Category: Kriminal

  • Marketdən araq, kolbasa oğurladı – “Yeyib-içmək istəyirdim” dedi

    Bakıdakı marketlərdən birindən 181 manatlıq oğurluq olub.

    Baxış zamanı oğurlanan məhsulların 3 butulka araq, kolbasa və pendir olduğu müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı hadisə ilə bağlı 47 yaşlı R.A barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

    R.A ifadəsində deyib ki, həmin gün çox ac olub. Ürəyi yeyib-içmək istədiyi üçün də mağazadan ərzaq oğurlayıb. O, hakimdən həbs edilməməsini xahiş edib.

    Hakim R.A-nın maddi vəziyyətini, müəyyən xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq pul cəriməsi və həbs qərarı verməyib.

    İnzibati xətaya görə onun barəsində 240 saat islah işləri növündə tənbeh tətbiq edilib.
    //qafqazinfo

  • Prokuror qadını daşla öldürən şəxsə 19 il cəza istədi – FOTO

    Bakıda qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub.

    Qeyd edək ki, ötən ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində yaşadığı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
    //unikal.az

  • Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 13 tüfəng aşkarlanıb

    Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 13 tüfəng aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, fevralın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbaraatan, 13 tüfəng, 1 patron darağı, 1 mərmi və 8 ədəd patron aşkar edərək götürüblər.

  • “Quşçuluq biznesi”, işədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı – Kuryoz dələduzluq

    Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vüqar Əsədovun cinayət isinin məhkəmə araşdırması başa çatıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək müttəhimin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

    Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər. Növbəti proses martın 10-na təyin edilib.

    Xatırladaq ki, istintaqla Vüqar Əsədovun tanışları Rövşən Kazımov, Hikmət Kazımov və Vilayət Yaqubova qarşı dələduzluq etdiyi müəyyən olunub.

    Belə ki, o, R.Kazımova özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edərək, guya quşçuluq məhsullarının satışı ilə məşğul olduğunu bildirib. Ona yatırım edəcəyi təqdirdə verilən məbləğin aylıq 7-10 faizi qədər gəlir əldə edəcəyinə dair yalan vəd verib. Bu adla ondan ümumilikdə 247 min manat məbləğində pul vəsaitini şəxsən və tanışı İlham Əlisoyun vasitəsi ilə alıb.

    Təqsirləndirilən şəxs bundan sonra gəlir əldə edilməsinə dair saxta rəy yaratmaq məqsədi ilə hissə-hissə Rövşən Kazımova ümumilikdə 123 min 990 manat pul vəsaitini divident adı ilə geri qaytarıb. Qalan 123 min 10 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib.

    Bundan başqa o, təkrarən zərərçəkmiş Rövşən Kazımova övladı Misirxan Kazımlının Dövlət Miqrasiya Xidmətinə işə qəbul edilməsinə köməklik göstərilməsi üçün 50 min manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib. Təqsirləndirilən şəxs özünün yaxın münasibətdə olduğu şəxslər vasitəsilə M.Kazımlını qeyd olunan xidmətə işə qəbul etdirə biləcəyinə dair onun atasına yalan vəd verib və bu məqsədlə 45 min manat pul vəsaitini alıb.

    Vüqar Əsədov zərərçəkmiş R.Kazımovun oğlu digər oğlu Mətin Kazımlını hüquq mühafizə orqanlarında işə qəbul etdirə biləcəyinə inandıraraq bunun üçün də ondan 42 min 500 manat məbləğində pul vəsaitini alaraq təkrarən dələduzluq edib.

    Eyni zamanda, Vüqar Əsədov “quşçuluq biznesinə” pul yatırmaq adı ilə Vilayət Yaqubovun da 141 min 900 manat pul vəsaitini ələ keçirib.

    Onun 33 min 754 manat pul vəsaitini “gəlir” adı ilə geri qaytarıb, 108 min 146 manatı isə mənimsəyib.

    Təqsirləndirilən şəxs tanışı Hikmət Kazımovla “iş görmək” adı ilə sövdələşərək, onun ümumilikdə 115 min 275 manat məbləğində pulunu və əmlakını alıb. Pulun bir hissəsini “gəlir” görüntüsü yaratmaq üçün qaytarsa da, yerdə qalan 89 min 575 manat pul vəsaitini ələ keçirib.

    Bununla da o, zərərçəkmişlərə ümumilikdə 408 min 231 manat maddi ziyan vurub.

    Zərərçəkmiş şəxs qismində R.Kazımov, H.Kazımov və V.Yaqubov tanınıb.

    V.Əsədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

  • Dubaydan gələn biznesmen Bakıda tutuldu: 144 minlik qızıl, 56 min cərimə

    Dubaydan qaçaqmal qızıl gətirən biznesmen Bakı hava limanında saxlanılıb.

    Lent.az-ın məlumatına görə, 56 yaşlı Yevlax rayon sakini Füzuli Əzimov (ad və soyad şərtidir) Birləşmiş Ərəb Əmirliyindən gətirdiyi külli miqdarda qızılı gizli yolla Azərbaycana keçirməyə cəhd edib.

    İttiham aktına görə, gətirilən qızılın ümumi dəyəri 142 min 212 manat təşkil edib. Həmin 10 ədəd qızılın ümumi çəkisi də 711 qramdan artıq olub. Məlumata görə, Füzuli gətirdiyi qızılları aşkar olunmamaqdan ötrü yapışqan lentlə kvadrat formasında bağlayıb və kiçik ölçülü sellofan bükümlərdə saxlayaraq cibində gizlədib. Lakin metal detektoru qızıl külçələri aşkar edib və şəxs yoxlanışdan yayınmaq cəhdlərinə baxmayaraq “Özün et” masasının arxasında əyləşib. Cibindəki qızıl bağlamaları cibindən çıxararaq masanın arxasında gizlədib. Gömrük əməkdaşları həmin qaçaqmal qızılları aşkar edərək götürüblər.

    Faktla bağlı F. Əzimov barəsində cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, gizli gətirilən qızılların gömrük ödənişləri cəmi 18 min 285 manat təşkil edir.

    Məhkəmənin qərarı ilə F. Əzimov gizli keçirmək istədiyi qızılların ümumi dəyərinin 40 faizi, yəni 56 min 884 manat 80 qəpik miqdarında cərimələnib.

  • Bakının məşhur qızıl mağazasının özbək işçisindən şikayət: Minlərlə manat pulla bağlı məhkəmədə iddia qaldırıldı

    Qızıl satışı adı ilə vətəndaşlara qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda G.Mamatova təqsirləndirilən şəxs qismində dindirilib.

    Qadının sözlərinə görə, ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilmir.

    “Zərərçəkmiş Rəvan Babayevi “Moskva” univermağından tanıyıram. Çünki xeyli müddət orada çalışmışam. Qızıl işi ilə məşğul olurdum. Azərbaycandan qızılları alıb Özbəkistana – Daşkəndə yollayıb satırdım. Rəvandan müxtəlif vaxtlarda iki kiloqramdan artıq mal almışam.

    İttiham aktında göstərilib ki, 436 min manatdan artıq pul tərəfimdən mənimsənilib. Etiraz edirəm. Ona ümumiyyətlə borcum yoxdur. Mən Rəvan adlı zərərçəkmişə məxsus qızılların hamısını satıb bütün pullarını özünə vermişəm.

    Digər zərərçəkən Sultanə Rzayevadan isə 62 900 manat mənimsədiyim yazılıb. Onu da “Moskva” univermağından tanıyıram. Ondan 120 min manatlıq qızıl götürdüm. Ancaq mənim ona cəmi 40 min manat borcum var.

    Ceyhun adlı şəxsi isə “Laçın” ticarət mərkəzindən tanımışam. Onun 200 üzüyünü satmışam. 21 250 manat mənimsədiyim bildirilir, halbuki ona heç bir borcum yoxdur”.

    Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

    Qeyd edək ki, Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Nəsimidə iki nəfər saxlanıldı – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.

    Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə – metamfetamin aşkarlanaraq götürülüb.

    Müəyyən edilib ki, E.İmanov və T.Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Məhkəmə “özünü tanımayan” vətəndaşı HƏBS ETDİ

    Bakıda başqasının evinə girib qışqır-bağır salan şəxs həbs olunub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Naməlum şəxs evlərdən birinin həyətinə daxil olaraq “bura mənimdir” deyərək bağırmağa başlayıb. Qorxuya düşən ev sahibi bu barədə polisə məlumat verib. Həmin şəxs saxlanılaraq, 13-cü Polis Şöbəsinə aparılıb. Məlumata görə, saxlanılan adam burada da sakit dayanmayıb və polisin qanuni tələbinə məhəl qoymayıb.

    Şöbədə onun barəsində tərtib olunan protokollar baxılması üçün məhkəməyə göndərilib. İşin maraqlı tərəflərindən biri də məhkəmədə yaşanıb. Belə ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs məhkəmə zalında özünü normal aparmayıb, çölə çıxıb və özünü də tanımadığını deyərək ifadə verməkdən imtina edib.

    Məhkəmənin qərarı ilə həmin şəxs 15 gün müddətinə həbs edilib.

  • Hökumə Əliyevanın ailəsinin 80 minini ələ keçirənə HÖKM OXUNDU

    Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib.

    İttihama görə, A.İsgəndərov xaricdə yaşayan Petroviç soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün elektron pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə yalan məzmunlu elan yerləşdirib.

    Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və OTP təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib.

    O və digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə ediblər.

    Zərərçəkənlər arasında Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev də olub. A.İsgəndərov və əlbir olduğu şəxslərin C.Alıyevə məxsus bank hesabından 80 min manatdan artıq pulu ələ keçirdiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə o saxlanılıb və barəsində cinayət işi açılıb.

    Məhkəmə A.İsgəndərovu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2-cü maddələri üzrə təqsirli bilib. O, 8 il 6 ay həbs cəzasına məhkum edilib.

  • İrandan Azərbaycana PUA vasitəsilə narkotik atdılar – Saxlanılanlar var

    Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları – 1993-cü il təvəllüdlü Natiq Vahid oğlu Mərdanov və 1995-ci il təvəllüdlü Elşən Arif oğlu Mahmudov şübhəli şəxs qismində saxlanılıb.

    İlkin dindirilmə zamanı saxlanılan şəxslər İrandan PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.