Category: Kriminal

  • Bakıda çoxmərtəbəli binada YANĞIN: Təxliyənin ANBAAN GÖRÜNTÜSÜ (Video)

    Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

    FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 128kv.m olan üçotaqlı mənzilin mətbəxində 3p.m mətbəx mebeli və məişət əşyaları yanıb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.

    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

  • Casusluqda ittiham edilən Fransa vətəndaşının məhkəməsinə bəzi şahidlər məcburi gətiriləcək

    Fransa dövlətinə casusluq etməkdə şübhəli bilinən Martin Ryan və dövlətə xəyanət maddəsi ilə ittiham olunan Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə növbəti məhkəmə dinləməsi baş tutub.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda prokuror iş materiallarında adı hallanan, lakin prosesdə iştirak etməyən şahidlərin məhkəməyə çağırılmasını xahiş edib.

    Dövlət ittihamçısı vurğulayıb ki, həmin şəxslərin dindirilməsi işin gedişatı üçün mühüm əhəmiyyət daşıyır.

    Müdafiəçilər bu vəsatətə qarşı çıxmayıblar.

    Məhkəmə heyəti qaldırılan vəsatəti təmin edib və şahid ifadələrinin alınması məqsədilə növbəti iclas mart ayının 16-na təyin edilib.

    İttiham aktında qeyd olunur ki, Martin Ryanın fəaliyyətinə dair bir sıra əsaslı şübhələr mövcuddur. Buraya Azərbaycan Respublikasında istehsal olunan hərbi təyinatlı məhsullar, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun komplektləşdirilməsi, hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış hərbçilərin, eləcə də xaricdə fransız dilində təhsil almış şəxslərin əməkdaşlığa cəlb edilməsi imkanları daxildir. Həmçinin, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və şirkətləri, Fransa xüsusi xidmət orqanlarının tapşırığı əsasında Azərbaycan vasitəsilə üçüncü ölkələrə gizli maliyyə vəsaitlərinin köçürülməsi yolları, Böyük Britaniya, Türkiyə, Pakistan, İran, Çin, İsrail, Mərkəzi Asiya ölkələri və digər dövlətlərlə Azərbaycan arasındakı əlaqələr, hərbi əməkdaşlıq planları və ölkəyə gətirilən silah-sursat haqqında məlumatların toplanması barədə tapşırıqlar alması da ittihamda yer alıb.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü ilin dekabr ayının 4-də saxlanılıblar. DTX tərəfindən “Merkorama” MMC-nin rəhbəri Martin Ryana qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

    İttihama əsasən, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb etmiş və sonradan Bakıdan “persona non-grata” elan edilərək çıxarılmış Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları tərəfindən agent qismində istifadə olunub. Sözügedən cinayət işi çərçivəsində Martin Ryanla bərabər, Azərbaycan vətəndaşı Azad Məmmədliyə də Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib.
    //oxu.az

  • Ötən ay narkotik satan səkkiz qadın həbs edilib

    Bu ilin yanvar ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 207 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd edilib.

    Hesabatda bildirilib ki, onlardan 199-u kişi, səkkizi qadındır:

    “Məsuliyyətə cəlb edilmiş üç xarici ölkə vətəndaşından ümumilikdə 48 kiloqram 900.246 qram müxtəlif növ narkotik vasitələr götürülüb.

    Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkarlanıb, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kiloqram 341.549 qram narkotik vasitə çıxarılıb.

    Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 162 kiloqram 240.1 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 59 kiloqram 691.5 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.

    2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 108, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 125 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 143 kiloqram 128.62 qram artıb, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı dörd fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 28, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə dörd nəfər azalıb. Qrup halında olan və bu kateqoriyadan olan digər cinayətlərin sayı isə sabit qalıb”.

    Hesabatda bildirilib ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış psixotrop maddələrin çəkisi 12 kiloqram 400.634 qram (82.9%) azalıb.

    Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 765 kiloqram 86.6 qramı (85.6 %) marixuana olub. Onun da 648 kiloqram 809.2 qramı (84.8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 116 kiloqram 277.4 qramı (15.1 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə qanunsuz kultivasiya edilib.

  • Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı – SƏBƏB

    Bakıda keçmiş həyat yoldaşları arasında baş verən mübahisə qanla bitib.

    Oxu.az-ın məlumatına görə, dəhşətli hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

    Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərasət Quliyev (ad və soyad şərtidir) 2018-ci ildə ailə həyatı qursa da, bu izdivac uzun çəkməyib. Cütlüyün birgə nikahdan Cavanşir adlı övladları dünyaya gəlib.

    Bir neçə il sonra tərəflər arasında yaranan narazılıq boşanma ilə nəticələnib. Məhkəmənin qərarı ilə azyaşlı uşaq anasının himayəsində qalıb, ata isə övladını hər həftə görmək hüququ əldə edərək aliment ödəməyə başlayıb.

    Hadisə günü ata növbəti dəfə övladını görmək məqsədilə qadının yaşadığı ünvana yollanıb. O, yeddi yaşlı Cavanşirlə bir müddət vaxt keçirdikdən sonra uşağı öz evinə aparmaq istəyib. Lakin qadın buna kəskin etiraz edib və nəticədə tərəflər arasında gərginlik yaşanıb. Mübahisə zamanı Fərasət üzərində gəzdirdiyi bıçaqla keçmiş həyat yoldaşının sifət və qol nahiyələrinə xəsarət yetirib.

    Polis əməkdaşlarının müdaxiləsi nəticəsində F.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.

    Məhkəmə prosesi zamanı tərəflər arasında barışıq elan edilib. Xəzər Rayon Məhkəməsinin qərarı ilə F.Quliyevə “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.

  • Astara polisindən ƏMƏLİYYATLAR: Saxlanılanlar var – Video

    Astarada 64 kiloqram narkotik vasitə aşkarlandı.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

    Tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

    Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqov saxlanılıb. Ondan 21 kiloqram marixuana aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Ögey anasına hücum edərək soyğunçuluq törədən şəxs barədə QƏRAR VERİLDİ

    Gəncə Apellyasiya Məhkəməsində soyğunçuluq əməlində ittiham olunan İntiqam Amalovun (adı və soyadı şərtidir) barəsində çıxarılan hökmdən verilmiş apellyasiya şikayətinə baxış iclası yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən bildirir ki, hakim Salman Hüseynovun sədrliyi ilə baş tutan məhkəmə iclasında yekun qərar açıqlanıb.

    Məhkəmənin qərarına əsasən, verilən apellyasiya şikayəti təmin olunmayıb.

    İstintaq materiallarına görə, İntiqam Amalov özgə əmlakını açıq şəkildə talamaq niyyəti ilə 2025-ci il iyunun 22-də səhər saat 7 radələrində ögey anası – Tərtər rayonunun Səhləbad kənd sakini, zərərçəkmiş Zəminə Poladovanın (adı və soyadı şərtidir) fərdi yaşayış evinə gəlib. Evə gec gəlməsi səbəbindən ona irad tutan qadınla təqsirləndirilən şəxs arasında münaqişə baş verib. Mübahisə gedişatında o, ögey anasının ağzını əli ilə qapayaraq onu yerə yıxıb, daha sonra boğazından tutaraq sıxıb. Nəticədə İntiqam Zəminə Poladovaya onun boynunun aşağı üçdəbir hissəsinin sağ və sol yan səthlərində sıyrıqlar, sol sağrı nahiyəsinin xarici səthində qançır xəsarətləri yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, sözügedən xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcə təyin olunmayıb.

    Bundan sonra təqsirləndirilən şəxs zor tətbiq etməklə əvvəlcə zərərçəkmişin qulağındakı İtaliya istehsalı olan, 583 əyyarlı və ümumi dəyəri 405 manat olan bir cüt qızıl sırğanı, ardınca isə ağzındakı hər biri bir qram çəkidə, 110 manat dəyərində, 583 əyyarlı, Rusiya istehsalı olan 20 ədəd qızıl dişdən ibarət, ümumi dəyəri 2 200 manatlıq protezi çıxarıb. O, ümumilikdə 2 605 manatlıq əmlakı açıq talama yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıb.

    Tərtər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs günahkar bilinərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan İntiqam apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

  • Bir ayda ölkədə 23 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

    2026-cı ilin yanvar ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 793 cinayət faktı aşkarlanıb.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd edilib.

    Bildirilib ki, onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u qanunsuz əldə edilib saxlanılması, biri bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub:

    “Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kiloqram 456.646 qram narkotik vasitələrin və psixotrop maddələrin 765 kiloqram 86.6 qramını marixuana, 76 kiloqram 396.846 qramını heroin, 23 kq 339 qramını tiryək, 20 kq 32.8 qramını həşiş, 6 kq 43.5 qramını digər narkotik vasitələr, 2 kiloqram 557.9 qramını psixotrop maddələr təşkil edib.

    Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin “qara bazar”da ümumilikdə dəyəri 22 milyon 795 min manat civarında qiymətləndirilir”.
    //oxu.az

  • İrandan Türkiyəyə gedən yük maşını Naxçıvanda saxlanıldı – ŞOK ƏMƏLİYYAT – FOTO

    Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi “Şahtaxtı” gömrük postunda gömrük yoxlamasına cəlb edilib.

    Yoxlama zamanı, nəqliyyat vasitəsinə aid qoşqudan, kustar üsulla hazırlanmış xüsusi saxlanc yerindən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilib.



  • Sumqayıtda 11500 manatlıq dələduzluq edən 68 yaşlı kişi TUTULDU

    Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

    DİN mətbuat xidmətindən verilən xəbərə görə, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

    Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

    Fakt üzrə araşdırma aparılır.

  • Dələduzluğa görə axtarışda olan 15 nəfər istintaqa təhvil verilib

    Azərbaycanda fevralın 13-də dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Həmçinin qeyd edilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edən 6 nəfər itkin düşüb. Axtarış nəticəsində tapılan şəxslər aidiyyəti üzrə təhvil verilib.