Category: Kriminal

  • Sosial şəbəkədə qeyri-etik sözlər işlətdi, həbs olundu (FOTO)

    Sosial şəbəkələrdə özünü şair-publisist kimi təqdim edib, qeyri-etik və əxlaqsız ifadələr işlədən şəxs həbs edilib. 

    Qaynarinfo-nun məlumatına görə, 1974-cü il təvəllüdlü Qazax şəhər sakini Ülvi Dağkəsəmənli barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2- ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. 

    Məlum olub ki, sosial şəbəkələrdə və xüsusən “TikTok”da özünü şair-publisist kimi təqdim edən Ülvi Dağkəsəmənli yaşadığı Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sosial mediada qeyri-etik və əxlaqsız ifadələr işlədib. 

    Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu və buna görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş edib.

    Məhkəmənin hökmü ilə Ülvi Dağkəsəmənli İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 28 gün müddətə inzibati qaydada həbs olunub. 

  • Şərurda qardaşı oğlunu çəkiclə öldürməkdə təsirləndirilən əmiyə hökm oxundu

    Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qardaşı oğlu İbrahim Əbülfəz oğlu İbrahimovu öldürməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Cabir İbrahim oğlu İbrahimov 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.

    Cabir İbrahimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında Şərur rayonun Aşağı Daşarx kəndində baş verib.

    İttihama görə, İbrahim İbrahimovla əmisi Cabir İbrahimov arasında əvvəllər də bir neçə dəfə şəxsi münasibətlər zəminində söz-söhbətlər olub. Qohumların sonuncu mübahisəsi yolda avtomobillə hərəkətdə olarkən ötmə manevrləri ilə əlaqədar yaşanıb.

    Onlar avtomobili saxlayıb davaya başlayarkən Cabir İbrahimov mismarçıxaran çəkiclə qardaşı oğlu İbrahim İbrahimovun baş nahiyəsinə zərbə endirib.

    C.İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə mühakimə olunub.

  • DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi

    Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Vasif oğlu Talışxanovun cinayət işi üzrə hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

    Bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

    Qeyd edək ki, o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

    Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

    O, sözügedən əməllərdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum olunub.

    Mirədalət Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.

  • Anasına görə gömrük əməkdaşını öldürən yeniyetmənin məhkəməsi başladı

    Dövlət Gömrük Komitəsinin əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı R.Xəlilovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baş tutan prosesin qapalı keçirilməsi qərara alınıb.

    Qeyd edək ki, hadisə 2025-ci il oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində baş verib.

    1982-ci il təvəllüdlü Ayxan Mustafayevin özünə məxsus mağazanın qarşısında öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırma zamanı 2009-cu il təvəllüdlü R.Xəlilovun bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. A.Mustafayev 17 yaşlı yeniyetmə R.X tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı A.Mustafayevi bıçaqlayıb.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Onu da qeyd edək ki, qətlə yetirilən Ayxan Mustafayev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olub.
    //oxu.az

  • Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

    Fevralın 10-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismində axtarışda olan 131 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

  • Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyubmuş

    Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib.

    R.Vardanyan son söz çıxışında saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. O, Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin şeirini oxuyub.

    Median.Az unikal-a istinadən xəbər verir ki, sözügedən şeir Məhəmməd Füzulinin “Padişahi-mülk” qitəsidir.

    Sözügedən qitəni rus dilinə Vladimir Luqovski tərcümə edib. Vardanyan da bunu rus dilində səsləndirib.

    Qeyd edək ki, Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilir.

  • “Dedilər pivə içib gedəcəyik” – Bakıda “playstation”dakı QƏTL İŞİ

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

    Şahid Q.A. təqsirləndirilən şəxsləri tanımadığını deyib:

    “Playstationda işləyirəm. Axşam saat 1-2 radələri olardı ki, 3 nəfər içəri girdi. Onlara dedim ki, artıq gecdir, playstation bir azdan bağlanır. Mərhum Turan Əliyev xahiş elədi ki, pivənizi içib, çox yubanmayacağıq, tez gedəcəyik. Yarım saat sonra Natiq içəri daxil oldu, daha iki nəfər də gələndən sonra dava başladı. Baş verənləri içəridəki kameradan müşahidə edirdim. Gördüm Turan qan içində yerə yıxılıb. Çöl pəncərə qırılmışdı. Polis gələndə sonradan gələn 3 nəfər qaçdılar”.

    Şahid Ö.R. hadisə günü evdə olduğunu bildirib:

    “Taksi işləyirəm. İşdən təzəcə evə gəlmişdim dostlarım çağırdılar ki, gedək çay içməyə. Biz məkana girəndə Tural Afiqi itələyib bıçaq çıxardı. Mən tez ortaya girib araladım. Geri dönəndə gördüm ki, Tural Afiqi divara sıxıb, ayağından bıçaqla vurdu. Onları təkrar sakitləşdirmək istəyəndə, Tural stolun üstündəki bakalı götürüb başıma çırpdı. Qardaşı tez tutdu onu ki, bunu vurma, o, bizə heç nə eləməyib. Turalı yerdə qan içində görəndə Afiq qışqırmağa başladı ki, həkim çağırın, qoymayın onu ölsün. Sonra valideynləri və polis əməkdaşları məkana gəldilər”.

    Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesi 4 mart saat 11:00-ə təyin edib.

    Xatırladaq ki, ötən il Bakı şəhəri ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, onu öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub, Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
    //lent.az

  • İlhamə Quliyevanın bacısı qızı 811 min manatlıq dələduzluqda ittiham olunur – Yenilənib

    Xalq artisti İlhamə Quliyevanın həbs edilən bacısı qızı Nigar Həsənova ilə bağlı yeni faktlar üzə çıxıb.

    Lent.az-ın əldə etdiyi xəbərə görə, polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində Nigar Həsənovanın 18 nəfərin ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyən edilib.

    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

    * * * * *

    Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.

    Median.Az manset.az-a istinadla xəbər verir ki, Bakıda tanınmış kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilərək barəsində üç ay on yeddi gün (3 ay 17 gün) müddətinə həbs edilib.

    Qeyd edək ki, portalımız Nigar Həsənovanın Azərbaycanda bir sıra sahibkarlardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayımlamışdı. N.Həsənova Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

  • Evlərdən çoxlu avtomat və külli miqdarda sursat tapıldı

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Fevralın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • Prokuror Azər Qasımlıya ağır cəza istəyib

    Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı ilə bağlı cinayət işinin məhkəmə istintaqı başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə istintaqın tamamlandığı bildirilib.

    Dövlət ittihamçısı çıxışında Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə təklif irəli sürüb.

    Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.

    Xatırladaq ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində daxil olmuş şikayət əsasında 2024-cü il dekabrın 8-də polis əməkdaşları tərəfindən saxlanılıb.

    O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham olunur.
    //oxu.az