Category: Kriminal

  • Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb

    Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşların təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.

    Araşdırmalarla məlum olub ki, C.Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb. Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.

    C.Hüseynov bu üsulla altı təqaüdçünün ümumilikdə 2 389 manatını ələ keçirib.

    Faktlarla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Ramiz Mehdiyevin köməkçisi həbsdə qaldı

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirovun həbs müddəti uzadılıb.

    Bununla bağlı Səbail rayon Məhkəməsində qərar qəbul olunub.

    Qərara əsasən, Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan müddəti 4 ay müddətinə uzadılıb.

    Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.

  • Əli Kərimlinin həbs müddəti uzadıldı

    AXCP sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Səbail Rayon Məhkəməsində təqdimata baxılıb.

    Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini dörd ay müddətinə uzadılması barədə qərar qəbul edib.

    Qeyd edək ki, AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

    Onların evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıblar.

    Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

    Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

    Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

  • “SS Butik”in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi…

    Bakınn Səbail rayonunda fəaliyyət göstərən “SS Butik” mağazasının satıcısı 3 nəfərə qarşı dələduzluq edib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, həmin şəxs zərərçəkmişləri mağazaya şərik edəcəyi və hazır biznesi satmaq adı ilə aldadıb. Zərərçəkmişlərə dəyən ziyanın ümumi məbləği 55 820 manatdır.

    Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun tutulduğu 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

  • Dövlət qurumunun binasında oğurluq – 5,8 minlik ziyan

    Qarabağ İqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin inzibati binasında oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun İnformasi Texnologiyaları şöbəsindən 4 ədəd HP markalı noutbuk oğurlanıb. Bununla da Xidmətə 5 829 manat ziyan vurulub.

    Qurumda mühafizəçi işləyən Araz Nadirov (şərti) cinayətdə şübhəli bilinərək saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edlan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə prosesində özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, əməlinin maddi ehtyacları ilə izah edib.

    Məhkəmənin hökmü ilə Araz Nadirova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs kimi saxlanıldığı və həbsdə olduğu cəmi cəmi 3 ay 8 gün müddət 1 günə 2 gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Nəcməddin Sadıkovun müavini olmuş general məhkəməyə verildi

    Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olunub.

    APA-nın əldə etdiyi məlumata görə, onunla bağlı mülki iddia qaldırılıb. İddiaya Bakıda məhkəmələrin birində baxılacaq. İddia icraata götürülüb. Məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib.

    Sabiq Baş Qərargah rəisinin müavini Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyi iddia olunur. Belə ki, o, Novxanıda yerləşən bağ evini satarkən evi təmir edəcəyini desə də, verdiyi sözə əməl etməyib. Alıcı Ayaz Həsənova bununla bağlı bir neçə dəfə müraciət etsə də, müsbət cavab ala bilməyib. Ona görə də alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edilib. Hazırlıq iclasında general-leytenantın əmlaklarına həbs qoyulması ilə bağlı vəsatətin veriləcəyi gözlənilir.

    Qeyd edək ki, general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.

    O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.

  • 200 minlik qalmaqal: “Dəmir Yumruq-44-52″nin direktoruna hökm oxundu

    Güzəştli şərlətlər verilmiş dövlət kreditini təyinatı üzrə xərcləməməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirlənidirilən “Dəmir Yumruq-44-52” şirkətinin direktoru İbrahim Məmmədzadəyə hökm oxunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 195.1 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313.1-ci (Vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunan İbrahim Məmmədzadə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

    İş materiallarından məlum olur ki, o, bankların birinə investisiya layihəsi təqdim etməklə 200 000 manat məbləğində güzəştli kredit götürüb. Lakin sonradan məlum olub ki, həmin kredit təyinatı üzrə xərclənməyib.

    İbrahim Məmmədzadə məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

    “Dəmir Yumruq-44-52” MMC 14 iyul 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hazırda 15 537,17 manat vergi borcu var.

  • Baş İdarə əməliyyat keçirib, 21 kq narkotik aşkarlanıb

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 21 kq narkotik vasitə aşkarlanıb.

    Bu barədə DİN-dən məlumat verilib.

    Bildirilib ki, 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Ağır çanta bəhanəsi ilə uşaqları soydu – Bakıdakı cinayətin ANBAAN VİDEOSU

    Paytaxtın Nizami və Xətai rayonları ərazisində soyğunçuluq faktları qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərin pul vəsaitlərini və iki mobil telefonunu açıq talama yolu ilə mənimsəyib.

    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış 36 yaşlı Vüsal Əzimov saxlanılıb.

    Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, V.Əzimov dərsdən evə qayıdan yetkinlik yaşına çatmayan iki şəxsə yaxınlaşaraq, guya yaşadığı binanın üçüncü mərtəbəsindəki mənzildən ağır yükü aşağı düşürmək üçün onlardan kömək istəyib.

    Daha sonra zərərçəkənlərlə birlikdə bloka daxil olan V.Əzimov onların mobil telefonlarını və pullarını ələ keçirərək hadisə yerindən qaçıb. Onun törətdiyi əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qərarına əsasən, V.Əzimov barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

  • Azərbaycanda iki həkim həbs edildi – DETALLAR

    Əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət tələb etməkdə ittiham olunan İltizam Əzimov və Könül Əliyevanın cinayət işinə dair məhkəmə iclası baş tutub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi altında baş tutan iclas zamanı təqsirləndirilən şəxslərin anket məlumatları yoxlanılıb.

    Onlara hüquqları və vəzifələri barədə məlumat verilib. Prokuror çıxış edərək, təqsirləndirilən şəxslər haqqında əvvəl seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və onların həbs olunmasını məhkəmədən tələb edib.

    Hakim heyəti vəsatəti qəbul edib və sözügedən şəxslər barəsində həbs qərarı çıxarılaraq saxlanılıblar. Ardınca məhkəmə işin baxışa təyin olunması haqqında müvafiq qərar qəbul edib.

    Növbəti məhkəmə baxış iclasının tarixi 18 fevral olaraq müəyyənləşdirilib.