Category: Kriminal

  • Maska geyinib qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı

    Şəmkirdə evlərdən birinə basqın edən şəxs həbs olunub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini Akif Məmmədov maska və əlcək geyinərək, qonşusu Tahirə Əmirovanın evinə basqın edib. O, qadının evində pul olduğunu zənn edərək, mənzildə axtarışa başlayıb.

    Həmin vaxt həyətdə olan qadın evə daxil olarkən A.Məmmədovla qarşılaşıb. Maskalı şəxs ev sahibəsinə hücum edərək, ona baş nahiyəsindən xəsarət yetirib.

    Daha sonra qonşusunu ölümlə hədələyərək, evindəki pulları tələb edib. Həyatına təhlükə yarandığını görən qadın evində olan üç min manatı gətirərək A.Məmmədova verib. O, pulları alandan sonra hadisə yerini tərk edib.

    Təxminən bir saatdan sonra A.Məmmədov alibi yaratmaq üçün həyat yoldaşına bildirib ki, Tahirə Əmirovanın evinə oğru girib. O, arvadı ilə birlikdə T.Əmirovanın evinə gəlib, hadisədən xəbərsiz kimi ona təsəlli verib.

    Ancaq A.Məmmədovun əməli qısa müddətdə ifşa edilib. Polisin keçirdiyi tədbirlərlə hadisənin onun tərəfindən törədildiyi məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, A.Məmmədovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

  • Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə hökm oxundu

    Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Vüqar Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Oxu.Az-ın məlumatına görə, prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirib və qarşı tərəflə barışıq əldə edildiyini deyib. Zərərçəkmiş tərəf sürücüyə yüngül cəza verilməsini xahiş edib.

    Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədəliyev 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    İttihama görə, hadisə ötən ilin fevral ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib. 1965-ci il təvəllüdlü V.Məmmədəliyev idarə etdiyi “Saipa” markalı avtomobillə piyada, 1971-ci il təvəllüdlü Məryəm Novruzovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. M.Novruzova Bakıdakı orta məktəblərin birində ibtidai sinif müəlliməsi olub.

  • Ramiz Mehdiyevin Rusiyaya zəng edərək danışdığı qadının kimliyi məlum oldu

    Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var.

    Söhbət zamanı Ramiz Mehdiyev qadından Azərbaycanda “dövlət idarəetmə sistemində dəyişiklik”lə bağlı – faktiki olaraq, dövlət çevrilişindən sonrakı idarəetmə modelinə dair hazırladığı məktubu kimlərəsə ötürmək üçün məsləhət istəyir.

    Video fraqmentdə qadının şəxsiyyəti açıqlanmayıb.

    Median.Az “apa.az”a istinadən xəbər verir ki, bu qadın Rusiya Elmlər Akademiyasında (REA) çalışır və R. Mehdiyevin Rusiya təhlükəsizlik orqanları ilə təmaslarında vasitəçilik edib. Mənbə bildirib ki, Mehdiyev AMEA prezidenti olduğu dövrdə (2019-2022) Rusiyadakı kuratorları ilə məhz təhlükəsizlik orqanlarının REA-dakı agenturası vasitəsilə əlaqə saxlayıb.

    Qeyd edək ki, Ramiz Mehdiyev 2022-ci il fevralın 19-da AMEA prezidenti vəzifəsindən azad edilib. Bu hadisədən cəmi 3 ay əvvəl – 2021-ci il noyabrın 25–26-da o, Bakıda Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb, AMEA-da keçirilən görüşdə isə ona REA-nın xatirə medalı təqdim olunub.

    Rusiya kəşfiyyat orqanlarının (xüsusilə FSB-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi müəssisələrdə güclü nəzarət mexanizmləri və agentura şəbəkəsi saxlaması faktı beynəlxalq media və araşdırmalarda dəfələrlə qeyd olunub.

    Bu sistem SSRİ dövründən qalıb və bəzən kəşfiyyat əməkdaşları RAN-da “məsləhətçi” və ya “ekspert” kimi fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin əlaqə saxladığı qadın da məhz belə “ekspert”lərdən biridir.

    Həmin şəxsin şəxsiyyəti məlum olsa da, istintaq maraqlarına görə hələlik açıqlanmır.

  • Atalığı tərəfindən üç il cinsi zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

    Ögey atası tərəfindən cinsi xarakterli zorakılığa məruz qaldığı bildirilən 11 yaşlı qız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin nümayəndələri tərəfindən, müvafiq dövlət orqanları ilə birgə koordinasiya olunmuş şəkildə sığınacağa yerləşdirilib.

    Bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.

    Vurğulanıb ki, hazırkı mərhələdə uşaqla bağlı zəruri qiymətləndirmə işləri aparılır. Bu prosesin nəticələrinə əsasən azyaşlı üçün fərdi inkişaf planı tərtib ediləcək və onun maraqlarına ən uyğun olan addımlar atılacaq.

    Xatırladaq ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial mediada 11 yaşlı qızın atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığı barədə məlumat paylaşmışdı. Sözügedən azyaşlı səkkiz yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qaldığı üçün uşaq müəssisəsinə yerləşdirilmişdi.

  • Azərbaycanda icra başçısının sabiq birinci müavini DÖYÜLDÜ

    Samux Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Tahir Qarayevə qarşı fiziki güc tətbiq edərək xuliqanlıq əməli törədən şəxsin məhkəməsi yekunlaşıb.

    Median.Az “Teleqraf”a istinadla bildirir ki, hökmə əsasən, hadisədə günahlandırılan Samux rayonunun Lək kəndinin sakini – 2000-ci il təvəllüdlü Fərhad Quliyev (ad və soyad şərtidir – red.) iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Lakin məhkəmə onun cəzasını şərti hesab edərək, şəxsin üzərində 1 il 6 ay sınaq müddəti təyin edib.

    Araşdırmalar zamanı məlum olub ki, tərəflər arasında gərginlik icra başçısının birinci müavininin qarşı tərəfə əlaqə nömrəsini verməməsindən sonra yaranıb. Mübahisə zəminində F.Quliyev icra hakimiyyətinin balansında olan HAVAL markalı nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb və nəticədə quruma 350 manat maddi ziyan dəyib.

    İnsident nəticəsində Tahir Qarayev sol qolunun said nahiyəsinin əzilmiş yarası və biləyin hematoması ilə müşayiət olunan bədən xəsarətləri alıb.

    Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, hadisənin kökündə Samux rayonunun Lək kəndindəki evində yaranan qaz problemi dayanır. Vətəndaş küçəyə qaz xətti çəkilsə də, onun evinə təbii yanacaq verilmədiyi üçün icra hakimiyyətinə müraciət edibmiş. Bundan əlavə, o, rəhbərlikdən evi üçün qaz sobası istəyib. Ona söz verilməsinə baxmayaraq, vəd yerinə yetirilməyib.

    Məhkəmə iclasında zərərçəkmiş qismində tanınan T.Qarayev təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bəyan edərək, ona yüngül cəza təyin olunmasını xahiş edib.

    Qeyd edək ki, məhkum olunan şəxs Vətən müharibəsi iştirakçısıdır.

    Xatırladaq ki, T.Qarayev ötən ilin dekabr ayında tutduğu vəzifədən azad olunub. Onun işdən ayrılmasına səbəb kimi səhhətində yaranmış problemlər əsas gətirilib.

    Xatırladaq ki, hazırda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir.

  • Ramiz Mehdiyevin dövlət çevrilişi üçün hazırladığı sənəd görün haradan tapıldı? – VİDEO

    Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlət çevrilişi üçün hazırladığı “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər”ini köməkçisi Eldar Qurban oğlu Əmirov və digərləri vasitəsilə Əli Kərimliyə çatdırıb.

    Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunub.

    DTX-nin yaydığı videodan məlum olur ki, sənəd Ə.Kərimlinin evində aşkarlanıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ramiz Mehdiyevin “dostlarına” sənəd göndərmək cəhdinə agentdən cavab: “Öz aranızda həll edin” – AUDIO / VİDEO

    Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər”ini xarici xüsusi xidmət orqanlarına təqdim etməsi ilə bağlı səsyazısında maraqlı dialoq yaşanıb.

    Audioyazı Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videomaterialda yer alıb.

    Səsyazıda R.Mehdiyevin üç nəfərlə danışdığı aydın olur.

    Həmin danışıqları olduğu kimi təqdim edirik:

    Birinci danışıq

    R.Mehdiyev: Salam.

    Xarici xüsusi xidmət orqanının əməkdaşı olan qadın: Salam.

    – Bu, Ramiz Mehdiyevdir.

    – Bəli, bəli, Ramiz Ənvəroviç, salam. Mən sizin xahişinizi çatdırdım.

    – Bəli.

    – Hələlik bu qədər. Xahişinizi çatdırdım.

    – Mən, bilirsiniz, ona nə göndərmək istəyirəm? Mən bir sənəd hazırlamışam. Eşidirsiniz məni?

    – Bəli, bəli, eşidirəm.

    – Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması haqqında təkliflərə dair.

    – Bu sizin daxili işinizdir. Öz aranızda necəsə həll edin.

    – Mən köməkçiyə zəng vuracağam ki, köməkçiyə elektron poçt vasitəsilə göndərim.

    – Bəli, danışdıq. Sağ olun. Hələlik. Sabaha qədər.

    – Çox sağ olun.

    İkinci danışıq

    R.Mehdiyev: Axşamınız xeyir.

    Xarici xüsusi xidmət orqanının əməkdaşı olan kişi: Salamlayıram sizi.

    – İndi necə göndərək? Birincisi, mən istəyirəm ki, bizim dostlarımıza da hansısa bir üsulla çatdırmaq lazımdır.

    – Biz belə edərik də… Məndə bir adam uçsa, mən sizə xəbər verəcəyəm.

    – Bazar ertəsi mən zəng vuracağam. Əgər onlar razılaşsalar, mən düşünürəm ki, onlar məmnuniyyətlə razılaşacaqlar.

    – Bəli, mən öyrənəcəyəm. Təlimat verəcəyəm ki, mənə PDF göndərsinlər.

    – Yaxşı, danışdıq.

    Üçüncü danışıq

    R.Mehdiyev: Axşamınız xeyir.

    Xarici xüsusi xidmət orqanının əməkdaşı olan kişi: Salam, Ramiz müəllim, necəsiniz?

    – Yaxşı, sən necəsən? Vəziyyət nə yerdədir?

    – Hamısını çatdırdıq.

    – Çox gözəl.

    – Əlavə təlimatlar gözləyirəm.

    – Çox sağ ol.

  • Ramiz Mehdiyevin evindən VİDEO – 17 milyon manat (Video)

    Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edilib.

    Bildirilib ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

    Ramiz Mehdiyev bu əməlləri ilə dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.

  • Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ (Video)

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.

    Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

    Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı kadrlarda AXCP sədri Əli Kərimlinin evində axtarış və saxlanılma görüntüləri də əksini tapıb.

    DTX-nin məlumatında qeyd edilib ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim edib.

    Məlumata görə, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

  • Bakıda qadın sürücünü şillələyən və üzünə tüpürən “parkovşik” həbs edildi

    Bakıda qadın sürücüyə sillə vurub üzünə tüpürən dayanacaq nəzarətçisi həbs olunub.

    Median.Az-ın “Qaynarinfo”ya istinadla yaydığı məlumata görə, insident paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

    1984-cü ildə anadan olmuş C.V. ilə qadın sürücü S.D. arasında qarşıdurma yaranıb. Münaqişəyə səbəb C.V.-nin ərazidəki dayanma və durmanı qadağan edən yol nişanını çıxararaq, orada parklanma yerləri təşkil etməsi olub.

    Xanım sürücü bu qanunsuzluğa öz etirazını bildirib. Sözügedən yerdə qeyri-qanuni şəkildə avtomobil parklanmasına nəzarət edən C.V. isə cavab olaraq əvvəlcə qadına təpiklə zərbə endirib, ardınca üzünə iki sillə vurub və tüpürdükdən sonra hadisə yerindən uzaqlaşıb.

    Qadının şikayəti əsasında saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 157-ci (fiziki ağrı vermə) və 454-1-ci (səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili) maddələrinə əsasən protokol hazırlanıb. Məhkəmə iclasında C.V. ittihamları qəbul etməyib, zərərçəkmiş tərəf isə qanunun tələbinə uyğun hökm çıxarılmasını xahiş edib.

    Məhkəmənin qərarına əsasən, C.V. 20 sutka müddətinə inzibati həbs cəzasına məhkum olunub.