Category: Kriminal

  • Qobustan qayalarının altında XƏZİNƏ AXTARAN DƏSTƏ üzvləri ələ keçdilər – Foto / Video

    Qaradağ rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin (Qobustan) ərazisinə qanunsuz daxil olublar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, onlar qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibində qazıntı işləri apararaq xüsusi maddi dəyəri olan əşyalar talamağa cəhd göstərib və nəticədə mədəni sərvətlərin yararsız hala salınmasına səbəb olublar.

    Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Kamil Ömərov, 59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev və 47 yaşlı Elşad İsgəndərov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər öz əməllərini mobil telefonları vasitəsilə də lentə alıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Bakı hava limanında qızıl əməliyyatı: “Xəstəyəm” deyib külçələri gizlətmək istədi

    142 min manatlıq qızılı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxsin məhkəmə prosesi keçirilib.

    Hadisə ötən ilin avqustunda baş verib.

    Belə ki, 23 avqust 2025-ci ildə təqsirləndirilən şəxs Dubay-Bakı aviareysi ilə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində gömrük nəzarətinin “Qırmızı kanalı”na yaxınlaşıb. Bu zaman gömrük nəzarətindən keçərkən detektor səs etdiyi üçün Sərnişin şöbəsinin inspektoru tərəfindən “Body scan” aparatından keçməsi üçün həmin aparata yönləndirilib.

    Təqsirləndirilən xəstə və yorğun olması bəhanəsi ilə aparatdan keçməyərək orada yerləşən “Özün et” masasının arxasına keçərək sağ tərəfdə olan stulda əyləşib.

    İnspektor onun əynindəki şalvarın cibində saxladığı əşyanı masanın arxasına atıb “Body scan” aparatından keçdiyini, aparatda müayinə zamanı hər hansı hüquqpozma predmetinin aşkar olunmadığını müşahidə edib. Bununla əlaqədar həmin masanın arxasına baxdıqda orada qararəngli sellofan paketə bükülmüş halda kiçikölçülü bağlamanın olduğunu müəyyən edilib.

    Bağlamaya keçirilən ilkin baxış zamanı yapışqan içərisində gömrük nəzarətindən gizlədilmiş 10 ədəd “Pamp” markalı qızıl külçənin olduğu aşkar edilib. Həmin külçələrə ətraflı baxış keçirilməsi üçün təqsirləndirilən şəxs tərəflərindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Ümumi çəkisi 712 qram təşkil edən 10 ədəd qızıl külçə qablaşdırılmaqla götürülüb.

    Xəzər Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayətin predmetinin dəyərinin 40%-i miqdarında, yəni 56 884.8 manat cərimə edilib.

    Həmçinin Dövlət Gömrük Komitəsinin mülki iddiası təmin edilərək qızıl külçələrin gömrük rəsmiləşdirilməsinə görə 18 285.44 manat məbləğində pulun təqsirləndiriləndən tutularaq DGK vasitəsilə dövlət büdcəsinə ödənilməsinə qərar verilib.
    //oxu.az

  • Gəncədə 38 yaşlı kişini bıçaqladılar

    Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

    Hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, şəhər sakini 1988-ci il təvəllüdlü E. Katibli başının və bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

    Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • “Alara İnn Hostel Baku”da müştərinin pulu oğurlandı

    “Alara İnn Hostel Baku”da oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hostelin müştərilərindən biri başqa bir müştərinin 2300 dollar və 140 manat pulunu, həmçinin 85 manat dəyərində olan pul qabını oğurlayıb. Zərəçəkmişə ümumilikdə 4135 manat ziyan dəyib.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılıb.

    Müttəhim məhkəmə zamanə verilmiş ittihamla özünü təqsirli bilib. O, övladının onkoloji xəstə olduğunu, maddi cəhətdən çətinlik çəkdiyini deyərək oğurluq əməlinin buna görə törətdiyini bildirib.

    Məhkəmənin hökmü ilə müttəhimə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Restoranda yeyib-içdi, pul ödəmədi – Məhkəməlik oldu

    Qəbələdə restoranda yemək sifariş edib yedikdən sonra hesabını ödəməyən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə “Künəfə” restoranında baş verib.

    1989-cu il sentyabrın 1-də Mingəçevir şəhərində doğulmuş C.H. həmin restoranda ictimai qaydanı və vətəndaşların sükunətini pozan, lakin cinayət məsuliyyəti yaratmayan hərəkətlərə (İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi – Xırda xuliqanlıq) yol verib.

    O, məhkəmədə özünü təqsirli bilərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

    Məlum olub ki, təqsirləndirilən şəxs bir neçə şəxslə restorana gəlib, təxminən 2-3 saat ərzində müxtəlif yeməklər yedikdən sonra hesabı ödəməkdən imtina edib, daha sonra aqressiv davranmağa başlayıb, restoran rəhbərliyinin ünvanına nalayiq sözlər işlədib. O, hadisəni içkili halda törədib.

    Məhkəmənin hökmü ilə C.H. 10 gün müddətinə həbs olunub.

  • 2 nəfərin ölümünə səbəb olunan sürücü məhkəmə zalında həbs edildi

    2 nəfərin öldüyü qəzada təqsirləndirilən Sultan Sultanlının məhkəmə istintaqı yekunlaşıb.

    Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

    Zərərçəkmiş şəxs isə şikayətçi olduğunu bildirib.

    Daha sonra hökm elan edilib.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs edilib.

    Qeyd edək ki, hadisə ötən ilin aprelində qeydə alınıb.

    Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində bir-biri ilə əks istiqamətdə hərəkət edən Məlikov Ramin İmambaxış oğlunun idarə etdiyi “Lada” markalı 90-VM-038 dövlət qeydiyyat nişanlı avtomobillə Sultanlı Sultan Rafael oğlunun idarə netdiyi “Hyundai” markalı 99-CY-072 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

    Nəticədə avtomobillərdə olan sərnişinlər – Rüstəmov Hacıalı Adil oğlu və Məlikova Vəsfiyyə Yasin qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

    Hər iki sürücü, həmçinin avtomobillərdə olan digər sərnişinlər Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

    Fakta görə Qaradağ Rayon Polis İfdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Kamran Əsədov və Gündüz Abbasovun məhkəməsində şahidlər ifadə veriblər

    Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi iclasda şahidlərin dindirilməsi davam edib.

    Şahid Natiq Mehdiyev bildirib ki, övladı Gündüz Abbasovun yanına fərdi hazırlığa gedib. Lakin ilkin imtahanların nəticələri uğursuz olub. Bu zaman Gündüz Abbasov yüksək bal toplaması müqabilində 8 000 manat istəyib. Şahidin sözlərinə görə, o, “köməkliyin” nədən ibarət olacağını bilməyib. Pullar isə imtahan nəticələrindən sonra veriləcəkmiş.

    Daha sonra imtahanlarda iştirak etmiş Ayxan Mehdiyev ifadə verib. O deyib ki, texniki avadanlıqlar imtahana bir neçə saat qalmış quraşdırılıb. Hakim ondan düzgün ifadə verməyi tələb edib. Məlum olub ki, adıçəkilən şəxs avadanlıqların köməyi ilə 200-dən artıq bal toplayıb.

    Şəmkir rayon sakini, imtahanlarda iştirak etmiş şahid Tunar Qasımov hakimin suallarını cavablandırarkən bildirib ki, Gündüz Abbasovu tanıyır. Onun sözlərinə görə, Gündüz Abbasovla özü danışıb və blok imtahanlarda ondan kömək istəyib. Texniki avadanlıqları bir gün evində saxlayıb, növbəti gün xüsusi ayaqqabının içərisində gizlədərək imtahana daxil olub. Texniki vaistələri ayaqyolunda quraşdırıb. Bunun qarşılığında Gündüz Abbasova 3 000 manat çatdırılmalı imiş.

    Növbəti məhkəmə prosesi sabah saat 16:00-a təyin olunub.

    Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

    İttihama görə, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

  • Beynəlxalq axtarışa verilmiş iki nəfər Azərbaycana ekstradisiya edilib

    Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana ekstradisiya edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Rauf Rüstəm oğl Əliyevu və Natiq İntiqam oğlu Əhmədovun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatətlər müvafiq olaraq Rusiya və Qazaxıstanın Baş prokurorluqları tərəfindən təmin edilib.

    “Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə Rauf Rüstəm oğlu Əliyevin xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Natiq İntiqam oğlu Əhmədovun isə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Bu səbəbdən hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul olunub və onların istintaqdan yayınaraq gizləndiklərinə görə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rauf Əliyev Rusiya, Natiq Əhmədov isə Qazaxıstan ərazisində saxlanılıblar.

    Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətiriliblər”, – deyə məlumatda bildirilir.

  • Rüşvətdə ittiham olunan Səfərbərlik Xidmətinin sabiq idarə rəisi barədə QƏRAR

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ramin Şükürov barəsində olan hökmün tamamilə ləğv edilməsini, barəsində bəraət qərarının verilməsini xahiş edib.

    Məhkəmə qərar qəbul edib.

    Qərara əsasən, şikayət təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

    Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ramin Şükürova dörd il sınaq müddəti seçilməklə 10 il şərti, Xalid Əzimova 2 il 6 ay sınaq müddəti seçilməklə doqquz il şərti, Emil Nəbiyevə isə üç il sınaq müddəti seçilməklə 8 il şərti cəza verilib.

    Onlar müəyyən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

    Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

    Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

    Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

    Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.

  • Məhkəmə Ruslan Eyyubovla bağlı qərar verdi

    Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb.

    APA xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

    Qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

    Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə saxlanılıb. Ötən ilin dekabr ayında barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.

    Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

    Ruslan Eyyubov bir qədər əvvəl Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.