Category: Kriminal

  • “Xarı Bülbül” restoranının qarşısında kütləvi dava – Bir nəfər həbs edildi

    Bakı şəhərinin Nizami rayonu ərazisində münaqişə yaradan vətəndaş barəsində həbs qərarı çıxarılıb.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə rayonun Cəmşid Naxçıvanski küçəsindəki “Xarı Bülbül” restoranının önündə qeydə alınıb.

    Həmin ərazidə bir qrup şəxs arasında başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. İnsident zamanı tərəflər bir-birlərinə qarşı qeyri-etik və nalayiq ifadələr işlədərək səs-küy salıblar.

    Əraziyə cəlb olunan polis əməkdaşları tərəfləri intizama dəvət etsələr də, onlardan biri – 1981-ci il təvəllüdlü Naxçıvan sakini Kənan Babayev (ad və soyad şərti olaraq qeyd edilib – red.) hüquq-mühafizə orqanı işçilərinin qanuni tələblərinə müqavimət göstərib.

    Həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub.

    Nizami Rayon Məhkəməsi tərəfindən həmin şəxsə 15 sutka müddətinə inzibati həbs cəzası verilib.

  • Həyat yoldaşı və körpəsini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin işi yenidən Ali Məhkəmədə

    Həyat yoldaşını və səkkiz aylıq övladını qətlə yetirməkdə ittiham olunan Fərid Hüseynli haqqında çıxarılmış hökmdən təkrar kassasiya şikayəti daxil olub.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, sözügedən şikayət hazırda Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi altında araşdırılmaqdadır.

    Xatırladaq ki, qanlı hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində baş verib.

    Məlumata görə, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü ildə anadan olmuş həyat yoldaşı Leyla Əlişan qızı İbadovanı və səkkiz aylıq körpəsini kəsici-deşici alətlərlə qətlə yetirməkdə günahlandırılır. Cinayəti törətdikdən sonra o, özünə də xəsarət yetirərək xəstəxanaya yerləşdirilib.

    Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri üzrə ittiham elan edilib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən, Fərid Hüseynli ömürlük həbs cəzasına məhkum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi isə bu qərarı qüvvədə saxlayıb və şikayəti təmin etməyib. Daha əvvəl kassasiya instansiyasında işə baxılarkən F.Hüseynli Ali Məhkəməyə ərizə təqdim edərək, vəkili tərəfindən verilən kassasiya şikayətindən imtina etdiyini bildirmişdi.

    Mərhum L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsində III kursda təhsil alırdı.

  • DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı – Video

    Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilir.

    Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

    Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

    Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbas Aydın oğlu Abbasov və Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov, eləcə də Ramiz Ənvər oğlu Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Əmirhüseyn oğlu Kərimli, partiyanın üzvləri – Fuad Əli oğlu Qəhrəmanlı, Qənimət Səlim oğlu Zayıdov və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

    Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərib, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü Məmməd Əziz oğlu İbrahim və digərləri vasitəsilə qəbul etdikləri 933 828.40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

    Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilib.

    Məlum olub ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, “Milli Şura”nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda “şura”nın fəaliyyətinin dəstəklənməsi xahiş edilib, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib.

    Qeyd olunan ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

    Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

    Bundan başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Qurban oğlu Əmirov və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim edib, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

    Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər edib, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.

    Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 000 000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

    Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

    Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

  • Təhqirə görə qonşusunu maşında bıçaqladı

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər yetirməkdə ittiham olunan Nadim Səfərovun (ad və soyad şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla məlumat verir ki, sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub, müttəhimə şərti cəza təyin olunub.

    İstintaq sənədlərinə görə, hadisə ötən il Qusar rayonunun Yasab kəndi ərazisində baş verib.

    Kənd sakini, yetkinlik yaşına çatmayan Nadim Səfərov həmkəndlisi, 1997-ci il təvəllüdlü zərərçəkmiş Davud Həşimovun avtomobilində olarkən tərəflər arasında şəxsi zəmində mübahisə yaranıb. Münaqişənin yaranmasına zərərçəkənin müttəhimin ünvanına nalayiq sözlər işlətməsi səbəb olub.

    İttiham aktına əsasən, mübahisə zamanı təqsirləndirilən şəxs üzərində olan cib bıçağı ilə Davudun sinə nahiyəsinə bir zərbə endirib. Ekspertiza zamanı həmin xəsarət həyat üçün təhlükəli olan ağır zərər kimi qiymətləndirilib.

    N.Səfərov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

    Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Nadim Səfərov irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilib. O qeyd edib ki, Davudla qonşu olublar və aralarında əvvəllər ciddi düşmənçilik olmasa da, bəzi xoşagəlməz söz-söhbətlər yaşanıb. Təqsirləndirilən şəxs hadisə günü zərərçəkmişin onun və ailəsinin barəsində təhqiramiz ifadələr işlətdiyini eşidib və məsələyə aydınlıq gətirmək üçün onunla görüşmək istəyib.

    Nadimin ifadəsinə görə, avtomobildə söhbət edərkən aralarında gərginlik yaranıb. Mübahisə böyüdükdən sonra o, üzərindəki bıçaqla qarşı tərəfə bir zərbə vurub. Gənc bildirib ki, hadisədən dərhal sonra polisə təslim olub. O, əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını və dəymiş maddi ziyanı tam ödədiyini məhkəmənin diqqətinə çatdırıb, yüngül cəza təyin olunmasını xahiş edib.

  • 85 min manatlıq dələduzluq işi üzrə məhkəmə qərarı: Təqsirləndirilən şəxs öldü

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlində ittiham edilən Adəm Quliyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla bildirir ki, proses zamanı ittiham aktı elan olunub.

    İttiham aktına görə, Adəm Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsi ilə mühakimə olunub. Sənəddə qeyd edilir ki, o, özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək niyyəti ilə ortaq tanışları vasitəsilə zərərçəkmiş Həsrət Əmirovla (adı və soyadı şərtidir) ünsiyyət qurub.

    Belə ki, özünü sürücü kimi təqdim edən Adəm, zərərçəkənə məxsus yükü sonuncunun avtomobili ilə təyinat nöqtəsinə çatdıracağını vəd edib. O, 2024-cü il avqustun 18-də yəhərli dartıcı və “SCHMITZ” markalı yarımqoşqunu idarə etmək üçün etibarnamə əldə edib.

    İttihama əsasən, 2024-cü ildə ümumi dəyəri 85 000 manat təşkil edən nəqliyyat vasitələri – 62 500 manatlıq yük maşını və 22 500 manatlıq “SCHMITZ” yarımqoşqusu Abşeron rayonunun Masazır kəndindəki 4 saylı məktəbin qarşısından Rusiyanın Moskva şəhərinə yük daşımaq üçün yola düşüb. Lakin yük Moskvada boşaldılandan sonra avtomobillər Azərbaycana geri qaytarılmayıb və sahibinə təhvil verilməyib.

    İstintaq sənədlərində göstərilir ki, Adəm həmin nəqliyyat vasitələrini naməlum şəxsə və məlum olmayan qiymətə sataraq mənimsəyib, nəticədə Həsrətə 85 000 manat həcmində külli miqdarda maddi ziyan vurub.

    Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub və iş baxışa verilib. Növbəti mərhələdə məhkəmə istintaqı həyata keçirilib, təqsirləndirilən şəxs, zərərçəkən və şahidlər ifadə veriblər. Proses 2025-ci il dekabrın 8-dək təxirə salınıb.

    Lakin Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məhkəməyə daxil olan məktubda Adəm Quliyevin ağciyər vərəmindən müalicə aldığı müəssisədə dünyasını dəyişdiyi qeyd olunub.

    Bununla bağlı məhkəmə iclasında vəfat etmiş şəxsin yaxın qohumlarına Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin müddəaları izah edilməklə müvafiq bildirişin göndərilməsi qərara alınıb və iclas qanunvericilikdə nəzərdə tutulan müddətdən az olmamaq şərti ilə təxirə salınıb.

    Məhkəmənin göndərdiyi bildirişə cavab olaraq, mərhum Adəm Quliyevin anası rəsmi ərizə ilə müraciət edib və oğlunun hüquqi varisi kimi tanınmaq istədiyini bildirib. O, həmçinin cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.

    Qərara əsasən, təqsirləndirilən şəxsin vəfat etməsi səbəbindən cinayət təqibinə xitam verilib. Adəm Quliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş sayılıb.

  • Bakıda çəkdiyi əxlaqsız videoları sosial şəbəkədə paylaşan şəxs HƏBS OLUNDU

    Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində yol verdiyi qeyri-etik davranışları sosial media hesablarında yayımlayan vətəndaş saxlanılıb.

    Median.Az-ın “Teleqraf”a istinadla verdiyi məlumata görə, 2001-ci il təvəllüdlü, Tərtər rayon sakini Vüqar Səlimov (ad və soyad şərtidir) pabda əxlaq normalarına zidd hərəkətlər sərgiləyib.

    O, bu görüntüləri videolentə alaraq sosial şəbəkələrdə kütləvi nümayiş etdirib.

    Sözügedən paylaşımdan sonra həmin şəxs polis bölməsinə dəvət olunub. Bu ərəfədə o, polis əməkdaşının qanuni tələblərinə riayət etməkdən boyun qaçırıb.

    V.Səlimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub.

    Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, Səlimov barəsində 1 ay müddətinə inzibati həbs tədbiri seçilib.

  • Mənimsəmədə ittiham olunan şirkət direktorunun cinayət işinə xitam verildi

    “Kömək Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olmuş Aydın Hüseynovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    O, Aydın Hüseynovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini təklif edib.

    Müşavirədən sonra məhkəmənin qərarı elan olunub. Qərara əsasən, Aydın Hüseynovun barəsində olan icraata cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilib. Onun barəsində olan qətimkan tədbiri ləğv edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, istintaqla “Kömək Kredit İttifaqı”nın təsisçisi və direktoru olmuş Hüseynov Aydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyon manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.
    Toplanmış sübutlar əsasında Aydın Hüseynova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı

    Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

    Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manat aldığını bildirib.

    Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır

  • Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cinayət işinə xitam verildi

    “Kömək Kredit İttifaqı” MMC-nin təsisçisi və direktoru olmuş Aydın Hüseynovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən yekun iclasda dövlət ittihamçısı çıxış edərək Aydın Hüseynovun üç il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini məhkəməyə təklif edib.

    Müşavirədən sonra məhkəmənin qərarı elan edilib. Aydın Hüseynovun barəsində olan icraata cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilib. Onun barəsində olan qətimkan tədbiri ləğv edilib və o, sərbəst buraxılıb.

    Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, istintaqla “Kömək Kredit İttifaqı”nın təsisçisi və direktoru olmuş Aydın İsa oğlu Hüseynovun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus bir milyon manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.

    Toplanmış sübutlar əsasında Aydın Hüseynova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə – külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

  • İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi

    Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən və barəsində cinayət məcəlləsinin 234.1.1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilərək barəsində hökm çıxarılan İlhamə Elşadqızı birinci instansiya m əhkəməsinin qərarından kassasiya şikayəti verib.

    Oxu.Az-ın məlumatına görə, kassasiya şikayətinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.

    Məhkəmənin ilk hazırlıq iclası fevralın 20-də keçiriləcək.

    Qeyd edək ki, İlhamə Elşadqızı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə yekun prosesdə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

    Birinci instansiyanın qərarından apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdı.

    Xatırladaq ki, İlhamə Elşadqızı “TikTok” əməliyyatları çərçivəsində saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. O, aparıcı Azər Zahid tərəfindən “TikToker”lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.