Category: Kriminal

  • İş vədi ilə tanışının külli miqdarda pulunu mənimsədi

    Sumqayıtda tanışına qarşı dələduzluq edən şəxs tutulub.

    Zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, münasibətləri olan insan onu işlə təmin etmək vədi verib və bu yolla onun 11 500 manat pulunu mənimsəyib.

    Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qeyd olunan əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Dostunun kartını oğurlayıb toya pul yazdıran şəxs saxlanıldı

    Bakının Nəsimi rayonunda vətəndaşın bank kartından 1400 manat məbləğində pul vəsaitinin gizli şəkildə talanması ilə əlaqədar polisə şikayət daxil olub.

    Median.Az “Teleqraf”a istinadla məlumat verir ki, polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə müəyyən edilərək saxlanılıb.

    Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən şəxs toy mərasimində iştirak edərkən pul vəsaiti çıxarması məqsədilə bank kartını yanında olan tanışına, yəni hazırda saxlanılan şəxsə təqdim edib.

    Müəyyən edilib ki, Ə.Qasımzadə fürsətdən istifadə edərək kartda olan vəsaitin hamısını nağdlaşdırıb. Daha sonra o, oğurladığı məbləğdən toyda həm kart sahibinin, həm də öz adından pul yazdırıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən uşağın SON DURUMU

    Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirov xəstəxanadan evə buraxılıb.

    Bunu Oxu.Az-a açıqlamasında S.Bəşirovun atası Rəşad Bəşirov deyib.

    O bildirib ki, bu gün səhər saatlarında uşaq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçirilib və o, ambulator müalicə üçün evə buraxılıb:

    “Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur, vəziyyəti yaxşıdır. Ona görə də məsləhət gördülər ki, müalicəsi ev şəraitində davam etdirilsin”.

    Xatırladaq ki, fevralın 4-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində kənd sakini, 2019-cu il təvəllüdlü S.Bəşirov bıçaq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Müayinə zamanı uşaqda 19 bıçaq xəsarəti müəyyən edilib və o, dərhal əməliyyat olunub.

  • Hakimin ölümünə görə “Azəriqaz” əməkdaşına HÖKM OXUNDU – FOTO

    Ötən ilin yanvar ayında Qax rayonunun Qaxbaş kəndində yerli məhkəmənin hakimi Taleh Kərimovun vəfatı faktı üzrə cinayət işi açılıb.

    Median.Az-ın “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, 36 yaşlı hakimin dəm qazından zəhərlənərək dünyasını dəyişməsi səbəbindən “Azəriqaz” İB-nin Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin nəzarətçisi işləyən çilingər C.Bayramov məsuliyyətə cəlb olunub.

    Araşdırma zamanı məlum olub ki, onun xidməti ərazisində yerləşən və hakim T.Kərimovun kirayədə qaldığı mənzildə istilik sistemi (kombi) hamam otağında quraşdırılıb. Hadisədən bir qədər əvvəl çilingər evə baxış keçirsə də, kombinin hamamda olmasını qayda pozuntusu kimi sənədləşdirməyib.

    Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. 66 yaşlı C.Bayramov ifadəsində qeyd edib ki, mənzilə mərhum hakimlə birlikdə baxış keçirib və həmin vaxt kombinin hamam otağında quraşdırılmasının qaydalara zidd olduğunu şifahi şəkildə bildirib.

    Lakin o bu nöqsanı rəsmi aktla qeydə almayıb. Qax Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, çilingərə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun qoluna elektron qolbaq taxılıb və müəyyən hüquqlarına məhdudiyyət qoyulub.

    Fotoda Taleh Kərimov

  • Keçmiş məhkumda 7 kq marixuana aşkarlandı

    Ağcabədidə 7 kiloqram narkotik dövriyədən çıxarılıb.

    DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Ağayev saxlanılıb.
    Onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.
    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib.
    Araşdırmalar davam etdirilir.

  • Bakıda 10 milyon dollarlıq dələduzluqda ittiham olunan çinli iş adamına “stop” qoyuldu

    Bakıda vətəndaşların 10 milyon dollardan artıq pulunu mənimsəməklə gündəmə gələn çinli biznesmenin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda qeydiyyatda olan 1991-ci il təvəllüdlü Vanq Tianbao (Wang Tianbao) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

    Məhkəmədə məlum olub ki, Azərbaycanda Çin avtomobillərin satışını həyata keçirən Vanq Tianbaonun rəhbərlik etdiyi şirkətin idarəyə ümumilikdə 753 560.02 manat vergi borcu yaranıb.

    Məhkəmə idarənin iddiasını təmin edərək, çinli biznesmenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

    Qeyd edək ki, adı “Neomotors” MMC ilə iş birliyində hallanan Vanq Tianbao 27 noyabr 2024-cü ildə Bakıda onlarla vətəndaşı avtomobillə təmin edəcəyini vəd edərək 10 milyon dollarından artıq pulu mənimsəməkdə ittiham olunaraq saxlanılmışdı.

  • DİN əməliyyat keçirdi – ANBAAN GÖRÜNTÜLƏR (Video)

    Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbir zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunan 27 yaşlı Əli Əliyev saxlanılıb. Həmin şəxsdən tərkibinə psixotrop maddələr əlavə edilən dörd kiloqram 20 qram marixuana və metamfetamin aşkarlanıb.

    Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara maddi gəlir qarşılığında çatdıracağını bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, Ə.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının bu ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı 42 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

  • Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslərin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR

    Qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi və irimiqyaslı rüşvətxorluq əməllərində ittiham edilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları – Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev, eləcə də həmin idarəyə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin kinoloqu Asif Hacımuradov, həmçinin Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Cəfər Rafie Rezaiannın işi üzrə məhkəmə dinləməsi baş tutub.

    Oxu.Az-ın məlumatına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi altında keçirilən iclasda ilkin mərhələdə təqsirləndirilən şəxslərin vəkilləri prosesin qapalı rejimdə aparılması barədə vəsatət qaldırıblar.

    Müşavirədən sonra məhkəmə heyəti prosesin tam qapalı keçirilməsinə razılıq verməsə də, iclasda iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinin zalı tərk etməsini tələb edib.

    Məhkəmə prosesində keçmiş gömrük əməkdaşlarına ittiham aktının elan olunması nəzərdə tutulurdu.

    İstintaq materiallarına əsasən, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və kinoloq Asif Hacımuradovun vətəndaşlar Etibar Hatəmli və İranlı Cəfər Rezaian ilə cinayət əlaqəsinə girdikləri müəyyən edilib. İttihama görə, onlar xidməti səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət qarşılığında Cəfər Rezaianın İranda idarə etdiyi sərnişin avtobusunda gizlədilən malların ölkəyə buraxılmasına şərait yaradıblar. Həmin nəqliyyat vasitəsinin yük yerində ümumi dəyəri 410 min manat olan, tərkibində güclü təsiredici və psixotrop maddələr olan dərman preparatları, eləcə də Azərbaycanın aksiz markası ilə markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar yolla qaçaqmalçılığı təmin edilib.

    Qeyd edilən şəxslərdən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində həbs qətimkan tədbiri, Cəfər Rezaian haqqında isə fərqli qətimkan tədbiri seçilib.

    Toplanmış sübutlara istinadən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov və Asif Hacımuradova Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.4 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq), 213-1.2.1 (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi), 234.4.1, 234.4.3 (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.1, 240.3.2 (mütəşəkkil dəstə halında külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi), 311.3.1 və 311.3.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Etibar Hatəmli Məcəllənin 206.4, 240.3.1 və 240.3.2-ci, Cəfər Rezaian isə müvafiq olaraq 200-1.2.2, 200-1.2.3, 206.4, 213-1.2.1, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb ediliblər.

  • Bu istiqamtə də marşrutların hərəkət sxemləri dəyişir

    14 fevral saat 00:00–07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən “Buta Palace” yaxınlığındakı yolötürücüyə qədər, 15 fevralda isə əks istiqamətdə “Buta Palace” yaxınlığındakı yolötürücüdən aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata əsasən, məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

    Belə ki, 14 fevral tarixində (saat 00:00–07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) – Zığ şosesi – 57-ci Suraxanı küçəsi–56-cı Suraxanı küçəsi–Heydər Əliyev prospekti (yolötürücü, “Buta Palace”) istiqamətində hərəkət edəcək.

    15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti (yolötürücü, “Buta Palace”) – 56-cı Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) – Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

  • Sabunçuda ailə dramı: Ər arvadını, baldızını və onların nənəsini bıçaqladı – TƏFƏRRÜAT

    Bakının Sabunçu rayonunda Emil həyat yoldaşı Elnarəni, baldızı Gülarəni və onların nənəsi Xumarı (adlar şərti verilib – red.) bıçaqlayıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Emil 2024-cü il mayın 16-da rəsmi nikah münasibətində olduğu arvadı Elnarə ilə telefonla əlaqə saxlayıb və ondan qonaq getdiyi anasıgildən evə qayıtmasını tələb edib.

    Elnarə bu zaman onunla birgə yaşamaqdan bezdiyini və ayrılmaq istədiyini bildirib.

    Bundan qeyzlənən Emil qisas niyyəti ilə arvadını öldürmək qərarına gəlib.

    O, mayın 17-də saat 17 radələrində qayınanasının evinə yollanıb, aqressiv şəkildə arvadından çölə çıxmasını istəyib. Emilin əsəbi vəziyyətdə bacısına nəsə edəcəyindən ehtiyatlanan Gülarə nənəsi Xumarı çağırıb. Xumar ondan səs-küy salmamasını, çıxıb getməsini tələb edib.

    Mübahisə zamanı Emil qəflətən Xumarın sifətinə yumruq vurub.

    Daha sonra baldızı Gülarəni boynundan tutaraq bıçaqla ona zərbələr endirib.

    Bunun ardınca arvadı Elnarəyə hücum çəkib, bıçaqla xəsarət yetirib.

    Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.

    İstintaq orqanı tərəfindən Emilin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma), 126.2.2 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır zərər vurma) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

    İş üzrə ifadə verən Emil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 17-də saat 16 radələrində evdən çıxıb və arvadı Elnarə ilə söhbət etmək üçün onun anasının evinə gedib:

    “Bir qədər keçmiş arvadımın ana nənəsi Xumar gəldi, bizi boşatdıracağını, Elnarəni məndən də yaxşı bir oğlana ərə verəcəyini dedi. Xumarın bu sözlərindən sonra əsəblərim pozuldu. Onunla mübahisə etməyə başladım.

    Elnarə ünvanıma nalayiq söyüşlər işlətdiyi üçün onun sifət nahiyəsindən yumruqla zərbə vurdum. Sonra əsəblərimə hakim ola bilmədim, cibimdən bıçağı çıxararaq məlum hadisəni törətdim”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Emilin apellyasiya şikayəti təmin olunmayıb.

    Bu qərardan kasasiya şikayəti verilib. İş araşdırılması üçün Ali Məhkəmənin hakimi Zaur Hüseynovun icraatına verilib. Yaxın günlərdə şikayət araşdırılacaq.