Category: Kriminal

  • Generalın beş milyonluq cinayətdə ittiham olunan oğlu ilə bağlı YENİ QƏRAR

    Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun beş milyonluq siqaret qaçaqmalçılığı cinayətində ittiham olunan oğlu Fərid Usubov hakim qarşısına çıxarılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, prokuror təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.

    Binəqədi Rayon Məhkəməsi ibtidai istintaqın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq təqdimatı təmin edib.

    Qərara əsasən, Fərid Usubovun həbs müddəti 3 ay uzadılıb.

    Qeyd edək ki, F.Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində işləyib.

    O, 2 ay əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

  • Naxçıvanda külli miqdarda psixotrop maddəni QEYRİ-ADİ ÜSULLA gömrükdən keçirmək istədilər – Video

    Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Məlumata görə, narkotik vasitə “Sədərək” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub. “X-ray” stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.

    Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254.397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilib.

  • Çayxanalarda qurulan tələ: “İşə düzəldəcəyəm” deyib minlərlə manat aldı

    Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Yusiflinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

    Qeyd edilib ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

    İttiham aktına əsasən, Samir Yusifli Naxçıvan Muxtar Respublikasının (MR) Qaz İstismar Xidmətinin Təmir-Tikinti və Quraşdırma İdarəsində baş mühəndis vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə epizod üzrə dələduzluq əməlləri törədib.

    Belə ki, 2025-ci ilin aprel ayında o, Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən çayxanada tanışlıq əlaqəsi qurduğu F.F.-yə yalan vədlər verib. Təqsirləndirilən şəxs zərərçəkmişin övladını sözügedən idarədə mühəndis vəzifəsinə işə düzəldəcəyini bildirib və bu məqsədlə ondan 7 000 manat məbləğində pul alaraq dələduzluq yolu ilə ələ keçirib.

    İttiham aktında göstərilir ki, Samir Yusifli 2025-ci ilin iyul ayının əvvəllərində keçmiş iş yoldaşı D.D.-ni Su İdarəsinə müavin vəzifəsinə işə düzəltmək adı ilə aldadıb. Bu məqsədlə o, zərərçəkmişdən ümumilikdə 5 500 manat məbləğində pul alaraq ələ keçirib.

    Digər epizod üzrə təqsirləndirilən şəxsin 2025-ci il iyulun 9-da Naxçıvan şəhəri 49-cu məhəllədə yerləşən restoranın çayxanasında onunla əlaqə saxlayan zərərçəkmiş H.H.-yə yalan vədlər verib. Samir Yusifli zərərçəkmişin övladını həmin idarənin şöbə müdiri vəzifəsinə işə düzəldəcəyini vəd edərək 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

    Həmin tarixdə və eyni məkanda baş vermiş digər epizodda isə təqsirləndirilən şəxsin zərərçəkmiş S.S.-in övladını işə düzəltmək adı ilə aldadaraq 12 000 manat məbləğində pulunu ələ keçirib.

    Bundan başqa, 2025-ci ilin avqust ayının sonlarında Samir Yusifli əvvəllər iş yoldaşı olmuş zərərçəkmiş E.E.-ni Su Meliorasiya İdarəsinə müavin vəzifəsinə işə düzəltmək vədi ilə aldadıb. O, Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasının yaxınlığındakı çayxanada zərərçəkmişdən 5 000 manat məbləğində pul alaraq mənimsəyib.

    Məhkəmə iclasında Samir Yusiflinin müdafiəçisi şifahi vəsatət qaldıraraq cinayət işinin ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib. Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razılaşaraq işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib.

    Dövlət ittihamçısı isə vəsatətə etiraz edərək onun təmin olunmamasını, hazırlıq iclasının davam etdirilərək işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş edib.

    Məhkəmə müdafiəçinin şifahi vəsatətini, təqdim edilən hüquqi əsasları və proses iştirakçılarının mövqelərini araşdıraraq belə qənaətə gəlib ki, vəsatət əsaslıdır. Qərara əsasən, cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

  • Lənkəranda evdən ər və arvadın meyiti tapıldı: Nə baş verib? – Video

    Lənkəranda dəhşətli ailə faciəsi baş verib. Evdən ər və arvadın meyiti tapılıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, kənd sakini Sərhad Məmmədov həyat yoldaşı, 61 yaşlı Balaqız Məmmədovaya atəş açaraq onu qətlə yetirib. Hadisənin səbəbi hələ məlum deyil.

    Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Mənzilə baxış keçirilən zaman Balaqız Məmmədovanın meyiti ilə yanaşı, onu qətlə yetirməkdə şübhəli bilinən Sərhad Məmmədovun da meyiti aşkar edilib. Cinayətin törədildiyi ov tüfəngi maddi sübut kimi götürülüb. Meyitlər daxili və xarici müayinədən keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

  • DTX tərəfindən saxlanılan sabiq icra başçısı ilə bağlı QƏRAR

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.

    Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.

    İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.

  • Kişi arvadını, sonra özünü öldürdü – Lənkəranda DƏHŞƏT

    Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.

    1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.
    Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.
    Faktla bağlı araşdırma aparılır.

  • Narkotiklərlə bağlı 40-a yaxın fakt müəyyən edilib

    Azərbaycanda fevralın 20-də narkotiklərlə əlaqəli 39 fakt müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ötən gün qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

  • Sərxoş halda “102”yə zəng edib narkotikin qiymətindən danışdı: HƏBS OLUNDU

    Sərxoş halda Daxili İşlər Nazirliyinin “102”yə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, 1986-cı təvəllüdlü Ç.V “102”yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əssasız şikayətlər edib.

    O bundan başqa, digər rayonlarda narkotikin qiymətinin 10 manat olduğunu, Füzulidə isə 7 manata satıldığını bildirib.

    Ç.V məhkəmədə özünü təqsirli hesab edərək, əməli sərxoş vəziyyətdə törətdiyini deyib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.

    Məhkəmənin qərarına əsasən, barəsində İnzibati Xətəlar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilmiş şəxs səkkiz sutka inzibati qaydada həbs olunub.

  • Xəzər rayonunda ƏMƏLİYYAT: İki qardaş və əmisi oğlu SAXLANILDI

    Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri – 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir Əhmədov və qardaşı 26 yaşlı Elxan Əhmədov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqram 896 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb.

    Saxlanılanların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan Mahir və Elxan Əhmədovlar qardaşdır. Haqverdi Əhmədli isə onların əmisi oğludur

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Bakıda “moyka” işçisi maşını qaçırdı: İLGİNC BƏHANƏ GƏTİRDİ

    Bakının Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.

    Zərərçəkən polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini “sürərək qurutmaq” bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.

    Faktla bağlı araşdırmalar aparılır.