Category: Kriminal

  • Bakıda qızını cinsi zorakılıqla hədələyən ata SAXLANILDI

    Bakıda həyat yoldaşı və uşaqlarına qarşı zorakılıq edən şəxs məsuliyyətə cəlb olunub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ailə üzvlərinə qarşı zorakılıq hərəkətləri törətməkdə şübhəli bilinən 41 yaşlı Asif Abbasov müəyyən olunub.

    O, saxlanılaraq inzibati qaydada həbs edilib. Araşdırmalar davam etdirilir.

    Xatırladaq ki, fevralın 10-u Bakı şəhəri, Sabunçu rayonunda atanın qız övladını cinsi zorakılıqla hədələdiyi iddia olunub. Sözügedən iddia ilə bağlı ana “Qadın Dəstək Xətti”nə zəng edərək müraciət edib.

    Ana bildirib ki, özü və üç azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı olaraq məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır.

  • Bakıda kanalizasiyaya düşən gəncin anası: “Oğlumu ora niyə getməyi mənə qaranlıqdır”

    Bakının Nərimanov rayonunda “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Azər Cümşüdov arayış verib. O bildirib ki, bundan əvvəlki iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Abbasova yas məclisi ilə bağlı açıqlama verib:

    “Vidadi Abbasov tərəfindən yeyib-içmək verilməsi barədə dedikləri həqiqəti əks etdirmir. Mənim də iştirak etdiyim həmin yas məclisində 2 min adam olub. Yas el adətlərinə uyğun aparılıb. Allah rəhmət eləsin, mən Fəridə xanımın həyat yoldaşının da yasında iştirak etmişəm”.

    Daha sonra mərhumun anası Fəridə Abbasova ifadə verib. O, şikayətçi olduğunu, bu hadisənin bütün günahkarlarının qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəyib.

    Fəridə Abbasovanın sözlərinə görə, məlum hadisə günü, yəni iyunun 26 qeyri-iş günü olub: “Biz də həmin günü evdə olmuşuq, istirahət etmişik. Mən həmin gün qızımgilə gedəcəkdim. Bundan əvvəl oğlumu bəzi şeylər almaq üçün mağazaya göndərdim. Xeyli vaxt keçsə də, oğlum geri qayıtmadı. Namaz vaxtına qədər oğlumu gözlədim. Azan verildi, namazımı qıldım.

    Daha sonra oğluma zəng etdim, ona zəng çatmadı. Oğlum belə məsuliyyətsiz deyildi. Narahat oldum, axşam saat 12-yə qədər gözlədim. Daha sonra qaynımın oğluna dedim. O da dostları ilə əlaqə saxladı. Onların heç biri ilə görüşmədiyi məlum oldu. Mənim içimdə bir hiss oyandı ki, nəsə problem var. Bundan sonra qohumlar yığışdılar, axtarışa başladıq. Daxili İşlər Nazirliyinin “102” qaynar xətti ilə əlaqə saxladıq. Səhərə qədər gözlədik, amma xəbər çıxmadı.

    Səhəri gün polis bölməsinə getdik. Oradan bizi Binəqədi Polis İdarəsinə göndərdilər. Məndən ağız suyundan test götürdülər. Daha sonra bizi Nərimanov Rayon Prokurorluğuna çağırdılar. Ora gedəndən sonra nə baş verdiyini anladım”.

    Fəridə Abbasova daha sonra ifadəsində göstərib ki, qaynı Vidadi Abbasov ondan şikayətçi olmamasını tələb edib: “Mənim yas vermək fikrim yox idi. Fikirləşirdim ki, kim istəsə, evimə gələr. Amma qaynım mənimlə məsləhətləşmədən iyulun 1-də yas mərasimi keçirdi. Oğlumun üç mərasimi iyunun 30-da olsa da, qaynım özü “Badamlıq” mərasim evində iyulun 1-də mənim xəbərim olmadan yas məclisi təşkil etdi.

    Mənim yas verməyə gücüm çatırdı. Amma yas vermək istəmirdim. Qaynının oğlu Emin gəldi. Ona dedim ki, yas verməyə gücüm çatır, nə xərclənib, pulunu verim. Oğlumun toyu da, yası da budur”.

    Zərərçəkmiş şəxsin hüquqi varisi daha sonra deyib ki, Emin gəlib və onunla getməyini istəyib: “Dedi ki, dur mənimlə gedək, “Azərsu”yun işçiləri də ordadırlar. Mən ona dedim ki, getmirəm, yas öz evimdədir. Oğlumun ruhu da buradadır. Onunla aramızda mübahisə yarandı. Mənə dedi ki, getməsən, sən də, qızın da bizim üçün öləcək. Emin dedi ki, 30 min pul verilib, o pul da yasa xərclənib. Həmçinin bildirdi ki, başdaşı pulunun yarısını sən, yarısını da biz qoyaq, başdaşını düzəldək”.

    Sorğu-sual zamanı Fəridə Abbasova deyib ki, onların yaşadıqları evlə hadisə baş verən ünvan uzaqdır: “Oğlum evdən mağazaya getmək üçün çıxmışdı. Ora niyə gedib, bu, mənim üçün də qaranlıqdır. Ehtimal ki, oğlum həmin yerə maşın ustasının yanına gedib. Hadisədən əvvəl maşınla gələndə dedi ki, əyləci yaxşı işləmir”.

    Fəridə Abbasova bildirib ki, oğlunun ölümü ilə bağlı şikayətçi olub: “Bundan sonra qaynımla aramız dəydi. Mənə bildirdi ki, o vaxt ərim öləndə 2 qəbir yeri alıbmış. Halbuki onun pulunu da ərimin yasından artıqlaması ilə götürmüşdü. Buna baxmayaraq, dedi ki, atasının qəbrinin yanından oğlunun meyitini çıxart. Dedi ki, “Niyə şikayətçi oldun? Qadınsan, otur yerində”.

    Şahid qismində ifadə verən Bakı Sukanal İdarəsinin təmir tikinti şöbəsinin rəisi Yaşar Əhmədovun sözlərinə görə, qəza baş verən kimi Azər Cümşüdovu həmin əraziyə göndərib: “Hadisədən əvvəl həmin yerdə məhəccərlər qoyulub, təhlükəsizlik lenti çəkilmişdi. Həmin konstruksiyanı oradan kimin götürdüyünü araşdırmaq lazımdır. Hadisə baş verən ərəfədə ora özüm getməmişəm, Azər Cümşüdov gedib, şəkillərini çəkərək mənə atıb. Təhlükəsizlik ləvazimatları qoyulan əraziyə nəzarət etmək bizim vəzifəmiz deyil, ora xətt baxıcıları nəzarət etməlidir”.

    Şahidin sözlərinə görə, həmin ərazidə kanalizasiya xəttinin üzərində qanunsuz mağazalar tikilib. Qurumun hüquqşünasları bu mağazaların burada yerləşməsinin təhlükəli olduğunu obyekt sahiblərinə mütəmadi olaraq bildiriblər.

    Növbəti proses martın 3-də davam edəcək.

    Qeyd edək ki, ötən il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında “Baksol yolu” ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Baş vermiş hadisə ilə bağlı Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra – iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

    Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin azadlığa çıxma TARİXİ BİLİNDİ (Yenilənib)

    Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın azadlığa buraxılma tarixi açıqlanıb.

    Onlar sabah – fevralın 18-də həbsdən azad ediləcəklər.

    * * * * *

    Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın barələrində olan hökmdən verdikləri apellyasiya şikayəti üzrə yekun məhkəmə keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən yekun prosesdə qərar qəbul edilərək Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Qərara görə, təqsirləndirilən əcnəbilərin cəzası 2 ildən 6 aya endirilib.

    Hökmün icrasından sonra onların deportasiya olunması ilə bağlı qərar isə qüvvədə saxlanılıb.

    Xatırladaq ki, ötən il avqustun 17-də üç əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

    Bu o deməkdir ki, adıçəkilən əcnəbilərin həbs müddəti bu gün başa çatır.

    Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

  • Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə qərar verilib

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə rəhbərlik etmiş və rüşvət almaqda günahlandırılan Rahim Ağayevin məhkəmə hökmündən verdiyi kassasiya şikayəti araşdırılıb.

    Median.Az APA-ya istinadla məlumat verir ki, bu gün Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə baş tutan iclasda müvafiq qərar elan olunub.

    Qəbul edilən qərara görə, şikayət qismən təmin olunub.

    Belə ki, təqsirləndirilən şəxsin ittiham olunduğu 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma – bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ittiham aktından çıxarılıb. Təyin edilmiş cəza müddətinə gəldikdə isə, hökm dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən, Rahim Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.

    Xatırladaq ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma – bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

  • Qusarda avtoxuliqanlıq edən sürücü həbs olunub

    Qusarda avtoxuliqanlıq edən sürücü həbs olunub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən KIA markalı 90-NA-887 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 34 yaşlı Təmkin Rəsulov saxlanılıb.

    Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsində sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Rəsulovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

  • “Sərfəli kredit” elanları ilə DƏLƏDUZLUQ: Vətəndaşlara XƏBƏRDARLIQ edildi – Video

    Sosial şəbəkələrdə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq, saxta elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən 22 yaşlı Hacızeynal Hacıyev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu üsulla onun çoxsaylı vətəndaşları aldadaraq külli miqdarda pul vəsaitini taladığı məlum olub:

    “Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkənlər H.Hacıyevin yaratdığı səhifələrdəki elanlara inanaraq şəxsi və bank kartı məlumatlarını, eləcə də sənədləşmə adı altında müxtəlif məbləğlərdə maddi vəsaitləri qarşı tərəfə göndəriblər. Saxlanılan şəxs pulu ələ keçirdikdən sonra məsuliyyətdən yayınmaq üçün həmin hesabları bloklayıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, internet resurslarındakı “onlayn qazanc”, “asan gəlir”, “sərfəli kredit” və bu kimi adlarla paylaşılan elanlara qarşı diqqətli olsunlar. Bunun üçün şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, belə hallarla rastlaşdıqda isə dərhal polisə məlumat verilməlidir”.

  • Rəşad Daşdəmirovun həbs müddəti uzadıldı

    Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirovun həbs müddəti uzadılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün onun barəsində qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

    Qərara əsasən, təqsirləndirilən Rəşad Daşdəmirovun barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.

    Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq üzrə saxlanılıb. Ötən ilin dekabr ayında barəsində iki ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

    Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.

  • Narkotiki Bakıda satmaq istəyən keçmiş məhkum Ağsuda tutuldu – Video

    Ağsu Rayon Polis Şöbəsinin keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

    Sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkumluq həyatı yaşamış 29 yaşlı Orxan Niftullayev şübhəli qismində saxlanılaraq istintaqa cəlb olunub.

    Baxış zamanı onun üzərindən ümumi çəkisi 9 kiloqrama yaxın olan marixuana və həşiş tipli narkotik vasitələr aşkar edilərək maddi sübut kimi götürülüb.

    Dindirilmə zamanı saxlanılan vətəndaş narkotik maddələri satış məqsədilə əldə etdiyini etiraf edib və onları paytaxt Bakıya aparmağı planlaşdırdığını söyləyib.

    Aşkar edilmiş faktla əlaqədar cinayət işi açılıb və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Qardaşı arvadını yataq otağında qətlə yetirən şəxsə HÖKM OXUNDU

    Cəlilabad rayonunda qardaşının həyat yoldaşını öldürməkdə ittiham olunan Təhmasib Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib.

    Məhkəmənin hökmünə müvafiq olaraq, təqsirləndirilən şəxs Təhmasib Əliyev 18 il 6 ay müddətinə həbs cəzasına məhkum olunub.

    Xatırladaq ki, cinayət hadisəsi ötən ilin avqust ayında Cəlilabad rayonu ərazisində qeydə alınıb. Qanlı hadisənin motivi mülk mübahisəsi olub. Qətli törətməkdə günahkar bilinən Təhmasib Əliyev cinayətdən əvvəl mülk üstündə yaranan mübahisə zəminində Rəviyyə Nərimanovanı hədələyib. Hadisə günü o, pəncərədən evə girərək Rəviyyə Nərimanovanı yataq otağında amansızlıqla öldürüb.

    Məlum olub ki, təqsirləndirilən Təhmasib Əliyev əvvəllər də məhkum edilibmiş.

    Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülmüşdü.

  • Əsgərlikdən yayındırmaq, işə düzəltmək vədləri ilə xeyli pul mənimsədi, ağır cəza aldı

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlində ittiham olunan Kamil Musayevin cinayət işi üzrə araşdırma yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib.

    Məhkəmənin çıxardığı hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum olunub.

    İttiham aktına görə, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə başqasının əmlakını ələ keçirməklə xeyli və külli miqdarda ziyan vurmaqda, eləcə də təkrar dələduzluq törətməkdə günahlandırılır.

    Kamil Musayev birinci epizodda 2024-cü ilin oktyabr ayının əvvəllərində zərərçəkmiş T.T.-ni nəvəsinin xəstəliyi səbəbindən hərbi xidmətdən saxladılacağına dair yalan vədlə aldadıb. Bu məqsədlə ondan ümumilikdə 8 100 manat alaraq mənimsəyib.

    İttihamda qeyd olunur ki, Kamil Musayev növbəti epizod üzrə 2024-cü ilin noyabr ayında tanışı, zərərçəkmiş A.A.-ya özünü və həyat yoldaşını işə düzəldəcəyi barədə yalan vəd verib. Ondan müxtəlif vaxtlarda və yerlərdə hissə-hissə olmaqla ümumilikdə 15 500 manat pul alaraq, zərərçəkmişə ziyan vurub.

    Bundan əlavə, istintaq materiallarına görə, Kamil Musayev təkrarən özgənin əmlakını ələ keçirmək niyyəti ilə zərərçəkmiş QSC-lərdən birinin satış menecerini və satışa nəzarət edən əməkdaşını aldadıb. O, hospitallardan birinin (MMC) direktoru vəzifəsində çalışan qardaşı Famil Musayev vasitəsilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə müxtəlif məişət avadanlıqları və dəftərxana ləvazimatları satmaq imkanının olduğunu, alınan malların pulunu 2025-ci ilin aprel ayınadək ödəyəcəyini deyib. Bu yalan vədlər əsasında 2025-ci ilin yanvar-fevral ayları ərzində zərərçəkmiş QSC-nin anbarından ümumilikdə 109 196.551 manat dəyərində müxtəlif məhsullar – minlərlə bağlama A4 və A3 formatlı kağız, yüzlərlə rulon kassa kağızı, “Quicks” markalı televizor və 25 ədəd soyuducu – götürərək mənimsəyib.

    Beləliklə, ittihama əsasən, təqsirləndirilən şəxs vahid niyyətlə və təkrar olaraq dələduzluq cinayətləri törədib.

    Məhkəmə baxışı zamanı ifadə verən Kamil Musayev ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib.