Category: Kriminal

  • Psixotrop maddənin təsiri altında maşını qanunsuz sürən şəxs həbs olundu

    Psixotrop maddənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Biləsuvar rayonu ərazisində VAZ-21214 markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Ağazadənin narkotik vasitənin təsiri altında olması şübhəsi yarandığından o, tibbi müayinədən keçirilib.

    Nəticədə həmin şəxsin psixotrop maddə olan metamfetamin istifadə etdiyi müəyyənləşib.

    Məhkəmənin qərarı ilə Ə.Ağazadə 15 gün müddətinə inzibati həbs edilib.

  • Azərbaycan-İran sərhədində SİLAHLI İNSİDENT (FOTO)

    Fevral ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan Respublikası istiqamətinə dörd naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilməsi müşahidə edilib.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

    Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb, üzərilərindəki bağlamaları atmış havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.

    Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus üç ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

    Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

    Fakt üzrə əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.


  • Azərbaycanda gizlənən Türkiyə vətəndaşı saxlanılaraq ölkəsinə ekstradisiya edildi

    Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda saxlanılaraq ölkəsinə ekstradisiya edilib.

    Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

    Məlumata görə, qırmızı bülletenlə və beynəlxalq səviyyədə axtarışda olan 41 nəfər xarici ölkələrdə ələ keçirilərək Türkiyəyə aparılıb.

    Qeyd olunur ki, axtarışda olan şəxslərdən biri Azərbaycanda saxlanılıb.

    Bundan başqa Gürcüstan (27 nəfər), Bolqarıstan (5), Almaniya (2), Albaniya, Belçika, İraq, Böyük Britaniya, Monteneqro və Sloveniyada yaxalanan Türkiyə vətəndaşları ölkələrinə ekstradisiya edilib.

    Qeyd olunur ki, saxlanılan şəxslər xarici ölkələrə qaçaraq, ədalət mühakiməsindən yayınmağa çalışıblar.

    “Müvafiq ölkələrin təhlükəsizlik qüvvələri ilə səmərəli əməkdaşlıq sayəsində ekstradisiyalar uğurla həyata keçirilib”, – deyə xəbərdə bildirilib.

  • “Lake Hotel”də dörd gəncin ölümündə təqsirləndirilən sahibkara HÖKM OXUNDU

    Binəqədi Rayon Məhkəməsində Binəqədi rayonu ərazisindəki “Lake Hotel”də 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Ağasif Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ağasif Verdiyev 4 il 6 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə ötən il noyabrın 21-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsindəki “Lake Hotel” həyətində baş verib. Hotelin işçiləri -1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov dəmir konstruksiyalı avadanlığı hotelin həyətinə gətirərkən ərazidən keçən yüksəkgərginlikli elektrik xəttinə toxunublar. Hadisə nəticəsində həmin dörd işçi elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    “Lake Hotel”in icarədarı Ağasif Verdiyev şübhəli şəxs qismində saxlanılıb və onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    //oxu.az

  • Şamaxıda qadın öldürüldü – 17 yaşlı ögey oğlu tutuldu

    Fevralın 26-da gecə saatlarında Şamaxıda yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    “Qafqazinfo” xəbər verir ki, onun həyatını xilas etmək mümkün olmayıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 2009-cu il təvəllüdlü M.B. saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı

    Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq materialları tədqiq olunduqdan sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.

    Zərərçəkmiş şəxsin vəkili çıxışının sonunda vəsatət qaldıraraq əlavə şahidlərin məhkəmədə dindirilməsini istəyib.

    Proses zamanı o da məlum olub ki, zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur.

    Martın 5-nə təyin edilmiş növbəti iclasda məhkəmə istintaqının yekunlaşdırılması və hökmün elan olunacağı gözlənilir.

    Qeyd edək ki, 2025-ci il iyulun 26-da, səhər saat 5 radələrində Bülbülə qəsəbəsində yerləşən İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı müəyyən edilib ki, Elvin Məmmədov namaz otağında yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq onu qətlə yetirib. Həmin gün Elvin Məmmədov 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Suraxanı Rayon Prokurorluğu tərəfindən ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) maddələri ilə yekun ittiham elan edilib.

  • Marketlərə müştəri kimi daxil olub oğurluq edən şəxslər saxlanıldılar

    Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıblar. Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.

    Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman bir qadına məxsus pul kisəsini taladığı da məlum olub.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Sabunçuda akkumulyator oğrusu saxlanıldı

    Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.

    Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb. Həmin şəxs taladığı akkumulyatorları satıb.

    Araşdırma aparılır.

  • Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb

    Xocalı soyqırımının törədilməsində iştirak edən şəxslərdən beşi artıq cəzasını alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, fevralın 5-də Bakı Hərbi Məhkəməsi Azərbaycana qarşı bir sıra cinayətlərin, o cümlədən müharibə qaydalarının aparılması, insanlıq əleyhinə cinayət, terrorçuluq və digər əməllərdə təqsirləndirilən Ermənistanın 15 vətəndaşını müxtəlif cəzalara məhkum edib.

    Onların arasında beş nəfərin ittihamında soyqırımı maddəsi də var.

    Belə ki, məhkəmənin qərarı ilə məhkum edilən Arkadi Qukasyan, Bako Saakyan, Madat Babayan, Davit İşxanyan, Arayik Arutyunyana qarşı irəli sürülmüş ittihamlar arasında Xocalı soyqırımı da var.

    Madat Babayan məhkəmədə Xocalı soyqırımında iştirak etdiyini etiraf da edib. O dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib:

    “Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın”.

    O, Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyan və Vanik Petrosyanın verdiyini qeyd edərək bildirib:

    “Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.

    M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: “Səhv etmişik”.

    O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

    Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Arutyunyan, Davit İşxanyan ömürlük, digərləri isə yaşları 65-i keçdiyi üçün 20 il müddətə azadlıqdan məhrum edilib.

  • Külli miqdarda narkotiki satmaq istəyən keçmiş məhkum ələ keçdi – ƏMƏLİYYATIN VİDEOSU

    Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

    Növbəti tədbir zamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onun idarə etdiyi avtomobilindən və paytaxt ərazisində gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İran vətəndaşının tapşırığı ilə deyilən ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.