Category: Kriminal

  • Qubada birinci sinif şagirdinə məktəbdə TƏCAVÜZ EDİLİB – İDDİA

    Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbində birinci sinif şagirdinə təcavüz edilib.

    Bu barədə Oxu.Az-a şagirdin valideyni məlumat verib.

    O iddia edib ki, hadisə orta məktəbin tualetində baş verib:

    “Oğlum birinci sinifdə oxuyur. Orta məktəbin doqquzuncu sinif şagirdi aldadaraq oğlumu ayaqyoluna aparıb və orada ona cinsi təcavüz edib. Hadisə barədə orta məktəbin direktoru və oğlumun sinif rəhbəri məlumatlandırılsalar da, bu barədə heç bir tədbir görülməyib. Məktəb direktoru və sinif rəhbəri təcavüz hadisəsini gizlədiblər. Hadisə barədə şikayət edəndən sonra doqquzuncu sinif şagirdi saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb”.

    Zərərçəkmişin valideyni bildirib ki, hadisə barədə şikayət edənə qədər məsələni ört-basdır edirdilər:

    “Hüquq-mühafizə orqanları məsələyə müdaxilə edəndən sonra direktor və sinif rəhbəri hadisəni etiraf etdilər. Amma hələ ki məktəb direktoru və sinif rəhbəri barədə tədbir görülməyib”.

    Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib, həmin qurumların mövqeyini dərc etməyə hazırıq.

  • Bakıda sosial şəbəkələr vasitəsilə narkotik satan şəxslər TUTULDULAR – Video

    Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.

    Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən biri- əvvəllər məhkum olunmuş Tural Məmmədovun paytaxt ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurladığı da müəyyən edilib.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Naxçıvan 5 milyonluq yeyintiyə görə sabiq vəzifəli şəxs HƏBS EDİLDİ

    “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

    Median.Az APA-ya istinadla xəbər verir ki, onunla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

    Qeyd edək ki, Bəhruz Əsgərov 27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.

    Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.

  • “Ege Hospital”a işə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU

    “Ege Hospital”a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq – təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan N.Vəliyeva 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Onun şübhəli şəxs qismində saxlandığı üm gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, N.Vəliyeva başqa bir neçə nəfərə qarşı da dələduzluq edib. O, zərərçəkmişlərin ümumilikdə 26 512 manatını dələduzluq yolu ilə ələ keçirib. N.Vəliyeva qurbanlarını əmək pensiyası, əlillik dərəcəsi düzəltmək, cadu təmizləmək və bu kimi vədlərlə aldadıb.

  • Bakıda qohumunun evindən oğurluq edən şəxs KAMERAYA DÜŞDÜ – Video

    Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

    Zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9 000 manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib. Xətai Rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
    //oxu.az

  • Prokurorluq Ruslan Eyyubovla bağlı məhkəməyə təqdimat göndərdi

    Beş milyonluq siqaret qaçaqmalçılığı cinayəti ilə bağlı ittiham olunan məşhur iş adamı Ruslan Eyyubovun iki aylıq ilkin həbsdə saxlanılma müddəti başa çatır.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bununla bağlı məhkəməyə təqdimat göndərib.

    Prokurorluğun təqdimatında yazılır ki, xüsusilə ağır cinayət işi üzrə 2 aylıq ibtidai istintaq müddəti yetərli olmayıb. Ölkə gündəmində olan cinayət işinin dərindən araşdırılmasının zəruriliyi nəzərə alınaraq istintaqın davam etməsi vacibdir.

    Nəticə olaraq cinayətin ağırlığı, şahidlərə təsir göstərilməsi imkanı ehtimalı əsas gətirilərək, təqsirləndirilən Ruslan Eyyubovun həbsinin daha bir neçə ay uzadılmasına qərar verilməsi istənilir.

    Prokurorluğun təqdimatına gün ərzində Binəqədi Rayon Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki sahibi Ruslan Eyyubov ötən ilin son ayında həbs edilib. Onun qardaşı general Həsən Eyyubov da elə bu hadisələrin gedişində Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanından keçdiyindən limanın direktoru, bir neçə gömrükçü və başqa əlaqəli şəxslər də cinayət məsuliyyətinə cəlb ediliblər.

  • Qaxda keçmiş məhkum külli miqdarda narkotiklə ƏLƏ KEÇDİ – VİDEO

    Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Elnar Allahverdiyev saxlanılıb. Ondan 19 kiloqram marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

    E.Allahverdiyev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Ailəsi ilə mübahisə edən almaniyalı gənc Qazaxda həbs olundu

    Gürcüstandan Azərbaycana qeyri-qanuni yolla daxil olmuş Almaniya vətəndaşı V.S. həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qazax Rayon Məhkəməsinin hökmü ilə 2005-ci il təvəllüdlü şəxsə 4 ay həbs cəzası verilib.

    Məlum olub ki, Almaniya vətəndaşı olan macərapərəst gənc ötən ilin noyabrında Gürcüstandan qeyri-qanuni yolla Qazaxın kəndlərindən birinə keçib. Az sonra o, sərhədçilər tərəfindən saxlanılıb.

    Barəsində Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə iş açılan V.S. ifadəsində bildirib ki, dünya ölkələrinə səyahət etməyi planlaşdırıbmış:

    “2005-ci ildə Almaniyanın Bautzen şəhərində anadan olmuşam. Subayam, əvvəllər fermada mexanik işləmişəm. Ailəmlə – atam, anam və yaşda məndən balaca iki qardaşımla birlikdə Bautzen şəhərinin Jiedlitz kəndində yaşayıram. Atamla anam həmin kənddə yerləşən özümüzə məxsus restoranda işləyirlər.

    Mən işləmədiyim üçün tez-tez atamla aramızda mübahisələr olurdu. Sonuncu dəfə atam məndən işləmədiyim üçün evi tərk etməyimi istədi. Həm buna görə, həm Türkiyə, Gürcüstan, Azərbaycan, Nepal və digər başqa ölkələri gəzmək, həm də gürcüstanlı sevdiyim qızı görmək üçün avtobusa bilet alaraq Münhen şəhərindən Bolqarıstanın Sofiya şəhərinə getdim.

    Orada bir gün meşədə qaldıqdan sonra yolda tanımadığım yük avtomobilinə yaxınlaşıb məni Türkiyəyə aparmağını xahiş etdim. Həmin yük avtomobili ilə bir gün yol getdikdən sonra Türkiyənin Çorlu şəhərinə çatdım. Həmin şəhərdə də yolda avtostop edəndən sonra İstanbul şəhərinə getdim. Daha sonra İstanbul – Tbilisi aviareysinə bilet alaraq Gürcüstana uçdum, üç gün burada küçədə qaldım.

    Oradakı insanlardan və mobil telefonda olan xəritədən istifadə edərək piyada yola düşərək iki gün yol gəldikdən sonra Gürcüstan-Azərbaycan sərhəd-keçid məntəqəsinə yaxınlaşdım. Orada mənə Azərbaycana keçməyin mümkün olmadığını bildirdilər. Daha sonra dağlıq ərazilərlə Azərbaycan istiqamətində yolumu davam etdirdim, təxminən 10-12 saat yol getdikdən sonra adını bilmədiyim kəndə çatdım. Qarşıma çıxan şəxsdən yemək və gecə qalmaq üçün yer soruşdum. Qısa müddətdən sonra sərhədçilər tərəfindən saxlanıldım”.

    Qeyd edək ki, məhkəmə prosesi fevralın 11-də başa çatıb. Cəzasının bitməsindən sonra V.S.-nin Azərbaycandan deportasiya edilməsi gözlənilir.

  • Marketə alış-verişə getdi, maşınından oldu: Yasamalda olay

    Yasamal rayonunda vətəndaşa məxsus VAZ-2107 markalı avtomobili qaçıran şəxs saxlanılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, zərərçəkən polisə müraciətində marketə daxil olmaq üçün avtomobilini saxladığını, qayıtdıqda isə nəqliyyat vasitəsinin orada olmadığını bildirib.

    Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluq və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı B.Əsədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ərəstun Orucluya hökm oxundu

    Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

    Hökmə əsasən, Ərəstun Oruclu 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

    Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

    Qeyd olunub ki, o, 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında yaratdığı kanallarda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.