proseslərin qapalı keçirilməsi barədə qərar qəbul olunub.
    Qeyd edək ki, Vüsal Kamilli AR Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etməkdə ittiham olunur.
    //unikal.az

  • Avtomobili psixotrop maddənin təsiri altında idarə edən şəxs həbs olundu

    Biləsuvar rayonu ərazisində “Vaz 21214” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Ağazadənin narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin istifadə etdiyi müəyyənləşib.

    Məhkəmənin qərarı ilə Ə.Ağazadə 15 gün müddətinə inzibati həbs olunub.

  • “TikTok”da talışları təhqir edən şəxsə işgəncə verməkdə ittiham olundu – Məhkəmə bəraət verdi

    “TikTok” sosial platformasında talışları təhqir edən şəxsi oğurlayaraq işgəncə verməkdə ittiham olunan dəstə üzvlərindən biri olan Elnur Alışovun məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Murtuzəli Abbasov müdafiə çıxışı edərək müvəkkilinin müstəntiq tərəfindən qərəzli şəkildə bu işə cəlb edildiyini bildirib. Vəkilin sözlərinə görə, anten məlumatları təsir edir ki, təqsirləndirilən şəxs həmin ərazidə yox, işi ilə bağlı müxtəlif ərazilərdə olub və zərərçəkmiş və şahidlər də məhkəmə istintaqı dövründə onu tanımadıqlarını bildiriblər. Buna görə də, təqsirləndirilən şəxsə bəraət hökmü çıxarılmalıdır.

    Təqsirləndirilən şəxs son söz deyərək, günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

    Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

    Hökmə əsasən, məhkəmə istintaqı dövründə bu cinayət işində Elnur Alışov iştirakı ilə bağlı heç bir sübut təsdiqini tapmadığına görə ona bəraət hökmü verilib.

    Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev isə məhkəməyə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

    Qeyd edək ki, ayrıca icraatda olan cinayət işində təqsirləndirilən dəstənin digər üzvləri – Şücayət Rzayev 10 il, Səlim Əliyev 8 il 6 ay, Samir Hüseynov 8 il 6 ay, Müştəba Əliyev 8 il 6 ay, Təbriz Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Təqsirləndirilən şəxslərdən Murad Rzayev və Əhməd Əzizov isə 2 il olmaqla şərti cəza verilib.

    Elnur Alışova qarşı Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 133.2.1 (Əzab vermə – iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə – Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham irəli sürülmüşdü.
    //unikal.az

  • Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

    Fevralın 26-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

  • “TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı – Video

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.

    Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.

    Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.

    Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

    Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalar davam etdirilir.

  • Ginnesin Rekordlar Kitabına düşən azərbaycanlının MEYİTİ TAPILDI

    Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadə olduğu müəyyən edilib.

    Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən bir saat 44 dəqiqə 25 saniyə ərzində arxasıüstə uzanmış halda əllərini ayaqlarına tərəf (idman termini ilə “press” – red.) 3 000 dəfə çatdıraraq dünya rekordunu təzələyib.

    Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib.

    O, həmçinin Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınıb.

    Ə.Həsənzadənin ölümünün səbəbləri araşdırılır. Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Mənimsəmədə ittiham olunan məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar

    Mənimsəmə və vəzifə cinayətlərində ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib Aynaxanım Babayevanın cinayət məsuliyyətinə cəlb edilməməsinin səbəbi məlum olub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onlar istintaq müddətində dövlət büdcəsindən taladıqları 244 152.95 manat pulu geri qaytarıblar.

    Bu səbəbdən hər iki şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilib.

    Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkmiş tərəfin məhkəməyə dəymiş zərərin ödənildiyi və təqsirləndirilənlərlə barışıq əldə olunması barədə verdiyi məlumat elan edilib.

    Daha sonra hökm elan olunaraq Mətləb Hüseynov və Aynaxanım Babayevanın təqsirləndirildikləri cinayət işinə xitam verilib.

    Qeyd edək ki, onlar barədə cinayət işini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

    İttihama görə, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına mükafat adı ilə əlavə pullar köçürüb, sonradan 175 365 manatını nağdlaşdıraraq mənimsəyiblər.

    Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

    Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

  • Azərbaycana gələn dörd nəfərdən QIZIL KÜLÇƏLƏR aşkarlandı

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus, ümumilikdə 347 qram qızılın paylama üsulu ilə gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

    Bildirilib ki, Şarca-Doha-Bakı aviareysi ilə gələn dörd nəfər Azərbaycan vətəndaşları “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən əsaslı gömrük yoxlamasına cəlb edilib.

    Baxış zamanı sərnişinlərdən gömrük orqanına bəyan edilməyən, ümumilikdə 300 qram “Pump” markalı qızıl külçələr və 47 qram qızıl qolbaqlar aşkar edilib.

    İlkin araşdırma zamanı aşkar edilən predmetlərin başqasına məxsus olduğu, onlara Azərbaycan Respublikasına gətirmələri və gömrük nəzarətindən keçirmələri üçün xarici ölkədə verildiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

    DGK bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.

  • Anasını təbrik etməyə gələn xalasının evini qarət etdi – Azərbaycanda KURYOZ OĞURLUQ

    Neftçalada gənc oğlan qohumunun evini qarət edib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    21 yaşlı Əzim Mustafayev (ad və soyad şərtidir – red.) xalasının evinə girərək 1 340 manat pul oğurlayıb. Nəticədə o saxlanılıb və barəsində cinayət işi başlanıb.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən tarixdə anasının ad günü imiş və xalasıgil də təbrik etmək üçün onlara gəlib. Əzim isə pulu olmadığı üçün xalasının evini qarət etməyi düşünüb. Bunun üçün axşam saatlarında evdən çıxaraq qohumunun yaşadığı evə gedib və pəncərədən mənzilə daxil olub. O, ayrı-ayrı otaqlardan ümumilikdə 1 340 manat pul oğurlayıb. Bu pulların ona bəs etdiyini düşünərək evi tərk edib. Yolda pulun 29 manatını yeməyə xərcləyib. Yerdə qalan hissəni isə könüllü olaraq polisə təhvil verib.

    Zərərçəkən şəxs ifadəsində ona dəymiş ziyanın tam ödənildiyini deyərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

    Məhkəmənin hökmü ilə Əzim Mustafayev barəsində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

  • Xarici dini icma sədrinə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilənlərin növbəti məhkəmə prosesi keçirilib

    Din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Naib İsmiyev sualları cavablandırıb. O bildirib ki, Nərminə Şabanovanı “TikTok” sosial şəbəkəsindən tanıyıb: “Avtomobillərin icarəsi biznesi ilə məşğul olurdum. Nərminə ilə “TikTok”da tanış olmuşam”.

    Vəkilin suallarını cavablandıran N.İsmiyev bildirib ki, 2024-cü ilin oktyabrında Nərminə Şabanova ilə görüşüb: “Nərminəyə verilməli olan 50 min manat məbləğində pulu almaq üçün onun mənə göstərdiyi yerə getdim. Nərminə mənə orada kameraların olduğunu deməmişdi. Axşam maşınla gedə-gedə video çəkmişəm. Ona motosiklet və silah şəklini atmışam”.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

    İttihama görə, Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, xarici dini icmanın sədrinin şəkil və videolarını həmin şəxslərə göndərmək qarşılığında müəyyən məbləğdə pul almağa razılaşıb. Daha sonra onlar sədrin həyatına son qoymaq məqsədilə N.Şabanova vasitəsilə Naib İsmiyevi işə daxil edərək sui-qəsd təşkil etməyi planlaşdırıblar.

    Təqsirləndirilən şəxslər sui-qəsdin təşkil olunacağı və daha sonra qaçacaqları yeri aydınlaşdıraraq video görüntüyə alıblar. Elvin Əhmədov da partlayıcı qurğunu təşkilatçıların qabaqcadan müəyyən etdiyi yerdən götürərək, Masazır qəsəbəsində yaşadığı ünvana aparıb.

    O bunun qarşılığında müəyyən məbləğdə pul alıb. Bundan sonra həmin qurğunu yaşayış olmayan yerdə gizlədib. Planlaşdırılan əməllərin törədilməsinin qarşısı DTX tərəfindən alınıb.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Nərminə Şabanova və Naib İsmiyev AR Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.