Category: Kriminal

  • Sosial media vasitəsilə narkokuryer şəbəkəsi ifşa edildi – Üzvlərdən biri qadındır

    İmişli rayonu ərazisində 15 kiloqram çəkidə narkotik maddə müsadirə edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, İmişli Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməkdə şübhəli bilinən Elvin Mustafayev, eləcə də onun tanışı N.İsaxanova tutulublar.

    Saxlanılan şəxslərdən ümumilikdə 15 kiloqram tiryək və marixuana tipli narkotik maddələr aşkar edilərək götürülüb. İstintaqa verdikləri ifadədə E.Mustafayev və N.İsaxanova sosial media vasitəsilə tanış olduqları və şəxsiyyəti araşdırılan İran vətəndaşının təlimatı ilə narkokuryer kimi fəaliyyət göstərdiklərini etiraf ediblər.

    Aşkar edilmiş faktla əlaqədar cinayət işi açılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Özünü agentlik rəhbəri kimi təqdim edərək 227 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxarıldı

    Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nizami Piriyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    İttihama görə, Nizami Piriyev ayrı-ayrı vaxtlarda özünü müxtəlif dövlət və hüquqi qurumların icraçı direktoru kimi təqdim edərək bir neçə şəxsə qarşı dələduzluq əməlləri törədib.

    Belə ki, o özünü zərərçəkmiş D.D.-yə dövlət agentliklərindən birinin icraçı direktoru kimi təqdim edərək, onun etibarından sui-istifadə edib. Nizami Piriyev zərərçəkmiş şəxsin Xaçmaz rayonu, Aşağı Ləgər kəndi ərazisində icarə müqaviləsi əsasında istifadə etdiyi kənd təsərrüfatı təyinatlı örüş sahəsini guya xüsusi mülkiyyətinə keçirməyə kömək edəcəyini vəd edib. Bu məqsədlə o, 2019-cu ilin avqust ayında sözügedən kənd ərazisində D.D.-dən 7 000 manat pul vəsaitini alaraq ələ keçirib. Sonradan verdiyi vədlərin yalan olduğu müəyyən edilib və bununla da zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulub.

    Araşdırmalar zamanı məlum olub ki, Nizami Piriyev analoji cinayət əməllərini zərərçəkmiş F.F.-yə qarşı da təkrarən törədib. Belə ki, bu dəfə o özünü Azərbaycan Respublikasının Mübahisəli Məsələlərin Hüquqi Həlli üzrə Agentliyin Şimal bölgəsi üzrə icraçı direktoru kimi təqdim edib. Zərərçəkmiş şəxsin etibarını qazanmaq məqsədilə ona Qusar rayonu, Yasaboba kəndi ərazisində yerləşən 45 hektar torpaq sahəsini göstərərək həmin ərazini satacağını bildirib. Bu yalan vədlərlə Nizami Piriyev əvvəlcə 2021-ci il sentyabrın 1-də Quba rayonu, Aşağı Altuc kəndi ərazisində F.F.-dən 10 000 manat, daha sonra 2021-ci il sentyabrın 10-da tarixdə Xaçmaz şəhərində əlavə olaraq 100 000 manat, sonuncu dəfə isə 2022-ci il martın 2-də Quba-Xaçmaz avtomobil yolunun Quba rayonu, Bağbanlı kəndi ərazisindən keçən hissəsində 110 000 manat pul vəsaiti alıb. Beləliklə, Nizami Piriyev ümumilikdə 220 000 manat məbləğində pul vəsaitini ələ keçirərək, F.F.-yə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq edib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Piriyev Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Məhkəmə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Hökmə əsasən, CM-in 66.5-ci maddəsi tətbiq olunmaqla, Xaçmaz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası, CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq hesablanıb və 10 ay azadlıqdan məhrumetmə cəzası kimi müəyyən edilib. Yeni təyin olunmuş cəza ilə qismən toplamaqla Nizami Piriyevin barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Birinci instansiya məhkəməsinin bu hökmündən Nizami Piriyev və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib. Təqsirləndirilən şəxs cinayət işinə yenidən baxılmasını, müdafiəçi isə hökmün ləğv edilərək məhkuma bəraət verilməsini xahiş edib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilib. Belə ki, apellyasiya instansiyası məhkəməsi hökmün cəza təyini hissəsində dəyişiklik edərək, onun cəzasını 5 il 3 ay 20 günə endirib. Apellyasiya instansiyası məhkəməsinin qərarından sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

  • Bakıda qızıl sifarişini gətirən kuryeri bıçaqladılar – Foto / Video

    Bakı şəhərinin Nərimanov rayonu ərazisində quldurluq faktı qeydə alınıb.

    Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

    Məlumata əsasən, naməlum şəxs sifariş etdiyi qızıl-zinət əşyalarını ünvana gətirən kuryerə bıçaqla xəsarət yetirib, daha sonra isə məhsulu ələ keçirərək hadisə yerindən qaçıb.

    Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov müəyyən edilərək istintaqa cəlb olunub.
    Saxlanılan zaman onun üzərindən narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. M.Maqsudovun törətdiyi quldurluq əməli müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

    Faktla bağlı araşdırmalar davam edir.

  • Evli kişi tanış olduğu qadına yalandan xərçəng xəstəliyinə tutulduğunu bildirərək dələduzluq etdi

    Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Yusifovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən, təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.

    İttihama görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə tanış olduğu zərərçəkmiş Günay Səmədovanın (adı və soyadı şərtidir) etibarından sui-istifadə edib.

    Belə ki, Zamiq Yusifov qadına guya xərçəng xəstəliyinə tutulması və müalicə üçün pul lazım olması barədə yalan məlumat verib. Bu bəhanələr əsasında zərərçəkmiş şəxs aldanıb. Günay müxtəlif tarixlərdə – 2024-cü il martın 5-dən avqustun 30-dək mobil bank tətbiqləri, habelə ödəmə post terminalları vasitəsilə ümumilikdə 27 055 manat pulu təqsirləndirilən şəxsin hesabına köçürüb.

    Məhkəmə araşdırmalarına əsasən, Zamiq Yusifov bu vəsaitləri öz şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxsə ciddi maddi ziyan vurub.

    Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının təqdim etdiyi 27 055 manatlıq ittihamı 9 225 manat həcmində azaltmış və qərara alıb ki, Zamiq Günaya 17 830 manat məbləğində ziyan vurub.

    Zamiq Yusifov məhkəmə ifadəsində qeyd edib ki, evli və iki uşaq sahibi olmağına baxmayaraq, tanış olduğu zərərçəkmiş şəxsə subay olduğunu və onunla ailə həyatı quracağını bildirib.

  • 16 illik qətl işi üzə çıxdı: Azərbaycanlı məhkuma yeni cəza verildi

    Azərbaycanda narkotikə görə həbs edilən şəxsin qətl törətdiyi məlum olub.

    Tərtər rayon sakini, 1973-cü il təvəllüdlü Firdovsi Təhməzov 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib. Məhkəmənin qərarı ilə o, 7 il 6 ay azadlıqdan məhrum edilib.

    2025-ci ildə Firdovsi Təhməzovun daha bir cinayəti üzə çıxıb. Məlum olub ki, o, 2009-cu ildə Rusiyada qətl hadisəsi törətməkdə şübhəli bilinərək barəsində axtarış elan olunub. Rusiya istintaq orqanının ittihamına görə, F.Təhməzov 2009-cu il yanvarın 15-də saat 2 radələrində Rusiya Federasiyası, Moskva şəhəri, Şelkovskoye şosesi, ev 98 ünvanında yerləşən, aşpaz kimi fəaliyyət göstərdiyi kafedə Ukrayna vətəndaşı Vladimir Zubkovu bıçaqlayıb. V.Zubkov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra F.Təhməzov Rusiyanı tərk edərək Azərbaycana qaçıb.

    Rusiya istintaq orqanının təqdimatı ilə Azərbaycanda faktla bağlı cinayət işi başlanılıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə F.Təhməzov 9 il 6 ay azadlıqdan məhrum edilib. F.Təhməzovun 5 il 10 ay 17 (on yeddi) gün müddət təyin olunmuş cəzasından çıxılaraq onun üzərində 3 il 7 ay 13 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
    //oxu.az

  • Bakıda tələbə qız bacısını bıçaqlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fəridə Baxışovanın (adı, soyadı şərtidir – red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən bildirir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin sonuncu iclasında hökm oxunub, müttəhimə şərti cəza verilib.

    İttiham aktına əsasən, hadisə 3 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Bakının Xətai rayonu ərazisində qeydə alınıb.

    Belə ki, Fəridə Baxışova onunla eyni ünvanda yaşayan bacısı, zərərçəkmiş Zəminə Baxışovanı (adı, soyadı şərtidir – red.) bıçaqlayıb.

    Tərəflər arasında münasibətlərin pozulmasına zərərçəkmişin təqsirləndirilən şəxsə məxsus əşyalardan onun icazəsi olmadan istifadə etməsi olub. Mübahisə zamanı Fəridə əsəbiləşərək mətbəx bıçağını götürüb və bacısına qəsdən iki dəfə zərbə endirib.

    F.Baxşıova bacısının sağlamlığına qəsdən ağır zərər vurmaqda ittiham edilib və onun barəsində qanunvericiliyə uyğun olaraq cinayət işi başlanıb.

    İstintaq dövründə Fəridə Baxışovanın barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.

    Fəridə Baxışova Bakıda, bacısı Zəminə Baxışova isə Türkiyədə universitetlərin birində ali təhsil alır.

  • Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

    İstintaqı Dövlət Təhlükəsizlik Xidmətində (DTX) aparılan və xarici təşkilatların tapşırığı ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən Turalbəy Mehdiyevin cinayət işinin məhkəməsi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilərək cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

    Məhkəmənin növbəti baxış iclası fevralın 17-nə təyin edilib.

    Qeyd edək ki, Turalbəy Mehdiyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
    //oxu.az

  • Bakıda iki qadın bank kartından pul oğurlayıb, alış-veriş etdilər

    Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb.

    Naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5 min dolları oğurlanıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.

  • “TikTok”da söyüşə görə adam öldürməyə cəhd: Təqsirləndirilən şəxs ifadə verdi

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə “TikTok” platformasındakı təhqirlər zəminində qətlə yetirməyə cəhddə ittiham olunan Cavad Bayramov və Töhrad Quliyevin məhkəmə iclası keçirilib.

    Oxu.az-ın məlumatına görə, prosesdə ifadə verən Cavad Bayramov hadisənin Sadiq Zeynalov və Nicat Sadıqlı arasındakı davanı ayırarkən baş verdiyini bildirib. O, Rövşən adlı şəxsin onu təhqir etməsi nəticəsində bıçaqla xəsarət yetirdiyini qeyd edərək əməlindən peşman olduğunu və qəsdən öldürmək niyyətinin olmadığını vurğulayıb.

    Hadisə 2024-cü ilin mart ayında Bakının Nəsimi rayonu Moskva prospektindəki 96 saylı məktəbin qarşısındakı parkda baş verib. “TikTok”dakı mübahisədən sonra təyin olunan görüş əlbəyaxa dava və bıçaqlanma ilə nəticələnib.

    Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3 (silah tətbiq etməklə xuliqanlıq) maddələri ilə ittiham olunurlar.

    Məhkəmə baxışı martın 3-nə təxirə salınıb.

  • Ruben Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatıb

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

    Sədrlik edən xatırladıb ki, keçən məhkəmə prosesində dövlət ittihamçıları çıxış ediblər. Z.Ağayev bildirib ki, indi söz zərərçəkmiş tərəfə veriləcək.

    Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, ittiham tərəfindən təqdim edilmiş, o cümlədən ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.

    Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri Azad Kərimov, Oqtay Şıxəliyev, Qədim Ağaxanov, Faiq Rüstəmov, Şiraslan Həsənov çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya – ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər.

    Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsinə görə məhkəmədə fasilə elan olunub.

    Fasilədən sonra çıxış üçün söz müdafiə tərəfinə verilib. Söz alan təqsirləndirilən şəxs fasilə zamanı vəkili ilə danışdığını, onun çıxış etməsini istəmədiyini söyləyib.

    Söz təqsirləndirilən şəxsin vəkili E.Babışova verilib. Müdafiəçi çıxışında elan olunmuş ittihamla qəti şəkildə razı olmadıqlarını bildirib. O, iş üzrə təqsirləndirilən şəxsin mövqeyini əsas götürərək cinayət işi ilə əlaqədar müdafiə nitqi ilə çıxış etməkdən imtina etdiyini söyləyib.

    Ardınca müdafiəçinin çıxışına münasibət bildirmək üçün söz ittiham tərəfinə verilib.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib: “Müdafiəçinin təqsirləndirilən şəxsin mövqeyinə uyğun olaraq hər hansı arqumentlərə, sübutlara, faktlara qiymət verməməsini nəzərə almaqla əlavə fikrimiz yoxdur”.

    Sonra R.Vardanyana söz verilib.

    Təqsirləndirilən şəxs son söz çıxışı edib. R.Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox, ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu söyləyib.

    Təqsirləndirilən şəxs çıxışında, həmçinin saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. R.Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuyub. Bundan sonra o, çıxışını yekunlaşdırıb.

    Zeynal Ağayev tərəflərə (ittiham və müdafiə tərəfi) müraciət edərək məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib-etməyəcəklərini soruşub.

    Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər.

    Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq.

    Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif edib.

    Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.