Category: Kriminal

  • “Lombard Türkanə” ləqəbli qadına hökm oxundu

    Sabunçu rayonu ərazisində lombard işlədən qadın barəsində həbs qətimkan tədbiri seçilib.

    Median.Az-ın “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, 32 yaşlı Türkanə Ağayeva külli miqdarda vəsaiti mənimsəmə və dələduzluq əməllərinə görə təqsirli sayılıb.

    İttihama əsasən, Türkanə Ağayeva Bakıxanov qəsəbəsində fəaliyyət göstərdiyi dövrdə 17 vətəndaşın etibarından sui-istifadə edib.

    Cinayət işinin materiallarına görə, T.Ağayeva lombard krediti qarşılığında girov götürdüyü qızıl məmulatlarını borc tam ödənildikdən sonra sahiblərinə qaytarmaqdan boyun qaçırıb. Həmçinin o, bank və lombard hərraclarından ucuz qızıl alıb daha baha qiymətə satmaqla qazanc əldə edəcəyi barədə yalan vədlər verərək, ayrı-ayrı şəxslərin pul vəsaitlərini və qızıllarını nağd, eləcə də bank kartları vasitəsilə ələ keçirib.

    “Lombard Türkanə” ləqəbi ilə tanınan qadının zərərçəkmiş şəxslərə vurduğu ümumi maddi ziyanın təxminən 400 min manat olduğu bildirilir.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə azadlıqda olan təqsirləndirilən şəxs ittihamları qəbul etməsə də, toplanmış dəlillər onun günahını sübuta yetirib. Məhkəmənin hökmü ilə Türkanə Ağayeva 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub və o, elə məhkəmə zalındaca həbs edilib.

  • Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

    Avtomobili narkotik və psixotrop maddələrin təsiri altında idarə edən şəxs həbs edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Cəlilabad rayonu ərazisində VAZ-2106 markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.

    Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

    Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs olunub.

  • Bakıda təhsil ocağında daha bir hadisə – Şagird yıxılıb xəstəxanalıq oldu

    Bu gün paytaxtda yerləşən daha bir təhsil müəssisəsində hadisə yaşanıb.

    Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi yıxılaraq ağır xəsarət alıb.
    O, dərhal xəstaxanaya yerləşdirilib.
    Hadisə ilə bağlı TƏBİB-dən soruğumuza cavab olaraq bildirilib ki, 06.02.2026-cı il tarixində saat 16:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
    “Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
    Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə əlavə edilib.
    Məktəbdən isə bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb:
    “Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu bildirilir.
    Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.
    Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb”.
    Xatırladaq ki, səhər saatlarında Ziya Bünyadov prospektində yerləşən “I‌drak” liseyində 10-cu sinif şagirdi 29 yaşlı xanım müəllimi ov tüfəngi ilə güllələyib.
    /Qafqazinfo

  • Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi

    Sumqayıtda ailədaxili münaqişə qanla nəticələnib.
     
    Median.Az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 40-cı məhəlləsində ağır məişət hadisəsi baş verib.
     
    Şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Səfərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü İradə Səfərovaya kəsici alətlə xəsarət yetirib.
     
    Məlumata görə, insident şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib. Yaralı qadın dərhal tibb müəssisəsinə yerləşdirilib.
     
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, hadisənin dəqiq səbəbləri araşdırılır./teleqrraf

  • Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri – ANBAAN VİDEO

    Səhər saatlarında “İdrak” liseyində baş verən insidentin ilkin görüntüləri yayılıb.

    Median.Az Musteqil.az-a istinadən xəbər verir ki, görüntülərdə yeniyetmənin silahı liseyə necə keçirdiyi görünür.

    Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib. Hadisə zamanı silahdan açılan atəş nəticəsində liseyin riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın yaralandığı bildirilib.

  • Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi

    Dövlət Gömrük Komitəsinin müxtəlif yüksək vəzifələrdə çalışmış təqaüddə olan polkovniki Həbib Bağırlı həbs edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Həbib Bağırlı barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, Həbib Bağırlının Bakıda fəaliyyət göstərən ASC-lərin birinə 423 489.69 manat borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi onun borcu ödəməsi barədə qətnamə çıxarıb. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Həbib Bağırlı borcundan cəmi 99 min manata yaxın ödəniş edib və 325.033 manat ödənilməmiş borc qalıb.

    Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bağırlı Həbib Zahid oğlu barəsində protokol tərtib edilərək məhkəməyə müraciət edilib. O, məhkəmədə bildirib ki, gömrük orqanlarında müxtəlif vəzifələrdə işləyib və pensiyaya çıxıb.

    Qeyd edib ki, hazırda aliment ödəyir, təqaüdünün 60 faizi alimentə yönəlir. Bu səbəbdən onun təqaüdünə yönəlmə dayandırılıb. İcra sənədi üzrə zamin olub, bağ evini girov qoyub, ev satılıb və borcun ödənilməsinə yönəldilib. Həbib Bağırlı barəsində inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edib.

    Məhkəmə isə təqaüddə olan polkovnikin xahişini nəzərə almayıb, onu İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 15 gün müddətində həbs qərarı verib.

    Qeyd edək ki, Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunduqdan sonra işdən çıxarılıb və təqaüdə göndərilib. Həmin ildən 2024-cü ilə kimi “Səba” Açıq Səhmdar Cəmiyyətində təftiş və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

    Ehtimal edilir ki, Həbib Bağırlı ASC-də çalışdığı müddətdə sözügedən şirkətə 423 489.69 manat ziyan vurub.

    Xatırladaq ki, Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı müddətdə “Dövlət qulluğunda fərqlənməyə görə” və digər mükafatlara layiq görülüb.

  • Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı? – Hökm dəyişdi

    Şirvan Apellyasiya Məhkəməsində Neftçala bələdiyyəsinin keçmiş sədri Rövşən Quliyevin barəsindəki hökmdən verilən protest üzrə baş tutan prosesdə cinayət işinin bəzi detalları məlum olub.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, son iclasda ittiham aktı elan edilib.

    İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, R.Quliyev vəzifəli şəxs qismində qanunsuz hərəkətlərə yol verərək rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, bələdiyyə əmlakını mənimsəmə, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməkdə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin müvafiq olaraq 179.2.3, 179.2.4, 308.1, 311.3.3 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

    Belə ki, o, 2021-ci ilin mart ayının əvvəlində Neftçala şəhərində vətəndaş S.S.-in ona olan etibarından sui-istifadə edərək, sonuncuya Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evlərinin inşası üçün ümumilikdə dörd ədəd, hər biri 600 kvadratmetr olmaqla torpaq sahəsi ayrılacağı vədi verib. Bu vədlərin müqabilində Rövşən Quliyev müxtəlif tarixlərdə və müxtəlif şəxslər vasitəsilə S.S.-dən ümumilikdə 8 min manat pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirib.

    Bununla yanaşı, o, qeyd edilən torpaq sahələrinin ayrılması görüntüsünü yaratmaq məqsədilə S.S.-in atası və anasının adlarına bir sıra rəsmi sənədlər tərtib edib. O, Neftçala bələdiyyəsinə, eləcə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon bölməsinə və Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə aid olduğu göstərilən qərarları, aktları, rəyləri, yerquruluşu sxemlərini və kassa mədaxil orderlərini bilə-bilə saxtalaşdırıb. Həmin sənədlərdə vəzifəli şəxslərin adlarının qarşısında olan imzalar istintaqa məlum olmayan şəxslər tərəfindən atılıb, eyni zamanda saxta möhür izlərindən istifadə olunub.

    Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Rövşən Quliyev bu əməlləri tamah niyyəti ilə törədərək rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol verib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Quliyevin təqsirliliyi Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrinin bir hissəsi üzrə sübuta yetirilmədiyindən həmin hissədə ona bəraət verilib. Bununla yanaşı, o, CM-in 178.2.3, 178.2.4 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib, lakin zərərçəkmiş şəxslə barışması, vurulmuş ziyanın tam ödənilməsi və ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınaraq CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib. Həmin maddələr üzrə cinayət təqibinə xitam verilib, CM-nin 313-cü maddəsi üzrə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməyib.

    Hökmdən dövlət ittihamçısı tərəfindən protesti verilərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və Rövşən Quliyevin CM-nin 179.2.3, 179.2.4, 308.1, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə cəzalandırılması xahiş olunub. Müdafiə tərəfi isə protestə etiraz edərək, hökmün qanuni və əsaslı olduğunu bildirib və onun dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edib.

    Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü müəyyən hissədə ləğv olunub. Belə ki, birinci instansiya məhkəməsinin məhkumun əməlinin Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsindən 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, zərərçəkmiş şəxslə barışması, vurulmuş ziyanın tam ödənilməsi və ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi əsası ilə CM-nin 73-1.2-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi, habelə həmin maddələr üzrə cinayət təqibinə xitam verilməsi hissələri qanunsuz hesab edilərək ləğv edilib.

    Apellyasiya məhkəməsinin qərarına əsasən, məhkum Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evlərinin inşası üçün S.S.-in adına 600 kvadratmetr, T.T.-nin adına 600 kvadratmetr və X.X.-nin adına 600 kvadratmetr torpaq sahələrinin ayrılması ilə müqabilində 8 min manat məbləğində külli miqdarda pul vəsaitini rüşvət qismində almaqda təqsirli bilinib. Onun əməli Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə tövsif edilib. R.Quliyevin barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

    Eyni zamanda onun 23 yanvar 2023-cü il tarixdən 15 oktyabr 2024-cü il tarixədək, yəni 1 il 8 ay 22 gün müddətində həbsdə və ev dustaqlığında saxlanıldığı dövr CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilib. Bu müddət çıxıldıqdan sonra onun üzərində qəti olaraq 6 il 3 ay 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

    R.Quliyev məhkəmə iclas zalında dərhal həbs edilib. Qərara əsasən, məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək, cəzaçəkmə müddətinin əvvəli isə 22 yanvar 2026-cı il tarixdən hesablanacaq.

  • Müəllimi güllələyən şagirdlə bağlı fakt: Davranış problemləri olub

    “İdrak” liseyində müəllimi güllələyən şagirdlə bağlı ilginc fakt üzə çıxıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, həmin şagirdin davranış problemləri olub.

    Həmçinin, müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

    Qeyd edək ki, bu gün saat 9 radələrində Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

  • “İdrak” liseyində güllələnən müəllimin FOTOSU

    Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “İdrak” Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi – 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

    “Unikal” güllələnən müəllimin fotosunu əldə edib.

  • Polis liseydə müəllimi güllələyən şagirdi saxladı

    Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

    Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

    Faktla bağlı araşdırma aparılır.