Category: Kriminal

  • “Range Rover”dən 11 min manat oğurlayan “ayıq sürücü” saxlanıldı

    Paytaxtın Xətai rayonunda “Range Rover” markalı avtomobildən 11 000 manat oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə “ayıq sürücü” xidməti göstərdiyini bildirərək nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda ərindən boşanmaq istəməyən qadın falçıya 16 min manat verib – Kuryoz dələduzluq

    Bakıda həyat yoldaşından boşanmaq istəməyən qadın falçıya üz tutub və dələduzluğun qurbanı olub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Zərnigar Məmmədova bunun üçün 1968-ci il təvəllüdlü, özünü falçı kimi təqdim edən Aidə Cəfərovaya (adlar və soyadlar şərtidir -red.) 16 297 manat ödəyib.

    Belə ki, Zərnigar ailə problemlərinin həlli üçün baxıcı qadına müraciət edib.

    Falçı isə 16 000 manat pul müqabilində müxtəlif dualar yazıb verməklə ailəsinin dağılmasının, həyat yoldaşının onu boşamasının və xarici dövlətə köçüb getməsinin qarşısını ala biləcəyini deyib.

    İlkin olaraq Aidə Cəfərova ondan 790 manat məbləğində nağd pul alıb, əvəzində qadına iki xaç və iki yumru əşya verib. Qeyd edib ki, onları evdə gizlətsin, bunun həyat yoldaşı ilə münasibətləri yaxşılaşacaq.

    Daha sonrakı təmaslarda falçı Zərnigarı aldatmaqda davam edərək, onun qızıl-zinət əşyalarını da ələ keçirib.

    Yekunda dələduzluğa məruz qaldığını anlayan qadın hüquq-mühafizə orqanlarına müraciət edib, cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.

    Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qarşı tərəfə dəymiş maddi ziyanı ödədiyini bildirib. “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya aktı tətbiq edilməklə, özünü falçı kimi təqdim edən qadının barəsindəki Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.

  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər azadlığa buraxıldılar

    Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad azadlığa buraxılıblar.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar cəza müddətləri başa çatdığı üçün bu gün Bakı İstintaq Təcridxanasından azad edilərək, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil veriliblər.

    Xatırladaq ki, ötən il avqustun 17-də üç əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

    Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Bakı Apellyasiya Məhkəməsi isə Səbail Rayon Məhkəməsinin hökmünü dəyişdirərək, təqsirləndirilən əcnəbilərin cəzasını 2 ildən 6 aya endirib.

    Bununla da həmin əcnəbilərin cəza müddəti başa çatıb.

  • Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

    Ötən il həbs edilən “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev yenidən məhkəməyə verilib.

    Oxu.Az-ın məlumatına görə, buna səbəb sabiq klub prezidentinin adının daha bir dələduzluq əməlində hallanması ilə bağlıdır.

    İddiaçı izahatında bildirib ki, 2024-cü ilin mart ayında “TikTok” sosial şəbəkəsində ev axtararkən özünü Elnur kimi təqdim edən şəxsin mənzil fotoşəkilləri paylaşdığını görüb. Elnur hazırda həmin ərazidəki torpağın Elçin adlı şəxsə məxsus olduğunu bildirib. İddiaçı evi almaq məqsədilə Elnurun dediyi yerdə görüşərək Ceyhun Fəttahov və Rauf Quliyevin ofisinə yaxınlaşıblar.

    Söhbət zamanı Rauf Quliyev iddiaçıya “Füzuli” futbol klubunun prezidenti olduğunu, zəngin və tanınmış şəxs olduğunu, telekanallarda daima çıxış edən şəxs olduğunu deyərək onun etimadını qazanıb.

    Saatlı Rayon Məhkəməsinin son qərarı ilə sözügedən dələduzluq halı ilə bağlı Rauf Quliyevdən 17 500, Ceyhun Fəttahovdan isə 2 500 manat vəsaitin alınaraq iddiaçıya verilməsinə qərar verilib.

    Qeyd edək ki, Rauf Quliyev ötən ilin iyununda məhkəmənin hökmü ilə Rauf Quliyev 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Həmçinin Rauf Quliyev bir neçə vətəndaşı da ev tikmək vədi ilə aldadaraq dələduzluqda ittiham edilib.

  • Tiktoker Benizin məhkəməsində şok etiraf: “Suraxanıya düşsün deyə kartına 500 manat atdım”

    Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Xalid Kərimov Türkiyədən videokonfrans vasitəsilə iclasa qoşulub.

    Təqsirləndirilən şəxs Aybəniz Xəlilova Xalid Kərimova işin hansı səbəbdən Suraxanı Polis İdarəsində aparılması ilə bağlı sual verib.

    Xalid Kərimov bildirib ki, o buna görə prokuror müavini ilə öncədən müəyyən danışıqlar aparıbmış:

    “Mən də ona görə 500 manatı Bənizin kartına atdım ki, iş Suraxanıya düşsün. Bütün bunları planlaşdırmışdıq öncədən”.

    Aybəniz Xəlilova deyib ki, uşağının taleyi onun barəsində veriləcək qərardan asılıdır. Ona görə də məhkəmə iclasının vaxtının tezləşdirilməsini xahiş edib.

    Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

    Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

  • Tiktoker Sərdar həbs edildi

    Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, “TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən “Serdar inanki” hesabı ilə yayımlar edən Sərdar Məcnunov saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (nternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib edildikdən sonra məhkəməyə çıxarılıb.

    Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə onunla bağlı qərar elan edilib.

    Qərara əsasən, Sərdar Məcnunov 20 sutka inzibati qaydada həbs edilib.

  • Dayanacaqda çantasını unudan şəxsin 1200 manatlıq qızılları oğurlandı

    Paytaxtın Nəsimi rayonu, Moskva prospektində yerləşən avtobus dayanacağında naməlum şəxs sərnişinlərdən birinin 1 200 manat dəyərində qızıl-zinət əşyasını oğurlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 22 yaşlı H.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, zərərçəkən avtobusa minən zaman çantasını dayanacaqda unudub. Saxlanılan şəxs isə orada qalan çantanı talayaraq hadisə yerindən uzaqlaşıb.

    Yeni Ramana qəsəbəsində isə evlərin birindən 2 ədəd televizor, samovar və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 24 yaşlı X.Hüseynov və həmyaşıdı İ.Cənnətov da müəyyən olunaraq saxlanılıblar.

    Hər iki fakt üzrə araşdırmalar aparılır.

  • Tiktoker “Renka” saxlanıldı

    Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, “TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən, “Renka” adı ilə yayımlar edən Rəna Cəfərova saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib edildikdən sonra məhkəməyə çıxarılıb.

    Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə onunla bağlı qərar elan edilib.

    Qərara əsasən, Rəna Cəfərovanın himayəsində azyaşlı uşaq olduğu üçün 750 manat cərimə edilib.

  • Həbsdə olan sabiq rəis: “Yığılan rüşvət Vasif Talıbovun göstərişi ilə Seymur Talıbova verilib”

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun başa çatan məhkəməsində bir sıra maraqlı məqamlar üzə çıxıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilən polkovnik-leytenantın ümumilikdə 223 nəfərdən 505 730 manat rüşvət aldığı müəyyənləşib.

    Maraqlıdır ki, Həsən Məmmədov məhkəmədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilovun adını çəkib. O, Mirzə Cəlilovun tapşırığına uyğun olaraq, üçillik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3 000 manat, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılar üçün hərbi biletin verilməsindən ötrü 5 000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1 800 manat məbləğində rüşvət alınaraq xidmət rəisinə çatdırıldığını bildirib.

    Ən maraqlı məqam odur ki, Mirzə Cəlilov da öz ifadəsində Ali Məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbovun adlarını çəkib:

    “Möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplayaraq Ali Məclisin sabiq sədri Vasif Talıbovun göstərişi əsasında Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Seymur Talıbova verdiyim 900 min manat puldan mənə 10 faiz, təxminən 80 min manat çatıb. Yeddi faiz isə rayon şöbə rəisinin idi”.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Mirzə Cəlilov da Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Həsən Məmmədov 2018-2023-cü illərdə, Mirzə Cəlilov isə 2024-cü ilədək vəzifədə olublar.

  • “Roşka”nın məhkəməsi növbəti ayadək təxirə düşdü

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəməyə təqdim olunan videogöruntülərin ekspertizadan keçirilməsi ilə bağlı vəsatət verib.

    Müşavirədən sonra qərar açıqlanıb.

    Rövşən Süleymanzadənin ev dustaqlığına buraxılması təmin olunmasa da, onunla bağlı təqdim olunan videogörüntülərin ekspertizaya göndərilməsi qərara alınıb.

    Növbəti proses martın 3-nə təyin olunub.

    Xatırladaq ki, Rövşən Süleymanov keçən ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.