Category: Kriminal

  • Şərurun keçmiş hərbi komissarı məhkəmə zalında həbs olundu

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Həsən Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

    Qeyd edək ki, 2023-cü il ilin noybar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin rəisi Həsən Məmmədov sərəncama götürülüb.

    Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (Rüşvət alma, külli miqdarda törədildikdə) üzrə cinayət işi açılıb və ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • Bakı aeroportunda “birka” əməliyyatı: Kanalları dəyişdirən sərnişin özünü ələ verdi

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçiləri ölkə ərazisinə qanunsuz yollarla xəz dəri məhsullarının keçirilməsi cəhdinin qarşısını alıblar.

    Bu hadisə ilə əlaqədar Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, Pekin-Bakı marşrutu ilə uçan təyyarədə gələn Azərbaycan vətəndaşı əvvəlki səfərindən qalmış əl yükü birkalarını saxlayaraq gömrük əməkdaşlarını yanıltmağa çalışıb.

    O, çantalarını baqaj yükü kimi təqdim etməklə guya yüklərin artıq yoxlanışdan keçdiyi təəssüratını yaratmağa və “Yaşıl kanal”dan istifadə edərək gömrük zonasından çıxmağa cəhd göstərib. Lakin gömrük əməkdaşı tərəfindən sərnişin “Qırmızı kanal”a istiqamətləndirilib. Rentgen aparatı vasitəsilə yüklərə baxış keçirilərkən monitorda şübhəli görüntülər qeydə alınıb.

    Həyata keçirilən yoxlama nəticəsində həmin şəxsə məxsus çamadan və sellofan torbanın içindən gömrük orqanlarına bəyan olunmamış, müxtəlif markalara aid 27 ədəd xəz dəri məmulatı tapılıb.

    Faktla əlaqədar araşdırma işləri davam etdirilir.

  • Ramiz Mehdiyevlə bağlı məhkəmə QƏRAR VERDİ

    Prezident Admistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R.Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb.

    Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha dörd ay uzadılıb.

    Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

    Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dörd ay uzadılıb.

  • Məhkəmə tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşı barəsində qərar verib

    Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Muhammet Gündüzün barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

    Xatırladaq ki, Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökmün cəza hissəsi dəyişdirilmədən saxlanılıb. Lakin, Türkan Gündüzünün nümayəndəsinin verdiyi mülki iddia qismən təmin edilib və Muhammet Gündüzün zərərçəkənin ailəsinə 15 min 700 manat ödəməsinə qərar verilib.

    Qeyd edək ki, hadisə 2024-cü ilin mayın 6-da baş verib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində ölüb.

    Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

    Qətli törədən Muhammet Gündüz isə biznes fəaliyyəti ilə məşğul olub, onlar 14 il əvvəl ailə həyatı qurublar. Hadisəni törədən M.Gündüz saxlanılıb.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

  • Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə getdi (Yenilənib)

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə fevralın 10-da davam etdirilən məhkəmə prosesində söz müdafiə tərəfinə verilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən R.Vardanyanın son söz çıxışından sonra sədrlik edən Zeynal Ağayev tərəflərə (ittiham və müdafiə tərəfi) müraciət edərək, məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib-etməyəcəklərini soruşub.

    Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər.

    Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib.

    Müşavirədən qayıtdıqdan sonra məhkəmənin yekun qərarı elan olunacaq.

    * * * * *

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, dövlət ittihamı tərəfindən təqdim edilmiş, ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.

    Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri – Azad Kərimov, Oqtay Şıxəliyev və digərləri çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya – ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər.

    Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək, müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsi ilə əlaqədar məhkəmədə fasilə elan olunub.

    Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

  • Paytaxtda “Gelandewagen”in təkərlərini oğurlayan iki nəfər ələ keçdi

    Bakı şəhərinin Nəsimi rayonu ərazisində qarət hadisəsi baş verib.

    Vətəndaşa məxsus “Gelandewagen” avtomobilinin ümumi dəyəri 10 000 manat təşkil edən dörd ədəd təkəri oğurlanıb.

    Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bu cinayəti qabaqcadan əlbir olaraq törətməkdə şübhəli bilinən 42 yaşlı M.Ramazanov, eləcə də 33 yaşlı Ə.Rəhimli müəyyən edilərək saxlanılıblar.

    Aparılan araşdırmalar zamanı aydın olub ki, həmin şəxslər gecə vaxtı zərərçəkmiş şəxsin qarajına daxil olaraq nəqliyyat vasitəsinin təkərlərini söküb aparıblar.

    Hazırda sözügedən faktla əlaqədar istintaq tədbirləri davam edir.
    //oxu.az

  • Müştərilərlə dolu olan restorana od vuranlardan birinin şəxsiyyəti məlum oldu (Video)

    Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” restoranının yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

    “Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”, – deyə məlumatda bildirilir.

    Xatırladaq ki, ötən gün saat 23 radələrində Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” restoranı yandırılıb. Yanğının baş verməsinə ilkin səbəb olaraq iki nəfər arasında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adıçəkilən obyektə tökərək yanğın törədib, ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb.

  • İsmayıllıda narkotiklərin satışı ilə məşğul olan şəxs tutulub

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb.

    Ondan iki kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub. Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub.

    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

  • Borc aldığı tanışının boğazını kəsərək öldürən şəxslə bağlı qərar verildi

    Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Novruzovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    İttihama görə, İ.Novruzov Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevi xüsusi amansızlıqla qətlə yetirib. O, H.Quliyevi 20 manat borca görə öldürüb.

    Məlum olub ki, Xırdalan şəhərində mebel ustası işləyən H.Quliyev İlkin Novruzovla tanış olub. İlkin Vətən müharibəsi iştirakçısı olub və müharibədən sonra evinə qayıtsa da, heç bir yerdə işləməyib. Onun 20 manata ehtiyacı yaranıb və həmin məbləği Heybətdən borc alıb, 20 günə qaytaracağını bildirib.

    Hadisədən bir ay keçməsinə baxmayaraq, İlkin borcu qaytarmayıb. Heybət borcunu tələb etdikdə, İlkin müxtəlif bəhanələrlə bundan yayınmağa çalışıb. Sonda Heybət ona zəng edərək borcu tələb edib və aralarında mübahisə yaranıb. Bundan əsəbiləşən İlkin evdən bıçaq götürərək yaşadığı Masazır kəndindən Xırdalana gedib və Heybətlə görüşüb. Danışıq zamanı mübahisə daha da gərginləşib. İlkin özü ilə gətirdiyi bıçaqla Heybətin boğazını kəsərək onu qətlə yetirib və hadisə yerindən qaçıb.

    Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Novruzov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Novruzov 17 il azadlıqdan məhrum edilib.

  • Əvvəl həmkəndlisinin övladlarını oğlunun ölümündə günahlandırdı, sonra onu bıçaqladı

    Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Bəşir Ömərovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Füzuli Rayon Məhkəməsinin hökmü “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarına münasibətdə dəyişdirilib. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.3 və 5.2.2-ci bəndləri tətbiq edilib və o, Füzuli Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzadan azad olunub. Bəşir Ömərov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən həbsdən dərhal azad olunub.

    İttiham aktına əsasən, hadisə 2024-cü il oktyabrın 12-də saat 20 radələrində Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən çayxanada qeydə alınıb.

    Belə ki, Bəşir Ömərov çayxanada həmkəndliləri ilə birlikdə əyləşmiş zərərçəkmiş Nağı Nağıyevin (adı və soyadı şərtidir) övladlarını mərhum oğlunun ölümündə günahlandırıb. O, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxslə mübahisə edib.

    İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zamanı Nağının ünvanına nalayiq söyüşlər söyərək qəsdən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verib. Sonra Bəşir turist bıçağı ilə zərərçəkmiş şəxsin sol bazu nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə Nağının sol bazu nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası yetirilib ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti kimi qiymətləndirilib.

    Hadisə zamanı təqsirləndirilən şəxsin hərəkətləri çayxanada olan digər şəxslərin də istirahətini pozub, onların narahatlığına səbəb olub. Beləliklə, o, ictimai yerdə cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən, zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmiş hesab edilib.

    Füzuli Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclasında dərhal həbsə alınıb.