Category: Kriminal

  • “Kahı” adı ilə onlarla kiloqram narkotiki Azərbaycandan keçirmək istədilər – Video

    Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Astarada 10 kq narkotik aşkarlanıb

    Astarada 10 kiloqram narkotik vasitə aşkarlanıb.

    DİN-in Mətbuat xidmətinin regional qrupundan AZXEBER.COM-a verilən xəbərə görə, ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin gətirilməsi və ayrı-ayrı ünvanlara çatdırılmasına qarşı polis əməkdaşları sərhədçilərlə birlikdə əməliyyat keçiriblər. Astara rayonunda keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar. Həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.

    Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb

    Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

    Bu gün günorta saatlarında şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.

  • ABŞ-nin Azərbaycandakı səfirliyinin sabiq əməkdaşına hökm oxundu

    ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin dələduzluqda ittiham edilən sabiq əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsiləndirilən şəxsə hökm oxunaraq ona üç il sınaq müddəti olmaqla şərti cəza verilib.

    Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həmzə məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

    Qeyd edək ki, Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün sənədlərdə şişirdilmiş məbləğlər göstərərək bu və digər yollarla ABŞ səfirliyinin yarım milyon manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.

    R.Göyüşov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.

    Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

    Cinayət işi üzrə ABŞ səfirliyi zərərçəkmiş qismində tanınıb.

  • Bakıda mağazadan 750 manat oğurlayan şəxsə AĞIR CƏZA

    Bakıda mağazadan 750 manatlıq məhsul oğurlamaqda təqsirləndirilən Şövqi Dövlətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Ş.Dövlətov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsi təklifini irəli sürüb.

    Qeyd edək ki, Ş.Dövlətova qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Onu da qeyd edək ki, hadisə 2025-cu ildə Suraxanıda yerləşən marketlərdən birində baş verib.

    İstintaqla müəyyən edilib ki, Şövqi Dövlətov marketə basqın edərək spirtli içkiləri yerə dağıdıb və kassadan 750 manat pul vəsaitini ələ keçirib.

  • Müşfiq Abbasov həbs edildi

    Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

    Qərara əsasən M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

    Qeydb edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.

  • Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

    Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib.

    Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayət etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Pirməmmədov tərəfindən hədələndiyi üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını deyib. Model son günlər özünün icazəsi olmadan şəxsi şəkillərinin yayılması faktı ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edib.

    Çelsinin vəkili Asim Abbasov isə deyib ki, müvəkkili prokurorluğa dəvət olunan vaxt ölkədə olmayıb, bu səbəbdən məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar yoxdur.

    Qeyd edək ki, bir neçə gün əvvəl Çelsi Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, onun tərəfindən şəxsi xarakterli video, yazışmaları ilə təhdid edilib.

    Baxşıyevanın sözlərinə görə, əvvəllər 1 ay müddətinə inzibati qaydada həbs edilməsinə səbəbkar da elə Anar Pirməmmədov olub.

    Bu ittihamlardan sonra Anar Pirməmmədovun FHN-dəki vəzifəsindən azad edildiyi bildirilir.

  • Sabunçuda evlərin kameralarını sındırdılar, 10 min manatlıq naqilləri oğurladılar – CİNAYƏTİN VİDEOSU

    Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ümumilikdə yeddi evə qanunsuz daxil olaraq dəyəri 10 min manata yaxın elektrik naqillərini oğurlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onlar əməllərini ört-basdır etmək üçün bəzi evlərdə quraşdırılan müşahidə kameralarını da sındırıblar.

    Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətlərini törətməkdə şübhəli bilinən – əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev saxlanılıblar.

    Araşdırmalarla saxlanılan şəxslərin oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

    Araşdırmalar davam etdirilir.

  • Azərbaycanda orta məktəb müəllimi həbs edildi

    Mingəçevirdə orta məktəb müəllimi həbs edilib.

    Oxu.Az-ın məlumatına görə, Mingəçevir şəhər 11 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rasim Məmmədov (soyad şərtidir – red.) dələduzluqda ittiham edilib.

    O, vətəndaşların etibarından sui-istifadə edərək, onlardan xeyli miqdarda pul alaraq mənimsəyib. R.Məmmədov bir neçə nəfəri aldatmaqla, onlara 200 min manata yaxın vəsaiti alaraq mənimsəməkdə təqsirləndirilib.

    Zərərçəkmişlərin şikayətlərindən sonra R.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 6 il 6 ay azadlıqdan məhrum edilib.

  • Bakıda 53 yaşlı kişi qətlə yetirildi: Saxlanılan var

    Bakıda qətl hadisəsi törədilib.

    Oxu.az-ın məlumatına görə, hadisə fevralın 21-i saat 23 radələrində Şüvəlan qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor İmranoviç Lisenko münaqişə zəminində həmyerlisi 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədovu bıçaqla qətlə yetirib.

    İ.Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalar Xəzər Rayon Prokurorluğu tərəfindən aparılır.