Category: Kriminal

  • 22 yaşlı gənc kirayə qaldığı evdə bıçaqlandı: İş yoldaşları saxlanıldılar

    Biləsuvar rayonunda gənc oğlan kirayə qaldığı evdə bıçaqlanıb.

    Hadisə rayonun Bəydili kəndində baş verib. Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyev kirayə yaşadığı evdə olarkən iki nəfər ona hücum edib. Həmin şəxslər F.Həziyevə bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıblar.

    Yaralı təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. F.Həziyev Reanimasiya şöbəsinə yerləşdirilib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Tural Əmirxanov və Əli Məmmədov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər F.Həziyevin iş yoldaşıdırlar.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Bakıda məktəbə müəllim işinə düzəltmək vədi ilə dələduzluq – QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Kərim Gülgünovun (ad-soyad şərtidir – red.) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən protest üzrə proses başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu iclasda elan olunan qərara əsasən, apellyasiya protesti təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə ilkin instansiya məhkəməsi tərəfindən 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

    Apellyasiya instansiyasında “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinin tətbiqi ilə onun cəza müddəti 2 il 2 ay 25 günə endirilib.

    İttihama görə, Kərim Gülgünov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib. O, özünü zərərçəkmiş Xəlil Nəbiyevin (adı, soyadı şərtidir – red.) həyat yoldaşını Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən orta məktəblərin birinə “Azərbaycan dili və ədəbiyyat” müəllimi vəzifəsinə işə düzəltməyə köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan şəxs kimi təqdim edib. Müttəhim həqiqətə uyğun olmayan vədlər verərək zərərçəkmişin etibarını qazanıb və özünə inandırıb.

    Beləliklə Kərim Gülgünov 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində zərərçəkmişdən 8 min manat məbləğində pul vəsaitini alıb. Lakin verdiyi vədə əməl etməyib və öhdəliyini yerinə yetirməyib.

  • Nənə, gəlin və nəvəni vurub öldürən keçmiş satış menecerinin cəzası azaldıldı

    Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ayaz Əliyevin barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az “Pravda”ya istinadən xəbər verir ki, prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin olunmuş yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 ay həddində müəyyən olunub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.2-ci bəndinə əsasən, Ayaz Əliyev barəsində müəyyən edilmiş cəza altı ilə endirilib.

    İttihama görə, hadisə 2023-cü il mayın 28-də saat 21 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, 1980-ci il təvəllüdlü Ayaz Vəli oğlu Əliyev idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə piyadalar üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadalar – 1964-cü il təvəllüdlü Səkinə Baloğlan qızı Rəsulovanı, onun gəlini, 1984-cü il təvəllüdlü Samirə Xudayar qızı Cavadovanı və sonuncunun qızı, 2020-ci il təvəllüdlü Məryəm Nadir qızı Hüseynovanı vurub. Nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Ayaz Əliyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Ayaz Əliyev MMC-lərdən birində satış meneceri vəzifəsində çalışıb.

  • Terrorçuluq fəaliyyətində təqsirləndirilən Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb

    Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Müşavirə keçirən hakimlər heyəti müdafiə tərəfinin verdiyi vəsatəti təmin etməyib və həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

    Sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb və baxış iclası martın 11-nə təyin edilib.

    Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchizetmə əməlləri ilə bağlı DTX-də başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

    Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib.

    Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.

    DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.

    Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.

    Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq inayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

  • Gəncədə “Bravo” marketdə içki və şokolad oğurluğu

    Gəncə şəhəri, Nizami prospekti 47 ünvanda fəaliyyət göstərən “Bravo” marketdə oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, marketdən əsasən müxtəlif markalı spirtli içkilər və şokoladlar oğurlanıb.

    Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu Natiq adlı şəxsdir. O, saxlanılıb və Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə ittiham elan olunub.

    Cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə Natiqə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Toyuq hininə salıb, gəlinlik geyindirənlərə hökm oxundu – 44 il 4 ay

    “TikTok” sosial platformasında talışları təhqir edən şəxsi oğurlayaraq işgəncə verməkdə ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Hökmə əsasən, Şücayət Rzayev 10 il, Səlim Əliyev 8 il 6 ay, Samir Hüseynov 8 il 6 ay, Müştəba Əliyev 8 il 6 ay, Təbriz Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Təqsirləndirilən şəxslərdən Murad Rzayev və Əhməd Əzizov isə 2 il olmaqla şərti cəza verilib.

    Xatırladaq ki, Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilənlər – Şücayət Rzayevin 12 il, Səlim Əliyevin 11 il, Murad Rzayevin 9 il, Samir Hüseynovun 11 il, Əhməd Əzizovun 8 il, 6 ay, Müştəba Əliyevin 11 il, Təbriz Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Xatırladaq ki, Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevə Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 133.2.1 (Əzab vermə – iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə – Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham elan edilib.

    İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok” sosial şəbəkəsində “Nəzirxan qanuni oğruların dədəsi” adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

    Təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir.

    İttihamda deyilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

    İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

    Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli “gəlinlik” paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar.

    Təqsirləndirlilən şəxslərdən ikisi yetkinlik yaşına çatmayandır.

  • Vardanyan apelyasiya şikayəti verməyəcək

    Ruben Vardanyan hökmdən apelyasiya şikayəti verməyəcək.

    Bu barədə Vardanyanın ailəsi açıqlama yayıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələr və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan fevralın 17-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.//unikal.az

  • Qanunsuz saxlanılan silahlar aşkar edildi

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, fevralın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 18 tüfəng, 2 patron darağı və 24 ədəd patron aşkar edərək götürüblər.

  • Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb

    Özünü ölkə ərazisində yayımlanan televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb edən şəxs daxil olan şikayətlər əsasında Lənkəran şəhəri ərazisində saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, araşdırmalar əsasında müəyyən olunub ki, 34 yaşlı Şəhriyar Həsənzadə

    müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

    Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.

  • Salyanda avtoxuliqanlıq edən sürücü həbs olundu

    Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan A.Rəhimov saxlanılıb.

    Sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Rəhimov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.