Category: Kriminal

  • Daha 3 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verildi

    Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

    Siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 3 həkim-mütəxəssis əlavə olunub.

    Siyahıya Əşrəfov Rauf Əşrəf oğlu, Ağayeva Aytac Məhəmməd qızı, Babazadə Nərmin Beydadaş qızı əlavə olunub.

    Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.

  • Anasını hoteldə qətlə yetirən Ayxan Qasımlının məhkəmə işi

    Anasını hoteldə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    “Unikal”ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Prokuror Valeh Ələkbərov ittiham nitqi ilə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

    İstintaqla məlum olub ki, təqsirləndirilən anası Əsmət Qasımlı ilə geyim tərzi səbəbindən mübahisəyə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib. Oğlu isə buna etiraz edib. Əsmət isə “yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm” ifadəsini işlədib. Bundan sonra azyaşlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib. Çiyin nahiyyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb. O canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyyəsinə yumruqlar endirib, daha sonra isə onu boğmağa başlayıb. Anasının rəngi ağarıb xırıldadıqda isə onu boğmağı dayandırıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən “Crossway” hotelində baş verib.

    Təqsirləndirilən şəxsə ifadə vermək təklif edilsə də, o imtina edərək istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.

    O ifadəsində bildirib ki, anasına qısa geyinməyə qoymayıb, çünki bu hərəkətindən utanıb, anasını kiminsə onun yanında belə görməsindən ehtiyat edib.

    Qeyd edək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı oteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham irəli sürülüb.

  • Borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılıb

    Fevralın 17-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 171, o cümlədən borclu şəxs qismində axtarışda olan 143, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmçinin narkotiklərlə əlaqədar 47 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 67,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi aşkar edilərək götürülüb.

    Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər də saxlanılıb.

  • Eyni binadan ikinci dəfə oğurluq etdi: Cinayət anı kameraya düşdü – Video

    Yasamal rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, naməlum şəxs mənzillərdən birinə daxil olaraq oradan 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

    Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər elə həmin binadan başqa bir mənzildən oğurluq etdiyinə görə məhkum olunmuş 27 yaşlı Emin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satdığı məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.

  • Azərbaycanda sabiq deputat bacısı oğlunu həbs etdirmək istəyib

    70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev bacısı oğlu Pərviz Abdullayev barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, sabiq deputat bacısı oğlunun Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri üzrə təqsirli bilinməsini, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

    Nəriman Əliyevin Masallı Rayon Məhkəməsinə müraciət etməsinə isə Pərviz Abdullayevin sosial şəbəkədə yazdığı bu status olub:

    “Min bir əziyyətlə qurub yaratdığımız 25-30 milyon manatlıq şirkət – “Ştutqart” mağazalar şəbəkəsi və buna bağlı olan digər şəbəkələri dayım – keçmiş millət vəkili Nəriman Əliyev tərəfindən əlimizdən alınıb və arxasına keçib. Haramı olsun, istədiyi kimi yeyir, bizim tərəfimizdən bütün qurumlara müraciət olunsa da, hər yerə pul verərək haqqımızı yeyirlər. Nəriman Əliyev bir neçə məmurun adın çəkib deyir ki, onlar mənim arxamdadırlar. Bu, Nəriman Əliyevin birinci böyük şirkətləri ələ keçirməsi deyil, əvvəllər də belə böyük şirkətləri ələ keçirib və şərikinə kələk gəlib. Konkret iranlı şərikinin ürəyi partlayıb öldü. Bizim hələ ürəyimiz partlamayıb və bizə bu ölkədə kömək edəcək elə böyük yaxın məmur dostumuz yoxdur.

    Nərimanın insafı da yoxdur. Əksinə öyrəşib kimlərəsə pul verib, kimlərəsə şər atdırıb tutdurmağa. “Ştutqart” mağazalar şəbəkəsinin adını mən qoymuşdum. Arzularımız, xəyallarımız var idi. Şəbəkəni tam ələ keçirdikdən sonra dərhal adını dəyişib “Şassi” qoydu”.

    Məhkəmə müəyyən edib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Cinayət Prosessual Məcəllənin 293.3-cü maddəsinin formal tələblərini pozmaqla tərtib edilib. Bu səbəbdən məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub.

  • Abşeronda DƏHŞƏTLİ HADİSƏ: Əvvəl saçını qırxdı, sonra başına torba keçirib pulunu aldı – ANBAAN VİDEO

    Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciət edib.

    Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimi müştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəri olan H.Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həmin şəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başına polietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isə o, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.

    Faktla bağlı araşdırma aparılır.

  • Göyçayda çay evində DAVA: Ölən var

    Göyçay rayonunda çayxanada dava olub.

    Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 16-da axşam saatlarında şəhər ərazisindəki çay evində baş verib. Rayon sakini 36 yaşlı Cavid Əhmədovun Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

    Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bacısı boşandığı üçün anasını söyən oğul həbs olundu

    Saatlıda bacısı boşandığı üçün anası ilə dalaşan oğul həbs olunub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    41 yaşlı rayon sakini Allahverdi Həsənov (ad və soyad şərtidir – red.) bacısının boşanmasına əsəbiləşərək anasının yaşadığı evdə qab-qacağı və stulu sındırıb. Bacısı yenə onun sözlərini eşitməyərək ailəsi ilə barışmaq istəmədiyi üçün Allahverdi iki gün sonra yenidən anasının yaşadığı ünvana gedib. Binanın həyətində uca səslə anasını çağırıb və bacısının öz evinə getməsini tələb edib. Bu zaman Allahverdi uca səslə nalayiq ifadələr səsləndirib. Səs-küydən narahat olan qonşular polisə məlumat veriblər. Lakin Allahverdi Həsənov əraziyə gələn polislərə tabe olmaq istəməyib və öz hərəkətlərini davam etdirib.

    O, saxlanılaraq polis şöbəsinə aparılıb, barəsində inzibati protokol tərtib olunub.

    A. Həsənov ifadəsində bir daha belə hərəkət etməyəcəyini deyib və məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

    Məhkəmənin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası təyin olunub.

  • Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini məhkəməyə verdi

    Azərbaycanda kişi bacısının ərini qəbirdaşına görə məhkəməyə verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə Ağcabədi rayonu ərazisində baş verib.

    Ağcabədi rayon sakini İdris Fərzəliyev bir müddət Rusiyada dayılarının yanında yaşayıb. 2024-cü ildə İ.Fərzəliyev müəmmalı səbəbdən ölüb və onun nəşi Azərbaycana gətirilərək dəfn olunub. İ.Fərzəliyevin atası onun məzardaşına “Dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla öldürülən oğlum” yazısı yazdırıb. Bu yazını görən İ.Fərzəliyevin yeznəsini məhkəməyə verib. O, xüsusi ittiham qaydasında Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, bacısının həyat yoldaşının onu təhqir etdiyini bildirib.

    Müraciət məhkəmə tərəfindən qəbul edilsə də, ittihamçı məhkəmə proseslərinə qatılmayıb.

    Bundan sonra isə iddiaçı şikayətini geri götürüb. Nəticədə Ağcabədi Rayon Məhkəməsi işə xitam verib.

  • Abşeronda kişi həyat yoldaşını dayanacaqda döydü

    Abşeron rayonunda kişi həyat yoldaşını küçədə döyüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun “Atyalı” yaşayış massivindəki avtobus dayanacağında baş verib.

    1992-ci il təvəllüdlü Cavid Bəbirov A.Bəbirova ilə 2016-cı ildə ailə həyatı qurub və birgə nikahdan 4 övladları dünyaya gəlib. 2025-ci ildə ailədə narazılıq yarandığı üçün qadın övladlarını da götürüb atasının yaşadığı evə gedib və geri qayıtmayıb. Cavid onun geri qayıtmasını istəsə də, qadın onun bu təklifindən imtina edib.

    Bir neçə gün öncə qadın 9 yaşlı qızını məktəbdən gətirərkən dayanacaqda Cavidlə rastlaşıb. Cavid uşağı ilə görüşmək istəyəndə qadın buna mane olur və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Cavid dayanacaqda həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.

    Hadisə yerinə polis əməkdaşları gəlib və C.Bəbirov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Abşeron Rayon Məhkəməsinə göndərilib. Qarşı tərəf məhkəmə proseslərinə gəlməkdən və ifadə verməkdən imtina etdiyi üçün C.Bəbirov cinayət məsuliyyətindən azad edilib.