Category: Kriminal

  • Naməlum şəxs qadın sürücüyə qorxulu anlar yaşatdı – Evinədək təqib etdi, əri ilə dalaşdı

    Lənkəran rayonunda qadına qarşı xuliqanlıq hərəkətləri etmiş şəxs inzibati məsuliyyətə cəlb olunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun kəndlərindən birində qeydə alınıb.

    Polisə müraciət edən qadın avtomobilinin təqib olunduğunu və tanımadığı şəxsin onun evinə kimi gələrək xuliqanlıq hərəkətləri etdiyini bildirib.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü F.Abışov (şərti – red.) saxlanılıb. Məlum olub ki, o, həmin gecə Lənkəranda sahil ərazidə yerləşən obyektlərin birində ad günü məclisində iştirak edib və gecə saat 04 radələrində Xəyal adlı tanışına məxsus “Hyundai Grandeur” markalı avtomobillə oranı tərk edib. F.Abışov maşınla Şilavar kəndindən keçərkən işıqforda dayanan avtomobili xanım sürücünün idarə etdiyini görüb. Psixotrop maddənin təsiri altında olan şəxs qadının avtomobilini təqib etməyə, işıq siqnalı verərək onu dayandırmağa çalışıb. Qorxu keçirən sürücü maşını yaşadığı evədək sürüb və pəncərələrini bağlayaraq nəqliyyat vasitəsindən enməyib. Bu zaman onun əri və digər şəxslər küçəyə çıxıblar və tərəflər arasında insident baş verib.

    Polis tərəfindən saxlanılan F.Abışov şöbəyə aparılıb və barəsində inzibati protokol tərtib edilib. O, ifadəsində bildirib ki, qadına yaxınlaşmaqda məqsədi sataşmaq deyil, yol soruşmaq olub.

    Lənkəran Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 1 aylıq həbs edilib.

  • Məhkəmə bıçaqlanmada ittiham olunan Emin İbrahimovla bağlı QƏRAR VERDİ

    Bakıda adam bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun barəsindəki hökmdən verdiyi kasasiya şikayətinə baxılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, Emin İbrahimovun verdiyi şikayət təmin edilməyib.

    Qeyd edək ki, hadisə 2024-cü ildə Bakının Nizami rayonunda qeydə alınıb.

    İttihama görə, Emin İbrahimov Kamal Hacıəli oğlu Şükürov adlı Qaraçuxur sakini ilə mübahisə edərkən ona bıçaqla xəsarət yetirib.

    Sabiq diplomat Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. İbrahimov 7 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin edilməyib.

    Xatırladaq ki, Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

  • Bakı sakinini oğurlayıb, ona işgəncə verənlərə HÖKM OXUNDU

    “TikTok” sosial platformasında milli zəmində təhqiramiz ifadələr işlədən Bakı sakini Nəzirxan Ağaxanovu oğurlayaraq işgəncə verməkdə ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslar iclasın gedişinə etiraz etdiyindən bu, hakimlər tərəfindən məhkəmə qaydalarının pozulmasi kimi qiymətləndirilərək, onlar zaldan çıxarılıblar. Proses təqsirləndirilənlərin iştirakı olmadan davam edib.

    Vəkillər müdafiə çıxışlarını bitirdikdən sonra, son söz üçün təqsirləndirilən şəxslərin məhkəmə zalına gətirilməsi tələb olunsa da onlar son söz deməklə yanaşı prosesdə iştirak etməkdən də imtina ediblər. Onların imtinası aktlaşdırılaraq protokollara əlavə edilib.

    Müşavirədən sonra hökm oxunaraq Səlim Əliyev 8 il 6 ay, Şücaət Rzayev 10 il, oğlu Murad Rzayev 2 il şərti, Samir Hüseynov 8 il 6 ay, Əhməd Əzizov 2 il şərti, Müştəba Əliyev 8 il 6 ay, onun oğlu Təbriz Əliyev də 8 il 6 ay azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, ötən prosesdə prokuror çıxış edərək təqsirləndirilənlər – Şücayət Rzayevin 12 il, Səlim Əliyevin 11 il, Murad Rzayevin 9 il, Samir Hüseynovun 11 il, Əhməd Əzizovun 8 il 6 ay, Müştəba Əliyevin 11 il, Təbriz Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

    Qeyd edək ki, Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevə Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə ) 133.2.1 (Əzab vermə – iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə – Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələri (nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) ilə ittiham elan edilib.

    İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok” sosial şəbəkəsində “Nəzirxan qanuni oğruların dədəsi” adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

    Təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir.

  • Gəncədə 30 manata görə qətl törədən şəxsdən xəbər var

    Gəncədə qəsdən adam öldürmədə təqsirləndirilən Yaqub Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılır.

    Qeyd edək ki, 2024-cü il yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Məlumata görə, Vasif Həsənov Gəncədə kirayəyə xeyir-şər çadırı verməklə məşğul olub. Yaqub Həsənovun kirayə avadanlıqla bağlı mərhuma 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Mübahisənin tərəflər arasında məhz bu səbəbdən düşdüyü və Vasif Həsənovun kəsici alətlə qətlə yetirildiyi bildirilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 17 il müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilib, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Yaqub Həsənovun Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilib və o, 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası 22 000 manat maddi ziyan tələbi hissəsində qismən, 4 986.71 manat məbləğində təmin edilərək təqsirləndirilən şəxsdən alınaraq ona ödənilib.

  • Qaradağda 10 kiloqrama yaxın narkotiki daşıyan şəxs ələ keçdi – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)

    Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.

    Müəyyən olunub ki, A.Əhmədov istintaqla şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlarda gizlətməyi planlaşdırıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Perinatal Mərkəzin sabiq direktoru: “Bizdəki balonlar kifayət etmirdi”

    Respublika Perinatal Mərkəzində yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş sabiq direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin sabiq müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin sabiq müdiri Elnur Əhmədlinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi proses təqsirləndirilən sabiq direktor Mehriban Abasquliyevanın ifadəsi ilə davam edib.

    M.Abasquliyeva bildirib ki, FHN əməkdaşlarının iştirakı ilə yanğın təhlükəsizliyi qaydalarına dair tədbirlər keçirib:

    “Tədbirdə zəlzələ, yanğın və digər təhlükəli vəziyyətlər barədə maarifləndirici söhbətlər aparılıb. İşçilər tədbirdə yanğınsöndürən balonlardan istifadə etməyi öyrəniblər. İşçilər balonlardan necə istifadə edəcəklərini bilirdilər. Bizdəki balonlar kifayət etmirdi. Yeniləmək üçün kifayət qədər maliyyə olmayıb. Mərkəz TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi tərəfindən maliyyələşdirilib”.

    Təqsirləndirilən şəxs onu da qeyd edib ki, bundan başqa, onun rəhbərliyindən öncə də mərkəzdə çoxsaylı problemlər olub:

    “Qazanxanada nasazlıq olduğu üçün isti su gəlmirdi. Mərkəzin binasında məndən öncə quraşdırılan havatəmizləyici qurğu da işləmirdi. Bunları dekabr-yanvar aylarında özüm təmir etdirmişdim. Daha sonra mərkəzə 20 kq-lıq paltaryuyan maşın, soyuducu və digər lazımi cihazlar almışdım”.

    O, öz vəsaiti ilə mərkəzdə təmir işləri apardığını da deyib:

    “Mənim aylıq əməkhaqqım 6 549 manat olmasına baxmayaraq, öz şəxsi büdcəmdən mərkəzin işlərinə 3 500 manat xərcləmişəm. Bundan əlavə, mərkəzin yanğın siqnalizasiyası yararsız vəziyyətdə olub. Bunun yenilənməsi üçün 60 min manat tələb olunub. Digər xərclərlə yanaşı, təmirə 200 min manat lazım idi. Bundan əlavə, yanğın təhlükəsizliyi siqnalizasiyasının quraşdırılmasına, dam örtüyünün sökülərək siqnalizasiyanın oraya yerləşdirilməsi və digər işlərin görülməsi üçün ümumilikdə 2 milyon 705 min manat lazım olub. Yanğın təhlükəsizliyi siqnalizasiyasının olmaması barədə TƏBİB-ə yazılı məlumat verdim. Lakin qurumdan bu vəsaitin külli miqdarda olduğu deyildiyi üçün həmin pulu ala bilmədik. Bu gün də mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı siqnalizasiya sistemi quraşdırılmayıb. Buna görə də 2025-ci ildə mərkəzin rəhbəri inzibati məsuliyyətə cəlb olunub”.

    Mehriban Abasquliyeva deyib ki, əvvəlki rəhbər tərəfindən stasionar müalicə alan xəstələrin saxlanılması müddəti süni şəkildə uzadılıb:

    “Mən bu neqativ halların aradan qaldırılması üçün tədbirlər gördüm. Dövlət büdcəsindən artıq vəsait xərclənməsinin qarşısını aldım. Məsələn, mərkəzdə müalicə edilən xəstəyə 10 gün lazım idi, amma bu, süni şəkildə 20 günə qədər artırılırdı. Mən təyin ediləndən sonra bu neqativ hallara son qoydum, bir xəstənin müalicə olunduğu müddətə iki xəstəni dövlət hesabına müalicə etmək mümkün idi”.

    Növbəti proses martın 4-də keçiriləcək.

    Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş körpə ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq, yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
    //oxu.az

  • Toyda olan qonşusunun evindən oğurladığı pulla özünə maşın alan şəxsə HÖKM OXUNDU

    Sabirabad rayonunun Moranlı kəndində qonşusunun evindən pul oğurlayan 24 yaşlı Araz Qarayev barəsində məhkəmə hökmü elan edilib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs zərərçəkmişin övladının toyunda olmasından istifadə edərək pəncərədən evə daxil olub.

    O, yataq otaqlarından birindən 2500 manat dəyərində qızıl üzük, digər otaqdakı şkafda yerləşən kassa aparatını götürərək həyətə çıxarıb. Daha sonra kassanı sındıraraq içərisində olan 15 930 manat və 2100 ABŞ dollarını ələ keçirib. Nəticədə zərərçəkmişə ümumilikdə 22 300 manat məbləğində maddi ziyan dəyib.

    Araz Qarayev ifadəsində bildirib ki, hadisədən sonra pulu gizlədib Naftalana qayıdıb. Ertəsi gün Göygöl rayonunda VAZ-2114 markalı avtomobili 7300 manata alıb. O, avtomobilin pulunu oğurladığı vəsait hesabına ödədiyini etiraf edib. Daha sonra maşını əvvəlcə etibarnamə ilə idarə edib, iki gün sonra isə sevgilisinin adına rəsmiləşdirib.

    Təqsirləndirilən şəxs bildirib ki, oğurluq hadisəsini təkbaşına törədib, əməlindən peşmandır, zərərçəkmişlə barışıb və dəymiş ziyanı tam ödəyib.

    Zərərçəkmiş şəxs də məhkəmədə ona dəymiş maddi ziyanın tam ödənildiyini təsdiqləyib və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

    Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Araz Qarayev Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun əvvəl saxlanıldığı və həbsdə qaldığı müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 1 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    Araz Qarayev məhkəmə zalından sərbəst buraxılıb.

  • Naxçıvanda minlərlə manat oğurlandı – Saxlanılan var

    Naxçıvanda ödəmə terminalı oğurlanıb.

    Hadisə Babək rayonunda yerləşən mağazaların birinin qarşısında baş verib.

    Mağazanın girişində içərisində 9 503 manat olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

    Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt oğurluq əməlini həyata keçirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    //oxu.az

  • 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqladı

    Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işinin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Araz Səmədovun sərbəst ifadəsi dinlənilib.

    Araz Səmədov ifadəsində bildirib ki, zərərçəkən Babək Uğurlu onun qardaşı yoldaşının yaxın qohumu olub.

    Təqsirləndirilənin dediyinə görə, hadisə baş verən gün Araz bacısının otağına girərkən Babəki bacısının yanında görüb və hiddətlənib. Buna görədə mətbəxdən bıçağı götürərək onun üzərinə cumur və bıçaqla xəsarətlər yetirir.

    Təqsirləndirilən ifadəsi zamanı “Mosson”,”cin”,”şeytan”kimi təriqət və gözəgörünməz varlıqların adını çəkərək, guya onların vasitəsilə hər bir məlumatı aldığını deyib.

    Zərərçəkən 30 yaşlı Babək Uğurlu isə məhkəmədəki ifadəsi zamanı Arazın azyaşli bacısı ilə nişanlı olduğunu deyib.

    “Mən Arazın azyaşlı bacısı ilə nişanlı idim. Qızın yaşının 18 yaş olduğunu gözləyirdik, evlənəcəkdik. Həmin gecə saat 2-də oturub söhbət edirdim nişanlımla, onların evində. O məndən küsmüşdü, könlünü almaq istəyirdim. Birdən Araz əlində bıçaq içəri daxil olaraq “sən cinsən, şeytansan” deyə-deyə üstümə cumdu və bıcaqla zərbələr endirməyə başladı. Nə qədər çalışsam da, bıçağı onun əlindən ala bilmədim. Bu zaman bacısı da yaralanmışdı. Bədənimin müxtəlif yerlərindən qan axırdı”.

    Növbəti proses aprelin 7-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrinda Bakının Əmircan qəsəbəsində baş verib. Babək Uğurlunun çoxsayli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxani raton Poli İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının əməliyyatı zamani hadisəni törətməkdə təqsirli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Hökumənin ailəsinin 80 minini ələ keçirənə bu cəza verildi

    Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib.

    İttihama görə, A.isgəndərov xaricdə yaşayan “Petroviç” soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün “m10” pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə “ABB-dən payız sürprizi” və digər bu kimi yalan məzmunlu elan yerləşdirib.

    Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və “OTP” təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib.

    O və digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə ediblər.

    Zərərçəkənlər arasında Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev də olub. A.İsgəndərov və əlbir olduğu şəxslərin C.Alıyevə məxsus bank hesabından 80 min manatdan artıq pulu ələ keçirdiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə o saxlanılıb və barəsində cinayət işi açılıb.

    Məhkəmə A.İsgəndərovu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2-cü maddələri üzrə təqsirli bilib. O, 8 il 6 ay həbs cəzasına məhkum edilib.