Category: Kriminal

  • Lənkəranda “Azəriqaz”ın adı ilə 7000 manatlıq dələduzluq

    “Azəriqaz” ASC-nin Lənkəran Regional Qaz İstismarı İdarəsinə işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Lənkəran Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan N.Həsənzadəyə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli saxlanıldığı 1 gün təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

    İş materiallarından aydın olur ki, N.Həsənzadə B.Muxtarzadə adlı vətəndaşa oğlunu “Azəriqaz” ASC-nin Lənkəran Regional Qaz İstismarı İdarəsində “nəzarətçilərin rəhbəri” vəzifəsinə işə düzəldəcək. Bunun müqabilində isə zərərçəkmişdən 7000 manat pul alıb. B.Muxtarxadə sonradan aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. 

    Sonradan məlum olub ki, N.Həsənzadə başqa iki nəfərə qarşı da dələduzluq edib. Məhkəmə zamanı N.Həsənzadə verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

  • Pensiya düzəltmək adı ilə vətəndaşları aldadan şəxsə HÖKM OXUNDU

    Vətəndaşlara əlilliklə bağlı pensiya düzəltmək adı ilə külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Samirə Mirzəyevanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə Samirə Mirzəyeva 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror da həmçinin onun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. İttihama görə, o, əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı vədlər verib və 12 şəxsin 94 min manat müxtəlif vədlər verərək ələ keçirib və dələduzluq edib.

    O, daha öncə digər 13 zərərçəkən şəxsə qarşı 700 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. S.Mirzəyevanın digər epizod üzrə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

    S.Mirzəyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

  • Xətaidə narkotacilərə qarşı ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİ (Video)

    Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onlardan 24 kiloqram 500 qram narkotik vasitə olan marixuana və 1000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

    Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Azərbaycanlı qadınları evlənmək adı ilə əcnəbilərə satan şəxs TUTULDU – VİDEO

    Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.

    Bu barədə DİN məlumat yayıb.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.

    R.Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.

    İstintaqla həmçinin müəyyən edilib ki, R.Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.

    Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R.Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya “152” qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.

  • Bir marketdən oğurlayıb başqasına satdı – Polis saxladı

    Paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində yerləşən mağazaların birindən 2 000 manat dəyərində spirtli içki və tütün məhsulları oğurlanıb.

    Oxu.Az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı R.Rzayev şübhəli şəxs qismində müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs taladığı marketin yaxınlığında yaşayır və mütəmadi olaraq həmin obyektdən alış-veriş etdiyi üçün satıcıların ona diqqət yetirməyəcəkləri qənaətinə gəlib.

    R.Rzayev hissə-hissə məhsulları oğurladıqdan sonra yaxınlıqda yerləşən başqa bir mağazaya apararaq orada ucuz qiymətə satıb. Həmçinin R.Rzayevin üzərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb.

    Fakt üzrə araşdırmalar aparılır.

  • Meyxanaçı Samirənin müğənni qızı SAXLANILDI – FOTO

    Müğənni Fərəh Samirəqızı saxlanılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb.

    Fərəh yaxın saatlarda hakim qarşısına çıxarılacaq.

    Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır. Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb.

  • Yarıçılpaq videolarını paylaşan bloqer cəzalandırıldı – Yeni maddə ilə (FOTO)

    Sosial şəbəkədə əxlaqsızlığı təbliğ edən bloqer məsuliyyətə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Z.Kərimovanın “Instagram” hesabında ictimai mənəviyyata zidd hərəkətlər etdiyi müəyyən olunub.

    Belə ki, onun “Instagram”da 150 min izləyicisi olan səhifədə videolar çəkərək bədəninin müxtəlif hissələrini nümayiş etdirməklə öz mobil nömrəsini paylaşdığı müəyyənləşib. Qadının hər hansı bədən geyimini təbliğ etmək məqsədi olmayıb.

    Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evində çəkilən, 68 000 istifadəçi tərəfindən bəyənilən və əxlaq normalarına uyğun gəlməyən, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq cəmiyyətə açıqcasına hörmətsizlik ehtiva edən hərəkətlər xırda xuliqanlıq hesab olunub.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən Z.Kərimova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq – internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.

    Z.Kərimova izahatında bildirib ki, qadın cazibəsini nümayiş etdirmək məqsədilə bu kimi videolar çəkərək paylaşıb.

    Abşeron Rayon Məhkəməsinin qərarı ilə bloqer 750 manat məbləğində cərimə olunub.

    Qeyd edək ki, 510.2-ci maddə İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib.

  • Paytaxtda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

    Bakıda qızına şillə vuran ata həbs olunub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

    Əvvəllər məhkum olunmuş 41 yaşlı S.Cəfərov saat 1 radələrində telefonla oynayan qızına irad bildirərək yatmasını tapşırıb. Lakin qızı atasının sözlərini eşitməyib və telefonla oynamaqda davam edib. Bundan əsəbiləşən Cəfərov şillə ilə qızının sifətinə zərbə vurub.

    Bu əməlinə görə S.Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanıb. Cəfərov ifadəsi zamanı əməlindən peşman olduğunu deyib. Amma daha qəribə tərəfi isə onun məhkəmədən özü barəsində həbs qərarı verilməsini xahiş etməkdir. Belə ki, təqsirləndirilən şəxs həbs olunmayacağı təqdirdə özünə qəsd edəcəyini bildirib.

    Zərərçəkən qız atasının tez-tez spirtli içki içdiyini və daim evdə mübahisələr yaratdığını deyib. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı da atası onu və anasını döyüb ki, şikayəti geri götürsünlər. Zərərçəkən həyatlarının təhlükədə olduğunu bildirib və məhkəmədən bunu nəzərə almağı istəyib.

    Məhkəmənin hökmü ilə S.Cəfərov 5 ay müddətinə həbs edilib.

  • Sumqayıtda üç nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxs yenidən hakim qarşısında

    Sumqayıt şəhərinin Corat bağlarında evə silahlı basqın edərək 3 nəfəri öldürüb, üç nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəməsinin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılır.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

    Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – Serkan Karakaş da Türkiyədəki xəstəxanalardan birində vəfat edib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev saxlanılıb.

    Sumqayıt Şəhər Prokurorluğunda aparılan istintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

  • Bakıda QƏRİBƏ OLAY: Rəfiqəsi ilə nahar edəndən sonra qızıllarını oğurladı

    Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, zərərçəkən polisə müraciət edərək 5 000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib.

    Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən “102” Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə bilərəkdən polisə yalan məlumat verib.

    Hadisədən sonra S.Abbasova rəfiqəsindən taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb.

    Faktla bağlı araşdırma aparılır.