Category: Kriminal

  • General-leytenant bağını satdı, məhkəməlik oldu – Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

    Nəsimi Rayon Məhkəməsində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini -Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

    Oxu.Az-ın məlumatına görə, hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə generalın anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı Rafiq Abbasov iddianı əsaslandırıb.

    O bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq istəyib və bu məqsədlə maklerlərlə əlaqə saxlayıb:

    “Ayaz Həsənova məxsus evə baxdıq, bəzi çatışmazlıqlar var idi. Yay mətbəxinə, quyuya da diqqət yetirdik. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Sonradan məlum oldu ki, həyətdəki quyu qonşu ilə ortaqdır. Amma bu barədə mənə məlumat verilməmişdi. Ayaz Həsənov çatışmazlıqları aradan qaldıracağına söz verdi, razılaşdıq. Usta çağırıb, təmir qiymətləri ilə maraqlandım və bu barədə Ayaz Həsənova məlumat verdim. O isə verdiyi sözü tutmadı. Dedi ki, bu barədə onu narahat etməyim”.

    Prosesdə çıxış edən cavabdeh Ayaz Həsənov bildirib ki, pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib:

    “Bunun üçün bir neçə vasitəçiyə müraciət etdim, həmçinin alqı-satqı saytlarına elan yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra vasitəçi zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Sonra makler dedi ki, Rafiq müəllim evi almaq istəyir. Səhəri görüşdük, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Bir ay müddətinə evi boşaldıb ona təhvil verdim. Hovuzdakı problemə gəldikdə isə mozaikada çatışmazlıq var idi. Usta çağırdıq, dedi ki, boya vurub həll etmək olar. Belə də etdik. Sonra hovuzu da su ilə mən doldurdum”.

    İddiaçı isə əlavə edib ki, qarşı tərəf evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib.

    Ayaz Həsənov prosesə əmlakçı və mühafizəçinin çağırılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

    Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.

    Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır. Həsənov 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.

  • Evlərdən 8 min manatlıq oğurluq edildi

    Sabunçu rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda evlərdən 8 min manat dəyərində elektrik naqilləri, müşahidə kameraları və işıqlandırma cihazlarını talayıb. Sabunçu RPİ 42-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı C.Cəfərquliyev saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • Ata Abdullayev azadlığa buraxıldı

    Həbsdə olan bloqer Ata Abdullayev azadlığa çıxıb.

    Median.Az xəbər verir ki, o, Xəzər Rayon Məhkəməsi tərəfindən cəzasının qalan hissəsindən azad edilib.

    A.Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdi.

    Qeyd edək ki, məlumatı ilk olaraq Bakues.az saytı yayıb.

  • DTX-nin tutduğu sabiq icra başçısı ilə bağlı QƏRAR VERİLDİ

    Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının vəsatətinə baxılıb.

    Oxu.Az-ın məlumatına görə, prosesdə vəsatət təmin edilib və Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.

    Qeyd edək ki, DTX iyunda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.

    Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

  • Himayəsindəki yeniyetməyə işgəncə verən Günay Novruzova barədə YENİ QƏRAR – VİDEO

    Qəyyumluğunda olan 14 yaşlı bacısı oğluna qarşı amansız rəftar edərək ona xəsarətlər yetirməkdə ittiham olunan Günay Novruzova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, sözügedən qərar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baş tutan iclasda qəbul olunub.

    Məhkəmənin çıxardığı qərara görə, Günay Novruzovanın həbsdə saxlanılma müddəti daha 3 ay 14 gün uzadılıb.

    Bildirək ki, himayədarı tərəfindən zorakılıq görən azyaşlı ilə əlaqədar prosessual addımlar Daxili İşlər Nazirliyinin (DİN) xüsusi nəzarətinə alınıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq əzab vermə maddəsinə əsasən cinayət işi açılıb.

    Xatırladaq ki, zərərçəkmiş 14 yaşlı yeniyetmə hər iki valideynini itirmiş şəxsdir. Onun xalası tərəfindən işgəncələrə məruz qaldığı bildirilir. Hazırda azyaşlı tibb müəssisəsinə yerləşdirilib və müalicə alır.

    * 14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın FALÇI İMİŞ

    Günay Novruzovaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan və ya köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 133.2.5-ci (əzab vermə zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.

  • Türk dilində danışdığı üçün döyülən iraqlı Ermənistandan Azərbaycana qaçdı

    Ermənistan ərazisindən Azərbaycan tərəfə keçməyə cəhd göstərən 2002-ci il təvəllüdlü İraq vətəndaşı Ali Emad Attallah Badravinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, Qubadlı Rayon Məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, avqust ayında 24 yaşı olacaq Badravi bir il bir ay müddətinə həbs cəzasına məhkum edilib.

    Məhkəmə iclasında təqsirini boynuna alan Badravi ifadəsində Ermənistandan Azərbaycana keçmək istəyinin səbəblərini açıqlayıb:

    “Əslən türkmənəm. 2013-cü ildə ailəmlə Türkiyəyə köçərək orada fəhlə işlədim. Lakin maddi çətinliklər səbəbindən İraqa dönüb tikintidə çalışmalı oldum. Daha sonra qazanc məqsədilə başqa ölkəyə getməyi düşündüm. Ən sərfəli variantın Ermənistan olduğunu öyrəndim. Beləliklə, 2022-ci ildə 10 dollar viza və 50 dollar yol xərci ilə İraqdan İrana, oradan da Ermənistana yollandım. Orada fəhləlik və çobanlıq kimi müxtəlif işlərdə çalışsam da, əməkhaqqımı vermədilər. Anamla telefonda türk dilində danışdığım üçün işəgötürən mənə fiziki zorakılıq göstərdi.

    Bu səbəbdən həmin ölkəni tərk etmək istədim. Lakin sərhədçilər qanunsuz yaşadığım üçün 2 000 ABŞ dolları cərimə ödəməli olduğumu dedilər. Pulum olmadığına görə İrana keçməyimə icazə verilmədi, yalnız cəriməni ödədikdən sonra ölkədən çıxa biləcəyimi bildirdilər. Mehri şəhərinə qayıtsam da, orada qalmağın təhlükəli olacağını anlayıb sərhədi qanunsuz yolla keçməyi qərara aldım. Araşdırma apardıqdan sonra Azərbaycanla sərhədin yaxınlığını bildim. Avtobusla sərhəd kəndinə gəldim və “Google map” tətbiqi vasitəsilə sərhəd xəttinə yaxınlaşdım. Üç gün meşədə gizləndikdən sonra sentyabrın 1-də piyada hərəkət edərək Azərbaycan bayrağını gördüm. Nəticədə sərhədçilər tərəfindən saxlanıldım”.

    Xatırladaq ki, ötən ilin 1 sentyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına məxsus “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti sahəsində Ermənistandan Azərbaycana doğru dövlət sərhədinin pozulması əlamətləri qeydə alınıb. Mürəkkəb relyefli, dağlıq və sıx meşəlik ərazidə keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində sərhədi pozan İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi tutulub.

  • Bakıda polisdən “qaçmaq” istəyən sürücünü anası İFŞA ETDİ

    Paytaxtın Xəzər rayonunda nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən vətəndaş inzibati məsuliyyətə cəlb edilib.

    Median.Az-ın “Teleqraf”a istinadla verdiyi məlumata görə, Yol Patrul Xidməti (YPX) inspektorları tərəfindən saxlanılan sürücü B.D. xüsusi texniki vasitə – alkotester vasitəsilə yoxlanılıb.

    Yoxlama zamanı cihaz şəxsin spirtli içki qəbul etdiyini təsdiqləsə də, sürücü ilkin olaraq nəticə ilə razılaşmayıb və onun yanlış göstərdiyini iddia edib. Lakin hadisə yerində sürücünün anası patrul maşınına yaxınlaşaraq oğlunun həqiqətən spirtli içki qəbul etdiyini və onların qonaqlıqdan qayıtdıqlarını etiraf edib.

    Valideyninin bu açıqlamasından sonra sürücü müqavimət göstərməyi dayandırıb, sərxoşluq halının təyini ilə bağlı protokolu imzalayıb və spirtli içki qəbul etdiyini yazılı şəkildə təsdiqləyib.

    İnzibati xəta törədilməsi barədə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə 1995-ci il təvəllüdlü vətəndaş barəsində 400 manat məbləğində cərimə tətbiq edilib.

  • Bakıda polisdən “qaçmaq” istəyən sürücünü anası İFŞA ETDİ

    Paytaxtın Xəzər rayonunda nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən vətəndaş inzibati məsuliyyətə cəlb edilib.

    Median.Az-ın “Teleqraf”a istinadla verdiyi məlumata görə, Yol Patrul Xidməti (YPX) inspektorları tərəfindən saxlanılan sürücü B.D. xüsusi texniki vasitə – alkotester vasitəsilə yoxlanılıb.

    Yoxlama zamanı cihaz şəxsin spirtli içki qəbul etdiyini təsdiqləsə də, sürücü ilkin olaraq nəticə ilə razılaşmayıb və onun yanlış göstərdiyini iddia edib. Lakin hadisə yerində sürücünün anası patrul maşınına yaxınlaşaraq oğlunun həqiqətən spirtli içki qəbul etdiyini və onların qonaqlıqdan qayıtdıqlarını etiraf edib.

    Valideyninin bu açıqlamasından sonra sürücü müqavimət göstərməyi dayandırıb, sərxoşluq halının təyini ilə bağlı protokolu imzalayıb və spirtli içki qəbul etdiyini yazılı şəkildə təsdiqləyib.

    İnzibati xəta törədilməsi barədə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə 1995-ci il təvəllüdlü vətəndaş barəsində 400 manat məbləğində cərimə tətbiq edilib.

  • Qarabağda biznes qurmaq adı ilə qadınları aldadan “iş adamı”na AĞIR CƏZA

    Dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vurmaqda ittiham olunan Ramin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub, R.Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

    İstintaq materiallarına əsasən, Ramin Quliyev Qarabağ bölgəsində tikinti materiallarının satışı ilə məşğul olmaq adı altında tanışı, paytaxt sakini Aynurə Vəliyevanı aldadıb. O, zərərçəkəndən müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 110 min manat alaraq həmin vəsaiti mənimsəyib.

    Təqsirləndirilən şəxsin qurbanlarından biri də Aybəniz Abdullayevadır. İttiham aktında göstərilir ki, R.Quliyev eyni ssenari üzrə, yəni Qarabağda tikinti materiallarının alqı-satqısından gəlir əldə etmək bəhanəsi ilə Aybəniz Abdullayevanın 76 min manat pulunu mənimsəyib.

    Ramin Quliyevin əməllərindən zərər görən digər şəxs isə Bakı sakini Vüqar Qasımovdur.

    R.Quliyev əmlakla bağlı məsələlərin həlli vədi ilə zərərçəkənin 15 min manat vəsaitini ələ keçirib.

    Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

  • Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı

    Fevralın 12-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 180, o cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.