Category: Kriminal

  • Qafar Abdullayevin HƏBS MÜDDƏTİ UZADILDI

    Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan RİH başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbiri mayın 30-dək uzadılıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.

    Qeyd edək ki, o, 2025-ci ilin noyabr ayında həbs olunub.

    Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağın icra başçısının sabiq müavini Nadir Muradovun həmin vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

    Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

  • Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan MƏHRUM EDİLDİ

    Salyan rayon sakini Alim Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Sənədlərin yoxlanılması zamanı sürücünün bir müddət əvvəl narkotik istifadə etdiyinə görə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən olunub. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib.

    Eyni qanunazidd əməli təkrar törətdiyinə görə A.Babayev məhkəmənin qərarı ilə iki il sürücülük hüququndan məhrum edilməklə, inzibati məsuliyyətə cəlb olunub.

    “BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir”, – məlumatda qeyd edilib.

  • Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs HƏBS OLUNDU

    Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan gənc oğlan həbs olunub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

    İttiham aktına görə, 18 yaşlı Xəyal İsrafilov sevgi münasibətində olduğu 13 yaşlı Aydanla (şərti adla) qızın yaşadığı evdə könüllü şəkildə təbii yolla cinsi əlaqədə olublar. Qızın və ailəsinin şikayəti əsasında Xəyal saxlanılaraq barəsində cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Aydan özü onu yaşadığı evə çağırıb. Əvvəlcə qonaq otağında söhbət ediblər, sonra isə yataq otağında cinsi əlaqədə olublar. Xəyal ifadəsində bildirib ki, cinsi əlaqədə olmaq üçün Aydana heç bir hədə-qorxu gəlməyib.

    Zərərçəkən şəxsin sözlərinə görə isə Xəyal ona hədə-qorxu gəlib. Belə ki, Aydan anası ilə marketdə olarkən Xəyal onları görüb. Axşam “Instagram” sosial şəbəkəsində ona yazaraq, başqa bir oğlanla cinsi əlaqədə olduğunu bildiyini deyib və onunla da eyni münasibətdə olmağı təklif edib. Əks halda Xəyal həmin oğlanla arasında olan münasibəti ailəsinə deyəcəyi ilə Aydanı hədələyib. Zərərçəkən də bundan qorxaraq Xəyalla cinsi əlaqəyə razı olub.

    Lakin zərərçəkən və ailəsi təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirib. Həmçinin Xəyal da əməlindən peşman olduğunu dilə gətirib.

    Qaradağ rayon Məhkəməsinin qərarı ilə Xəyal İsrafilov barəsində 2 il 7 ay 8 gün müddətinə həbs qərarı verilib.

  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

    Bu gün İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

    Bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycanın dövlət sərhəddində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Tural Akif oğlu Səməd-zadənin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o həbs edilib.

    Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

    Səməd-zadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

    Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

  • “Dominos Pizza”da 5500 manatlıq oğurluq

    Yasamal rayonunda yerləşən “Dominos Pizza” iaşə obyektində oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, obyektdən ümumi dəyəri 1500 manat olan “Post monitor touch” markalı iki ədəd post monitor, ümumi dəyəri 480 manat olan “HP” markalı iki ədəd monitor, dəyəri 1500 manat olan HP markalı kompüter dəsti, dəyəri 1200 manat olan nərdivan və dəyəri 900 manat olan “HP” markalı prosessor oğurlanıb.

    Hüquq-mühafizə orqanlarına müraciət nəticəsində cinayəti törətməkdə şübhəli bilinə şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrlə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş itiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    “Dominos Pizza” Azərbaycanda 2014-cü ildə “Domino S” MMC adı altında qeydiyyatdan keçib. MMC-nin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur. O, mediada föqvəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi təqdim edilir.

  • Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu – BAKIDA FİLM KİMİ CİNAYƏT

    CİNAYƏT İŞİ

    Qısa arayış…

    2024-cü il oktyabrın 14-də Bakının Yasamal rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Şəfayət Mehdiyev küçəsi, 97 ünvanında baş verib. Baxışda iştirak edən Sənan Həsənov bildirib ki, dostu Səbuhi Məmmədovla həyətdə söhbət edərkən, səs-küy eşitdiklərini, 2 nəfərin yerdə əlbəyaxa olduqlarını, bir şəxsin digərinə bıçaqla zərbələr vurduğunu görüblər. Sonra kimsə arxadan zərbələr vuran kişini qucaqlayıb geri çəkib, yaralanan şəxs yerdən qalxıb qaçmaq istəyəndə, avtomobilə dəyərək yerə yıxılıb. Sonra o, “103” xidmətinə zəng edərək məlumat verib. Təcili Tibbi Yardım briqadası gəlib, zərərçəkmişi xəstəxanaya aparıb. Qaranlıq olduğundan hadisəni törədənin üzünü görə bilməyib.

    Hadisə olan yer

    Kliniki Tibbi Mərkəzdən məlumat verilib ki, bıçaq xəsarətləri ilə daxil olan 1987-ci il təvəllüdlü Azər İbrahimov saat 23:30-da ölüb.

     

    Məlum olub ki, həmin gecə Tbilisi prospektində Vüqar Əzizovun idarə etdiyi BMW markalı avtomobillə təxminən 40-45 yaşlı şəxs vurulub. Sürücü bildirib ki, piyada qəflətən maşının qabaq sağ tərəfinə çırpılıb və yerə yıxılıb. Onun cibindən dəstəyi sarı rəngli bıçaq yerə düşüb, alətin üzərində qan izləri olub. Sonra Təcili Tibbi yardım işçiləri gələrək piyadanı Kliniki Tibbi Mərkəzə aparıblar. Beləliklə, araşdırma zamanı məlum olub ki, Azər İbrahimovu öldürüb hadisə yerindən uzaqlaşan və avtomobillə vurulan şəxs Təbriz Həsənovdur. Sağalandan sonra noyabrın 19-da onun barəsində həbs qətiimkan tədbiri seçilib.

    Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Azər İbrahimovun bədən səhində 7 ədəd bıçaq yarası aşkar edilib.

    Cinayəti törədən Təbriz Həsənov 1981-ci ildə anadan olub, evlidir və “Kristal Abşeron” şirkətində fasad ustası işləyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xəzər rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib.

    Təbrizlə Azərin yeyib-içdikləri kafe

    Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

     

    İstintaqla müəyyən edilib ki, Azər İbrahimovun xalası oğlu saxlanıldığı üçün o, cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Təbriz Həsənovdan cinayət aləminin ənənələrinə uyğun olaraq 200 manat köməklik etməsini istəyib. Təbriz cavab olaraq ona fəhləlik etməsini, ona görə də pulu olmadığını deyib. Bir neçə gündən sonra telefonla danışarkən Azər İbrahimov rayonda olmasını, bu məsələ ilə bağlı Nihat Abbaslı və onun  tanışı Cavd Məmmədovla birlikdə görüşmələrini təklif edib. Oktyabrın 12-də axşam Bakıxanov qəsəbəsində, dəmiryolu stansiyasında görüşüb, birlikdə Cavid Məmmədovun yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi ev 484-ə gediblər. Söhbət zamanı onlar Təbrizdən 200 manat pulu çatdırmalı olduğunu tələb ediblər. Yaranmış mübahisə zamanı Cavid onun üzünə yumruqla zərbə vurub. Təbriz döyülüb təhqir edildiyindən məcbur olub onlara 100 manat verəcəyini yalandan vəd edərək həmin evdən çıxıb. Təbriz Həsənov həmin gecə Azər İbrahimovla telefonla danışaraq məhz onun Nihat Abbaslı və Cavid Məmmədovla görüşünü təşkil edib təhqir olunmasına şərait yaratdığına görə, əvvəllər cəzaçəkmə müəssisəsində olan nüfuzuna ləkə gəlməməsi üçün ondan və həmin 2 nəfərdən üzrxahlıq etmələrini bildirib.

    Təbriz Həsənov

    Sözlərinə məhəl qoymayan Azər İbrahimovdan qisas almaq məqsədi ilə ayın 13-də günorta zəng edib ona Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının girişində görüşmələrini deyib. Saat 16:30-da metronun yaxınlığında yerləşən “Megastore” supermarketindən dəstəyi taxta materialdan olan, qatlanmayan bıçaq alıb. Azər İbrahimovla görüşüb, piyada Şəfayət Mehdiyev küçəsi, 97 ünvanınında yerləşən “Original” adlı kafeyə gedib yeyib-içiblər. Saat 22 radələrində çıxıb kafenin qarşısında söhbət edərkən, bir gün əvvəl ona qarşı edilmiş qeyri-etik hərəkətə görə, hər üçündən üzr istəmələrini tələb edib. Azər İbrahimov bununla razılaşmadıqda, üzərindəki bıçaqla tanışına bir neçə dəfə zərbə vurub. Zərbələrin təsirindən yerə yıxılan tanışının ölmədiyini görüb ona əlavə zərbələr endirib. Azər İbrahimovun qışqırdığını eşidən şəxslər hadisəyə müdaxilə etdikdə, həmin ərazidən qaçıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılsa da, Azər İbrahimov orda ölüb.

    Azər İbrahimov

    Keçirilmiş ilk məhkəmə iclasında Təbirz Həsənov ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, arvadı və oğlu, 2010-cu il təvəllüdlü Cavanşir Hüseynovla birlikdə Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayıb:

    “Oktyabrın 12-də cəzaçəkmə müəssisəsindən tanıdığım Azər İbrahimov zəng edərək xalası oğlu Nihatın polislər tərəfindən tutulduğunu söylədi. Köməklik etməsini xahiş etdikdə, ona pulum olmadığını bildirdim. Bundan sonra Cavid adlı şəxsin evində, ev sahibi məni vurdu. Azərin və yanında olan şəxslərin hərəkətlərini şəxsiyyətimə təhqir kimi qəbul etdi. Azəri öldürəndən sonra Nihat və Cavidi bıçaqlamağa yollandım. Piyada Tibilisi prospekti ilə hərəkət edərkən məni avtomobil vurdu. Gözlərimi açanda Klinik Tibbi Mərkəzdə olduğumu gördüm. Ayağım sınmışdı, belimdə və qolumda xəsarətlər yaranmışdı. Azərin öldüyünü xəstəxanada olanda öyrəndim. Azərlə üz-üzə dayanmışdıq, ilk zərbəni ayağından vurmuşam. Azərin telefonu ilə görüntülü Cavidə və Nihata zəng edib dostlarının yaralı vəziyyətdə yerdə uzandığını göstərdim Onlardan yanıma gəlmələrini və üzr istəmələrini tələb etdim”.

    Təbrizin marketdən bıçaq alması

     

    Növbəti iclaslarda Təbriz Həsənov özünü təqsirli bilməyərək, işin geri prokurorluğa qaytarılmasını istəyib.

    Zərərçəkmiş şəxsin hüquqi varisi Şaban İbrahimov ifadəsində göstərib ki, oğlu Azər 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 181-ci (quldurluq) maddəsi ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub:

    “Azər 2021-ci ildə əfv qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edildi. Bir müddət Rusiyada işləmişdi, 2024-cü ilin aprel ayında ailə həyatı qurub. Avqust ayından Bakıda yaşayırdı. Oğlumun dəqiq nə işlə məşğul olmasını bilmirdim. Oktyabrın 14-də, gecə saat 3  radələrində oğlumun öldürüldüyünü xəbər verdilər. Sonradan öyrəndim ki, Azəri cəzaçəkmə müəssisəsində məhkum yoldaşı olmuş Təbriz Həsənov qətlə yetirib. Lakin hadisənin səbəbini bilmirəm. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edirəm”.

    Prokuror məhkəmədən təqsirləndirilən şəxsə 20 il cəza təyin edilməsini xahiş edib.

    Məhkəmə qənaətə gəlib ki, Təbriz Həsənovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldümə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Ona həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

     

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təbriz Həsənov cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

  • 8-ci sinif şagirdi mağazadan pul oğurladı – Gecə klublarında spirtli içkilərə xərclədi

    Xırdalanda pərdə-tül mağazasından oğurluq etməkdə təqsirləndirilən Vahid Həsənovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    E-huquq.az-ın məlumatına görə, 8-ci sinif şagirdi olan V.Həsənov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilib.

    Məlum olub ki, 15 yaşlı V.Həsənov Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Pərdəçi №1” adlı pərdə-tül mağazasının qarşısından keçərkən mağazada satıcı olan şəxs divanda yuxuladığını görüb və mağazaya qanunsuz daxil olub. O, içəridəki taxta mebelin üzərindəki pul kassasının kilidini qayçı ilə sındıraraq kassadan 3577 manat pulu oğurlayıb.

    O, məhkəmədə ifadəsində həmin pulu qısa zamanda, yəni 1-2 gün ərzində gecə klublarında spirtli içkilərə və istirahətə xərclədiyini bildirib.

    Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, V.Həsənov 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.

  • Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Məşhur məmur oğlunun məhkəməsi davam edir

    Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda müttəhimin sərbəst ifadəsi dinlənilib.

    O, şikayətçi P.Səlimovla dost olduğunu deyib:

    “Əvvəllər Sumqayıtda yaşayırdı. Bakıya gəlmək istəyirdi. Mənim beton işləri görən şirkətim var, işlərin müqabilində pul əvəzi kimi tikinti şirkətləri paytaxtın müxtəlif yerlərindən mənzillər verirdilər. Səlimovun mənə satdığı tikinti materiallarının əvəzində ona Bakıda bir neçə dəfə ev vermişəm, ödənişlərimi etmişəm. Ona heç bir borcum yoxdur. Yaxın münasibətimiz olduğundan aramızda rəsmi sənədləşmə olmayıb”.

    Zərərçəkən isə təqsirləndirilənin dediklərini yalan və söz yığını kimi qiymətləndirib:

    “Zamiq Xankişiyevin dedikləri uydurmadır. Onun əlində alış-verişlərimizlə bağlı hər hansı bir qəbz olmasa da, məndə bütün qəbzlər mövcuddur və məhkəməyə təqdim edə bilərəm”.

    Növbəti iclas martın 6-na təyin edilib.

    İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək, bir neçə nəfərin etibarından sui-istifadə edib, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

    İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Z.Xankişiyev iş üzrə cəlb edildikdən sonra barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

    Araşdırmalarla məlum olub ki, Xankişiyevdən ən çox zərəri tanışı olan iş adamı P.Səlimov görüb.

    O, müxtəlif vaxtlarda və üsullarla Səlimovun ümumilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

    Şəxs digər vətəndaşa isə 180 min manat ziyan vurmaqda təqsirləndirilir.

    Başqa vətəndaşa isə KIA markalı avtomobil satmaq adı ilə onun 6 000 min manata yaxın pulunu ələ keçirib.

    Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

    Amma o, özünü günahkar bilmir.

    Onu da qeyd edək ki, mediada İmişlidən olan bu iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb.

    Təqsirləndirilən şəxs “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur.

    Müttəhim bahalı avtomobil kolleksiyası olan şəxs kimi də tanınıb.
    //oxu.az

  • “Cibinə siqaret al qoy” sözünə görə başını darvazaya çırpdı

    Biləsuvarda kişi siqaret üstündə qonşusunu döyüb.

    Hadisə Bəydilli kəndində baş verib.

    İttiham aktına görə, 36 yaşlı Zahid Quliyev (ad və soyad şərtidir) evin qabağında qonşusunu Sadiqi (şərti adla) görüb və ondan siqaret istəyib. Sadiq isə siqaret verdiyi zaman zarafatla “cibinə siqaret al qoy də” deyib. Onun bu zarafatı Zahidin xoşuna gəlməyib. O, əsəbiləşərək Sadiqin başından tutub darvazaya çırpıb. Nəticədə qapıbir qonşusu xəsarət alıb. Daha sonra hər ikisi oradan uzaqlaşıblar.

    Hadisə ilə bağlı Zahid Quliyev saxlanılıb və barəsində cinayət işi açılıb. Zərərçəkən ifadəsində Zahiddən şikayətçi olmadığını və onu bağışladığını deyərək barəsində həbslə bağlı olmayan qərar verilməsini istəyib.

    Rayon Məhkəməsinin qərarı ilə Z. Quliyev 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

  • Dələduzluğa görə tutulan oğlunu azadlığa çıxarmaq istədi, 112 min manatını “yedilər”

    Dələduzluğa görə həbs olunmuş oğlunun azadlığa çıxmasına çalışan şəxsin özü dələduzluqla üzləşib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Fərhad Fətəliyev (şərti) Bakının Nəsimi rayonu ərazisində fəaliyyət göstərən çayxanada Şahmar Ağamalıyevlə (şərti) tanış olub. Həmin şəxs özünü Fərhad Fətəliyevə beyin cərrahı kimi təqdim edib. Söhbət əsnasında Fərhad Fətəliyev Şahmar Ağamalıyevə oğlunun dələduzluq ittihamı ilə həbs olunduğunu və onun azadlığa buraxılmasına çalışdığını deyib. Şahmar Ağamalıyev ona bu işdə yardım edə biləcəyini bildirib.

    Yeni tanış olduğu şəxsə inanan Fərhad Fətəliyev oğlunun azadlığa çıxmasına nail olmaq üçün hissə-hissə olmaqla Şahmar Ağamalıyevə nə az, nı çox düz 112 000 manat pul verib. Sonradan aldanıldığını başa düşən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib.

    Şahmar Ağamalıyev saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə baxılıb. Şahmar Ağamalıyev məhkəmədə özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib. O, Fərhad Fətəliyevə 112 000 manat deyil, 68 000 manat ziyan vurduğunu deyib.

    Məhkəmənin hökmü ilə müttəhim 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.