Category: Kriminal

  • 13 kiloqramdan artıq narkotik vasitə aşkar olundu

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 12-də ümumi çəkisi 13,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Belə ki, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 30 tüfəng, 2 patron darağı və 192 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Qonşuların toyuq mübahisəsinin qanlı sonu – Ahıl qadını KƏRKİ İLƏ VURUB ÖLDÜRDÜ

    Sumqayıtda ahıl qadını öldürməkdə təqsirlədirilən Mikayıl Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm elan olunub. Məhkəmənin qərarı ilə M.Şərifov 18 il azadlıqdan məhrum edilib.

    İttiham materiallarına əsasən, M.Şərifov Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yaşayan qonşusu, 66 yaşlı Mehparə İmanqulu qızı Ələkbərovanı xüsusi amansızlıqla qətlə yetirməkdə günahlandırılır.

    İstintaq sənədlərində qeyd olunur ki, hadisədən əvvəl M.Ələkbərovanın toyuqları qəfil tələf olub. Qadın quşların M.Şərifov tərəfindən zəhərləndiyini iddia edib və bu səbəbdən tərəflər arasında ciddi mübahisə yaranıb.

    Narkotik və spirtli içki asılılığı olan Mikayıl sərxoş vəziyyətdə Mehparə Ələkbərova ilə mübahisə edib. M.Şərifov münaqişə vaxtı qadının əlindəki kərkini alaraq onun baş, sifət və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qətlə yetirib.

    Faktla bağlı cinayət işi başlanılıb, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Şərifov saxlanılaraq istintaqa təhvil verilib.
    //oxu.az

  • Azərbaycanda 38 yaşlı kişi balta ilə uşaqlara HÜCUM ÇƏKDİ

    Quba rayonunda yerləşən istirahət parklarının birində uşaqların üzərinə balta ilə hücum çəkən vətəndaş hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, sözügedən insident şəhər ərazisindəki Nizami adına parkda baş verib.

    38 yaşlı Davud Mirzəyev (ad və soyad şərti xarakter daşıyır – red.) axşam saatlarında əlindəki balta ilə azyaşlıları təqib edib. Həmin vaxt ərazidə xidmət aparan polis nəfərləri dərhal müdaxilə edərək onu saxlayıb və kəsici aləti müsadirə ediblər. Davud və onun qorxutduğu uşaqlar birlikdə polis bölməsinə aparılıblar, saxlanılan şəxs barəsində iki müvafiq maddə üzrə protokol rəsmiləşdirilib.

    Dindirmə zamanı D.Mirzəyev hadisə vaxtı spirtli içkinin təsiri altında olduğunu, bu səbəbdən də etdiyi hərəkətləri və yaşananları xatırlamadığını bildirib.

    Quba Rayon Məhkəməsi onun əməlində cinayət tərkibinin mövcudluğunu nəzərə alaraq, işin dərindən araşdırılması üçün Quba Rayon Prokurorluğuna və rayon Polis Şöbəsinə yönləndirilməsinə qərar verib.

  • Yeni İl günü qətl törədən yeniyetmədən xəbər var

    Tərtər rayonunda Yeni il günü qətl törətməkdə təqsirləndirilən yeniyetmə F.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Oxu.Az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama əsasən, hadisə 2024-cü il yanvarın 1-də Tərtər rayonu, Nizami küçəsində baş verib. Rayon sakini, 2006-cı il təvəllüdlü Canpolad Tağıyev həmin gün gecə saatlarında yaşadıqları binanın qarşısında Yeni ili qarşılamaq məqsədilə fişəng atıb. Fişəngin qığılcımları onun qonşusu olan yeniyetmə F.Məmmədovun üzünə dəyib.

    Yeniyetmə bununla bağlı Canpolad Tağıyevə irad bildirəndə, sonuncu onu söyərək təhqir edib. Bundan əsəbiləşən F.Məmmədov evə qayıdaraq mətbəxdən bıçaq götürüb, yenidən hadisə yerinə gəlib və C.Tağıyevə bıçaq zərbələri endirib. C.Tağıyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılaraq istintaqa təhvil verilib.

  • İş adamına qarşı 300 min manatlıq armatur satmaq adı ilə dələduzluq edildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlində ittiham olunan Adil Bayramovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə baş tutan iclasda yekun qərar elan edilib.

    Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 6 il 5 ay müddətinə həbs cəzasına məhkum olunub.

    İttiham aktına görə, Adil Bayramov tamah məqsədilə etibardan sui-istifadə edərək başqasının külli miqdarda əmlakını mənimsəmək üçün fırıldaq işlədib. O, tanışı vasitəsilə əlaqə qurduğu zərərçəkmiş iş adamı Tağı Yusifliyə (adı və soyadı şərtidir) özünü Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksini dəmir çubuqlar (armatur) təchiz edən şəxs kimi təqdim edib.

    İstintaq sənədlərində göstərilir ki, təqsirləndirilən şəxs özünü uğurlu biznesmen və maddi imkanı geniş olan biri kimi göstərərək, zərərçəkmişi inandırıb ki, böyük məbləğdə sərmayə qoyacağı halda həmin MTK-ya armatur satışı həyata keçirərək yüksək gəlir əldə edə bilərlər. Bu yolla Tağının etibarını qazanan şəxs, əslində onun vəsaitini ələ keçirməyi planlaşdırıb.

    İttihamda vurğulanır ki, Adil Bayramov 2020-ci ildə, müxtəlif vaxtlarda və məkanlarda Tağı Yusiflidən ümumilikdə 300 000 manat nağd pulu vahid qəsdlə ələ keçirib.

    İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs aldığı pulları vəd edilən məqsəd üçün xərcləməyib və bunun nəticəsində zərərçəkmişə külli miqdarda maddi ziyan vurub.

    Məhkəmə prosesində ifadə verən Adil Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə irəli sürülən ittihamla razılaşmadığını və özünü təqsirli bilmədiyini bəyan edib.

  • “Salt Hotel”də oğurluq: Bir müştəri digərinin telefonunu və pulunu aparıb

    Bakının Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Salt Hotel”də oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, otelin müştərilərindən biri digərinə məxsus “iPhone 15 Pro” markalı mobil telefonunu və 200 manat pulunu oğurlayıb.

    Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Onun sözlərinə görə, zərərçəkmişin çantasından 200 manat deyil, 100 manat götürüb. Həmin pulu da ona özü veribmiş. O, əməlini içkili olması ilə izah edib və bildirib ki, özünü Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilir.

    Məhkəmə onun əməlini 177.1-ci maddəyə tövsif etməklə ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət təyin olunan cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

  • Yasamal qəbiristanlığında ölülərin qızıl dişlərini oğurlayan şəxs cəzalandırılıdı

    Ölmüş şəxslərin qızıl dişlərini çıxaran şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Yasamal qəbiristanlığında fəhlə işləyən həmin şəxs meyitləri basdırmamışdan əvvəl qızıl dişlərini çıxarırmış.

    Bu əməli bir neçə dəfə törədən həmin şəxs Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri ilə mühakimə olunub. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılıması cəzası təyin edilib.

    Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək, əməlini maddi ehtiyacları ilə izah edib.

    Bu cinayət işi üzrə iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş zərərin ümumi məbləği 1370 manatdır.

  • Sərxoş olub qonşunun qapısını döydü, həbs olundu

    Bakıda içkili halda qonşusunun qapısını döyən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, C.Hacıbəyli küçəsində baş verib.

    1989-cu ildə Bakı şəhərində anadan olmuş Q.R. gecə saat təxminən 01:40 radələrində sərxoş vəziyyətdə yaşadığı mənzilə gəldikdə səhvən qonşunun qapısını döyüb. Zərərçəkmiş F.G.-nı narahat edən təqsirləndirilən şəxs barəsində polisə şikayət verib.

    Q.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə təqsirləndirilən şəxs həmin mənzilin qapısını döyməkdə başqa məqsədi olmadığını, sərxoş olduğu üçün qapıları səhv saldığını bildirib.

    Məhkəmənin qərarı ilə Q.R. 7 gün müddətinə həbs edilib.

  • Dələduzluq edən şəxs axtarışa verildi

    Azərbaycanda vətəndaşlara qarşı dələduzluq əməli törədilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, vətəndaşların şikayəti əsasında 1981-ci il təvəllüdlü Hüseynov Rahib İsmayıl oğlu barəsində hüquq-mühafizə orqanları tərəfindən axtarış elan olunub.

    Qeyd edək ki, təqsirləndirilən şəxs iki dəfə məhkumluq həyatı yaşayıb.

    Digər şəxslərin də bu kimi dələduzluq halları ilə üzləşməmələri üçün hüquq-mühafizə orqanlarına müraciət etmələri vacibdir.

  • Övladını həbsdən çıxarmaq istədi, dələduzluğa məruz qaldı

    Lənkəranda övladını həbsdən qurtarmaq istəyən M.Məmmədova dələduzluqla üzləşib. 

    Qaynarinfo-nun məlumatına görə, M.Məmmədovanın qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova ilkin mərhələdə qızının cəzasının azadılması, daha sonra isə azadlığa buraxılması üçün yollar arayıb. 

    Vaxtilə hüquq-mühafizə orqanlarından çalışan və qohumu vasitəsi ilə tanıdığı bir nəfər bu məsələdə ona yardım edəcəyini deyərək hissə-hissə olmaqla ondan 34 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

    Cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. 

    O, məhkəmənin hökmü ilə 3  il 10 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.